“The Guardian” yazır ki, prezident Barack Obamanın iradından sonra Facebook şirkətinin rəhbəri Mark Zuckerberg bu sosial şəbəkədə saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün tədbirlər görüləcəyini bəyan edib.
Zuckerberg deyib ki, o “dezinformasiya” məsələsinə çox ciddi yanaşır.
O bildirib ki, Facebook indiyədək hansı informasiyanın xalis, hansının saxta olmasını şəbəkə icmasının öz öhdəsinə buraxıb.
“Facebook-dakı saxta informasiyalar barədə icma üzvlərinin məlumat verməsi sistemi indiyədək yaxşı işləyib”, – deyib Zuckerberg.
O deyib ki, ötən ay Facebook kuratorlardan ibarət qrup yaradıb və onlar şəbəkədə yayılan xəbərlərin trendinqini araşdırıblar. Buna baxmayaraq Facebook xəbərləri senzura etməkdə günahlandırılıb. Məsələn Vyetnam müharibəsinə aid fotoşəklin bloklanması zamanı olduğu kimi.
Məhz buna görə də Zuckerberg deyib ki, xəbərlərin tənzimlənməsi mürəkkəb məsələdir.
“Biz şəxsən özümüz həqiqətin hakimi olmaq istəmirik və əksinə icmamımıza və müstəqil üçüncü tərəflərə etibar edirik” – Facebook-un sahibi deyib.
O “etibarlı faktyoxlayan təşkilatlara” bu işdə Facebook-a kömək göstərmələri üçün müraciət edib.
Zuckerberg təfərrüatlarına varmadan deyib ki, Facebook xəbərlərin saxta olduğunu aşkar edib işarələyən texniki sistem tətbiq edəcək.
Bundan əlavə şəbəkədəki bəzi materialların üzərində xəbərdarlıq işarələri görünəcək.
Zuckerberg habelə deyib ki, Facebook onu 11 sentyabr hücumları, Michel Obama və başqa hadisə və şəxslər barədə qəsd nəzəriyyələri ilə bağlayan materialların təkzibi üçün linklər verəcək.
“The Guardian” yazır ki, dezinformasiya probleminə son vaxtlar həm hazırkı ABŞ prezidenti Barack Obama, həm də prezident seçilmiş Donald Trump toxunublar, hərçənd onların yanaşması bir-birinə daban-dabana zidd olub.
Obama deyib ki, saxta məlumatlar xəbər qurumlarına və təsisatlara böyük təhlükə törədir.
“Əgər biz faktlara, nəinki doğru, nəyinsə yalan olduğuna, ciddi arqumentlərlə təbliğatın fərqinə ciddi yanaşmasaq, onda problemlərimiz yaranacaq. Əgər biz fərq qoymadan hər şeyi eyni qiymətləndirsək, onda nəyi qorumalı olduğumuzu bilməyəcəyik. Nəyin uğrunda mübarizə aparmalı olduğumuzu da bilməyəcəyik. Onda bizim demokratik azadlıqlar və azad bazar iqtisadiyyatı sahəsində əldə etdiklərimiz…itirilə bilər” – Barack Obama bildirib.
“The Guardian” yazır ki, bu arada Donald Trump Breitbart News internet saytının rəhbəri Steve Bannon-u özünün baş strateqi təyin edib. Bu saytda isə tez-tez çaşdırıcı informasiyalar, iqrçi və seksist təmayüllü yazırlar dərc edilir.
Bundan bir həftə əvvəl Zuckerberg Facebook-u ABŞ seçkisi günündə saxta informasiyalarla ictimaiyyəti azdırmaqda və az qala Trump-ın qələbəsində ittiham edənlərin iddialarını rədd etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?