Azad İstehlakçılar Birliyi mağazalarda yoxlamalara başlayacaq
“Çudo Peçka” mağazalar şəbəkəsində müştərilərə təklif olunan qida məhsullarının keyfiyyəti yoxlanacaq. Bu məlumatı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. E.Hüseynovun sözlərinə görə, “Çudo Peçka” barədə Azad İstehlakçılar Birliyinə son vaxtlar yazılı şikayətlər daxil olmasa da mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı ənənəvi narazılıqlar hələ də qalır: “6 ay bundan öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi dönər standartı “Çudo Peçka”ya da təqdim olunub. İndi ən böyük narahatlıq adıçəkilən müəssisənin öz fermer təsərrüfatının olmamasından yaşanır. Bu mağazalar şəbəkəsində yeyinti məhsullarında istifadə olunan ətin haradan alındığı hələ də dəqiq məlum deyil. Buna görə də yaxın 20 gün ərzində Azad İstehlakçılar Birliyi həmin istehsalat müəssisəsində ətin mənşəyini, fermer təsərrüfatını müəyyən etmək üçün yoxlamalara başlayacaq”. Qeyd edək ki, “Çudo Peçka”nın fəaliyyəti barədə narazılıqlar hələ ötən ilin oktyabrından kəskin şəkil almağa başlayıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2012-ci ildə “Çudo Peçka” MMC-yə bir sıra məhsullarına - ət, ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik, dönər, eləcə də biskvitli, kremli, ballı, xamalı tortun istehsal və satışını qadağan etmişdi. “Çudo Peçka”nın mətbuat katibi Vüqar Baba isə baş verənlərlə bağlı açıqlamasında şirkətin vətəndaşlara keyfiyyətsiz məhsul satmasını müvafiq sənədlərin tam qaydasında olmaması ilə izah etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?