Hakimiyyət mahiyyət etibarilə bu gün ayrıca götürülmüş halda Gürcüstanın, Türkiyənin və “kürü” siyasəti missiyası ilə ölkəmizə səfər edən bəzi əcnəbi diplomatların maraqlarına xidmət edə bilər, amma bu hakimiyyət qlobal mənada nə demokratik dəyərlərə, nə də Azərbaycan xalqının milli maraqlarına cavab verir
Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi planlaşdırması ilə bağlı Saakaşvilinin ifadə etdiyi fikirlər əslində yeni deyildi. Bunu ölkəmizdə ən təcrübəsiz siyasətçilər belə dəfələrlə dilə gətiriblər. Artıq qulaqlarımızı yağır edən bu sözlərin qonşu dövlət başçısının dilindən səslənməsinin bir müsbət cəhəti var ki, özlərini qiyamətə qədər ölkənin sahibi olaraq görən iri və orta məmurlar da məlum ehtimalın nə qədər real olduğunu ən yüksək səviyyəli dövlət xadimlərindən birinin dilindən eşitdilər. Gürcü dövlət başçısının bu ehtimalı dilə gətirməsinin zamanlaması xeyli maraqlı idi. O, Azərbaycan səfərindən geri dönər-dönməz məlum açıqlamanı verirdi. Sanki özü istəyərək belə bir zaman seçmişdi ki, vəziyyətin pis olduğunu və bunun yalnız özü tərəfindən deyil, həm də Cənubi Qafqazın digər bir güclü dövlətinin rəhbəri tərəfindən də dərk edildiyini kimlərinsə nəzərinə çatdirsın. Bəs, mesaj kimə və nə üçün ünvanlanmışdı? Mesajın ünvanlandığı istiqamət olduqca aydındır-Avropa və ABŞ. Şikayət edilən xüsus və tərəf də bəllidir-Rusyanın həyata keçirəcəyi hakimiyyət dəyişikliyi. Sual oluna bilər: Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyi hətta öz başının çarəsini qıla bilməyən gürcü liderinə belə bu qədər aydındırsa, deməli, məntiqlə onun mesaj ünvanladığı super dövlətlər də bunun fərqindədirlər. O halda hörmətli Mixail müəllim kimə və nəyi izah edir? Ən əsası isə hakimiyyət çevrilişinin planlaşdırıldığı məmləkət Azərbaycandırsa bunun Gürcüstan dövlət başçısına nə dəxli var? Daha aydın dillə desək, bizdə baş verməsi təxmin olunan siyasi dəyişikliklər onu niyə bu qədər narahat edir? Saakaşvilinin sözügedən açıqlamasının sətiraltı mənalarına nəzər salanda bu çıxışın əslində Qərbə ünvanlanmış giley-güzardan başqa bir şey olmadığı ortaya çıxır. O, sanki Qərb həmkarlarının yadına salmaq istəyirdi ki, mən bir missiya ilə hakimiyyət başına gətirilmişdim. Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və regionda Qərb dəyərlərini hakim qılmaqdı. Və bu işdə mənə ən yaxın dəstəyi verən də Azərbaycanın ölkə başçısı İlham Əliyev oldu. Nəticədə özünü də Rusiya ilə düşmən etdi. İndi həmin Rusiya ilk əvvəl mənim ölkəmdə vəziyyəti ələ keçirdi. Hələ ki, mən “kukla” prezident kimi Tblisinin küçələrində tıxaclara ilişə-ilişə maşınla o tərəfə-bu tərəf şütüyürəm. Mənim əsas dayaq nöqtəm olan Azərbaycanda isə İlham Əliyevin səltənəti laxlayır. O da əldən gedərsə, Gürcüstandan, dolayısı ilə bütün Cənubi Qafqazdan gözünüzü çəkməli olacaqsınız. Çünki mənim olan az-çox hörmətim Qərbin dəstəyini almaq məqsədilə Azərbaycanın öz xalqının boğazından kəsib gürcü xalqına yedizdirdiyi sərvətlərin hesabına idi. İndi yeganə nüfuz mənbəyim olan bu yardımlar kəsilərsə, gürcü demokratiyası necə ayaqüstə dura biləcək? İnanmayacaqsınız, Saakaşvili bu gileyini az qala açıq şəkildə dilə gətirirdi. Deyirdi ki, mənim ölkəm bu zamana qədər ən yüksək dəstəyi heç hardan deyil, məhz Azərbaycandan alıb. Aydındır ki, o, bu sözləri yalnız azərbaycanlı həmkarına təşəkkür etmək üçün dilə gətirmirdi. Həm də bütün Qərbi onlara niyə layiqincə qiymət verməməkdə qınamaq üçün xatırladırdı. Amma özü də başa düşmək istəmirdi ki, Qərb dəyərlərinin Cənubi Qafqazda hegemon duruma gəlməməsinin əsas səbəbi elə onun müdafiəyə çalışdığı adamın xidmətləri sayəsində olmuşdu. Çünki Qərbə sədaqəti yalnız Gürcüstandakı Saakaşvili hakimiyyətini qidalandırmaqda görən anlayış sahibləri bölgənin ən aparıcı ölkəsinə hətta Rusiya imperializminin öz müstəmləklərindən əsirgəmədiyi sosial ədaləti, qanunun nisbi aliliyi, xalqın maddi rifah halının qismən də olsa yüksəldilməsi kimi dəyərləri çox görürdü. Nəticədə ölkədə yaranmış dövlətsizlik şəraiti demokratik dəyərlərin oturuşmasının qarşısını alır, Cənubi Qafqazda yeni bir şahlıq üsul-idarəsi qurulurdu. Bu da ilk növbədə Qərbin geopolitik maraqlarına ziddi və ölkə hər an sosial partlayışlara hazır olan barıt çəlləyinə çevrilirdi ki, istənilən xarici faktor burada Cənubi Qafqazın əsas yem bazasını alt-üst edə, zamanın çərxini geri döndərə bilərdi. Kim bilir, bəlkə də dəfələrlə israrlı tələblərə baxmayaraq Azərbaycanın demokratik islahatlara can atmaması elə super dövlətləri geopolitik planlarını redaktə etməyə məcbur etdi və Cənubi Qafqaz onun dilini ən yaxşı bilən bir dövlətin-Rusiyanın ixtiyarına buraxıldı. Elə indi də əslində ölkəmizdə getməsi proqnozlaşdırılan proseslər bu təhvil-təslim əməliyyatının tərkib hissələridir. Saakaşvilinin dərk etmək istəmədiyi məsələ budur ki, İlham Əliyev hakimiyyəti mahiyyət etibarilə bu gün ayrıca götürülmüş halda Gürcüstanın, Türkiyənin və “kürü” siyasəti missiyası ilə ölkəmizə səfər edən bəzi əcnəbi diplomatların maraqlarına xidmət edə bilər. Amma bu hakimiyyət qlobal mənada nə demokratik dəyərlərə, nə də Azərbaycan xalqının milli maraqlarına cavab verir. Elə buna görə də həm xalq, həm də bütün dünya ondan imtina etməyə məhkum idi və necə ki, etdilər də. Bunun başqa bir alternativi də yox idi. İlham Əliyev hakimiyyətin ona iki dəfə qızıl məcməyidə verilməsinə baxmayaraq, bütün fürsətlərdən istifadə edib ölkədə heç bir demokratik təsisatlar yaratmadı, əksinə 200 ilə yaxındır ki, ölkəmizin imtina etdiyi şahlıq üsul-idarəsi qurmağa çalışdı. Halbuk onun istədiyi islahatı rahatlıqla həyata keçirmək imkanı var idi. Və bu da səbəbsiz deyildi. Saakaşvilinin müəyyən ibarələrlə iynələməyə çalışdığı həmin qüvvələr Azərbaycan liderinə hər cür şərait yaratmış, hətta hərbi-polis üsul-idarəsi qurub ölkəni istədiyi istiqamətə aparmaq fürsəti yaratmışdılar. İlham Əliyev isə bu fürsəti pis məqsədlər üçün istifadə etdi, demokratik dövlət qurmaq imkanı varkən, dünyanın ən acımazsız korrupsioner rejimini yaratdı, ölkə idarəçiliyini hətta özünün belə etiraf etdiyi kimi “qudurmuşların”, acgöz məmurların ixtiyarına verdi. Bununla da indiki perspektivi öz əliylə özü imzaladı. Bu mənada super güclərin Cənubi Qafqazı Rusiyanın ixtiyarına buraxmasının günahını heç kimdə yox, Azərbaycan hakimiyyətinin özündə axtarmaq lazımdır. Azərbaycan hakimiyyətinin bu perspektivi yaratması yalnız daxili siyasət faktoru ilə də bağlı deyil. Xarici siyasətimiz də tamamilə bu perspektivə qulluq edirdi. Məlum olduğu kimi, dünyanın indiki geopolitik nizamlanması müəyyən coğrafiyaların nüfuz sahibləri arasında bölünməsi prinsipinə söykənir. Dünya istənilən dövlətin təkbaşına nəzarət edə biləcəyi qədər kiçik olmadığına görə regionlara bölünür, kiçik ölkələr bu regionların əsas güclü dövlətinin nəzarətinə verilir və onlar həmin regional güc vasitəsilə super iradəyə bağlanırlar. Maraqlıdır ki, bir neçə il bundan əvvəl Türkiyə də Cənubi Qafqazda söz sahibi olmaq məqsədilə müəyyən səylər göstərirdi. Hətta bu məqsədlə rəsmi Ankaranın Ermənistanla münasibətlərini stabilləşdirmək üçün bəzi addımlar atması da yəqin ki, bir çoxlarımızın yadından çıxmayıb. Bu da olduqca təbii idi. Çünki regional liderliyə iddia edən istənilən ölkə öz əhatə dairəsində olan kiçiklərlə münasibətini düzəltmədən onun üzərində haqqa iddia edə bilməzdi. Az qala bu həqiqəti açıq şəkildə dilə gətirməsinə baxmayaraq rəsmi Ankaranın sözügedən iddiasının qarşısında ən böyük əngəli yenə bizim hakimiyyət yaratdı. Qardaş ölkə rəhbərliyinin öz mətləbini anlatmaq üçün qəfələrlə ölkəmizə etdiyi səfərlər heç bir nəticə vermədi. Qarabağ probleminin əsas müəllifi olan və bu gün belə Ermənistanı silahlandıran Rusiya ilə hər cür isti münasibətlərdən çəkinməyən rəsmi Bakı vətənşüvənlik salaraq Türkiyəni bu təşəbbüsdən geri çəkilməyə məcbur etdi. Azərbaycan hakimiyyətinin “rusqafalı” siyasətinin nəticəsidir ki, Türkiyənin bütün çağırışlarına rəğmən hələ də aramızdakı viza problemi belə həll olunmadan qalır. Hansı ki, qardaş ölkənin dilini anlamadığı Gürcüstanla bu cür problemi yoxdur. Hətta Ermənistan belə bu problemin həllində bizdən daha maraqlı görünür. Qısası, bölgənin yeganə hakimi kimi Rusiyaya yaşıl işıq yandıran hər kəsdən çox elə biz özümüz olmuşuq və bizim bu tələblərimizi nəzərə alan dünya da açarımızı şimal qonşumuzun ixtiyarına verib. Bütün bunlardan sonra Cənubi Qafqazı təhvil alıb özünə uyğun sistem yaratmağa çalışan Rusiyanın regionda hakimiyyət dəyişikliyi etmək planından danışıb dünyanı buna qarşı tədbir görməyə çağırmaq başadüşülən deyil. Saakaşvili də, onun ölkəmizdəki qida mənbələri də anlamalıdırlar ki, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi beynəlxalq hüququn əsas şərtlərindən olsa da bu hüquq ölünü özbaşına buraxmaq mənasına da gəlmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?