Rusiyanın Yekaterinburq şəhərində sentyabrın 1-də “sxodka” zamanı tutulan kriminal avtoritetlərdən 3-ü barəsində həbs qərarı çıxarılıb.
Xəbər verildiyi kimi, OMON bu şəhərdəki “7 açar” kafesində toplaşan 48 avtoriteti həbs edib və onların əksəriyyəti azərbaycanlılardır. Saxlanılanlar ötən il öldürülən məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qruplaşmasına daxildir. Qruplaşmaya hazırda “Ded Xasan”ın qohumu Timur Mirzoyev (“Timur Sverdlovski”) başçılıq edir.
Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, məhkəmənin barəsində həbs qərarı verdiyi həmin üç şəxs Azərbaycan vətəndaşlarıdır, onlar quldurluqda və silahlı basqında ittiham olunurlar. Saxlanılanlardan biri Sverdlovsk vilayətinin Kamışlov rayonu üzrə “smotryaşiy” olan Vaqifdir. O, bir neçə ay əvvəl Kamışlovda mehmanxana-əyləncə mərkəzinin sahibindən reket yoluyla pul əldə etməkdə ittiham olunur.
Vaqifin dəstəsi iş adamını oğurlayıb və onun azad edilməsi üçün 3 milyon rubl tələb ediblər. Öz məqsədlərinə çatmaq üçün onlar sahibkarı möhkəm döyüüblər və qulağını qoparıblar.
Saxlanılanlardan biri də Uraldakı Azərbaycan diasporu üzrə yeni təyin olunan “smotryaşiy”, “Kortik” kimi tanınan İlqardır ( rus mənbələrində ad İldar kimi göstərilib). O, məşhur azərbaycanlı kriminal avtoritet, hazırda Bakıda həbsdə olan “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamıdır.
N.Səlifov “Ded Xasan”ın adamı hesab edilirdi. Məlum olub ki, saxlanılandan sonra polisdə “Kortik”lə “profilaktik söhbət” aparılıb və o, dərhal həbsdən azad edilib. “Kortik” həbsdən buraxılandan dərhal sonra izahat vermədən Bakıya qayıdıb.
“7 açar” kafesində əməliyyat “Kortik”in “vəzifəyə” təyin edilməsinin elan edilməsindən əvvəl keçirildiyi üçün o, “smotryaşiy” hesab edilmir.
Sorğu
Yeni dizaynımız necədir?