Nə Məleykə Abbaszadənin şok açıqlamaları, nə də Mikayıl Cabbarovun kadr islahatları nəticə verir...
2 gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə daha bir mətbuat konfransı keçirərək, mətbuata qalmaqallı açıqlamalar verdi. TQDK sədri 20 rayonun abituriyentlərinin 40%-dən çoxunun qəbul imtahanlarında 100 baldan aşağı nəticə göstərməsini, ümumilikdə abituriyentlərin 64.7%-inin 200-dən az bal toplaması və artıq mətbuatda kifayət qədər tirajlanmış digər ciddi rəqəmləri açıqladı.
Dövlət Komissiyasının sədrinin açıqladığı faktlar həmişə olduğu kimi, cəmiyyətə ünvanlanmış ciddi xəbərdarlıq kimi səslənir. Təəsssüf ki, burada “həmişə olduğu kimi” ifadəsini işlətməyə məcburuq. Çünki hər dəfə bu rəqəmlərin açıqlanmasına baxmayaraq, irəliyə doğru ciddi addımlaın atıldığını hiss edə bilmirik.
Aradan 2 il keçsə də...
Artıq 2 ilə yaxındır ki, Azərbaycan təhsilinin Misir Mərdanov erası bitib. Təhsil Nazirliyində rəhbər dəyişikliyindən sonra hamı inanırdı ki, artıq “tilsimlər qırılacaq”, təhsil sahəsində mövcud olan uzunmüddətli problemlərin həlli istiqamətində işlərə başlanılacaq. Yeni seçilmiş nazir Mikayıl Cabbarovun tez bir zamanda islahatlara başlayacağı heç kəsdə şübhə doğurmurdu. Yeni nazir doğrudanda postu təhvil alan kimi ardıcıl islahatlara başladı; amma bu islahatlar demək olar ki, kadr dəyişikliyi çərçivəsindən kənara çıxmırdı. Bəli, Mikayıl Cabbarovun Təhsil Nazirliyinə rəhbər gətirilməsindən 1 il 10 ay keçir (O, Azərbaycan Prezidentinin 19 aprel, 2013-cü il Sərəncamı ilə hazırkı vəzifəyə təyin olunub). Başqa sözlə, cənab nazirin indiki vəzifəyə təyinatının 2 ilinin tamam olmasına 2 ay qalıb. Bəs bu gün Azərbaycan təhsilində vəziyyət necədir? Maraqlıdır, bu 2 il müddətində M.Cabbarov orta məktəblərimizdə “2” alan şagirdlərin sayını azalda bildimi? Yeni nazirin gözləntiləri nə dərəcədə doğrultmasının, onun özündən asılı olan və olmayan hansı səbəbləri var?
Təhsil ekspertləri ilə aşağıdakı söhbətimizdə yuxarıdakı suallara cavab tapmağa çalışdıq. Təhsil üzrə ekspert, MM-in Təhsil komissiyasının keçmiş sədri, professor Şahlar Əsgərov bizimlə söhbətində təhsil problemləri ilə bağlı TQDK-nın açıqladığı rəqəmlərin reallığı əks etdirdiyini bildirdi: “Dənizin suyu duzludursa...” “Əlbəttə, çox təəssüf ki, bütün bunlar reallığa söykənən rəqəmlərdir. Məsələ burasındadır ki, hər il belə rəqəmlər açıqlanır. Prinsipcə, bu baxımdan yeni bir şey yoxdur. TQDK sədri hər dəfə mətbuat konfransı keçirir və bu problemləri açıqlayır, lakin nədənsə problemlər düzəlmir ki, düzəlmir. Təsəvvür edin ki, 10 ildi bu problem deyilir, 10 il bundan sonra da deyilsə, yenə də düzəlməyəcək. Bir misal çəkim: dənizin suyunun dadına indi də baxsan duzlu olacaq, 10 il sonra da. Yəni, dənizdən şirin su gözləməyin nə mənası var? Hamı bilir ki, dənizin suyu duzlu olur. Problemin həlli belə olar ki, o duzlu suyu şirinləşdirəsən”.
Problemi qəbul etmək – həllin yarısıdır Şahlar müəllim vurğuladı ki, təhsil sahəsində mövcud problemlərlə bağlı dəfələrlə açıqlamalarla çıxış edib, təkliflər verib, tənqidlər səsləndirib. Amma görünən budur ki, ortada müsbət mənada ciddi nəticə yoxdur: “Bilirsiz, problemi həll etməyin iki yolu var: birincisi budur ki, gərək
problemi olduğu kimi qəbul edəsən; çünki problemin həllinin yarısı, onu qəbul etməkdir. İkincisi, ciddi əməli işlər görülməlidir; necə ki, bir əyri məftili düzəltməkdən ötrü onu təzədən əyməlisən. Üçüncüsü, gərək cəmiyyətdə həmin problemin səviyyəsini düzgün müəyyən edəsən. Çünki təhsil cəmiyyət üçün olduqca vacib və prinsipial məsələdir”, - deyə, Ş.Əsgərov qeyd etdi.
Misir Mərdanov, yoxsa Mikayıl Cabbarov?
Ş.Əsgərovun keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında ölkədə təhsilin vəziyyəti ilə bağlı sərt açıqlamalarının, tənqidi münasibətinin olduğu mətbuata yaxşı məlumdur. Bəs görəsən tanınmış professor indiki nazir haqda nə düşünür? Onun fəaliyyətinə münasibəti də mənfidirmi?
Təcrübəli təhsil eksperti, məlum açıqlamalarda səslənən ciddi mənfi rəqəmlərin meydana gəlməsində gənc nazirin də “rolu”nun olub-olmaması haqda nə düşünür? Maraqlıdır ki, bu sualların cavabında Şahlar müəllim bildirdi ki, indiki nazir Mikayıl Cabbarovun fəaliyyətinə münasibəti mənfi deyil: “Təhsil sahəsindəki mövcud problemlərin köklü şəkildə həll edilməsi, əlbəttə, 3-5 günün işi ola bilməz. Çünki o problemlər uzun illər ərzində yığılaraq böyüyüb. Şəxsən mən yeni naziri gənc, perspektivli bir şəxs kimi dəyərləndirirəm. Mikayıl Cabbarov qeyri-standart düşüncəli adamdır. Görünən budur ki, onun problemləri həll etmək istəyi var. Sadəcə, bu işdə gənc nazirə hamı kömək etməlidir, nəinki onun yolu üstündə maneələr yaratmaq”, - deyə Şahlar Əsgərov fikirlərini tamamladı. Təhsil üzrə daha bir tanınmış ekspert, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də bizimlə söhbətində təhsil sahəsində arzuolunmaz vəziyyətin olduğunu etiraf etdi. “TQDK sədrinin məlum açıqlamalarında göstərdiyi mənfi rəqəmlər də həmin məsələlərdən qaynaqlanır. Bu açıqlamalar onu göstərir ki, problemlər hələ də qalmaqdadır”. Ekspertin sözlərinə görə, Məleykə Abbaszadənin bu dəfəki açıqlamalarında bir neçə məsələ onun diqqətini çəkib: “Oğlanlarla qızların bilik səviyyəsindəki fərq maraqlı açıqlama oldu. Bu faktlarla tam razıyam. Oğlanların bilik göstəricilərinin aşağı düşməsi doğrudan da ciddi faktdır. Təlim-tərbiyə işində qadınların üstünlük təşkil etməsi kimi məsələlərə də diqqətlə yanaşmaq lazımdır. Məhz bu amil arzuolunmaz vəziyyətin yaranmasına səbəb olur”.
Naməlum səbəblər var...
Bəs mövcud problemlər niyə həll olunmamış qalır? Məlahət xanım bu sualın cavabında qeyd etdi ki, problemlərin bəzi səbəbləri hələ tam araşdırılmayıb. “Bu səbəblərin aşkara çıxarılması lazımdır. Bilirsiniz, Təhsilin inkişafı üzrə Dövlət Strategiyası var və artıq iki ildir həyata keçirilir (Azərbaycan prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilib – red.). Az müddətdə yüksək nəticə gözləmək də düzgün deyil. Bu problemlər tədricən, mərhələ-mərhələ həllini tapmalıdır”. Müəllim hazırlığı və idarə edənlərin səviyyəsi...
Təhsil sahəsində ən vacib problem hansılardır? Ekspert hesab edir ki, müəllim hazırlığı və yerlərdə idarə edənlərin səviyyəsi məsələsi təhsilimizin ən vacib problemləridir. “Texnoloji təchizat baxımından isə Azərbaycan məktəbləri keçmi SSRİ ölkələri ilə müqayisədə çox irəlidədir, ən müasir avadanlıqlarla təmin olunub. Qeyd etdiyim kimi, müəllim hazırlığına və yerlərdə idarə edənlərin səviyyəsinə diqqət yetirmək lazımdır”, - deyə M.Mürşüdlü vurğuladı. Təhsil eksperti “keçmiş nazir Misir Mərdanovla, yeni nazir Mikayıl Cabbarovun fəaliyyətini necə müqayisə etmək olar” sualının cavabında, ikinciyə önəm verdiyini bildirdi: “Mikayıl Cabbarovun rəhbərliyi altında gənc komanda daha qətiyyətli, daha modern addımlar atmağa başladı. Bir çox yeniliklərə imza atıldı. Məsələn, bir çox regional təhsil mərkəzləri yaradıldı və s. Mən düşünürəm ki, yeni nazir tərəfindən daha çevik hərəkətlər var. Yerlərdə də belə çevik
komandalar formalaşsa, yaxşı olar”.
“Öz qohumlarına tədris proqramı yazdırırlar”
Gənc yazar, təhsil eksperti Şəmşad Ağa, TQDK sədrinin açıqladığı rəqəmlərin biabırçı olduğunu deyir. Gənc ekspert hesab edir ki, sözgedən problemlərin kökündə ilk növbədə məktəb proqramı dayanır: “Şagirdlər indiki proqramı mənimsəməkdə çətinlik çəkirlər. Dəfələrlə bu məsələ qaldırılıb ki, məktəb proqramı qeyri-peşəkarlar tərəfdən hazırlanır. Şagirdin yaş həddi bu proqrama uyğun gəlmir. Hansısa universitetin professoruna məktəb dərsliyi yazdırırlar, bu adam ya onların qohumdur, ya da dostu. Məktəb proqramına bu şəkidə yanaşmaq olmaz! Tutaq ki, Texniki Universitetin professoruna kitab yazıdırıblar, o da sanki ali məktəb üçün dərslik yazıb. Adamın heç bir pedaqoji təcrübəsi yox, ömründə şagird üzü görməyib, məktəbşünaslıqdan xəbəri yox. İndi ibtidai sinifdə oxuyan şagirdlər bunu necə qavrasın? Bütün dərsliklər qeyri-peşakar hazırlanır və hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələni nəzərdən keçirməlidir”. Təyinat gənc müəllimlər üçün sərfəli deyil
Şəmşad müəllim, ümumilikdə ölkədə təhsilin səviyyəsinin bərbad olduğunu deyir. Vurğulayır ki, burada da ilk faktor korrupsiya və rüşvətxorluqdur. “Rayon yerlərində şagirdlərin dərsə davamiyyəti çox aşağı səviyyədədir. Ali təhsilli, savadlı kadlar ucqar rayonlara müəllim işləmək üçün gedən yoxdur, çünki təyinatla gedən müəllimlərin sosial qayğıları böyük olur və təminat da verilmir. “99 manat təqaüdə görə kim gedib Qubanın dağ kəndində müəllim işləyər? Belə olan halda, hansısa künc-bucaqda açılan kolleclərdə təhsil alan yarımçıq müəllimlərin ümidinə qalır məktəblər... və nəticə də ortadadır. Valideyn- müəllim münasibətləri də şərtdir
Digər tərəfdən, valideynlərin də təhsilə yanaşması ciddi məsələdir. Valideynlər mövcud vəziyyətdə orta məktəblərə mənasız yerə pul xərclədiklərini görüb özəl kurslara və ya repititorlara üz tuturlar. Eyni zamanda valideyn-müəllim münasibətlərini də qeyd etmək istərdim”. Ş.Ağa yekun olaraq bu fikirdədir ki, təhsilin problemlərinin həlli sistemin köklü surətdə dəyişməsi və islahatların aparılmasından birbaşa asılıdır. Əgər belə olmayacaqsa, bu sahədə hansısa inkişafdan danışmaq yersizdir. “Yoxsa bu vəziyyət ildən-ilə nəinki müsbətə, əksinə, bir az da mənfiyə doğru gedəcək”, - deyə gənc ekspert təəssüflənir.
Təhsilin başı üzərindəki “qara kölgə” Ekspertlərin fikirlərində bəzi məqamlara diqqət çəkmək istərdim: 1. Azərbaycanda təhsil sahəsində olan mövcud problemlər uzun illərin məhsuludur və həlli üçün də uzun zaman tələb olunur; 2. Köhnə nazirə nisbətən, yeni nazir islahatlara meyyli adamdır, amma bu gənc kadra kömək etmək, ona mane olmamaq lazımdır...
Sual yaranır, təhsil sahəsində nazirdən yuxarı statusu və səlahiyyəti olan bir şəxs olmadığı halda, ona hansısa islahatların həyata keçirilməsində kim mane ola bilər? Yoxsa təhsilimizin başı üzərində hansısa naməlum “qara kölgə”lər dolaşır? Hər bir halda, Azərbaycan təhsili hazırkı durumuna görə, limanda lövbər atıb səmt küləyini
gözləyən yelkənli səyahət gəmisinə bənzəyir: gəmiyə yeni kapitan təyin olunsa da, lövbəri qaldırıb hərəkətə başlamaq üçün güclü səmt küləyinə ehtiyac var. Səmt küləyini gözləmədən hərəkətə başlamaq isə görünür, çox risklidir... Maraqlıdır: bu riskə gedən olacaqmı?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?