“Siyasi məhbus” problemi həll olunmadı, ancaq hakimiyyət Ştrasserin məruzəsinə əsasən qətnamə qəbul olunmaması üçün arqument qazandı
gundemxeber.az İlham Əliyevin yeni əfv sərəncamı gələn ay Avropa Şurasında qəbul ediləcəyi gözlənən qətnaməyə çox ciddi təsir göstərəcək. Ştrasserin siyahısından 14 nəfər əfv edilib. Daha əvvəl həmin siyahıda adı olanlardan 10-dan çox adam vaxtından əvvəl şərti azadlığa buraxılıb. Bu, yeni bir situasiya yaradıb. Digər tərəfdən Ştrasserin siyahısında olan bəzi məhkumlar hələ ki, məhkəmə hökmü altındadır və onlara cəza kəsilməyib. Qətnamənin qəbulu artıq sual altında ola bilər. Hakimiyyət ona istinad edəcək ki, Azərbaycan hökuməti siyasi məhbusların azadlığa buraxılması prosesinin əsasını qoyub. Əfv fərmanının məhz bu arqumentə hesablandığı sirr deyil. Amma Bu sərəncam da Azərbaycanda siyasi məhbuslar məsələsini həll etmədi, baxmayaraq ki, ilk dəfə olaraq bir qərarla 14 siyasi məhbus azadlığa buraxıldı. Əslində siyasi məhbuslar problemi nəinki həll olunmayıb, hətta məhkəmə proseslərinin əsassız yubadılması ilə bağlı yeni həyəcanlı tendensiyalar var. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun (Dövlət Bayrağı Meydanında evləri sökülən sakinlərin hüquqlarını müdafiə edib) işi üzrə proses apreldən, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının isə məhkəməsi maydan davam edir. Onların hər ikisi oxşar ittihamla həbs olunub – rüşvət tələb etmək. Həbsxanalarda olan məhbuslardan 4-ü hüquq müdafiəçisidir – İlham Əmiraslanov, İlqar Rzayev, Bəxtiyar Məmmədov və Hilal Məmmədov. Siyahıda 7 jurnalist var – Əvəz Zeynallı, Zaur Quliyev, Vüqar Qonaqov, Araz Quliyev, Nicat Əliyev, Fərəməz Allahverdiyev və Fuad Hüseynov. Göründüyü kimi Azərbaycanda siyasi məhbus problemi hələ də qalır. Son əfv sərəncamından sonra Ştrasserin siyahısında 50 məhbusun adı qalır. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi siyasi məhbus anlayışının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: - saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə; - saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; - həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; - vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?