Beynəlxalq təşkilat dünyada quldarlıq indeksini açıqlayıb, ölkəmiz 51-ci sıradadır
Avstraliyada mənzillənən beynəlxalq insan haqları qrupu - “Walk Free Foundation” dünyada quldarlıq indeksinə dair hesabat yayıb.
Virtualaz.org adıçəkilən təşkilatın saytına istinadən xəbər verir ki, “Global Slavery İndex 2013” adlı hesabatda dünyanın 162 ölkəsində qul vəziyyətində yaşayan insanların sayı göstərilir. Azərbaycan bu siyahıda 35 minə yaxın qulla 51-ci yerdədir.
Qonşularımız Gürcüstan 50-ci, Ermənistan isə 57-ci yerdə göstərilib. Ermənistanda qul vəziyyətində yaşayanların sayı 10 minə yaxındır. Ölkələrin reytinqi qul vəziyyətində yaşayan insanların ümumi əhali nisbətinə əsasən müəyyən edilib.
Rusiya isə 491 minə yaxın qulla siyahıda 49-cu yerdədir. Qulların sayına görə Rusiya əslində dünyada 6-cı yerdə olsa da qul vəziyyətində yaşayanların ümumi əhalinin sayına nisbəti göstəricisi üzrə bu pillədə yer alıb.
Qul vəziyyətində yaşayanların sayına görə ilk sırada gedənlər Mavritaniya, Haiti, Pakistan, Hindistan, Nepal, Moldova, Benin, Kot-Divuar, Qambiya və Qabondur.
Ən az qul sayı Böyük Britaniyada, İslandiyada və İrlandiyada müəyyən edilib. Bu ölkələr siyahıda 160-cı yerdə qərarlaşıblar.
Təşkilat dünyada quldarlığın vəziyyətinə dair ilk dəfədir hesabat yayır. Hesabata görə, hazırda dünyada qul kateqoriyasında olan insanların sayı 29,8 milyon nəfərdir. Qulların sayına görə lider olan Hindistanda belələrinin sayı 14,7 milyon nəfərə yaxındır. Çində isə cəmi 3,1 milyona yaxın qul var və bu ölkə ümumi siyahıda 84-cü yerdədir.
Bəs təşkilat qulların sayını necə müəyyən edib? Hesabat hazırlanarkən təbii ki, quldarlıq dövrünün göstəricilərinə istinad edilməyib. Təşkilatın ekspertləri qulların sayını müəyyən edərkən onun mülkiyyət hüquqlarının tam və ya qismən mənimsənilməsini, kreditorlardan asılılığını, həmçinin zorla nikaha daxil olmağa məcbur edilməsini və digər amilləri nəzərə alıblar.
Sorğu
Yeni dizaynımız necədir?