Bakının Xətai rayonundakı 7 saylı poliklinikada baş verən qanunsuzluqlarla bağlı qəzetimizin ötən saylarında bəhs etmişdik. Bugünlərdə redaksiyamızı bilgiləndirən özəl mənbə poliklinikanın baş həkimi Şəlalə Səfərovanın himayədarı haqqında maraqlı fikirlər səsləndirib.
Qadın baş həkimin himayədarı kimdir?
Mənbənin bildirdiyinə görə, poliklinika rəhbəri Ş.Səfərovanın yol verdiyi ciddi qanun pozuntularına rəğmən hələ də öz postunda qalması, onun bəzi şəxslər tərəfindən himayə edildiyini göstərir: “Şübhəsiz, Ş.Səfərovanın rəhbəri olduğu poliklinikanı biznes mərkəzinə çevirməsi və bunun fonunda ölkə mətbuatının bu məsələni dəfələrlə gündəmə gətirməsi Səhiyyə Nazirliyini hərəkətə gətirməli, baş həkim haqqında ciddi tədbirlər görülməli idi. Lakin Ş.Səfərova ilə bağlı məsələnin artıq yetərincə ictimaiyyiləşməsinə baxmayaraq, hələ də baş həkimin “burda mənəm Bağdadda kor xəlifə” ədası ilə davranması hörmətli baş həkimin kifayət qədər sanballı himayədara malik olduğunu göstərir”. Mənbənin bildirdiyinə görə, Ş.Səfərovanın kölgədəki himayədarı Səhiyyə Nazirinin müavini Nigar Əliyeva hesab edilir: “Baş həkimin Səhiyyə Nazirliyindəki əsas himayədarı nazir müavini Nigar Əliyeva hesab edilir. Belə ki, baş həkimin özü bir neçə dəfə müəssisənin şəxsi heyəti qarşısında elan edib ki, onun arxasında məhz N.Əliyeva dayanır və buna görə də ona heç kim heç nə edə bilməz. Baş həkimin həqiqətən də N.Əliyeva tərəfindən himayə olunduğu, yoxsa Ş.Səfərovanın nazir müavininin adından manipulyasiya etdiyi dəqiq bəlli olmasa da, poliklinikada baş həkimin himayədarının N.Əliyeva olduğu ilə bağlı ciddi rəy formalaşıb”.
Nigar Əliyeva Şəlalə Səfərova ilə tələbə yoldaşımı olub?
Mənbənin məlumatına görə, Ş.Səfərova poliklinikaya baş həkim təyin ediləndən sonra N.Əliyeva ilə yaxın münasibətə malik olduğunu nümayişkəranə surətdə kollektivin diqqətinə çatdırmağa cəhd edib: “Ş.Səfərova 7 saylı poliklinikaya baş həkim təyin ediləndən sonra tibbi personalın nəzərində özünü daha güclü qələmə vermək üçün səhiyyə nazirinin müavini Nigar Əliyeva ilə dostluq münasibətinə malik olduğunu, nazir müavininin onu dəstəklədiyini bildirir, bu səbəbdən də heç kimdən çəkinmədiyini qeyd edirdi. Ş.Səfərova iddia edirdi ki, o Nigar xanımla hələ tələbəlik illərindən dost olub və onunla bir yerdə oxuyub. Bu gün də N.Əliyeva ilə sıx əlaqəyə malik olduğunu vurğulayan N.Əliyeva, məhz onun dəstəyi sayəsində bu mövqeyə gəlib çıxdığını söyləyib. Təbii, Ş.Səfərovanın N.Əliyeva ilə dostluq münasibətləri haqqında səsləndirdiyi fikirlərin nə dərəcədə həqiqəti əks etdirdiyi bu gün də bəlli deyil. Lakin görünən budur ki, Ş.Səfərova doğrudan da hansısa yetkili tərəfindən himayə olunur. Çünki başqa cür bunca qanunsuzluğa imza atan bir şəxsin hələ də məsuliyyətdən kənarda qalması mümkünsüzdür”.
Anar Qədirli fakt qıtlığı yaşayır
Ş.Səfərova ilə bağlı diqqət çəkən amillərdən biri də, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin məsələyə verdiyi reaksiyadır. Maraqlıdır ki, bugünə qədər dərc olunan məqalələrə münasibət bildirməyən A.Qədirli “Şərq” qəzetinə bununla bağlı kifayət qədər maraqlı açıqla verib. Hörmətli Anar bəy qeyd edib ki, vətəndaşlar hansısa qanunsuzluqla bağlı bilgiyə malikdirlərsə, bu barədə Səhiyyə Nazirliyini məlumatlandırmalı, problemi mətbuat vasitəsi ilə qabartmamlıdırlar. Habelə məlum poliklinika və baş həkimlə bağlı yazılanların araşdırıldığını, lakin deyilənlərin öz əksini tapmadığını qeyd edən A.Qədirli, bununla bağlı hər hansı bir faktsa rast gəlmədiklərini qeyd edib. Biz isə media əməkdaşları olaraq Anar müəllimin diqqətinə çatdırırıq ki, vətəndaşların üzləşdikləri qanun pozuntusu ilə bağlı ölkə mediasına müraciət etməsində heç bir qəbahət yoxdur və bu, onların qanuni haqqıdır. Bundan başqa, əgər Səhiyyə Nazirliyi tabeçiliyindəki müəssisələrdə baş verən qanunsuzluğun media vasitəsi ilə qabardılmasını istəmirsə, o zaman məlum problemlərin həlli istiqamətində operativ tədbirlər görməlidir ki, 7 saylı poliklinika ilə bağlı yaranmış vəziyyətdə nazirliyin belə bir operativliyinə şahid olmuş deyilik. Sözgüedən poliklinikada baş verən qanunsuzluqlara bir neçə dəfə toxunsaq da, hörmətli Anar müəllimin fakt qıtlığı ilə bağlı problem yaşadığını nəzərə alıb ona iki ipucu vermək niyyətindəyik. Bunlardan biri 7 saylı poliklinikada aylar uzunu ştatdankənar xəfiyyə qismində çalışan, müəssisəsinin ştatnda yer almadığı halda baş həkimdən sonra ikinci yetki sahibi olan şəxsin kimliyi ilə bağlıdır. A.Qədirli cənablarının nəzərinə çatdırırıq ki, qəzet olaraq apardığımız araşdırma nəticəsində həmin şəxsin adının Sevinc xanım olduğunu öyrənmişik. Hansı ki, bu şəxs aylar uzunu poliklinikanın ştatına daxil olmadığı halda tibbi personala göstərişlər verib, onların bütün fəaliyyətini nəzarətdə saxlayıb və bu barədə mütəmadi surətdə baş həkimi məlumatlandırıb. Ümid edirik ki, A.Qədirli bu informasiya əsasında apardığı araşdırma nəticəsində həmin şəxsin soyadı, habelə poliklinikada qanunsuz fəaliyyəti ilə bağlı zəruri bilgilərə sahib ola biləcəkdir. A.Qədirli həzrətlərinə verəcəyimiz digər bir fakt isə rentgen kabinetinin rəsmi olaraq fəaliyyət göstərmədiyi aylarda baş həkimin rentgen kabinetinin ştampı ilə vətəndaşlara sağlamlıq haqqında verdiyi arayışların surətləri ilə bağlıdır. Hansı ki, həmin arayışlardan birinin surəti qəzetimizin ötən saylarının birində dərc edilib. Buna baxmayaraq, hörmətli Anar müəllimin fakt qıtlığını aradan qaldırmaq üçün həmin arayışın surətini təkrar olaraq çap edirik. Ümid edirik ki, Anar müəllim üzərində möhür və ştampı aydın şəkildə görünən bu arayışı fakt kimi qəbul etməkdə heç bir çətinlik çəkməyəcək, bu barədə yuxarı rəhbərliyi məlumatlandırmaqla bütün bu qanunsuzluqların aradan qaldırılması istiqamətində ciddi addımların atılmasına nail olacaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?