Getdikcə daha çox adam post-Əliyev dövrünə hazırlaşır
gundemxeber.az Məhdud informasiya və faktlar əsasında fikir yürütmək bəzi hallarda yüksək intellekt göstəricisi sayılsa da, siyasətdə bu, elə də təqdir olunmur. Bəlkə də bu, peşənin riski ilə bağlıdır. Üstəlik, dəqiq informasiyaya malik olmaq həm də üstünlük hesab olunur, çünki informasiyalı adamın siyasi situasiyaya adekvat hərəkət etmək və ya fikir yürütmək imkanları daha artıqdır. Bunun ən yaxşı təsdiqi ölkənin indiki vəziyyətidir. Hətta ötəri müşahidələr də göstərir ki, siyasətdə bir gərginlik var. Amma dəqiq mülahizə üçün məlumat yetərli deyil. Əksər qəzetlər, bu qəzetlərdə çalışan yazarlar indi daha çox bir ildən sonra baş tutacaq prezident seçkisi ətrafında gəzişmələr edirlər. Bunun bir səbəbi 2013-cü il prezident seçkisinin ölkə üçün həqiqətən çox önəm kəsb etməsidirsə, digər səbəbi Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin bu xüsusda verdiyi son açıqlamadır. Açıqlama çox birmənalı idi və prezident İ. Əliyevin müdafiəsinə yönəlmişdi. Fəqət, buna baxmayaraq bəzi təhlilçilər son dövrdə İ. Əliyevin siyasi mövqelərinin xeyli dərəcədə zəifləməsindən, hətta ona yaxın məmurların artıq post-Əliyev dövrünə hazırlaşmasından yazırlar. Amma belə uzaq nəticələrə gəlib çıxmamışdan öncə bir suala cavab vermək lazımdır. Ramiz Mehdiyevin açıqlaması kimə daha çox lazım idi? İ. Əliyevə, yoxsa onun özünə?
«Qafqaz baharı» olmayacaq
Gülər Əhmədova ilə bağlı baş verən son olaylardan sonra prezidentlə prezident administrasiyasının rəhbəri arasında münasibətlərin kəskin şəkildə pozulması və hətta R. Mehdiyevin bununla bağlı bir müddət ölkəni tərk etməsi haqda söhbətlər gəzirdi. Üstəlik, son günlərdə prezident administrasiyasına bəzi yeni təyinatların aparılması da R. Mehdiyevin mövqelərini zəiflətmək cəhdi kimi də yozulur. Ona görə də bu açıqlama həm də R. Mehdiyevin özünə lazım idi. R. Mehdiyev kifayət qədər yaşlı adamdır. Onun indi tutduğu vəzifə və məqamdan daha artığına iddia etməsini güman etmək üçün elə bir əsas yoxdur. Amma o, konkret siyasi komandanın – İ. Əliyev komandasının aparıcı üzvlərindən biridir. Ona görə də onun itirə biləcəyi təmsil olunduğu komandanın etimadı və etibarı ola bilərdi. Rusiyanın keçmiş prezidenti D. Medvedevin vaxtında kadrları çox qəribə formul ilə – «etimadı itirdiyinə» görə yola salırdılar. Kim bilir, bəlkə Azərbaycanda da belə sərəncam ola bilərdi? Amma hər halda olmadı. Yuxarıda yazdıq ki, bəzi mülahizələrə görə getdikcə daha çox adam post-Əliyev dövrünə hazırlaşır. Bu mülahizələrin daha çox rusiyalı milyarderlərin təşəbbüsündən qaynaqlandığını başa düşmək bir o qədər də çətin deyil. Elə R. Mehdiyev də artıq Rusiyadakı diasporun parçalandığını etiraf etməli oldu. Təbii ki, ciddi hadisədir. Bu, İ. Əliyevə qarşı ilk böyük miqyaslı etirazlardan biridir. Bəli, insanlar Rusiyanın şəhərlərində keçmiş prezident H. Əliyevə abidə açmaqdan, onun adını daşıyan fondun Rusiya filialının əlavəsi olmaqdan beziblər. Həm də burada bir iddia məsələsi var. Azərbaycanın özündə müxtəlif qayğılar insanları böyük iddialara düşməkdən çəkindirir. Amma rusiyalı milyarderlər belə deyil. Həm də göz önündə Gürcüstanın misalı var. Düzdür, bu ölkədə indi baş verən proseslər yeni hakimiyyətin Rusiyaya yaxınlığı haqda bir daha, yenidən və əsaslı şəkildə düşünməyə vadar edir, amma orada varlı adamın, hətta oliqarx hesab edilən bir şəxsin möhtəşəm siyasi qələbəsi digərlərini də şirnikləndirməyə bilməz. Amma bütün hallarda, İ. Əliyevin daxili inzibati – siyasi resurslarının, mövqelərinin zəifləməsini düşünmək hələ tezdir, çünki hətta xarici müşahidəçilər də yaxın dövrlərdə «Qafqaz baharı»nın baş verməsi ehtimalının az olduğunu bildirirlər.
YAP–ın İ. Əliyevdən başqa namizədi varmi?
Məsələ də ondadır ki, yoxdur. Bunu müəyyən mənada H. Əliyevin xidməti hesab etmək olar. O, ölkəni də, öz partiyasını da elə vəziyyətə gətirdi ki, başqa bir adamın siyasi perspektivi haqda ciddi düşünmək predmetsiz məşğuliyyətə çevrildi. Bundan başqa, YAP ölkədə ən çox ittiham və təftiş olunan partiyadır. Onun sıralarını tərk etmiş insanlar bu partiya haqqında hansı ittihamları dilə gətirmədilər? Vaxtilə partiyanın sıralarında olmuş siyasət adamları – R. Quliyev, L. Ş. Hacıyeva, Ə. İnsanov, F. Əliyev, S. Təbrizli bu partiyanın opponentinə çevrildilər. Həmin insanlar, az-çox siyasi xarizması olan şəxslər, partiyanı tərk etdi və onun sıralarında dəftərxana məmurları qaldı. Məmurun isə böyük siyasi perspektivi olmur, o, uzağı kiminsə komandasında vəzifəyə iddia edə bilər, çünki məmur ictimai-siyasi fiqur deyil, ən ideal halda yaxşı icraçıdır.
Kiçik sözardi
Amma siyasətdə bir «sinergetik» deyim də var: «belə istəyirdilər, amma başqa cür alındı»… Yəni qəfildən elə bir situasiya yetişə bilər ki, bütün təhlil və proqnozları heç edər. Ona görə siyasi sürprizləri və qeyri-standart variantları da tamam istisna etmək olmaz. Sadəcə, söhbət təsadüfi hadisələrdən gedəndə yalnız ehtimaldan danışmaq olur. Əliyevlər erasının tezliklə bitməsinin ehtimalı isə hələ azdır, çünki onu təmin edəcək amillər və bu amilləri sürətləndirə biləcək reallıqlar hələ yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?