«Paşayevlər» göstərmək istəyirər ki, «Naxçıvan klanı» ilə hesablaşmadan da hakimiyyəti əldə saxlamaq olar...
Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinin yalnız ölkə ictimaiyyətinin deyil, beynəlxalq güclərin, regionda maraqları olan iri dövlətlərin də diqqət mərkəzində olduğu mübahisə doğurmur. Təbii ki, onlar da bu seçkiyə öz maraqları kontekstində yanaşırlar. Daha dəqiqi, seçkidən sonra formalaşacaq hakimiyyətin onların maraqlarını nə dərəcədə təmin edəcəyini ön plana qoyurlar. O da sirr deyil ki, Azərbaycan kimi kiçik ölkələrdə bir çox hallarda seçkidə xalqın iradəsi deyil, məhz beynəlxalq dairələrin, iri dövlətlərin seçkiyə qatılan qüvvələrdən (namizədlərdən deyil, məhz qüvvələrdən-müəl.) birinə verdiyi dəstək həlledici olur. Çox da uzaq olmayan tarixdə biz bunun artıq şahidi olmuşuq. Tarixi çox vərəqləmədən elə iki gün əvvəl Ermənistanda keçirilən seçkiyə diqqət yetirmək kifayətdir ki, dediklərimizə bir daha əmin olasan. Seçkidə hansısa saxtakarlıqların olmasını bir kənara qoyuruq. Onsuz da bu heç nəyi həll etmirdi. Şübhə yoxdur ki, Ermənistanda seçkinin taleyi, yəni bu ölkədəki qüvvələrdən hansının növbəti dövrdə hakimiyyətdə olacağı seçki gününə qədər həll olunmuşdu. Təsadüfi deyil ki, Ermənistanda köhnə-yeni prezident Serj Sarkisyana real rəqib olacaq namizədlərdən heç biri - nə Levon Ter-Petrosyan, nə də Robert Köçəryan seçkiyə qatılmadı. Halbuki, əvvəllər bu şəxslərin prezident seçkilərində iştirak edəcəkləri, hakimiyyətə gələcəklərilə bağlı həm özlərinin, həm də ətraflarının gurultulu bəyanatlarına rast gəlmək olardı. Seçki marafonuna start verildikdən sonra onların namizədliyini irəli sürməkdən imtina etmələri, heç şübhəsiz gözlənilən saxtakarlıqlarla deyil, beynəlxalq güclərin yenidən Sarkisyanı prezident görmək istəkləri ilə bağlı olub. Təbii ki, burda Rusiyanın sözü həlledici rol oynayıb. Ən azı ona görə ki, son illərdə Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan Rusiyanın əyalətlərindən birinə çevrilib. Azərbaycanda situasiya Ermənistandan xeyli fərqlənsə də, burda da prezident seçkilərində beynəlxalq güclərin daxildəki qüvvələrdən hansına stavka edəcəyinin həlledici rol oynayacağına şübhə etmirik. Məhz bu baxımdan, həm hazırda iki yerə parçalanmış hakimiyyətin daxilindəki qüvvələrin, həm də iqdidara müxalif dairələrin daha çox xaricdə dəstək axtardığı müşahidə olunmaqdadır. Bu zaman təbii olaraq yalnız Qərbin deyil, həm də Moskvanın da daxildəki qüvvələrdən gözləntiləri göz ardı edilə bilməz. Müxtəlif kanallardan daxil olan məlumatlar da göstərir ki, seçkiyə hazırlaşan qüvvələr həm Qərb, həm də Moskva ilə dil tapmağa çalışırlar. Qərbin Azərbaycanda hansı şərtlər daxilində hansı qüvvəyə dəstək verə biləcəyi, gözlənilən addımları və sairlə bağlı müxtəlif məlumatlar, fikirlər səslənir. Zaman-zaman bu haqda mətbuatda da məlumatlar verilir. Yeni nəsə olmadığından təkrarlamaq istmirik. Rusiya-Azərbaycan münasibətlərində isə yeni situasiyanın yarandığı müşahidə olunmaqdadır. Bu isə o deməkdir ki, qarşıdan gələn seçkilərdə Moskva əvvəlki dövrlərdən fərqli mövqe tuta bilər. Düzdür, Ermənistandan fərqli olaraq Azərbaycana seçkilərin taleyini Moskvanın həll etdiyini və yaxud Kremlin həlledici söz sahbi olduğunu iddia etmək mümkün deyil. Ancaq eyni zamanda Kremlin mövqeyinin heç nəyi həll etmədiyini, sonuncu olduğunu da söyləmək yanlışlıq olardı. Əvvala, ona görə ki, Rusiyanın əlində hələ də Azərbaycana müəyyən təsir rıçaqları mövcuddur (məsələn,1 milyondan artıq seçici çörəyini Rusiyada qazanır). İkincisi, ötən seçkilər göstərdi ki, yalnız Qərbə arxalanıb da seçkidə qalib gələcəyini düşünənlərin ümidləri puç olur. Belələri ya «seçkinin qalibi mənəm» deyərək evində oturur, ya ölkəyə buraxılmır, ya da dövlət çevrilişinə cəhddə ittiham olunaraq barəsində cinayət işi açılır. Yəni, Rusiyanın dəstəyi bəzi hallarda hakimiyyətin taleyini həll edir. Buna görə də Azərbaycan hakimiyyətinin daim Rusiya ilə münasibətlərini isti saxlamağa çalışmasını başa düşmək çətin deyil. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu seçkidə bir qədər fərqli situasiya yaranıb. Bu da onunla bağlıdır ki, hakimiyətin özü monalit deyil, parçalanıb. Sirr deyil ki, hazırda hakimiyyət daxilində 2013-cü il seçkisindən sonra ölkəyə mütləq mənada nəzarəti həyata keçirmək istəyən iki böyük qüvvə mövcuddur: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı» və «Paşayevlər». «Naxçıvan klanı» mövcud status kvonun saxlanılmasında maraqlıdır. Onlar iqtisadi sektorda «Paşayevlər»in güclənməsinə etiraz etməsələr də (və ya bunun qarşısını almağa gücləri çatmasa da), bu qruplaşmanın siyasi hegemonluğu da ələ keçirməsinə imkan vermək istəmirlər. Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı»nın mövqeyi belədir ki, hətta prezident də daxil olmaqla, siyasi hakimiyyətin müxtəlif qanadlarına kimlərin rəhbərik edəcəyi, parlamentdə kimlərin təmsil olunacağı ilə bağlı qərar, böyük ölçüdə məhz bu qruplaşmanın rəyi əsasında verilməlidir. Qarşıdan gələn prezident seçkilərinə də bu mövqedən yanaşırlar. Ona görə də İlham Əliyevin namizədliyi məsələsində israr edirlər. Əlbəttə, İlham Əliyev seçildikdən sonra mövcud status kvonu qoruması şərtilə.Daha aydın desək, «Naxçıvan klanı»nın mövqeyi bundan ibarətdir ki, biz İlham Əliyevi prezident seçəcəyik, o da bizim ölkənin siyasi sisteminə nəzarət etməyimizə şərait yaratmalıdır. Ancaq artıq xeyli güclənən «Paşayevlər» (təbii ki, prezidentin dəstəyi ilə), iqtisadi sektorda olduğu kimi, «Naxçıvan klanı»nın siyasi arenadakı hegemonluğuna da son qoymaq niyyətindədir. Əlbəttə, «Paşayevlər» də İlham Əliyevin yenidən prezident olmasına qarşı deyillər (baxmayaraq ki, bunun üçün Qərblə qarşıdurmaya gedilməsinə də ehtiyac duymurlar və Rusiya variantını mümkün sayırlar). Lakin eyni zamanda, İlham Əliyevin «Naxçıvan klanı»nın rəyi və dəstəyi ilə prezident olmasına qarşıdırlar və göstərmək istəyirər ki, «Naxçıvan klanı» ilə hesablaşmadan da hakimiyyəti əldə saxlamaq olar. Bunun baş verməsi isə o deməkdir ki, İlham Əliyevin üçüncü müddətə dövlət başçısı postunda qalıb-qalmamasından asılı olmayaraq, bu seçkidən əvvəl və ya sonra «Naxçıvan klanı» ciddi şəkildə zəiflədiləcək, Mehdiyev başda olmaqla, klanın əsas fiqurlarından bəziləri postundan götürüləcək. Çünki bu klan malik olduğu resurlar baxımından (həm maddi, həm də çevrəsinə yığdığı insan resursları baxımından) ölkədə ikihakimiyyətlilik yaradır, dövləti və onun rəhbərliyini təhdid edəcək gücə malikdir. Bu resurslar onun əlindən alınmayınca, «Naxçıvan klanı» hakimiyyətə, necə deyərlər, şərik olacaq. «Paşayevlər»in belə bir riskli yola qol qoymalarında isə təbii ki, Moskvanın Azərbaycanla bağlı siyasətindəki dəyişikliklərin də rolu az deyil. Eyni zamanda Kremlin mövqeyinin dəyişməsini «Paşayevlər»in son illər apardıqları işin nəticəsi də hesab etmək olar - həm Bakıda, həm Moskvada. Məlumdur ki, «Naxçıvan klanı»nın siyasi hakimiyyətin taleyini həll edəcək qədər güclü olmasında Moskvanın Rusiyameyilli qüvvə kimi tanınan bu klana verdiyi dəstəyin rolu böyük olub. Buna görə də, həm 2003-cü ildə, həm 2005-ci ildə, həm 2008-ci ildə, həm də 2010-cu ildə seçkilər bu klanın ssenarisi əsasında keçirilib. 2009-cu ildə Konstitusiyaya dəyişikliklərin edilməsinin də məhz bu klanın istəyi ilə baş tutduğu mübahisə doğurmur. Ancaq 2005-ci ildən sonra pillə-pillə irəliləyən və güclənənən «Paşayevlər» (bir daha qeyd edirik ki, bunun prezidentin iradəsi ilə baş verdiyi şübhə doğurmur. Ona görə də bəzi ekspertlər şərti olaraq «Paşayevlər» adlanan qruplaşmaya elə İlham Əliyevin özünün rəhbərlik etdiyini iddia edirlər-müəl.) 2010-cu ildən sonra siyasi arenada da real güc olduqlarını isbatlamağa başladılar. Və onların bu istiqamətdə ən böyük uğuru Moskvanın «Naxçıvan klanı»na verdiyi dəstəyi kəsməsinə səbəb olacaq addımlar atması oldu. Bu addımlar barədə danışmazdan öncə qeyd edək ki, hakimiyyət daxilindən verilən məlumatlar və müşahidələr də göstərir ki, «Naxçıvan klanı»nın zəifləməsinin və getdikcə oyundankənar vəziyyətə salınmasının əsas səbəblərindən biri məhz Moskvanın bu klana verdiyi dəstəyi kəsməsidir. Təsadüfi deyil ki, son illərə qədər Rusiya ilə sıx əməkdaşlığın zəruriliyindən danışan, Moskvanı az qala «böyük qardaş» adlandıran klan təmsilçiləri bir müddətdir ki, Moskvaya qarşı açıq qəzəb püskürür, Kremli Azərbaycanda dövlət çevrilişi hazırlamaqda ittiham edilər. Bu isə açıq göstərir ki, Moskva Bakıdakı köhnə dostlarını himayəsiz buraxıb və özünə yeni tərəfdaşlar seçməyə hazırlaşır (və ya artıq seçib). Bu da təsadüfi deyil. Məlumatlı mənbələrin bilgisinə görə, Moskvanın Ramiz Mehdiyev başda olmaqla Bakıdakı dostlarını himayəsiz buraxması onların Kremlin etimadını doğrultmaması ilə bağlıdır. Kremlin belə rəyə gəlməsində isə İlham Əliyevin son illər apardığı siyasətin ciddi rolunun olduğu şübhə doğurmur. Məsələ ondadır ki, Azərbaycanın son illər daha çox Qərbə meyilli siyasət yürütməsi, Moskvanın proyektlərində (əvvəlcə Kollektiv Təhlükəsizlik müqaviləsində, sonra Gömrük İttifaqında və nəhayət Avrasiya İttifaqında) iştirakdan imtina etməsi, Rusiyadan kənar keçməkə Avropaya uzanan enerji və nəqliyyat xəttlərini maliyyələşdirməsi Kremli Bakı ilə münasibətlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qoyub. Bura silah ticarətində Rusiyanın Türkiyə və İsraillə əvəzlənməsini, Moskvanın bütün çabalarına rəğmən Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasını da əlavə etmək olar. Bütün bunların Moskvanın uzun illər Bakıda dəstək verdiyi qüvvələrin artıq onun maraqlarını təmin etmək gücündə olmadığı qərarına gəlməsinə səbəb olmaqda ciddi rol oynadığı şübhə doğurmur. Təbii ki, qarşılığını görmədiyindən Moskva Bakıdakı dostlarına əvvəlki dəstəyini kəsərək, yeni tərəfdaşlar axtarmağa başlayıb. Belə bir şəraitdə Rusiyada yaranan, «Paşayevlər»ə (həm də prezidentə) yaxınlığı şübhə doğurmayan iş adamlarının da qatıldığı «Milyarderlər ittifaqı»na Moskvanın diqqəti və dəstəyi bununla izah oluna bilər. Elə prezidentin «Milyarderlər ittifaqı»nın əsas təmsilçilərindən olan Abbas Abbasovla görüşərək ona dəstəyini ifadə etdiyi halda, «Naxçıvan klanı»nın təmsilçilərinin bu ittifaqı düşmən elan etməsinin arxasında da dayanan əsas amillərdən birinin bu olduğu şübhə doğurmur. Eləcə də klan təmsilçilərinin çıxışlarında və ona yaxın mətbuatda Rusiyanın hədəfə alınmasının, Moskvanın Azərbaycanda çevrilişə hazırlaşdığına, ölkəyə qoşun yeridəcəyinə dair iddiaların da Kremlin yeni siyasəti ilə bağlı olduğunu düşünmək olar. Mümkündür ki, «Naxçıvan klanı» bununla Moskvaya göstərmək istəyir ki, ölkədə ictimi rəyi o formalaşdırır və Kreml onunla hesablaşmasza Azərbaycanı birdəflik itirə bilər. Paralel olaraq yenidən Rusiyanın himayəsini əldə etmək üçün bu klanın təmsilçilərinin Moskva ilə məxvi danışıqlar apardığına, şirnikləndirici vədlər verdiyinə dair məlumatlar var. Ancaq bu siyasətin nəticə verəcəyi şübhə doğurur. Hər halda Bakıdakı dostlarını dəyişmək qərarı verməzdən öncə Moskvanın hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi təhlillər apardığı şübhə doğurmur. Görünür, bu təhlillərin nəticəsində Kreml bu seçkidən sonra Azərbaycanda real hakimiyyətin kimlərin əlinə keçəcəyini, kimlərin isə keçmişdə qalacağına dair konkret nəticəyə gəlib!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?