Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini bazar qaydaları ilə idarə edir
gundemxeber.az Oqtay Şirəliyev səhiyyə naziri təyin edildikdən sonra bu sahənin daha da bərbad vəziyyətə düşdüyü ortadadır. Dəhşətli budur ki, artıq iri səhiyyə müəssisələrində həkimlər xəstələrin "dərisini soyurlar". Bunun qarşılığında səlahiyyət sahibləri baş verənlərə münasibət bildirmək istəmirlər. Çünki iri səhiyyə müəssisələri baş həkimlərlə səhiyyə naziri Oqtay Şirəliyev arasında necə gəldi bölünüb. Xüsusilə də xəstəxanalardan və xəstələrdən əldə edilən gəlirlər hesabına "işbaz həkimlər" nazirliyin aylıq "taksasın" ödəməklə istədikləri özbaşınalıqları məharətlə həyata keçirə bilirlər. Buna birbaşa məsul olan səhiyyə naziri Oqtay Şirəliyev isə baş verənlərə aydınlıq gətirmək əvəzinə deyilənlərin "şayiə" olduğunu zənn edir.
Dövlət xəstəxanalarında analizlərin və əməliyyatların tariflərini kimlər necə müəyyənləşdirir?
Azərbaycanın səhiyyə sistemində ciddi problemlərin olduğu sirr deyil. Səhiyyədə rüşvətin geniş yayılması, istər dövlət, istərsə də özəl tibb mərkəzlərində adi xəstəliklərin müalicəsi üçün belə yüksək məbləğdə vəsaitin tələb olunması, paralel olaraq tibbi xidmətin keyfiyyətinə diqqətin azalması, diaqnozların düzgün qoyulmaması (bəzən qəsdən-müəl.), müalicə zamanı keyfiyyətsiz dərmanlardan istifadə edilməsi ölkədə vətəndaşların sağlamlığını təhlükədə qoyan faktorlara çevrilib. Əslində bu gün səhiyyədə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, bir çox bölgələrdə yeni tibb ocaqları istifadəyə verilsə də, mövcud problemlər nəinki azalıb, hətta Oqtay Şirəliyevin səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb. Məsəl üçün qeyd edək ki, indi həkim müayinəsi 20-50 manatdır, UZİ müayinəsi 20-30 manat, qanın ümumi analizi 6-10 manat, rentgen 20 manat, EKQ 25-40 manat, tomoqrafiya 80-120 manat, MRT (Maqnit Rezonans Tomoqrafiyası) isə 110-130 manatdır. Qanda mikrobların olub-olmaması üçün götürülən analizlərin qiyməti 30-50, yaxmanın mikroskopiyasının qiyməti 10, qanda şəkərin, hemoqlobinin təyini 10-15 manat, qanın laxtalanmasının səviyyəsini dəqiqləşdirmək üçünsə 10 manat tələb olunur. Son vaxtlar dövlət xəstəxanalarında tanınmış həkimlərin qəbuluna düşmək üçün isə əlavə xərc çəkmək lazım gəlir. Maklerlər həkimin qəbuluna yazdırmaq üçün xəstədən 15-20 manat «haqq» alırlar. Özəl müəssisələrdə isə qiymətlər dövlət xəstəxanalarındakından bir neçə dəfə bahadır. Üstəlik, özəl müəssisələrdə müayinələr zamanı köhnə reaktivlərdən istifadə edildiyi, buna görə də diaqnozun səhv qoyulması halları mövcuddur. Bir sözlə, adi müayinə üçün xəstəyə ən azı 150-200 manat vəsait lazım olur. Əgər müalicəyə və ya əməliyyata ehtiyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxır. Məsələn, adi onurğa yırtığının əməliyyat olunması üçün ən yaxşı halda 800-1000 manat arası vəsait tələb olunur. Daha ciddi əməliyyatlarda bu xərclər dəfələrlə artır. Elə buna görə də Azərbaycanda xəstəxana çarpayılarının sayı və onların istifadəsinin beynəlxalq təcrübə ilə müqayisəsi göstərir ki, tibbi xidmətin baha olması ilə əlaqədar əhalinin əksəriyyəti evdə müalicə alır. Təbii ki, bütün bunlardan Səhiyyə Nazirliyinin xəbəri olmadığını iddia etmək mümkün deyil. Aparılan araşdırmalar göstərir ki, pulsuz xidmət göstərən xəstəxanalarda analizlərin qiymətini Səhiyyə Nazirliyinin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir. Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyardlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin həkimlərdə qaldığı, nə qədərinin «yuxarı» ötürüldüyü məlum olmasa da, bəzi qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlardan müəyyən nəticələr çıxarmaq olar.
Səhiyyə nazirinin tikintidən, lisenziyadan və təyinatdan qazandığı milyonlar
Xəstəxanaların tikintisi və təmiri üçün investisya xərclərinə milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin nə qədərinin təyinatı üzrə xərcləndiyini söyləmək çətin olsa da, müəyyən hissəsinin mənimsənildiyi şübhə doğurmur. Nəzərə alsaq ki, bir çox xəstəxanaları Heydər Əliyev Fondu təmir etdirir, Dövlət Neft Şirkətinin xətti ilə çoxsaylı diaqnostik mərkəzlər tikilib, Prezidentin Ehtiyat Fondundan on milyonlarla vəsait ayrılıb, büdcədən bu sahəyə ayrılan vəsaitin hara xərcləndiyi sualı daha aktual səslənir. Səhiyyə sistemində yığılan vəsaitlər təbii ki, qeyd etdiklərimizlə yekunlaşmır. Bu gün ölkədə 800-ə yaxın xəstəxana, 1000-ə yaxın qadın məsləhətxanası və uşaq poliklinikası, 1700-dən artıq ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisələri mövcuddur. Bu xəstəxanalara, poliklinika və qadın məsləhətxanalarına baş həkim və müavin bir yana, hətta şöbə müdiri təyinatı almaq, kabinet sahibi olmaq üçün konkret məbləğin tələb olunmasından dəfələrlə yazılıb. Bundan əlavə, onların öz vəzifələrini qorumaq, kabinetlərini əllərində saxlamaq üçün də aylıq «haqq» ödədiyinə dair kifayət qədər məlumat var. Burdan ildə nə qədər pul toplandığını söyləmək çətin olsa da, söhbətin 100 milyonlarla manatdan getdiyi şübhə doğurmur. Bura apteklərə və özəl klinikalara lisenziya verilməsindən, onlara aylıq nəzarətdən daxil olan qazancı, beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərin bir hissəsinin təyinatından yayındırılmasını, tender proseslərinin həyata keçirilməsindən və sair sahələrdən daxil olan pulları da əlavə etsək, səhiyyə sistemindən hər il milyardlarla manat qanunsuz gəlir götürüldüyünü söyləmək olar. Təkcə apteklərə lisenziya verilməsinə görə 30-50 min manat arası rüşvət tələb olunduğuna dair məlumatı və ölkədə 10 mindən artıq aptekin olduğunu nəzərə alsaq, yığılan vəsaitin miqyasını təsəvvür etmək çətin deyil. Əslində sadalanan faktlar bu sahədə nə qədər korrupsiyanın hökm sürdüyünü görməyə imkan verir. Nazir üçün bunlar «gülməli» görünsə də, sadə hesablamalar ortada milyardların toplanmasından xəbər verir. Ancaq bu vəsaitlərin hara getdiyindən heç kimin xəbəri yoxdur. Düzdür, sonradan səsi çıxır. Məsələn, Əli İnsanov həbs ediləndə məlum oldu ki, xəstələrin cibini soymaqla yığılan vəsaitlərin bir qismi nazirin zirzəmisində qızıl külçələrə çevrilərək toplanırmış! Maraqlıdır ki, görəsən sələfi Əli İnsanovdan fərqli olaraq Oqtay Şirəliyev yığdığı milyonları və yaxud qızıl külçələri harda saxlayır?
Oqtay Şirəliyevin "islahatları"
Oqtay Şirəliyev iddia edir ki, "Hazırda təcili yardım, ambulator poliklinika xidməti tam pulsuzdur". Bu sözləri eşidən hər bir vətəndaş bilir ki, nazir ictimaiyyəti aldatmaq istəyir. Çünki Şirəliyev bu xidmətləri "pulsuz" elan edib həkimlərə adi yod belə vermir. Nəticədə Şirəliyevin apardığı "islahatlar" nəticəsində həkim alverçiyə çevrilir. Bununla da nazirlik vətəndaşlara məcburi şəkildə dərman preparatlarını satdıraraq pul qazanır. Bundan əlavə Oqtay Şirəliyev bir sıra xəstəxanalarda Respublika Prokurorluğunun yardımı ilə yoxlama apartdırır. Burda məqsəd köhnə rəhbərləri yenidən soymaqdır. Nazir istəmir ki, bir manat olsun belə nəzarətdən kənarda qalsın. Maraqlısı budur ki, başqalarını yoxlayan Şirəliyevin vaxtilə rəhbərlik etdiyi Respublika Diaqnostika Mərkəzinə nəzər salan belə yoxdur. Məlumat üçün bildirək ki, ölkə səhiyyəsində rüşvətin ilkin yaranma yeri kimi Diaqnostika Mərkəzi tanınır. Oqtay Şirəliyev 1985-86-cı illərdən nazir təyin edilənə qədər bu mərkəzə rəhbərlik edib. Düz 20 il ərzində o, səhiyyə sistemində böyük bir mərkəzin sahibi olub. Bəs görəsən, ötən 20 ildə Şirəliyev niyə Diaqnostika Mərkəzində rüşvəti aradan qaldırmırdı? Bilməyənlər üçün nəzərə çatdıraq ki, bu mərkəzdə adi yoxlamadan keçmək üçün 200 dollar xərcləmək lazımdır. Təkcə başın adi tomoqrafiyası 120 manatdır. Bəs səhiyyə naziri bunlara niyə münasibət açıqlamır? Bunların qarşısını niyə almır? Çünki Şirəliyev Diaqnostika Mərkəzinə ata mülkü kimi baxır və o, indi səhiyyəyə aid harda iri obyekt varsa, onları özü üçün qazanc mənbəyinə çevirib. Nəticədə isə ölkə əhalisinin sağlamlığı günü-gündən təhlükə qarşısında qalır. Vətəndaşlar adi tibb xidmətdən istifadə edə bilmirlər. Səhiyyə sistemində rüşvətin bir neçə dəfə qalxması imkansızların müalicə olunmadan ölməsinə gətirib çıxarır. Şirəliyev isə bunun adını "islahat" qoyur. Görəsən, bu "islahatlar"dan Şirəliyevi nazir təyin edənlərin xəbəri varmı? Hər halda bunu da nazirin özündən yaxşı bilən olmaz. Fuad Həsənli
Sorğu
Yeni dizaynımız necədir?