gundemxeber.az Son günlər gərginləşməkdə olan Rusiya-Azərbaycan münasibətləri fonunda ortaya çıxmış Rusiya Azərbaycan Təşkilatları İttifaqının yenidən ermənilərlə Moskvada görüşə hazırlaşması barədə yayılan məlumat Azərbaycanda əslində heç bir təəccübə nədən olmadı. Bu, gözlənilən idi və sadəcə olaraq bu məsələdə diqqətçəkəni odur ki, Kreml özünün Qarabağ münaqişəsində həlledici ünvan olduğunu afişə etməyindədir və sanki bundan zövq alırmış kimi davranır. Bununla bağlı qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, məhz Kremlin Qarabağ münaqişəsi ilə alver qurma cəhdləri, həmçinin Rusiya ilə Azərbaycanın münasibətlərində yaranmış problematik vəziyyət artıq Qərbin də diqqətini cəlb edib. Diplomatik qaynaqlardan redaksiyamıza ötürülən informasiyaya görə, bu gün Azərbaycan paytaxtına Böyük Britaniyanın gizli siyasi-iqtisadi çevrələrinə aid həlledici mövqedə dayanan çox ünlü bir sima təşrif buyuracaq. Mənbəmizin söylədikləri: «Həmin şəxsin səfəri tam məxfidir və bu barədə məhdud çevrələr bilgiləndirilib. Səfərdə məqsəd Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginlikdə rəsmi Bakının dəstəklənməsidir». Mənbəmiz bildirir ki, Bakıya təşrif buyuran həmin şəxs çox mühüm fiqurdur və bunu Qərbin Azərbaycana dəstəyi kimi də qəbul etmək olar. Onu da bildirək ki, həmin şəxsin adı açıqlanmasa da, mason lojalarından birinin ustadı olduğu da söylənilir…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?