Deputatların nazirlərə sualları var: “ Hökumətin hesabatını gözləyirik”
Millət vəkilləri hansı nazirliklərdən Baş nazirə şikayət edəcəklər..?
Xəbər verdiyimiz kimi, martın 15-də Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Həmişə bu hesabatlar zamanı Milli Məclisdə qızğın müzakirələr gedib. Bəs indi keçiriləcək hesabatda deputatlar hansı nazirliklərdən şikayət edəcək? Nazirlərə hansı sualları verəcək? Deputatların hesabata necə hazırlaşdıqları ilə bağlı modern.az sorğu aparıb. Millət vəkili Elmira Axundova təkliflərinin çox olacağını söyləyib. “Mənim deyiləsi çox sözüm var. Məsələn, Səhiyyə Nazirliyindən xahiş edəcəyəm ki, bölgəmizdə 3 dənə böyük xəstəxana var. İkisi mənim bölgəmdədir – 71-ci dairədə. Xəstəxana çox bərbad səviyyədədir. Ümumiyyətlə, Masallıda səhiyyə məsələsi çox zəifdir. Heç bir xəstəxana o cümlədən rayon mərkəzi xəstəxanası neçə illərdir ki, təmir olunmur, avadanlıqlar köhnəlib. Uşaqlarımız antisanitar vəziyyətdə dünyaya gəlirlər. Hörmətli başçı da, mən də əlləşirəm, amma buna heç cür pul tapa bilmirik. Həm Maliyyə Nazirliyindən, həm də Səhiyyə Nazirliyindən xahiş edəcəyəm ki, buna fikir versinlər. Çünki ən azı dünən ikinci oxunuşda bizim komitəmiz “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun qəbul elədi. Bu dispanserizasiyadan əmələ gələn bütün tədbirlər Səhiyyə Nazirliyinin çiyinlərinə düşür. Bunun üçün də səhiyyə ocaqları həm rayonlarda, həm də başqa yerlərdə çox güclü olmalıdır ki, icbari dispanserizasiyasını həyata keçirdə bilsən”. Elmira Axundova Mədəniyyət və Turizm Nazirliyindən də şikayətçi olduğunu bildirib. “Masallı rayonunda bir muzey var, çox qədim və zəngindir. Mən Mədəniyyət və Turizm Nazirliyindən keçən il də xahiş etmişdim, indi də istəyəm ki, bu muzeyə fikir verilsin. Muzey üçün yeni binanın inşasını gecikdirməsin. Bizdə böyük şəhərlərdə – Sumqayıt, Gəncə və Bakıda mədəniyyət ocaqları əsaslı təmir olunub. Amma rayonlarda bunlara diqqət edilmir. Masallının özündə, kəndlərində və böyük qəsəbələrdə bir dənə də olsun mədəniyyət obyekti yoxdur. Cavanlar bilmir ki, asudə vaxtlarını harada keçirsin. Düzdür, idman kompleksləri var, amma kitabxanalar, internet kafelər, mədəniyyət evləri və s. bu cür müasir səviyyəli mədəniyyət evlərinin yaradılması məqsədəuyğun olardı. Mən bu barədə təklif vermişdim və yeni də bu haqda danışacağam”. Deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti ilə bağlı mövqeyini səsləndirəcək. “Xüsusilə vergilərin səviyyəsinin aşağı salınması, inhisarçılıqla bağlı olan strukturlara iradlarımız olacaq. Daha sonra mülkiyyət toxunulmazlığı ilə bağlı məsələ, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyinə sorğularımız olacaq. Çünki səhiyyənin vəziyyəti çox bərbaddır. Ordu ilə bağlı Müdafiə Nazirliyinə və başqa məsələlərlə bağlı çıxışlarım olacaq”. Millət vəkili Zahid Oruc hesabat zamanı bir çox problemləri qaldıracağını bildirib. “Hesabat vaxtı görülmüş müsbət işlərlə yanaşı, yerinə yetirilməmiş məsələlərləı, müxtəlif hökumət strukturları ilə bağlı problemləri və yaxud zamanında irəliyə sürülmüş təşəbbüslərin sonrakı dönəmdə nə səviyyədə gerçəkləşdirilməsini hər zaman bəyan edirik. Ayrıca strukturu qabartmaq istəmirəm. Mən hər zaman problemləri gündəmə gətirmişəm. Bu, bəzən Kənd Təsərrüfatı ilə bağlı olub, yəni aqrar sfera ilə əlaqəli, daha sonra mülkiyyətin toxunulmazlığı məsələləri ilə əlaqəli qanunlaşmamış fikirlərlə bağlı məsələləri qabartmışıq. Bunlar ipoteka kreditlərinin əlçatanlığı, miqdarının artırılması, hətta 100 milyonlarla manat səviyyəsinə qaldırılması, bundan əhalinin daha düzgün diferansasiya olunması, ümumiyyətlə kredit resursundan vətəndaşların əlçatanlığının təmin eləməsi üçün hökumətin ata biləcəyi addımlar və s. məsələləri əhatə edib. Hesab edirəm ki, qarşıdakı hesabat yığıncağında bu məsələlərə toxunulacaq”, – deyə Z. Oruc qeyd edib. Millət vəkili Sahibə Qafarova nazirlərə sualının olmayacağını deyib: “Amma mən təbii ki, görülən işlə bağlı münasibətimi bildirəcəyəm. Bu da çıxışda öz əksini tapacaq”. Deputat İlyas İsmayılov hesabatla tanış olmadığı üçün indidən bu haqda danışmaq istəmədi: “Hesabatı oxumamış cavab verə bilmərəm”. Deputat Kamilə Əliyeva hesabat iclasında çıxış edəcəyini, bəzi məsələlərlə əlaqədar indidən hazırlaşdığını bildirib. “Mənə elə gəlir ki, iclasdan əvvəl o haqda danışmaq düzgün olmaz”. Millət vəkili Çingiz Qənizadə bildirib ki, hökumətin bütün sahələri üzrə ərizə və şikayətlərlə bağlı yazışmaları olub. “Bu günə qədər elə bir qurum yoxdur ki, müraciətimə münasibət bildirməsin. Böyük hallarda da şəxsən birinci şəxslərin – nazirlərin, komitə sədrlərin imzası ilə cavablar almışam. Qaldırdığım məsələlər təbii ki, öz həllini tapıb, bəziləri də texniki səbəblərə görə həlli istiqamətində iş gedib. Tutaq ki, böyük bir kənddir, ora bankomatın qoyulması məsələsi ilə bağlı müraciət etmişəm, cavab gəlir ki, yaxın vaxtlarda ora bankomat qoyulacaq. Amma elə şey var ki, operativ olaraq həll edilir”. Ç.Qənizadə hesabat iclasında da çıxış edəcəyini qeyd edib. “Əgər çıxış imkanım olmasa, yazılı müraciət edəcəyəm. Amma hələ bilmirəm, ayın 15-nə çox var. Onda baxarıq ki, hansı nazir sual verəcəyəm”.
Sorğu
Yeni dizaynımız necədir?