Araçı xanımın ölümü üzərindəki müəmmalara nə qədər ki, aydınlıq gətirilməyib, şübhələr onun dünənki müttəfiqləri olan dairələrin üzərindən əskik olmayacaq gundemxeber.az Sevinc Babayevanın ölüm xəbərinə kimsə inanmadı. Bəziləri bunun adi rüşvət qalmaqalında hallanan Sevinc xanımın öz uydurması kimi qiymətləndirdi, bəziləri isə onu əbədi susdurmaq üçün maraqlı dairələr tərəfindən qətlə yetirilməsi ehtimalını dilə gətirdi. Maraqlıdır ki, səslənən müxtəlif versiyalar arasında Sevinc xanımın öz əcəliylə ölməsi ehtimalını ağla gətirənlər demək olar ki, olmadı. Təbii ki, bunun səbəbləri var. Əvvəla, Sevinc xanım hətta video-görüntülər ortaya çıxınca bəziləri kimi özünün insult keçirdiyini belə bəyan etməmiş, sağlamlığından şikayətlənməmişdi. Yaşı da əcələ boyun əyəcək qədər çox deyildi. Təqiblərdən qaçıb sığındığı zənn edilən Türkiyədə belə hansısa xəstəxanaya deyil, öz rəfiqəsinin evinə pənah aparmışdı. Birdən birə nə oldusa, Sevinc xanımın ürəyi sözünə baxmadı və çatdırıldığı klinikada həyatla vidalaşdı. Elə məsələni qəlizləşdirən əsas məqam da burda gizlidir. Təsəvvür edirsinizmi, klinikada, özü də ürək çatışmamazlığından. Xarici ölkədəki klinika belə Sevinc xanımı həyata qaytara bilmədisə, həqiqətən də onun ölüm səbəbləri haqqında şübhələrin əsassız olmadığı qənaəti yaranır. Sevinc Babayevanın öz əcəliylə deyil, qətlə yetirilərək öldürüldüyü versiyasını gücləndirən digər bir amil onun üzərində cinayət işi olduğu halda ölkəni necə tərk edə bilməsi sirri ilə bağlıdır. Məntiqlə, üzərində cinayət işi olan bu xanım dərhal nəzarətə götürülməli, hətta onun qətlə yetirilməsi ehtimalı göz önünə alınaraq heç olmasa həyatını qorumaq naminə azadlığı məhdudlaşdırılmalıydı. Azərbaycan hüquq sistemi isə adi bir avto-qəza törədənləri həbs etdiyi halda, ağır dövləti cinayətdə ittiham olunanların sərbəst hərəkət etməsinə, hətta onların istədiyi vaxt ölkəni tərk edə bilməsinə şərait yaradır. Deməli, bilərəkdən onların qətlə yetirilməsinə zəmin hazırlayır. Şəxsən mən Gülər Əhmədovanı da eyni tale gözlədiyindən narahatam və yazılarımda bunu dəfələrlə dilə gətirmişəm. Maraqlıdır ki, Sevinc xanımın ölməsi xəbəri yayılmamışdan qısa müddət öncə Gülər xanımın da ölkəni tərk edərkən yaxalanması xəbəri gəldi və bunu ilk əvvəl hətta onun ailə üzvləri də təsdiqlədi. Belə görünür ki, Gülər xanım da hansısa xarici ölkədə özünün elan etdiyi insult xəstəliyindən dünyasını dəyişmək üçün xarici səfərə çıxarılırdı. Və bəlkə də bundan tez xəbər tutan hansısa qüvvələr bu ölüm səfərinin qarşısını almağı bacarmışdılar. Sevinc Babayevanın Türkiyəyə qaçarkən məhz ölüm səfərinə getdiyi ehtimalını gücləndirən başlıca amillərdən biri də onun bu səfərə yalnız başına çıxması faktı ilə bağlıdır. Mərhum əgər həqiqətən öz iradəsi ilə məsuliyyətdən yaxa qurtarmaq üçün ölkədən qaçmışdısa, məntiqlə öz övladını da özüylə bərabər aparmalıydı. Bunu ən azı onun analıq duyğusu tələb edirdi. Əks halda Sevinc xanımın oğlunu burda girov qoyub getməsi heç bir məntiqlə izah oluna bilməz. Belə görünür ki, Sevinc Babayeva ya öz iradəsindən asılı olmayaraq bu səfərə çıxmış, ya da o ilk əvvəl özünün, sonra isə oğlunun ölkədən çıxarılması vədiylə aldadılmışdır. Hər iki ehtimal məlum ölüm səfərinin reallaşmasında güclü barmaqların olduğunu sübut edir. Sözsüz ki, Sevinc xanım əgər həqiqətən qətlə yetirilibsə, bunun səbəbi var. Bu səbəb “ən yaxşı sirr daşıyıcısı ölülərdir” məntiqindən də irəli gələ, bu qənaəti qəsdən yaradaraq onun ölümündə kimisə təqsirli bilinməsi üçün də ortaya atıla bilər. Bunları araşdırmaq, cinayətin əsl motivinə aydınlıq gətirmək Azərbaycan hüquq-mühafizə orqanlarının və bu ölkəni idarə edənlərin işidir. Nə yazıq ki, Azərbaycan hüquq-mühafizə orqanları indiyə qədər tutduğu mövqe ilə özünün obyektivliyini şübhə altına qoyduğundan onun araşdırmaları nəticəsində gəlinən qənaətlər nə ölkə daxilində, nə də ölkə xaricində inandırıcı qəbul olunmayacaq və istər bu bədbəxt hadisə, istərsə də ondan öncə ifşa olunan video-materiallar kiminsə əleyhinə ən ağır ittiham faktı kimi istifadə ediləcəkdir. Sevinc Babayevanın müəmmalı ölümünün məhz Türkiyədə, həm də klinikada reallaşması bu mənada təsadüfi deyil. Böyük ehtimalla bu gün ölkənin ən böyük korrupsiya şəbəkəsinin üzvü kimi təqdim olunan Sevinc Babayeva zəhərlənərək öldürülüb. Maraqlıdır ki, bu ehtimalı onun yaxın rəfiqəsi Gülər Əhmədovanın öz facebook səhifəsində yazdığı “Sevincin zəhərlənərək ölməsinin tək günahkarı Elşad Abdullayevdir!” statusu təsdiqləyir. Belə görünür ki, sabiq deputat belə keçmiş rəfiqəsinin səhhətində heç bir problem olmadığından əmindir və onun ölümünün yalnız zəhərlənmədən baş verə biləcəyinə inanır. Görünür, Sevincin qətlində maraqlı olanlar bunu qəsdən Türkiyədə reallaşdırıblar ki, həmin dövlətdə verilən ekspertiza rəyləri şübhə doğurmasın. Sual oluna bilər-əgər həqiqətən Sevinc Babayeva zəhərlənərək qətlə yetirilibsə, bunu kim həyata keçirib? Sevinc Babayevanın ölümü üzərindəki müəmmalara nə qədər ki, aydınlıq gətirilməyib, şübhələr onun dünənki müttəfiqləri olan dairələrin üzərindən əskik olmayacaq. O səbəbdən ki, Sevinc Babayevanın susdurulması ancaq bu suç ortaqlarına lazım ola bilərdi. Əlbəttə, bu ilk baxışdan belədir. Əslində isə bəzən ilk ağla gələn versiyanın ən uzaq ehtimal olduğu da bilinən bir həqiqətdir. Adətən, maraqlı dairələr kiminsə qanının kiminsə üstündə qalmasını hesablayıb müəyyən planlar qura və onu həyata keçirə bilərlər. Üstəlik, Sevinc Babayevanın qətlə yetirilməsiylə hakimiyyətdəki məlum qrupların əleyhinə ittihamların durdurulması da mümkün deyil. Ən azı o səbədən ki, məlum ittihamları Sevinc Babayeva səsləndirmirdi və onun ölümüylə bu informasiya axışı da dayanmayacaq. Əksinə daha da şiddətlənəcək və kimlərinsə qurban edilərək əsl hədəfdən yayınmaq imkanı da olmayacaq. Deməli, Sevinc Babayevanın ölümünü bəlkə də ən az istəyən onun keçmiş ortaqları ola bilərdi. Daha açıq danışmaq lazımdırsa, mən bu qətlin Azərbaycan hakimiyyəti tərəfindən reallaşdırılmasına inanmıram, amma bunun məhz hakimyyətlə hesablaşmaq olduğunu da istisna etmirəm. Bu səbəbdən də Sevinc xanımın əsl qatilini tapmaq yəqin ki, mümkün olmayacaq və kimlərsə şübhə altında buraxılaraq cəzalandırılacaqlar. Məncə, qətlin icraçılarının kimliyi bilinməsə də onun ilk güdazına gedəcək adamın kimliyi indidən bəllidir. Bu böyük ehtimalla Prezident Administrasiyasının rəhbəri olacaq. Çünki Sevinc Abdullayeva məhz onun rəhbərliyi altında fəaliyyət göstərən şəbəkənin üzvü kimi qələmə verilirdi. Ölüm səfəri əməliyyatının əsas məqsədi isə rüşvət və korrupsiya rejimi kimi bilinən Azərbaycanın indiki sisteminin üzərinə həm də insan qanı ləkəsi sürtməklə onu tamamilə gözdən salmaq, bütün beynəlxalq aləmdə və ölkə ictimaiyyəti arasında “arzuolunmaz qatil hakimiyyət” damğası vurmaqdır. Maraqlıdır ki, məlum hadisə hakimiyyət nümayəndələrinin böyük korrupsiya əməllərinin üstü açılmasına baxmayaraq kiminsə cəzalandırılmaması azmış kimi, onların israrla öz ənənəvi siyasətlərini davam etdirəcəklərini bəyan etdirdikləri ərəfədə baş verir. Yəqin buna görə də hansısa qüvvələrə hakimiyyəti daha ağır ittihamlarla üz-üzə qoymaq üçün kimlərinsə qurban getməsi arqumenti tələb olunurdu və Sevinc də məhz bu oyunların qurbanı oldu. Azərbaycan hakimiyyəti bu damğanın altında qalmamaq üçün təcili tədbir planı həyata keçirməli, adı rüşvət qalmaqallarında hallandırılan insanları dərhal cinayət məsuliyyətinə cəlb etməli, Prezident Adminstrasiyasının rəhbəri istefaya getməli, adı saxta seçkilər keçirməkdə bədnam olan MSK dərhal buraxılmalı, ölkə başçısı üçüncü dəfə prezident seçilmək iddiasında olmadığını bəyanlamalı və növbəti seçkilərin demokratik keçirilməsi üçün şərait yaradılmalıdır. Əks halda növbəti qurbanların ardı arası kəsilməz və dövlətin xalq nəzdində olan-qalan nüfuzu da zədələnər, nəticədə ölkədə içindən çıxılması mümkün olmayan xaos yarana bilər. Bütün bu müəmma dolu ölüm hadisəsinin bizə öyrətdiyi dərslər də var. Kimlərinsə kirli oyunlarında vasitəçilik etmək insana həmişə böyük sərvətlər qazandırmır. Su səhənginin suda sınması taleyi isə nə suyun, nə də səhəngin arzusundan asılı olmayaraq həmişə onun alın yazısına çevrilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?