Keçmiş məhbus onun azadlığı uğrunda çalışanlara qarşı
Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı keçmiş vicdan məhbusu, «İnsan Haqları Naminə» İctimai Birliyinin rəhbəri Eynulla Fətullayevlə hər hansı əməkdaşlığın dayandırıldığını bildirib. Amnesty International hesab edir ki, E.Fətullayevin, əsasən də onun haqqin.az saytının fəaliyyətindən Azərbaycan hökuməti ölkədə insan haqlarının pozulması ilə bağlı Avropanın tənqidlərinin gözdən salınması üçün istifadə edir. E.Fətullayev insan haqlarının pozulması ilə bağlı yanlış fikir yaradır və bildirir ki, Azərbaycanda adi olan hal eyni dərəcədə Almaniyada da yayılıb. Bu planda o, bu Avropa ölkəsində hüquq və azadlıqların vəziyyətinə dair Amnesty International-ın tənqidindən istifadə edir. Bazar ertəsi, yanvarın 21-də E.Fətullayev Brüsseldə Avropa Mətbuat Klubunda «İnsan Haqları Naminə» İctimai Birliyinin «Avropanın süqutu və ya Avropa dəyərlərinin böhranı» adlı məruzəsinin təqdimatını keçirib. Bundan əvvəl Amnesty International bildirir ki, o, təqdimatda AFR-də insan hüquqlarının pozulması mövzusunda çıxış üçün təşkilatın Almaniya ofisindən spiker istəyib. Həmçinin bildirib ki, layihə Almaniyanın Marşal Fondunun Qara dəniz Fondu (BST) tərəfindən maliyyələşdirilir. Lakin Marşal Fondu E.Fətullayevin bu məlumatını təkzib edib. BST-nin Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli bildirib ki, «Qara dəniz Fondu ilə bu layihənin əlaqələrindən danışılması yersizdir. BST bu araşdırmanı və təqdimatı maliyyələşdirməyib və dəstəkləməyib». Öz növbəsində E.Fətullayev Amnesty İnternational-ın bəyanatını pisləyərək təşkilatı insan hüquq və azadlıqlarının pozulmasına seçici yanaşmada ittiham edib. «Belə çıxır ki, toxunulmaz dövlətlərin seçilmiş kastası yaradılıb ki, onları tənqid etmək olmaz. Bu cür bəyanatlar Avropa dəyərləri fəlsəfəsinin özünü pozur. Bundan sonra bu təşkilatlar hansı mənəvi haqqla başqalarına yol göstərəcəklər?», - o, haqqin.az saytında yazır. Saytda keçirilmiş təqdimat barədə informasiya da yer alıb. Təqdimatda E.Fətullayevdən başqa Frankfurt «Okkupay Frankfurt» hərəkatının lideri Tomas Pilts, Almaniyadakı Türkiyə birliyinin prezidenti, tanınmış ictimai-siyasi xadim Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramı üzrə direktoru Stiven Ellis və başqaları çıxış ediblər. Məruzəçilər Almaniya hökumətini kəskin tənqid edərək ölkə ictimaiyyətini rəsmi Berlinin siyasəti ilə razılaşmayanlara qarşı özbaşınalıq və zorakılıq faktlarına laqeyd qalmamağa çağırıblar. Onların narahatlığı «Internews Azerbaican təşkilatının hazırladığı 38 dəqiqəlik «Avropanın süqutu» filminin nümayişi ilə əsaslandırılıb. Qeyd edək ki, «Avropanın süqutu və ya Avropa dəyərlərinin böhranı» Almaniyada və ümumilikdə Avropada demokratiya, insan hüquqları və multikulturalizm siyasətində analitik araşdırmaya iddia edir və www.thedecline.info veb-resursunda dərc edilib. Layihənin beynəlxalq analitik qrupu aşağıdakı suallara cavab tapmağa çalışıb: nədən Almaniya kimi tolerant ölkədə multikulturalizm iflasa uğrayıb? Nə üçün bu cür zəngin ölkədə insan hüquqları, söz və toplaşma azadlığı dekorativ demokratiyaya malik ölkələrdə olduğu kimi aktualdır? Nə üçün tez-tez ölkədə ictimai narazılıq və etiraz aksiyaları, korrupsiya qalmaqalları baş verir? Niyə alman cəmiyyətində qisasçılıq və neonasist əhval-ruhiyyəsi dəstək alır? Beynəlxalq qrup müqayisəli təhlilin aparılmasına və liberal dəyərlərin sistemli böhranının üzə çıxarılmasına Almaniyadan başlayıb. Bu, davamlı demokratik imic, yüksək və önəmli siyasi-iqtisadi status, həmçinin bu ölkənin dünya və ümumavropa proseslərində xüsusi rolu ilə əlaqələndirilib. Eyni zamanda son illər Almaniyanın həyatında multikulturalizm ideyası, tolerantlıq və liberal dəyərlərin böhran tendensiyası formalaşır. «İnsan Haqları Naminə» Birliyi bir çox faktları ümumiləşdirib və sistemləşdirib bu ölkədə aşağıdakı problemləri üzə çıxarıb: 1) Multikulturalizm böhranı və etno-konfessional tolerantlıq plankasının enməsi, miqrasiya siyasətində çatışmazlıqlar; 2) Almaniyanın penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərində problemlər, qanunverici praktikada qüsurlar; 3) İnsan hüquqlarının, söz və toplaşma azadlığının pozulması, etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi.
Baş verənlərlə bağlı “Turan” analitik xidmətinin şərhi də maraq doğurur. Hadisələrə dəqiq qiymət baxımından həmin şərhi diqqətinizə çatdırırıq: Heç kimə sirr deyil ki, demokratiyanın inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, Almaniyada da korrupsiya, insan hüquqlarının pozulması problemləri var. Lakin Azərbaycanın dövlət quruculuğu və ictimai münasibətlər modeli Avropadan çox uzaqdır. Odur ki, E.Fətullayevin məruzəsi daş əsrindən burjua cəmiyyətində insan haqlarının vəziyyətini tənqid etmək cəhdidir. Azərbaycanda bu cür mağara hüququna nümunə bu dövlətin Fətullayevin özünə necə başa gəlməsidir ki, bunun detalları da yalnız onun özünə bəllidir. Fətullayevin başqalarına da məlum olan həbsxana yaşantıları «Mənim məhbəsim» kitabının bir personacının timsalında minlərlə adamın alçaldılması ilə bağlı Aysberqinin yalnız görünən tərəfidir. Əlbəttə, layihəni davam etdirmək və müqayisəli təhlil yolu ilə korrupsiya, özəl mülkiyyətin qorunması, sahibkarlıq, söz və toplaşma azadlığı, siyasi və sosial təminatlar sahəsində insan hüquqlarının burcua və mağara durumunun özəlliklərinin beynəlxalq və Azərbaycan ictimaiyyətinə təqdim edilməsi maraqlı olardı. Bu, rəsmi Bakının və Berlinin ötən ilin yayında aktiv müzakirə olunan insan haqlarının pozulması problemi üzrə qarşılıqlı tənələrini yaxşı anlamağa kömək edərdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?