“İlk baxışdan Rusiyanın daxilində çarın mütləqiyyətinə hər hansı təhlükə görünmür. Lakin intensivləşən kadr dəyişiklikləri, Milli Qvardiya yaradaraq onu birbaşa özünə tabe etdirməsi Kreml sahibinin qorxularından xəbər verir”.
Siyasi şərhçi, politoloq Şahin Cəfərli sosial şəbəkədə Rusiyanın mövcud durumu və Rusiya ilə Ukrayna arasında baş verən son gərginlik barədə şərh paylaşıb. Şahin Cəfərlinin sosial şəbəkədə paylaşdığı şərhi gundemxeber.az-ın oxucularına olduğu kimi təqdim edirik. “Ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşır, federal ehtiyat fondları yavaş-yavaş tükənir. Maliyyə nazirinin 1-ci müavini Tatyana Nesterenko ötən günlərdə etiraf etdi ki, bu gedişlə dövlət 2017-ci ilin sonlarından etibarən maaşları ödəməkdə çətinlik çəkəcək. Bu ilin sentyabrında keçiriləcək Duma seçkiləri ərəfəsində rəy sorğuları göstərir ki, cəmiyyətdə Putinə və onun partiyasına olan simpatiyanın dərəcəsində azalma, əhalidə rəhbərə münasibətdə laqeydləşmə meylləri yaranıb. Bu duruma son vermək üçün diqqəti daxili problemlərdən yayındırmaq, əhalini yenidən Putin kultu ətrafında səfərbər etmək lazımdır. Bunun üçünsə sınanmış üsula əl ataraq xarici düşmən amilini yenidən qabartmağa qərar veriblər.
Faşistlərin 1939-cu ildə Polşaya hücum etmək üçün əsas yaratmaq məqsədilə törətdiyi Qlyayvits provokasiyasına bənzər teatr təşkil edərək bunu Ukraynanın üstünə atıblar. Guya ukraynalı diversantlar Krımda terror aktları törədəcəkmiş. Putin bunu bəhanə edərək Ukrayna ilə bağlı köhnə ritorikasına qayıdıb, Ukraynanın demokratik yolla seçilmiş rəhbərliyini çevriliş nəticəsində hakimiyyəti ələ keçirməkdə günahlandırıb, bu ölkə ilə danışıqların mənasız olduğunu bildirib. Nəticədə iki ölkə arasında münaqişənin yenidən alovlanması riski ortaya çıxıb.
Putin Ukraynanı yeni müharibə ilə hədələməklə həm də Avropaya mesaj verir və onları seçim qarşısında qoyur: ya sanksiyaların ləğvi, ya da yeni müharibə. Kənardan nəzərə çarpmasa da, sanksiyalar Rusiyaya ağır zərbə vurur və davam etməsi halında ölkədə katastrofik durumun yaranmasına səbəb olacaq. Əsas iki istiqamətdə bu sanksiyalar çox təsirlidir: birincisi, Qərb maliyyə-kredit təşkilatlarının Rusiyanın üzünə bağlanması, ikincisi isə, Rusiyaya texnologiya transferinə qoyulan qadağa. Xüsusən ikinci məsələ - Rusiyanın müasir texnologiyalara çıxış imkanlarının qapanması çox ağrılıdır və orta-uzunmüddətli perspektivdə bu ölkə iqtisadiyyatını sarsıtmaq gücündədir.
İlk baxışdan Rusiyanın daxilində çarın mütləqiyyətinə hər hansı təhlükə görünmür. Lakin intensivləşən kadr dəyişiklikləri, Milli Qvardiya yaradaraq onu birbaşa özünə tabe etdirməsi Kreml sahibinin qorxularından xəbər verir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?