Yaydakı “əməllər” indi üzə çıxır, Ədliyyə Nazirliyinin legitimsizlik qərarı həmyerlilərimiz üçün ciddi problemə çevrilib
Ukraynada 27 vilayət təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Konqresinin qanuni sədrsizlik və qeyri-qanuni iki sədrlilik dövrü aylardır davam edir. 2011-ci ilin sonlarına yaxın qurumun sədri İlqar Abbasov istefa verdikdən sonra seçkilərin keçirilməsi, sədrin seçilməsi məsələsi problemə çevrilib. Bu posta iki dəfə seçki keçirilib və iki sədr seçilib. Lakin Ukrayna Ədliyyə Nazirliyi tərəflərdən heç birinin legitimliyini tanımır, məsələ isə həllini tapmamış qalır. İlk seçkilərdə qalib olmuş Hikmət Cavadov verdiyi açıqlamada bildirib ki, 2012-ci ilin əvvəllərindən yay aylarına kimi bir neçə dəfə UAK-ın konfransının keçirilməsinə təşəbbüs göstərilib: “Sədr İlqar Abbasovun istefasından sonra Məclis yığılmalı idi ki, qərar verilsin. Bu təşəbbüs boşa çıxdıqdan sonda İdarə Heyətinin qərarı ilə iyulun 7-də Kiyevdə seçkilər keçirildi. Bir çox təşkilat sədrləri yeni rəhbərliyin gəlişindən sonra ediləcək dəyişikliklərdən çəkinərək seçkilərə qatılmadılar. Bəzi təşkilatlar isə, konfransa gəlmələrinə baxmayaraq, orada qonaq qismində iştirak etdiklərini bildirdilər. Seçkilərlə bağlı şikayətlər oldu və Ukrayna Ədliyyə Nazirliyi seçkilərin legitimliyini tanımadı”. Hikmət Cavadovun sözlərinə görə, narazı təşkilatlar 26 avqust tarixində seçki keçiriblər: “Lakin bu seçkilər qanunauyğun şəkildə keçirilməyib. Hər şey gizli şəkildə, İdarə Heyətinin üzvlərinin iştirakı olmadan təşkil edilib. Bu səbəbdən həmin seçkilər də legitim sayılmadı”. Vətəndaşlığı olmayan şəxsin Ukrayna Azərbaycanlıları Konqresinə sədr seçilməsi ilə bağlı məsələyə münasibət bildirən Hikmət Cavadov deyib ki, Konqresin nizamnaməsi qəbul olunan zaman buraya vətəndaşlığı olmayan şəxsin quruma sədrlik edə bilməyəcəyinə dair maddə daxil edilib: “Lakin nizamnamənin birinci bəndində göstərilib ki, nizamnamə Ukraynanın “Vətəndaşların birliyi haqqında” qanununa zidd olmamalıdır. Bu qanunda isə istər Ukrayna, istərsə də xarici vətəndaşın ictimai birliyə sədrlik edə biləcəyi haqqında maddə var. Mən vətəndaşlığı istənilən an ala bilərəm, 9 ildir burada yaşayıram. Əgər buranın vətəndaşı olsaydım, başqa məsələ. Lakin vəzifə tutmaq üçün vətəndaşlığından imtina edən şəxs belə bir ideoloji proqram aparan təşkilatın sədri olmalı deyil”. Onun sözlərinə görə, bu ziddiyyəti aradan qaldırmaq üçün yenidən işlənmiş Nizamnamənin son variantı Ədliyyə Nazirliyinə təqdim edilib: “Son olaraq təklif edirəm ki, bütün vilayətlərdə seçkilər keçirilsin. Seçkilərin keçirilməsi üçün 2 ay əvvəl Məclis çağırılmalıdır. Vilayət təşkilatlarında seçkilər keçirilməlidir ki, Məclisin fəaliyyəti legitim olsun”. Hikmət Cavadov yerlərdəki təşkilatların problemlərinə toxunub. Onun sözlərinə görə, Ukraynanın 27 vilayətində qeydiyyatdan keçmiş təşkilatların bir çoxunun fəaliyyəti sıfır dərəcəsindədir, sənədləri qaydasında deyil: “Ədliyyə Nazirliyi təşkilatların sənədlərini yoxlamış olsa, bəzilərini ləğv etməli olacaq”. Ukrayna Azərbaycanlıları Konqresinə ikinci seçkilərdə qalib gələn iş adamı Rövşən Tağıyev açıqlamasında bildirib ki, 7 iyul tarixində keçirilən seçkilərlə bağlı təşkilatlara 3-4 gün əvvəl məlumat verilib: “Nizamnaməyə görə isə seçkilər keçirmək üçün 2 ay öncə Məclis çağırılmalı, bir ay öncə isə seçkilərin vaxtı elan olunmalıdır. Mən də namizədliyimi irəli sürmək niyyətində idim. Biz bu seçkilərdə iştirak etdik. 5 regional təşkilat mənimlə getmişdi, qarşı tərəfdən isə 6 regional təşkilat qatılmışdı. Biz seçkilərin qanunsuz təşkil edildiyini və hüquqlarımızın pozulduğunu elan etdik. Ukrayna Azərbaycanlıları Konqresinə yeni qanuni seçkilər keçirəcəyimizi bildirərək zalı tərk etdik. Biz çıxdıqdan sonra səsvermə keçirilib. Bununla bağlı yerli təşkilatlar etirazlarını bildiriblər. Məndə etirazla bağlı 17 regional təşkilat sədrlərinin möhürünün vurulduğu sənəd var. Bu sənəd Diasporla İş üzrə Dövlət Komitəsinə də təqdim olunub”. Rövşən Tağıyevin sözlərinə görə, 26 avqust tarixində keçirilən növbədənkənar konfransda UAK-ın 18 regional təşkilatı iştirak edib: “Təşkilatlar yerlərdə seçki keçiriblər, konfransa nümayəndələrini göndəriblər və keçirilən seçkilərdə məni sədr seçiblər. Konfransda digər təşkilatlar iştirak etsələr də, təkrar qeydiyyat prosesində sənədlərində problem olduğundan seçkilərə qatıla bilmədilər. Bu səbəbdən də mənim sədrliyim Ədliyyə Nazirliyində təsdiq olunmadı. Bir neçə regionda təşkilatlarımızın sənədləri qaydasında deyil. Qeydiyyatdan keçmək problemi var. Bundan başqa, UAK-ın köhnə Nizamnaməsinin ləğv edilməsi məsələsi gündəmdə olduğundan, yeni Nizamnamə hələ qəbul edilmədiyindən bəzi problemlər yaşanır”. Rövşən Tağıyev UAK rəhbəri postuna keçirilmiş hər iki seçkilərin müəyyən narazılıqlar yaratdığını deyib: “Məsələ ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən gəldilər. Komitədən bildirildi ki, Ukrayna Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyinə görə onlar heç kimi sədr kimi qəbul edə bilməzlər. Komitənin mövqeyini başa düşürəm. Lakin mən hər bir zaman təkrar seçkiyə hazıram. Demokratik prinsiplər əsasında qanuna uyğun olaraq seçkilər keçirilsin, kim qalib gələcəksə, o da sədr olsun”. Rövşən Tağıyev vətəndaşların qeydiyyatı məsələsindəki problemlərə də toxunub. O bildirib ki, statistikaya görə, Ukraynada 100 mindən azərbaycanlı yaşayır: “Faktiki olaraq isə Ukraynada 500-600 min azərbaycanlı var. Bəziləri məktəbə gedib, 21-22 yaşları var, ancaq indiyə kimi Ukrayna vətəndaşlığı, yaxud hansısa sənədləri yoxdur. Mən seçkilərdən əvvəl hər bir regionun qarşısında məsələ qaldırmışdım ki, müəyyən hüquqi baza yaradılmalıdır. Biz bu problemlə bağlı Kiyevdə “Renessans Konsaltinq” şirkəti yaratmışıq. Bu şirkət azərbaycanlıların sənəd problemləri ilə məşğul olur”. Məsələyə aydınlıq gətirən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sürəddin Hümbətov Ukrayna Azərbaycanlıları Konqresinə iyul və avqust aylarında iki dəfə sədr seçkiləri keçirildiyini xatırladıb: “Lakin hər iki tərəf prosedur qaydalarına tam uyğun olmayaraq konfrans çağırıblar. Birinci konfransda 6-7 region, ikincidə isə 16-17 region iştirak edib. Regionların özlərində isə seçkilər keçirilməyib və bu seçkilərin nəticələri Ukrayna Ədliyyə Nazirliyi tərəfindən legitim hesab olunmayıb. UAK Ukraynanın qeyri-hökumət təşkilatıdır. Biz məcburuq ki, Ukrayna tərəfinin qərarını gözləyək. Qeyri-legitim şəkildə iki konfrans keçirərək sədrlərin seçilməsi o demək deyil ki, konfransa sədr seçilib. Bizim mövqeyimiz ondan ibarətdir ki biz təşkilatlarla yox, həm də fiziki şəxslərlə işləyirik. Diaspor Komitəsi də ona görə yaranıb ki, hər bir xaricdə yaşayan azərbaycanlı ilə işləsin. Hər iki şəxs Azərbaycanı təbliğ edir, vətənpərvər insanlardır. Sadəcə, seçkilərdə müəyyən prosedur qaydalara riayət etmədikləri üçün bu seçkilərin nəticələri Ukrayna Ədliyyə Nazirliyi tərəfindən legitim hesab olunmayıb”. Sürəddin Hümbətov bir daha xatırladıb ki, Ukrayna qanunvericiliyini rəhbər tutaraq komitə nə Hikmət Cavadovu, nə də Rövşən Tağıyevi UAK sədri kimi tanıyır: “Ukraynaya sonuncu səfərim zamanı hər iki tərəflə söhbətlər oldu. Konqresin regionlarda legitim seçkilər keçirərək ümumi konfrans əsasında yenidən sədr seçməsi məsələsi gündəmdədir”. Komitə rəsmisi qeyd edib ki, hər ilin may ayında UAK-ın konfransları olur: “Hesab edirik ki, may ayına qədər bu məsələ öz həllini tapacaq. Regionlarda təşkilat komitəsi yaranacaq, ümumi seçkilərə hazırlıq görəcəklər”. Azərbaycanın Ukraynadakı səfirinin 7 iyulda keçirilən seçkidə iştirakı məsələsinə toxunan Sürəddin Hümbətov bildirib ki, bu və ya digər ölkədəki səfirlər hər bir iclasda iştirak edə bilər: “Bu o demək deyil ki həmin seçkiləri legitim olaraq tanıyır”. Komitə rəsmisi problemin kökündə Azərbaycanı istəməyənlərin, müxalifətin, xüsusi xidmət orqanlarının müdaxiləsinin olduğunu bildirib: “Kim istəyər ki, Azərbaycan diasporu qüvvətli olsun, bir olsun? Bunun marağında olan yalnız azərbaycanlılardır. Bu birliyi istəməyənlər isə bizim düşmənlərimiz, rəqiblərimiz, əsasən də erməni diasporudur”. Bəs Azərbaycanın Ukraynadakı səfirliyinin məsələyə münasibəti necədir? Səfirliyin konsulluq məsələləri üzrə ikinci katibi Asim Osmanov bildirib ki, iyulun 7-də UAK Təşkilat Komitəsi tərəfindən seçkilər keçirilib və bu seçkilərdə Hikmət Cavadov qalib gəlib: “O konfransda mən də iştirak etmişəm. Bəzi vilayət təşkilatları seçkilərin nəticələrinə etiraz etdilər və bildirdilər ki, Ukrayna Azərbaycanlıları Konqresinə sədr seçkisi Nizamnaməyə tam uyğun şəkildə təşkil olunmadığından hər iki seçkinin nəticələri Ukrayna Ədliyyə Nazirliyi tərəfindən qəbul olunmayıb. Hesab edirik ki, yaxın gələcəkdə hesabat seçki komissiyası yeni seçkilər təyin edəcək. Kim daha çox səs toplayacaqsa, o da Ukrayna Azərbaycanlıları Konqresinin sədri olacaq”. Elçin Əmirov
Sorğu
Yeni dizaynımız necədir?