Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin sədri Ismail Berdiyev qadın sünnətini dəstəkləyib. O, «Hüquqi təşəbbüs» fondunun dərc etdiyi hesabata cavab olaraq belə bir açıqlama verib. Hesabatda bu adətin Rusiyaya, özəlliklə Dağıstana nüfuz etməsi də vurğulanır. «Bütün qadınları sünnət eləmək lazımdır ki, Yerüzündə pozğunluq olmasın, seksuallıq azalsın», - müfti belə deyib. Onun sözlərinə görə, İslam qadın sünnətini vacib saymır, ancaq bu əməliyyat İslama zidd deyil: «Ancaq qadınların seksuallığını azaltmaq qaçılmazdır. Sünnət bütün qadınlara tətbiq edilsəydi, çox yaxşı olardı. Allah qadını yaradıb ki, uşaq doğsun və uşağına tərbiyə versin. Bu əməliyyatın buna heç bir dəxli yoxdur. Bundan qadınların doğmasına xələl gəlməz. Pozğunluqsa daha az olar». «Interfax» agentliyi ilə təkrar söhbətində Berdiyev bütün qadınların sünnət olunmasını istədiyini demədiyini bildirib: «Mən qadınları sünnət etməyə çağırmıram. İslam bunu nəzərdə tutmur və bu, sadəcə, mümkün də deyil. Mən pozğunluq problemindən danışıram. Yəni problem var və onunla nəsə eləmək lazımdır».
Rusiya İctimai Palatasının ailə, uşaq və analıq komissiyasının sədri Diana Gurtskaya ölkənin baş prokuroru Yury Chaika-ya müraciət edərək «Hüquqi təşəbbüs» fondunun hesabatında göstərilən faktların yoxlanılmasını istəyib. Hesabat dərc edilən kimi, Berdiyev bunun «təmiz Dağıstan adəti» olduğunu vurğulamış və fikrini belə tamamlamışdı: «Bildiyim qədər, bunu qadının çılğınlığını bir qədər azaltmaq üçün edirlər. Bu, sağlamlığa mane olmur». «HÜQUQİ TƏŞƏBBÜS» FONDUNUN HESABATINA GÖRƏ... Qadın sünnətinin dünyada yayılmış dörd növündən üçünə Dağıstanda da rast gəlinir: çərtərək qan buraxmaqdan tutmuş, klitor və kiçik cinsiyyət dodaqlarının kəsilib götürülməsinədək. Bu əməliyyat uşağın üç yaşı tamamlanarkən gerçəkləşdirilir. Dağıstanda qadın sünnətini İslamın bu torpaqlara gəlməsinə bağlayırlar. Sözügedən adətə sadiq qalan qadınlar bunun «qızın namaza başlaması» üçün edildiyini düşünürlər. Hesabatda o da qeyd olunur ki, bu, İslamı ən gec qəbul etmiş Dağıstan xalqlarının adətidir. STATİSTİKA GÖSTƏRİR Kİ... Dünyada qızları şikəst edən qadın sünnəti problemini tam başqa regionla - Şimali və Mərkəzi Afrika ilə əlaqələndirirlər. Bu adət Afrikanın 28 ölkəsində var. Mütəxəssislər qadın sünnətinin Nil çayı boyunca yaşayan xalqlar arasında, amma İslamın yaranmasından öncə formalaşdığını düşünürlər. Statistikaya görə, yaşı 15-49 arasında olan Somali qadınlarının 98 faizi, eyni yaş qrupundakı misirli qadınların 89 faizi bu əməliyyatı yaşayıb. Əsasən xristian ölkəsi olan Efiopiyada da bu adət var. Orada 15-49 yaş arasındakı qadınların 69 faizi sünnət olunub. Ancaq indiki uşaqların bu şikəstedici əməliyyata daha az məruz qaldığı bildirilir. UNICEF-in statistikasına görə, Misirdə 0-15 yaş arasında olan qız uşaqlarının yalnız 14 faizi, Efiopiyada isə 24 faizi sünnətə məruz qalıb. Somalidən və başqa Afrika ölkələrindən gələn mühacirlərin yaşadığı Qərbi Avropada da qadın sünnəti halları qeydə alınıb. Xəbər xidməti
Sorğu
Yeni dizaynımız necədir?