Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı göstərdiyi elmi-bədii fəaliyyəti XX əsr Azərbaycan ədəbiyyatına ağır çəkidə töhfə verib. “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Azərbaycan şairi Nizami” kimi əsərlərini nümunə göstərmək kifayətdir.
“Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Azərbaycan ədəbiyyatının tarixini sistemli olmasa da seçmə müəlliflərin əsərləri əsasında təhlil və tənqid edən Rəsulzadə həm də tənqidçi-ədəbiyyatşünas idi. Əsərin mühüm bir keyfiyyəti və onu eyni dövrün məhsulu olan Əhməd Cəfəroğlunun “Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış”, Mirzə Bala Məmmədzadənin “Sovet ədəbiyyatının dünəni və bu günü”, Y.V.Çəmənzəminlinin Azərbaycan ədəbiyyatına bir nəzər” kitablarından fərqləndirən bu kitabda Sovetlərə boyun əyənin də, əyməyənin də - yəni şəxsiyyət ayrıseçkiliyi qoyulmadan əsərlərin təhlilə cəlb olunmasıdır. Əsərini Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1917-18-ci illəri təsvirlə başlayan müəllif ölkədə gedən ictimai-siyasi proseslərin doğurduğu həyəcanın ədəbiyyata da öz təsirini göstərdiyini qeyd edir. Və elə Cümhuriyyət illərində ilk qələm təcrübələrini ortaya qoyan Əliyusifin şeirləri əsərin içinə zühur üçün açar rolunu oynayır.
Ey türk oğlu, səni tanrı Şərqə hadi göndərdi. Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır, Ürəyində sönməyəcək bir həqiqi od yandır!
Yaradıcılığının ilk mərhələsi Cümhuriyyət dövrünə təsadüf edən şairlərdən Əhməd Cavad haqqında söz açan Rəsulzadə onun 28 may İstiqlal günü münasibətilə yazdığı “Nədən yarandın” şeirini oxucuya təqdim edir.
Sən qüdrətin aşıb, çoşan vaxtında mələklərin gülüşündən yarandın! Sehr dilli bir fırçanın əliylə ahuların duruşundan yarandın!
Bu barədə Müasir Azərbaycan ədəbiyyatı dərsliyində oxuyuruq: “Tədqiqatçının Əhməd Cavadın “Nədən yarandın” şeirinin 28 may – İstiqlal günü münasibətilə yarandığını göstərməsi yanlışdır. Daha əvvəl yaranmış bu şeirin istiqlal bayramı ilə heç bir əlaqəsi yoxdur. M.Ə.Rəsulzadə bu əsərində proletkultçuluqdan danışır və Sovetlərin milli ədəbiyyat münasibətini bu cür ifadə edir: “Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı. Lakin sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada «proletkult» deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər”. Bildiyimiz kimi proletkultçuluq proletariatı ilahiləşdirmək, keçmişi, adət-ənənəni və milli olan bir çox şeyi inkar etmək üzərində qurulmuş bir ideoloji məfkurədir. Lakin əvvəlkini inkarla yeniliyə təşəbbüs kasadlıq, ənənəni saxlamaqla novatorluq yaratmaq isə məharətdir. “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Sabit Rəhman və başqa şair və yazıçıların da əsərləri təhilə cəlb edilib. C.Məmmədquluzadəyə rəğbəti açıq-aşkar görünən Rəsulzadə onun “Kamança” pyesindən danışarkən erməni-müsəlman toqquşmasını təəssüflə qeyd etmiş. “Anamın kitabı” əsərinin də cəmiyyəti öz kökündən qoparmağa çalışan kommunistlərə xoş gəlmədiyini vurğulamışdır. Hüseyn Cavid yaradıclığına, xüsusilə, “Şeyx Sənan”, “Səyavuş”, “Topal Teymur”, “Peyğəmbər”, “Uçurum”, “İblis” əsərlərinə diqqəti çəkən yazıçı Cavid fəlsəfəsini yüksək dəyərləndirmiş, Hüseyn Cavidi yerli-yersiz tənqid edənlərdən fərqli bir mövqedə dayanaraq onun istər tarixi, istərsə də müasir bəşəri mövzularda qələmindən çıxan əsərlərini layiqincə qiymətləndirmişdir. Maraqlı burasıdır ki, Rəsulzadə Sovet dönəmində ən böyük müvəffəqiyyətə sahiblənən yazıçının Cəfər Cabbarlı olduğunu qeyd edir, onu həm dramaturq, həm də rejissor kimi yüksək qiymətləndirir: “Bolşevizm dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmaqlarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra da olsa həm nəşr etdirməyə, həm də oynanmağa buraxırlar”. C.Cabbarlı kollektiv düşüncəli yazıçı idi və dini inancına görə ateist idi. Sovet hökümətinin də kollektivləşmə siyasəti yürütdüyünə və elmi ateizmi təbliğ etdiyinə görə onu digərlərindən fərqləndirdiyini güman edirik. Lakin maraqlıdır, C.Cabbarlı əqidəsini və qələmini Sovet hökümətinin yazılmış və yazılmamış qayda-qanunlarına uyğunlaşdırmışdır, yəni dövrün tələbinə boyun əymişdir, yoxsa bu Cəfərin aldığı təhsilin, mühitin onu bu cür formalaşdırması idi? Fikrimizcə, ikinci variant daha ağlabatandır. İlk aldığı mollaxana təhsilini çıxsaq, sonradan aldığı rus təhsili və rus dili vasitəsilə mütaliə etdiyi dünya ədəbiyyatı onun düşüncəsini Şərq sxolastikasından arındırmış və başqa bir dünyagörüş formalaşdırmışdır. Bir şeyi qeyd etmək lazımdır ki, SSRİ bizi çox şeydən məhrum etsə də, savad, dünyəvi biliklərə yiyələnmə baxımından Qərbə açılan qapı olmuşdur. Politoloq X.İbrahimli yazır: "C.Cabbarlı ilə məktəb, sonra isə əqidə dostu olan M.B.Məmmədzadə ədibin yaradıcılığına, özünə yaxşı bələd olduğundan təhrifləri, yalan və həqiqətləri ən xırda detallarına qədər araşdıra bilmişdi. O, bolşeviklərin C.Cabbarlı yaradıcılığına verdiyi qiyməti aşağıdakı kimi ümumiləşdirirdi: – Kütləvi hərəkat yerinə, monarxiya və kapitalizmin atributu olan fərdiyyətçilik var. – İşçi hərəkatı və proletar inqilabının nəfəsi yoxdur. – Bolşevik partiyasının rolundan bəhs olunmur". Və nəhayət, 1937-ci ilin hər sahədə “təmizləmə” əməliyyatı başlayır. Şərti olaraq “təmizləmə” adlandırdığımız bu çirkin oyun əslində çox sahənin ən əhəmiyyətli adamlarını aparmaqla həmin sahələri çirkləndirdi. Bu qanlı illər boyun əyməyəni də apardı, əyəni də, haqqında danos yazılanı da apardı, danos yazanı da. M.Ə.Rəsulzadənin böyüklüyü bir də onda idi ki, ona “İyirmi altılar” poemasında “şarlatan” deyə müraciət edən xalq şairi Səməd Vurğun haqqında da “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində müsbət fikirlə danışmışdır.
İndi xəbər verim oxucuma mən O “millət rəhbəri” Rəsulzadədən: Toplamış məclisə müsəlmanları, Yağlı vədələrlə tutmuş onları. Deyir: Türkiyəni çağıraq gərək, Bizə kömək olsun, qılınc çəkərək, Parlasın ədalət, mehri-hürriyyət, Ucalsın göylərə şərəfi-millət!... -Şarlatan! -Afərin! -Rəhbərə bir bax! -Vətəni yadlara bunlar satacaq! -Bir dayan! -Nə dedin? O bir xaindir, Sözünün pərdəsi millətdir, dindir.
deyən Səməd Vurğun bu əsərdə Rəsulzadə tərəfindən “milli şair” adlandırılır. Onun “Vaqif” dramını Əmin bəy çağdaş Azərbaycan ədəbiyyatının ən uğurlu əsəri hesab edir. Rəsulzadə yaradıcılığı şəxsiyyətə qatmadan obyektiv yanaşaraq, yamanlığa yaxşılıqla cavab verərək bu gün də bizim üçün və gələcək nəsil üçün yüksəkdəki yerini qoruyub saxlayır.
Əlirza Turan xatirələrində qeyd edir ki, "Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, “görün, S.Vurğun sizin haqqınızda nələr yazıb. Siz isə onu "Çağdaş Azərbaycan ədəbiyyatı”nda millətçi bir şair kimi təqdim etmisiniz". Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq".
Almas İldırımın qürbətdə keçən ömründən bəzi səhifələri qələmə alan müəllif onun bəzi şeirlərindən nümunələr də verib.
Əsərin sonunda Məhəmməd Əmin bəy Gültəkin (Əmin Abid) adlı odlu-alovlu vətənpərvər şeirlər yazan şairdən danışır. Onun zülm içərisində yaşayan soydaşlarına həsr etdiyi Sibirin buzlu qan qoxan mühitindən bəhs edən “Buzlu cəhənnəm” adlı şeirini əsərinə daxil edir.
Sibirya, ey soyuq və qorxunc dəniz, Şimalın köksündə uyuma səssiz. Qalx, bir müsafirin gəldi, diqqət et, Sənə hədiyyələr gətirdi — vəhşət!
Gültəkinin aşağıdakı misraları isə Məhəmməd Əmin Rəsulzadənin ən sevdiyi, öz çıxışında dediyi, Azərbaycan dövlətinin, dövlətçiliyinin sloqanına çevrilən misralar olur:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Sorğu
Yeni dizaynımız necədir?