Rəsmi rəqəmlərə görə, özəl sektorun ixracda payı hələ də azdır. 2013-cü ildə bu rəqəm 1.38 milyard dollara (5.75 faiz) bərabər olub. Ekspertlər bunun bir səbəbini sahibkarların rəqabətli məhsul istehsal edə bilməməsində görsələr də, digər səbəb kimi ixracdakı baryerləri göstərirlər. Prezidentin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərmanda qeyd olunur ki, müvafiq qurumlar idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidirlər. Fərmanda idxal-ixrac sahəsində islahatın vacibliyinin qeyd olunması da göstərir ki, bu sahədə ciddi problemlər var. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bu istiqamətdə görüləcək işlərdən danışıb: “Məlum olduğu kimi, idxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu ilin 1 yanvarından etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi tətbiq edilib, yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilib. Prezident fərmanına uyğun olaraq bu sahədə islahatlar aparılacaq. Bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunacaq. Bununla da tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd edilir ki, bu sahədə vəziyyət qənaətbəxş deyil və islahatların aparılması vacibdir. Dünya Bankının “Biznesə başlama” indeksində Azərbaycan dünya ölkələri arasında 168-cidir. Aşağıdakı cədvəldə Azərbaycanın idxal-ixracla bağlı göstəriciləri müqayisəli qeyd olunub. İdxalda problemlərdən danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, idxalçılar idxal icazəsi almaq üçün yüksək xidmət haqqı ödəməyə məcburdurlar: “İdxal prosedurları və ödənişlər barəsində informasiyanı elektron şəkildə əldə etmək çətindir, bəzi halda isə mümkün deyil. İdxal icazəsi vaxtının süni şəkildə uzadılması, tələb olunan sənədlərin qanunvericilikdə konkret əks etdirilməməsi kimi inzibati baryerlər idxalçıları bəzən qeyri-rəsmi ödənişlər etmək məcburiyyətində qoyur”. Ekspert onu da qeyd edib ki, sahibkarlar qanunvericilikdəki informasiya öhdəlikləri barəsində az məlumatlıdırlar: “Gömrük prosedurları son zamanlar sadələşsə, sənədlərin sayı azalsa da, bu prosedurlara sərf olunan vaxt beynəlxalq təcrübəyə uyğun deyil. Bank əməliyyatları qısa müddətdə, inzibati baryersiz həyata keçirilir. Lakin daşınma şərtləri ilə pul köçürmə formaları arasında uyğunsuzluq müşahidə olunur. Banklar hesab edirlər ki, bu məsələyə nəzarət etməyə məsul deyillər”. İdxal sahəsində islahatlardan danışan ekspert təklif edir ki, müəssisələr seçilərkən onların məhsullarının beynəlxalq sertifikatlaşdırılmış laboratoriyalarda yoxlanıb-yoxlanmaması nəzərə alınsın: “Bu halda idxalatçının istehsalçıdan keyfiyyət və mənşə sertifikatlarını alması kifayət edir. Məsələn, Latviya Baytarlıq Xidməti laboratoriyalarını və standartlarını qəbul etdiyi ölkələrin siyahısını tutur. Əgər Türkiyənin yem istehsalçısı öz ölkəsində qeydiyyata düşmüş məhsulunu Latviyada satmaq istəyirsə və Latviya Türkiyənin standartlarını qəbul edibsə, bu zaman nümunə testdən keçirilmir, məhsulun idxalına birbaşa icazə verilir. Bundan başqa biznes assosiasiyalarının yaradılması, sahibkarlar arasında maarifləndirmə aparılması üçün stimullaşdırıcı tədbirlər planı olmalıdır. Banklara maliyyə əməliyyatlarında (ödənişlərdə) akkreditiv üsuluna üstünlük verməsi də tövsiyə edilir”. İxrac prosedurlarına şirkətlərin sərf olunan vaxt, rəsmi rüsum və xidmət tarifləri xərcləri Avropa İttifaqına ixrac olunan məhsulun dəyərinin təxminən 2.7 faizini təşkil edir. Beynəlxalq təcrübəyə görə, şirkətlərin ixrac xərcləri məhsulun dəyərinin 1 faizi civarında olur. Uyğunluq və mənşə sertifikatlarının verilməsi zamanı aparılan laborator analizlərə görə ödənilən xidmət haqları məhsulun miqdarının (müvafiq olaraq istehsal və ixracın həcminin) faizi nisbətində müəyyənləşdirilir ki, bu da beynəlxalq tələblərə cavab vermir. Qubad İbadoğlu deyir ki, Dünya Ticarət Təşkilatının tələblərində bu tip xidmət haqları tariflərinin müəyyənləşdirilməsi zamanı istehsalın və ixracın məbləğinin deyil, görüləcək işin həcminin əsas götürülməsi tövsiyə olunur: “Eyni zamanda, gigiyenik və keyfiyyət sertifikatlarının verilməsi tarifləri qanuna zidd olaraq daxili qərarla tənzimlənir”. Ekspert bildirir ki, Azərbaycandan Avropa İttifaqı ölkələrinə imtiyazlı şərtlərlə məhsul ixracını ilbəil azalıb: “İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi məlumatına görə, riskləri qiymətləndirən HACCP sisteminin tələblərinə cavab verən 28 müəssisəyə məhsullarının Avropa İttifaqına ixracı üçün təsdiqedici kod nömrələri verilib. Azərbaycan 2009-cu ilin yanvarında Avropa İttifaqına imtiyazlı ixraca imkan verən GSP+ rejiminə qoşulub. Azərbaycanda istehsala tətbiq olunan standartlar əsasən keçmiş SSRİ məkanındakı bəzi respublikalarda keçərlidir, beynəlxalq standartlardan, hətta çox vaxt Rusiyada qəbul olunmuş QOST-lardan geri qalır. Məsələn, Səhiyyə Nazirliyinin qəbul etdiyi “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər (Sanitar-epidemioloji qaydalar və normativlər)” Rusiyanın 2001-ci ildə qəbul etdiyi normativlərin tərcümə edilib təsdiq olunmuş variantıdır. Sənədə yeganə əlavə 2007-ci ildə Azərbaycandan Avropa Birliyi ölkələrinə ixrac olunan fındıqda aflatoksinin miqdarının yüksək olmasının aşkarlanması səbəbindən məhsulların geri qaytarılmasından sonra edilib. Bu, bir vərəqlik, “Avropa İttifaqı ölkələrinə ixrac edilən və oradan idxal olunan bəzi məhsullarda aflatoksinin yol verilən miqdarı” adlı cədvəldir”. Qubad İbadoğlu bildirir ki, ixrac sahəsində olan problemləri aradan qaldırmaq üçün bu təbirlər görülməlidir: - Qida məhsullarının Avropa İttifaqına ixracı zamanı mənşə, keyfiyyət sertifikatlarının və təsdiqedici kod nömrəsinin verilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyində vahid pəncərə yaradılmalıdır. - Mənşə və uyğunluq sertifikatlarının verilməsinin xidmət haqqı tariflərinə yenidən baxılmalı, tariflərin təyin olunmasına yanaşma prinsipi dəyişdirilməlidir. Eyni zamanda gigiyenik və keyfiyyət sertifikatlarının və təsdiqedici kodun verilməsi zamanı tətbiq olunan tariflər daxili qərarla deyil, Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənməlidir. - Milli standartlar təkmilləşdirilməlidir. - Standartlara, sanitariya-gigiyena norma və normativlərinə əlçatanlıq təmin olunmalıdır. - Keyfiyyətə nəzarət analizlərinin aparılmasına imkan verən müstəqil laboratoriyalar yaradılmalı, mütəxəssislərə təlim və treninqlər keçilməlidir. - Təsdiqedici kod nömrəsi ildə 2 dəfə, 6 aydan bir verilməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?