Ju Koşta: “Azərbaycanda 7 ay oldum. Orada ilk gündən problemlərlə üzləşdim...”
Azərbaycanda ən varlı idman federasiyalarından biri də nəqliyyat naziri Ziya Məmmədovun prezidenti olduğu Voleybol Federasiyasıdır. Azərbaycanda voleybolun gözəl ənənəsi olub. Keçmiş SSRİ vaxtı Bakı voleybol məktəbindən istedadlı ustalar çıxıb.
Amma Ziya Məmmədovun federasiyaya prezident təyin edilməsindən sonra Azərbaycandakı voleybol məktəbləri demək olar ki, dağıldı. Yox, buna pulsuzluq səbəb olmadı. Əksinə, Məmmədovun gəlişi ilə voleybola pul sel kimi axmağa başladı. Amma bu vəsait qeyri-peşəkarların əli ilə elə qeyri-peşəkar şəkildə də istifadə, daha doğrusu, israf olundu. Ölkədə 4-5 klub yaradıldı. Dünyanın aparıcı voleybol ölkələrinin superulduzları da bu klublara transfer olundular. Əvəzində ölkə voleybolunun ənənəsi dağıldı. Milli komandanın nəticələri pisləşdi. Çünki millidə çıxış etmək üçün yeni istedadlar yox idi. Məcbur olub əcnəbiləri milliləşdirməli oldular.
Ölkə klublarına bahalı legionerlərin gəlməsinə baxmayaraq Azərbaycan komandaları avrokuboklarda elə də uğurlu nəticələr əldə etmirlər. Artıq neçə ildir ki, külli miqdarda vəsait yalnız və yalnız hansısa klubumuzun Çempionlar Liqasının qalibi olması üçün xərclənir. Ancaq ortada nəticə yoxdur. Üstəlik, Azərbaycana gətirilən ulduz əcnəbilər burada üzləşdikləri qeyri-peşəkar münasibəti görür, xarici mətbuata verdikləri müsahibələrdə Azərbaycan haqda mənfi rəy formalaşdırırlar.
Virtualaz.org xəbər verir ki, belə açıqlamalardan birini də bu günlərdə “Lokomotiv”in (bu komandanın himayəçisi Ziya Məmmədovun patronajlığı altında olan Dövlət Dəmiryol İdarəsidir-red.) şərəfini qoruyan braziliyalı voleybolçu Ju Kosta Braziliya mətbuatına verib.
J.Koşta öz müsahibəsində ölkəmizi demək olar ki, biabır edib. Braziliyalı legioner bir az da irəli gedərək hətta Azərbaycanda girov saxlanıldığını da iddia edib: “Azərbaycanda 7 ay oldum. Bu ölkəyə getdiyim ilk gündən problemlərlə üzləşdim. Bu müddət ərzində elə hisslər keçirdim ki, heç vaxt belə halla üzləşməmişdim. Orada kişilər qadınlara qul kimi baxırlar. Azərbaycanda qadınların heç bir dəyəri yoxdur”.
Ju Kostanın əsas problemi ölkəsinə qayıtmaq istəyərkən yaranıb. Məlum olub ki, xanım voleybolçunun pasportunu vermək istəmirlər, belə demək mümkünsə, onu Bakıda girov götürüblər.
Voleybolçu iddia edir ki, Azərbaycanı tərk etməməsi üçün onun pasportunu əlindən alıblar: “Mən klub prezidentinə dedim ki, qulaq asın, cənab, mən daha burada qalmaq istəmirəm. Mənim üçün ilk növbədə ailəm, sonra işimdir”.
Ju Kosta deyib ki, pasportunu çox çətinliklə əldə edərək Braziliyaya qayıda bilib: “Vətənimə qayıtdığıma görə çox xoşbəxtəm”.
Göründüyü kimi, Ziya Məmmədovun rəhbərlik etdiyi federasiya Azərbaycanda voleybol məktəblərini inkişaf etdirmək əvəzinə xalqın vəsaitini əcnəbilərə paylayır. Üstəlik onlara qarşı Bakıda elə münasibət sərgilənir ki, legionerlər ölkələrinə qaydan kimi Azərbaycan haqda mənfi rəy formalaşdırırlar.
Arada pulu da gedən, adı da bədnam olan isə Azərbaycandır. Voleyboldan sərvət və xallar qazanan isə Ziya Məmmədovdur. Düşünməyə dəyər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?