Nazir Novxanıdakı restoranı da başqasına dövr edib
Artıq bir neçə aydır ki, təhsil naziri Misir Mərdanov sahib olduğu bir çox mülkü satışa çıxardıb. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb nazirin hazırkı siyasi durumunun o qədər də qənaətbəxş olmamasıdır: “M.Mərdanova qarşı ittihamlar uzun illərdir ki, davam etsə də, təhsil nazirliyi siyasi elitadakı himayədarları vasitəsi ilə öz postunu qoruyub saxlayır, rəqiblərinə qarşı mübarizəni davam etdirirdi. Vaxtilə M.Mərdanovun səsləndirdiyi “məni heç kim sındıra bilməyəcək” açıqlaması da əslində təhsil nazirinin kifayət qədər etibarlı bir şəkildə müdafiə olunmasından xəbər verirdi. Lakin son günlər M.Mərdanova qarşı basqıların artması fonunda nazirin əvvəlki himayədən də tədricən məhrum olduğu müşahidə edilməkdədir. Əslində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin M.Mərdanova yönəlik hücumlarının sayının artması, təhsil nazirinə məxsus səlahiyyətlərin bir qisminin TQDK sədrinə verilməsinin özü də təhsil nazirinin hazırkı mövqeyinin o qədər də ürəkaçıcı olmadığını təsdiq edir”.
Təhsil naziri daşınmaz əmlakını satır
Bilgili qaynağın məlumatına görə, son bir neçə ay ərzində M.Mərdanovun öz mülklərinin müəyyən bir hissəsini satması müşahidə olunur: “Mövcud situasiya fonunda diqqət çəkən məqamlardan biri də M.Mərdanovun sahib olduğu daşınmaz əmlakın böyük bir qismini satışa çıxartması ilə bağlıdır. Bakı və Bakıətrafı ərazilərdə xeyli sayda ictimai iaşə obyektinə, bağ evi və torpaq sahələrinə malik olan təhsil naziri son vaxtlar öz əmlakları dəyər-dəyməzinə satmağa başlayıb. M.Mərdanovun daşınmaz əmlakını hansı səbəbdən satması dəqiq bəlli olmasa da, baş verənlər M.Mərdanovun siyasi iflasının əlamətlərindən biri kimi dəyərləndirilə bilər. Çox güman ki, siyasi mövqeyinin zəiflədiyini dərk edən M.Mərdanov yaxın gələcəkdə vurula biləcəyini anladığı üçün indidən məlum aqibətə hazırlaşmağı, daha doğrusu bu aqibətdən mümkün qədər az itki ilə çıxmağı planlaşdırır. Ən son sabiq millət vəkili Gülər Əhmədovanın başına gələnlər sübut etdi ki, Azərbaycanda daşınmaz əmlaka malik olmaq olduqca riskli bir addımdır və istənilən dövlət yetkilisinin vəzifədən qovulması onun bütün əmlakının müsadirə edilməsi ilə paralel müşahidə edilir. Bu baxımdan M.Mərdanovun da “gözü çıxmış qardaşdan” ibrət ala biləcəyi istisna edilmir”.
Nazir SMART restoranla da vidalaşdı
Özəl mənbənin sözlərinə görə, daşınmaz əmlakın satışı prosesində təhsil naziri Novxanıda, dənizkənarı yolun üzərində yerləşən nəhəng SMART restoranını da əldən çıxardıb: “Təhsil nazirinə məxsus SMART restoranı Novxanı ərazisində fəaliyyət göstərən ən məşhur restoranlardan biri hesab edilirdi və bu restoran öz yüksək xidməti ilə “Ulduzlar bağı”, “Kalyon və s. restoranlarla uğurla rəqabət aparırdı. Lakin buna baxmayaraq, təxminən iki ay bundan öncə M.Mərdanov bu restoranı da başqasına satdı və beləliklə də daşınmaz əmlakını pula çevirməkdə qərarlı olduğunu isbatladı. Bundan başqa, M.Mərdanovun Novxanı və digər Bakı kəndlərindəki bir neçə bağ evi və iri torpaq sahələrini də satdığı məlumdur ki, bütün bunlar təhsil nazirinin öz gələcək yaşamını Azərbaycana bağlamaq niyyətində olmadığını göstərir”.
Məleykə Abbaszadə təhsil naziri postunda
Mənbənin bildirdiyinə görə, bu gün M.Mərdanovu bitirən əsas qüvvə TQDK sədri M.Abbaszadə və onun arxasındakı komandadır: “M.Abbaszadənin uzun müddətdir ki, M.Mərdanovu və bütövlükdə Təhsil Nazirliyini gözdən salmaq istiqamətində ciddi kampaniya apardığı, bunun üçün təhsilin acınacaqlı durumundan məharətlə faydalandığı göz önündədir. Hətta bugünlərdə TQDK ilə Təhsil Nazirliyi arasındakı savaşa münasibət bildirən millət vəkili Fəzail Ağamalı da TQDK-nın mövqeyini kəskin tənqid etmiş və bildirdmişdi ki, M.Abbaszadənin səsləndirdiyi fikirlərdə qərəz açıq surətdə nəzərə çarpır. Lakin son vaxtlar hakimiyyət dxilində qüvvələr nisbətinin M.Abbaszadədən yana formalaşması M.Mərdanovun vəziyyətini çətinləşdirib. Bu baxımdan proseslərin M.Mərdanovun təhsil naziri postundan çıxarılması və onun yerinə M.Abbaszadənin təyinat alması gözləniləndir”. Bütün bunlarla yanaşı mənbə hesab edir ki, M.Mərdanovun gedişi qovulma deyil, istefa formasında olacaq və hakimiyyət öz kadrı ilə ehtiramlı bir şəkildə vidalaşacaqdır: “M.Mərdanov uzun müddət təhsilnaziri postunda fəaliyyət göstərən və bu müddət ərzində ölkə başçısı tərəfindən dəfələrlə təltif edilən bir şəxs olduğu üçün onun vəzifədən qovulması hər şeydən öncə hakimiyyətin özünün nüfuzuna mənfi təsir göstərə bilər. Bu, hər şeydən əvvəl İ.Əliyevin M.Mərdanova etimad göstərməklə yanıldığı demək olar ki, bunun da ölkə başçısının imicinə müsbət təsir etməyəcəyi birmənalıdır. Məhz bu baxımdan M.Mərdanovun bütün hallarda vəzifədən hörmət və ehtiramla yola salınacağı ehtimal olunur. Onun yerinə təyinat alacaq M.Abbaszadənin isə bu sahədə ciddi bir uğur əldə edəcyi o qədər də inandırıcı görünmür. Lakin ehtimalki, M.Əsədova ilk vaxtlar təhsil sektorunun M.Mərdanov tərəfindən acınacaqlı vəziyyətə düşdüyünü bəhanə edərək guya problemlərin həlli ilə məşğul olduğunu iddia edəcək və öz nazir postunun toxunulmazlığını ən azı bir neçə il üçün sığortalayacaqdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?