Kriminal aləmin bir nümayəndəsi olan "oğru", hətta azadlıqda olanda belə, cinayət dünyasının qanunları ilə yaşayır. Əlbəttə, cinayətkarın milliyyəti, seksual oriyentasiyası yoxdur. Bu günlərdə Bakının Nizami rayonu ərazisində baş verənləri nəzərə alsaq, cinayət dünyasında paradoksları da istisna etmək olmaz.
Bizim bildiyimiz qədər, adi kriminal avtoritetlər və "qanuni oğru"lar pul əldə etmək məqsədilə müəyyən əraziyə nəzarət edir və necə deyərlər, biznes sahiblərinə "himayədarlıq" edirlər. Biz tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən anlayışla və rəğbətlə qarşılanmayan biznesmenlərin, bu və ya digər kriminal avtoritetin timsalında müdafiə tapdıqları barədə yazırıq. Bu müdafiə isə havayı olmur.
Bakıda baş verən hadisə artıq transseksualların da kiçik və orta biznesə himayədarlıq edən kriminal avtoritet rolunu üzərİlərinə götürmək istədiklərini göstərir. Bu vacib detal homoseksuallarla kriminal avtoritetlər arasında münaqişənin yaranmasında müəyyən rol oynaya bilər. Söhbət nüfuz dairələrinin bölüşdürülməsindən və hüquq-mühafizə orqanları üçün başağrısından gedir.
Nizami rayonundakı biznesmenlər bütün rayonu vahimədə saxlayan və "Şamplena" adlı transseksual tərəfindən idarə olunan bir qrup seksual azlıqdan şikayət edirlər. Söhbət iyulun 4-də çay evində hay-küy salmış "Şamplena"dan gedir.
Sputnik Azərbaycan artıq "Opera" çay evinin sahibi Məmmədov Rafiq Ramazan oğlunun polisə şikayəti barədə məlumat verib. Onun sözlərinə görə, seksual azlıqların 3 nəfər nümayəndəsi çay evinə gələrək ondan 500 manat tələb ediblər. Xuliqanlardan "Şamplena" adlı biri şüşə qırığı ilə öz damarını kəsib və 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara əsasən, Məmmədov guya ki, "mavilərə" pul borclu olub, lakin pulu olmadığından borcu qaytara bilməyəcəyini deyib. Onda bir qrup şəxs çay evini dağıdıb. Onlar mebeli sındırıblar, şüşə qırığı ilə isə Məmmədovu əlindən yaralayıblar.
Lakin məlum olub ki, bu məlumat bir qədər həqiqətə uyğun deyil. Çay evinin sahibi Rafiq Məmmədov redaksiyamızla əlaqə saxlayıb və baş verənləri danışıb. Hadisənin mahiyyətini açan maraqlı detallar üzə çıxıb.
"Mənim çay evim sanballı bir yerdir. Bura ailəli adamlar dostları və yaxınları ilə gəlirlər. İndi bu hadisəyə görə biznesimdən məhrum ola bilərəm. Səbəb isə hay-küydən xəbər tutan kimi onlardan məkanı tərk etmələrini tələb etməyimdir. Məgər bu, günahdır? Mənim ailəm var, onlara çörəkpulu qazanıram. Mən bu transseksuallara bir qəpik də borclu deyiləm, heç vaxt bu səviyyəyə düşmərəm" — Məmmədov bildirib.
Məlum olub ki, hadisədən 5 gün əvvəl əsl adı Teymur Paşayev olan, 42 yaşlı Şamplena, öz əlaltıları ilə çay evinə gələrək Məmmədovdan sakit işləyə bilmək üçün 500 manat aylıq haqq tələb edib. Şamplena bu məbləği toplamaq üçün biznesmenə 5 gün vaxt verib.
"Dedi ki, bu əraziyə o baxır və küçədə fahişəliklə məşğul olan "mavilər" və qadınlar gündəlik ona 20 manat haqq ödəyirlər. İndi biznesmenlərdən də haqq yığa biləcəyini düşünüb və mənim üstümə gəlib. Mən onun içkili olduğunu düşünüb çox da mübahisə etmədim və birtəhər çay evindən çıxardım" — Məmmədov deyib.
5 gündən sonra uzun saçları olan və qara don geyinmiş Şamplena əlaltıları ilə yenə çay evinə gəlib, hay-küy salıb və obyektin sahibini tələb edib. Məmmədov onların qarşısına çıxıb.
"Mən sənə pul toplamaq üçün 5 gün vaxt vermişdim. Tez pulları düş, yoxsa, buranı dağıdacağam" — Şamplena əmr edib. Lakin Məmmədov pul verməyəcəyini bildirib. Onda "mavilər" çay evində mebelləri dağıtmağa başlayıblar. Şamplena biləyini kəsəcəyini və günahı Məmmədovun üstünə atacağını bildirib. Məmmədov polis çağırıb.
"Şamplena qapıya təpik vuraraq ayağı ilə onu deşdi. Polis gələnə kimi o, şüşə qırığı ilə biləyini kəsdi və yerə uzandı. Mən özümü itirdim, neyləyəcəyimi bilmədim. Şamplena kişi deyil ki, döyəsən, qadın da deyil ki, çəkinib əl qaldırmayasan. Nəsə, təcili yardım gəlib onu xəstəxanaya apardı" — Məmmədov deyir.
Məmmədovun sözlərinə görə, dələduzlar 1500 manat qiyməti olan televizoru da qırıblar. Həftənin birinci günü isə Şamplena Məmmədovun pencəyinin cibindən 150 manat oğurlayıb.
Qeyd edək ki, sözügedən faktla bağlı heç kəs saxlanılmayıb. Polis əməkdaşları materialları toplayaraq istintaqa təhvil veriblər ki, məsələni prokurorluq həll eləsin. Bununla belə, cəzanın humanistləşdirilməsi ilə bağlı son normativ aktlar polisin əl-qolunu bir qədər bağlayıb.
Belə ki, əvvəllər onlar həbs sanksiyasını tətbiq edərək şübhəli şəxsi saxlaya bilirdilər. Hazırda inzibati xarakterli sanksiyaların tətbiq ediləcəyi cinayətlərin siyahısı müəyyən edilir. Nonsens isə odur ki, fahişəliklə məşğul olan qadınlara qarşı asayiş keşikçiləri 100 manat miqdarında cərimə sanksiyası tətbiq edirlər. Lakin seks-sənayesi ilə məşğul olan cinsi azlıqların nümayəndələrinə bu, şamil olunmur.
Bu arada digər məlumatlı mənbənin xəbərinə görə, Şamplena bütün Nizami rayonunu qorxu altında saxlayır. Burada hamı onu istənilən anda qolunu kəsərək (transeksualın qolunda çoxsaylı kəsik yerləri var) problem yarada biləcək qalmaqalçı kimi tanıyır.
Yeri gəlmişkən, internetdə Şamplenanın "Qızıl Qaya" restoranındakı toyunun və dükan satıcıları ilə davalarının kadrları çoxdur. Hələlik Şamplenanın qarşısı alınmır və o, insanları hədələməyə davam edir…/ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?