Ramiz Mehdiyevin müavini Hüseyn Abdullayevin torpaq sahəsində Amerika səfirliyinə bina tikilməsinə mane olur; sabiq deputatla ölkə başçısının barışmasını istəməyən qüvvələr var
“Quska” ləqəbi ilə tanınan sabiq deputat Hüseyn Abdullayevin prezidentə müraciəti nədənsə çoxlarına cəlbedici görünmədi. Əgər maraqlı olsaydı “Quska”nın məktubu durğunluq günlərində böyük bir səs-küy qoparardı. Ən azı bir neçə gün ciddi müzakirələr getməli idi. Ola bilsin ki, sabiq deputatın müraciətindəki məqamlar sensasion xarakterli olmayıb. Amma bizə düşər ki, məktuba təkrar nəzər yetirib təhlil edək. Çünki Milli Məclisdə baş verən məlum olaydan sonra ictimai-siyasi səhnədən çəkilən H.Abdullayevin qəflətən prezidentə məktubu ilə peyda olması sıradan hadisə deyil.
“Quska”nın “əzələ nümayişi”
Sitat: “Heydər Əliyev Mərkəzinin qarşısında - Yusif Səfərov küçəsi, 30 ünvanında, eləcə də Alatava küçəsi, 2 ünvanında yerləşən valideynlərimə məxsus torpaq sahələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələri imzalanmış və ilkin razılaşma əldə olunmuşdur. Bu müqavilələr bağlandıqdan və alqı-satqı prosesinə start verildikdən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov mənə telefon açdı. Bildirdi ki, “Prezident İlham Əliyev amerikanlarla müqavilə bağlamağından bərk qəzəblənib və deyir ki, Hüseyn Abdullayev özündə hansı cəsarəti tapıb ki, mənim icazəm olmadan amerikanlarla müqavilə bağlayır. Biz Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsi ilə razı deyilik. Orada park tikiləcək”. Vəssalam. İri həcmli müraciətin ən yağlı tikəsi məhz burada qərarlaşıb. Sabiq deputat Amerikan səfirliyinə bina tikmək üçün torpaq satır. Azərbaycan kimi ölkədə, üstəgəl ABŞ kimi strateji əhəmiyyətli bir dövlətin səfirliyinə torpaq satmaq böyük cəsarət tələb edir ki, “Quska” bu iradəni özündə tapıb. Unudub ki, avtoritar siyasi rejimlərin ən başlıca mahiyyəti təkəbbürlü olmaqdır. Amerikan səfirliyinə yeni bina tikmək siyasi liderin razılığı olmadan nonsensdir. İş adamının belə bir təşəbbüsə qalxması İlham Əliyevə “əzələ nümayişi”dir. Ölkə başçısının başı üzərindən yankilərlə anlaşmaq, onlara səfirlik binası tikməyə şərait yaratmaq türklər demiş “pers yani”. ABŞ səfirliyi supermarket, bələdiyyə binası ya da qolf meydançası deyil ki, fiziki şəxslə torpaq alqı-satqı müqaviləsi bağlayıb inşaat işlərinə başlaya. Söhbət demokratik yox, avtoritar idarəetmə sisteminin mövcud olduğu ölkədən gedir. “Quska” isə bunu çox yaxşı dərk edib. O bilirdi ki, hakimiyyətin yuxarı eşelonunda bu məsələ müzakirə olunmadan qərar verilə bilməz.
Əli Əsədovun əngəli
Sabiq deputat yazır: “Əli Əsədova cavab olaraq bildirdim ki, mən müqaviləni bir iş adamı olaraq bağlamışam və burada heç bir siyasi motiv yoxdur. Qeyd etdim ki, “dövlət başçısı Heydər Əliyev Mərkəzinin qarşısında ABŞ səfirliyinin binasının tikilməsini istəmirsə, bu ərazinin müqavilədə göstərilən dəyərinin ödənilməsi şərti ilə müqavilə tərəfdaşım olan ABŞ səfirliyindən xahiş edərəm ki, səfirlik binasını Alatava küçəsi, 2 ünvanında yerləşən torpaq sahəsində tiksinlər”. Əli Əsədov prezidentə məruzə edəndən sonra mənə məlumat verəcəyini söylədi”. Abdullayev əlavə edir ki, bu söhbətdən bir müddət sonra həmin torpaq sahəsinə dair dövlət reyestrindən “forma-1" almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edib və qurum sözügedən arayışı təqdim etməkdən imtina edib. Belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla görüşüb: “Kərəm Həsənov mənə dedi ki, “Hüseyn müəllim, çox xahiş edirəm, mənim adım olmasın, amma sizin bu müqavilə dövlət başçısının birbaşa nəzarətindədir və mənə tapşırıb ki, onun icazəsi olmadan Hüseyn Abdullayevin torpaq sahəsi ilə bağlı heç bir arayış verilməsin”. Ona cavab olaraq bildirdim ki, dediklərinizə inanmıram. Çünki dövlət başçısı heç vaxt bu səviyyəyə enəcək adam deyil”. Artıq “Quska”ya komitə sədri ilə görüşdən sonra aydın olmalıydı ki, məsələyə prezident razılıq vermir. Əgər K.Həsənov arayış versəydi, bunu yalnız Ə.Əsədovun özbaşınalığı və prezident adından danışmaq kimi qəbul etmək olardı. Göründüyü kimi, ölkə başçısı ABŞ səfirliyinə məhz H.Abdullayevə məxsus torpağı vermək istəmir. Lakin o da istisna deyil ki, “Quska”nın prezidentlə barışmaq cəhdini məhz ətrafındakı Ə.Əsədovlar əngəlləyir. PA rəhbərinin müavini arzulamaz ki, sabiq deputat yenidən ölkə rəhbərliyinin etimadını qazansın və onun aid torpaq sahəsi üzərində Amerikan səfirliyi ucaldılsın. Bu haqda “Gündəm-xəbər” qəzetinə mötəbər qaynaqdan gələn xəbərə görə, “Quska” ilə ölkə rəhbərinin arasını vuran qüvvələr indi də barışmağa mane olurlar. Mənbənin sözlərinə görə, ABŞ səfirliyinə torpaq sahəsi onsuzda ayrılacaq. Sadəcə, “Quska”nın ərazisi yox.
“Özümə qarşı təhdid”
Sabiq deputat müraciətinin sonunda yazır: “Üç gündən sonra Əli Əsədov mənə yenidən zəng etdi. Bu dəfə də mənimlə prezidentin adından danışdı və Heydər Əliyev Mərkəzinin qarşısındakı torpaq sahəsindən imtina etməyimi tələb etdi. Bu zaman mən ondan soruşdum: “Əli müəllim, “imtina et” nə deməkdir? Biz hansı dövrdə yaşayırıq? Siz buranın müqavilə dəyərini ödəmirsinizsə, mən niyə qanuni əmlakımdan imtina etməliyəm? Mən bunu həm özümə, həm də ailə üzvlərimə qarşı təhdid və sataşmaq kimi qəbul edirəm və inanmıram ki, prezident belə bir göstəriş versin. İnanmıram ki, prezident İlham Əliyev mənə - yaxından tanıdığı Hüseyn Abdullayevə qarşı belə bir mövqe tutsun. Əli Əsədov ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək Sizin adınızdan onlara səfirlik binası üçün alternativ yer təklif etmişdir. Halbuki uzun müddətdir müxtəlif bəhanələrlə ABŞ səfirliyinə yeni bina tikintisi üçün Bakıda istədikləri yerlər ayrılmır. Bu gün isə Hüseyn Abdullayevin müqavilələrinin baş tutmaması üçün onlara alternativ yerlər təklif olunur”. Göründüyü kimi, Abdullayev də təsdiqləyir ki, səfirliyə alternativ sahələr təklif olunur. Təki onun torpaq sahəsi verilməsin. Burada məqsəd onunla prezidentin münasibətlərində olan soyuqluğu kəskinləşdirməkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?