Hakim 'Lotu Quli'nin qohumunun həbs müddətinin uzadılmasına qərar verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində on aydır heç bir günahı olmadan həbsdə saxlandığını deyən Vidadi Hüseynovun mühakiməsi başlayıb. O, kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısının həyat yoldaşıdı. Fevralın 28-də məhkəmə Vidadi Hüseynovun narkotik suçlaması ilə bundan sonra da həbsdə saxlanması, yoxsa azadlığa buraxılması məsələsinə baxıb. Çünki onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dünən başa çatıb. “POLİSƏ GEDƏN ADAMDA NARKOTİK NƏ GƏZİR?”
Məhkəmədə vəkili Kamandar Nəsibov deyib ki, Vidadi Hüseynov barəsində cinayət işi tamamilə saxtadı. Müdafiəçi deyir ki, V. Hüseynov evindən oğurluqla əlaqədar polis idarəsinə gedib, oradan çıxıb evinə qayıdanda - idarənin 15-20 metrliyində saxlanılıb: "Onun cibinə narkotik atıblar. Deyiblər ki, silah da qoya bilərik. Görünür, yazıqları gəlib, silahı qoymayıblar. Polis idarəsinə gedən adamda narkotik nə gəzir?! Üç dəfə Həcc ziyarətində olan, namaz qılan adamdı, narkotikin ona aidiyyəti yoxdur". Vidadi Hüseynovun işi əvvəlcə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama) maddəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin yekunlaşmasına az qalmış - çıxışlar ərəfəsində prokuror ittihamın ağırlaşdırılması üçün işin geri qaytarılması barədə vəsatət verib. Cinayət işi geri qaytarılıb. "Əslində isə bu, bəraət hökmü çıxarılmalı işdir. Bu iş Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən düzülüb-qoşulub. Təzyiqlər o həddə olub ki, hakim işi geri qaytarmaq məcburiyyətində qalıb", – Kamandar Nəsibov belə deyir.
HƏBS MÜDDƏTİ UZADILIB
Sonradan ittihamı CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsinə tövsif edib, indi də işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. İşə Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. Vəkil bildirib ki, əgər məhkəmə Vidadi Hüseynovun həbs müddətini uzatmaq qərarı versə, bu, ona münasibətdə hüquq pozuntularının davamı olacaq. Dövlət ittihamçısı isə həbs müddətinin uzadılmasını təklif edib. Hakimlər də qısa müşavirədən sonra Vidadi Hüseynovun həbsdə saxlama müddətinin uzadılmasına qərar verib. Onun işi üzrə məhkəmə iclası isə martın 7-nə təyin olunub. Vidadi Hüseynov 2016-cı il aprelin 30-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həbs edilib. Onun üzərindən 12,360 qram heroin aşkar edildiyi iddia olunur. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlcə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyətinə verilmişdi. Amma hazırlıq iclasında prokuror Əfqan Hacıyevin bu işə baxmasına etiraz elədi. Bildirdi ki, Əfqan Hacıyev hakimlikdən əvvəl vəkil olarkən Vidadi Hüseynovun qayınları Nadir və Müşfiq Səlifov qardaşlarının hüquqlarını müdafiə edib. Prokurorun etirazı qəbul olundu və iş başqa məhkəmə tərkibinə verildi. /azadlıq radiosu/
Sorğu
Yeni dizaynımız necədir?