Bakının Xətai rayonundakı 7 saylı poliklinikada şıdırğı arayış alveri gedir. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, aylardır ki, təmirə bağlanan poliklinika sözün həqiqi mənasında əsl rüşvət mənbəyinə çevrilib ki, bu “uğurun” baş memarı klinikanın baş həkimidir.
Qadın baş həkimin “məharəti” və ya pula çevrilən arayışlar
Mənbənin sözlərinə görə, Xətai rayonundakı 7 saylı poliklinikaya rüşvət Şəlalə Səfərovanın bu müəssisəyə baş həkim gəlməsindən sonra yol tapıb: “Ş.Səfərovan baş həkim vəzifəsinə gələnə qədər məlum poliklinika rayonun ən nümunəvi tibb müəssisəslərindən biri kimi tanınırdı. Burada vətəndaşların tibbi müayinəsi dəqiqlik və qanuni prosedura uyğun şəkildə həyata keçirilir, bu müəyinə üçün onlardan qanunsuz ödənişlər tələb olunmurdu. Lakin Ş.Səfərovanın poliklinikanın rəhbəri vəzifəsinə gəlişi, müəssisənin bütün həyatını alt-üst etdi. Bütün xidməti prosedurları birbaşa rüşvət amilinə bağlayan baş həkim, vətəndaşlara verilən bütün növ arayışlar üçün konkert məbləğlər müəyyənləşdirməyə başladı. Baş həkimin poliklinika həyatına gətirdiyi yenilik tibbi personalı dəhşətə gətirsə də, özünü olduqca hökümlü aparan və “yuxarılarda” güclü himayədara malik olduğuna eyham vuran baş həkimə kimsə açıq şəkildə etiraz edə bilmədi. Nəticədə, rayonun ən nümunəvi poliklinikası qısa müddətdə rüşvət və korrupsiya yuvasına çevrildi”.
Gəl ay müştəri, arayış satıram
Bilgili qaynağın sözlərinə görə, Ş.Səfərovanın arayışlar üçün müəyyənləşdirdiyi qiymətlər onların “əhəmiyyətlilik dərəcəsi” üzrə müəyyənləşir: “Baş həkim hesab edir ki, arayışlar üçün pul tələb edərkən bu arayışın şəxs üçün əhəmiyyəti hökmən nəzərə alınmalıdır. Başqa sözlə desək, baş həkim bütün növ arayışlar üçün eyni qiymət müəyyənlədirməyi ədalətsizlik hesab edir və düşünür ki, “vətəndaşı pis öyrətmək” lazım deyil. Bu baxımdan Xətai rayonundakı 7 saylı poliklinikada hər arayış üçün ayrıca qiymətlər müəyyənləşdirilib. Məsələn, 7 saylı poliklinikadan ümumi sağlamlıq kağızı almaq üçün vətəndaş 15 manat məbləğində pul ödəməlidir. Forma 86 almaq istəyənlər isə 20 manat məbləğində rüşvət vermək məcburiyyətindədir ki, bu arayış daha çox dövlət qurumlarında texniki işçi vəzifəsində çalışmaq istəyənlərə lazım olur. Sürücülük və s. məqsədilə sağlamlıq kağızı istəyənlər üçün də ayrıca qiymətlər mövcuddur ki, bu da gün ərzində baş həkimin pul kisəsini doldurmaq üçün yetərlidir”.
Bağlı poliklinika necə fəaliyyət göstərir?
Mənbənin sözlərinə görə, 7 saylı poliklinka ilə bağlı qəribəliklərdən biri də əslində sözügedən poliklinikanın mövcud fəaliyyətində aşkar qanunsuzluqların olmasıdır: “İşin ən maraqlı tərəflərindən biri budur ki, əslində 7 saylı poliklinika bir neçə aydır ki, əsaslı təmirə bağlanıb və onun şəxsi heyətinin 90%-i əmək haqları ödənmək şərti ilə məzuniyyətə buraxılıb. 7 saylı poliklinika Xətai rayonu ərazisindəki 6 saylı poliklinikaya köçürülüb və burada poliklinika üçün ayrılan 3-4 otaqda qərarlaşıb. Hazırda poliklinikanın nəzdində sadəcə təcili və gözlənilməz olaylara müdaxilə etmək üçün sahə həkimləri fəaliyyət göstərir. 5 mərtəbəli nəhəng binadan 6 saylı poliklinikanın 3-4 otağına sığınan poliklinikada laboratoriya, rentgen, kordiologiya və s. şöbələr ləğv edilib. Bu isə faktiki olaraq 7 saylı poliklinikanın sadalanan xidmətlərdən məhrum olması deməkdir. Lakin rəhbəri olduğu poliklinikaya “bir torpa pul” verib gəldiyini iddia edən Ş.Səfərova bu müşküldən də çıxş yolu tapıb. Belə ki, praktiki baxımdan bağlanan şöbələrin formal fəaliyyətini həyata keçirən baş həkim lazımi yetki və möhürlərə malik olmasından istifadə edərək vətəndaşlara qanunla fəaliyyətinə müvəqqəti xitam verilən şöbələrin adından saxta arayışlar verir. Nəticədə, heç bir tibbi müayinədən keçməyən insanlar sağlamlıq haqqında arayış alır ki, bu da yalnız onların özlərinin deyil, həm də ünsiyyətdə olduqları insanların sağlamlığı baxımından təhlükəlidir”.
Şamil P.S. Növbəti yazımızda oxuculara Xətai rayonundakı 7 saylı poliklinikada baş verən digər qanunzusluqlar haqqında daha geniş məlumat verəcəyik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?