Bu günlərdə hər kəs I Avropa Oyunlarının rəsmi Bakının ev sahibliyi etməsi ilə yanaşı, yarışmaya qatılan hər bir deleqasiyanın iştirakının belə Azərbaycan tərəfindən ödənilməsi xəbərinin “şok”unu yaşayır desək yanılmarıq. Bunu bir çox siyasətçilər “diplomatiya” adlandırsa da, banklarda növbə gözləyən kreditorlar buna ağılsızlıq deyir. Manatın devalvasiyasını müşahidə etdiyimiz bir anda, inflyasiyanın qaçılmazlığı və bahalaşmanın hər evin büdcəsini artıq çoxdan fəth etdiyi bir dönəmdə bu boyda maliyyənin altından Azərbaycanın layiqincə qalxa bilməsi, həqiqətən də böyük sual doğurur. Üzdə bu problemin heç kəsin duymaması üçün yetəri qədər dekor naminə şablon informasiyalar verilsə də, reallıqlar tamamilə fərqlidir. Misal üçün, bu günlərdə əldə etdiyimiz məlumatlara görə, dövlət işində işləyən və tutduğu vəzifələrə sözün əsl mənasında qısqanclıqla yanaşılan işçilər indi bu Avropa oyunlarının və devalvasiyanın birgə zərbəsi ilə artıq çoxdan üzləşiblər. Əldə etdiyimiz məlumatlara görə, dövlət işində çalışan kürsülülərə məxsus zavod və müəssisələrdə çalışanların maaşlarının kəsildiyi müşahidə olunur. Yolsalma strukturunda çalışanlar və ATEF elektrik cihazlarının hazırlandığı zavodda artıq neçə aydır ki, çalışanlar əmək haqqı almır. Deyilənə görə, onlar əmək haqlarını Avropa Oyunlarından sonra ala biləcəklər. Əgər yadınızdadırsa, bir-iki ay öncə dövlət strukturunda çalışanların bir qisminin əmək haqqından əlavə aldıqları el arasında “paket” adlandırılan yardım məqsədi daşıyan məvacib də ləğv edilmişdi. Bu günlərdə söhbət əsnasında Fövqəladə Hallar Nazirliyində çalışan bir əməkdaşı (işdən atılma ehtimalı olduğu üçün həmin əməkdaşın ismini gizli saxlayırıq) 450 manat maaş aldığını bildirirdi. İki ay olar ki, cəmi 200 manat əmək haqqı alıdığını qeyd edən nazirliyin əməkdaşı bunun Avropa Oyunlarının bitənə qədər davam etdiyini bildirib. Hələ müəllimlərin əmək haqlarından danışmırıq. İki dəfə çıxış olunaraq, müəllimlərin əmək haqlarının qaldırılacağı ilə bağlı xəbər verilsə də, bu gün həmin artırılma müşahidə olunmur. Ümumiyyətlə, heç bir dövlət strukturunun cavabdeh nümayəndəsi bu haqda informasiya vermir və ya verməkdən çəkinir. Görəsən nə üçün? Nə üçün adi və sıradan bir işçilər devalvasiya və inflyasiyanın vurduğu damğanı hiss etdikləri halda, Avropa Oyunlarının Azərbaycan adına xeyirli bir töhfə olduğunu bilib öz əmək haqlarından belə keçdiyi halda, heç bir icra başçısı və ya var-dövlət içində yaşayan məmur bunu etmir? Əksinə, həmin məmur dövlətdə olanı da talayır və ya kasıb təbəqədən zorla soyub əldə etdiyi 2-3 qara qəpiyi öz adından büdcəyə yatırım kimi qələmə verir?
Bəs büdcədən milyonlarla silinən manatlar hara gedir? Bu gün dövlət strukturundakılar nə üçün sadə insan kimi Azərbaycan adına öz ciblərindən yardım etmədikləri halda, dövlət büdcəsindən oğurluğu davam etdirirlər? Bu dediklərimiz
və sadaladıqlarımız əfsuslar olsun ki, real faktlardır. Misal üçün, Daşkəsən və Gədəbəydə olduğu kimi, Pirşağı bağlarına da qaz çəkilməsi haqda ölkə rəhbərliyinə yalan raport verilməsi elə, özü-özlüyündə dövlətdən manatların “məmurlar” tərəfindən silinməsi variantlarından biridir. Görün, bu harınlamış məmurlar həddlərini nə qədər aşıb ki, artıq utanmadan illik hesabatları zamanı belə yalan informasiyalar verməkdən çəkinmir. Adamı yandıran məsələ odur ki, bu “məmurlar” altlarındakı kürsüyə və vəzifəli havadarlarına o qədər güvənir ki, özbaşınalıqlarının özləri belə fərqinə varmır. Dövlətdən maliyyəni soyub ciblərinə qoyurlar. İndi də əllərinə yaxşı fürsət düşüb, “Avropa Oyunlarına yardım edirik” adı altında sadə işçilərin maaşlarına belə əl uzatmaqdan çəkinmirlər. Bunu ayrı cür necə xarakterizə etmək olar? Dövlət bölgələrdə iş görülsün deyə maliyyə ayrılır, amma həmin sərəncama və tövsiyyəyə məhəl belə qoyulmur. Misal üçün, bir az əvvəl adını çəkdiyimiz Daşkəsənin icra başçısı Əhəd Abıyev kimi. Sözügedən başçı hələ 4 ay əvvəl açılışı edilmiş avtovağzalı istifadəsiz qoyub. Daşkəsən camaatı icra başçısı Əhəd Abıyevdən davamlı olaraq şikayət edir və rayonun rəhbəri dövlət büdcəsini talamaqla yanaşı, rayon camaatının problemlərini də həll etmir. Hər il dövlət büdcəsindən Daşkəsənə milyonlarla manat vəsait ayrılsa da, Əhəd Abıyev deyilənə görə, həmin maliyyə ilə özünə villa tikdirməklə məşğuldur. Rayonun küçələri isə bərbad vəziyyətdədir. 4 ildir dayanmadan dövlətin maliyyə damarını tutmağı bacaran Əhəd Abıyev rayonda nə küçələrə, nə də məhəllələrə bir metr yeri belə asfaltlamayıb. Asfaltlamaq əvəzinə isə villasının qarşısında ucu-bucağı görünməyən, bəzən sakinlər tərəfindən “mini Xəzər dəniz”i də adlandırılan “hovuz”una kafel düzdürdüyü iddia olunur. Hələ bu harasıdır. Mənbə iddia edir ki, Əhəd Abıyev Su İdarəsinin müdiri ilə birləşərək, “Xoşbulaq” su xəttini də satıb üstündən su içiblər. Amma, olduqca məharətli icra başçısı Əhəd Abıyev sözügedən su xəttini satmasına baxmayaraq, hər il həmin su xəttinin təmir olunması adı altında 100 minlərlə manat vəsait ayırtmağı da bacarır. Görəsən, bunları bu “məharətli” icra başçısı hansı qolu qüvvətli havadarının hesabına həyata keçirir?
Sadə insanlardan Avropa Oyunlarına yardım uman məmurlar bu cür maliyyə maxinasiyalarını niyə görməzdən gəlir? Böyük ehtimalla Əhəd Abıyevin əndazəni aşmasına havadarlıq edən artıq dövlət başçısına belə məhəl qoymur. Əks halda Əhəd Abıyevin dövlət başçısını da aldatmağına göz yumulmazdı. Misal üçün, ölkə rəhbəri tərəfindən 4 ay bundan əvvəl edilmiş və 2 milyon manata başa gəlmiş avtovağzal hələ də nəyə görə işləmir? Nə üçün avtovağzal indiyə qədər bağlı qalıb? Görəsən nə üçün Daşkəsəndəki istifadəyə verilməyi heç cür reallaşmayan avtovağzal dağılmaq üzrədir? Bütün bunlara görə kim cavabdehlik daşımalıdır?
Suallar gördüyünüz kimi olduqca çoxdur. Cavabları isə bizə məlum olmasa da, sanırıq bir çox dövlət məmurunu düşündürəcək qədərdir.
Sorğu
Yeni dizaynımız necədir?