“Forbes” jurnalının rus versiyası Rusiya prezidentinin tələbəlik dostları haqda yeni araşdırma dərc edib; Viktor Xmarinin işləri düz gətirmədiyi halda İlham Rəhimov niyə milyarder oldu...
ABŞ-ın məşhur “Forbes” jurnalının rus versiyası bu günlərdə Rusiya prezidentinin tələbəlik dostu olan, lakin ictimai fiqur olmadığından barəsində az adamın bildiyi Viktor Xmarin haqda geniş araşdırma dərc edib.
Virtualaz.org saytı jurnalın saytına istinadən xəbər verir ki, araşdırmada bildirildiyinə görə, Putinlə nəinki tələbəlik dostu, eyni zamanda onun qohumu olan Viktor Xmarinin biznesdə işləri o qədər də yaxşı getməyib və nəticədə o, milyarder ola bilməyib. Putinin digər tələbəlik dostu, azərbaycanlı İlham Rəhimovdan fərqli olaraq...
Sankt-Peterburq Universitetinin (keçmiş Leninqrad Dövlət Universiteti-red.) hüquq fakültəsinin keçmiş bədən tərbiyəsi təşkiltçısı Leonid Poloxov deyir: “Onlar ayrılmaz üçlüklər idi - Putin, Xmarin və Rəhimov. Onları idman mübarizəsi birləşdirirdi”.
Xmarini Putinlə tələbəlik illəri ilə yanaşı qohumluq əlqələri də birləşdirir. Jurnal yazır ki, Moskva ətrafında Vladimir Putinin bibisi - atasının bacısı Lüdimila Spiridonova Putina yaşayır. Onun qızı Lyubovla Xmarin 70-ci illərdə tanış olub və tezliklə evləniblər.
Maraqlıdır ki, Putin də tələbə olanda Xmarinin bacısı ilə sevişib, lakin sonda onunla evlənməkdən vaz keçib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinlə V.Xmarinin qohumluq əlaqələri haqda şərh vermir, yalnız onu deyir ki, onlar bir kursda oxuyublar və bir-birlərini pis tanımırlar.
“Onlar bir yerdə oxuyublar, hərçənd ki, bir-birlərindən ayrılmaz dostlar olduğunu deyə bilmərəm” - Peskov bildirir.
Putinlə Xmarin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində tanış olublar, ancaq müxtəlif qruplarda oxuyublar. Xmarinlə Rəhimov bir qrupda, Putinlə Rusiya İstintaq Komitəsinin indiki rəhbəri Aleksandr Bastrıkin isə digər qrupda olublar.
Putin kimi Xmarin də sambo və dzüdo ilə məşğul olub, lakin onun məşq zamanı dizindən aldığı xəsarət böyük idmandan uzaqlaşmağa məcbur edib. Universiteti bitirəndən sonra dostların yolları ayrılıb. Rəhimov aspiranturaya daxil olub, Putini KQB-yə işə götürüblər, Poloxov hərbi prokurorluğa keçib, Xmarin isə vəkil olub. 1976-cı ildə o, vəkillik statusu alıb və Sankt-Peterburqda hüquq məsləhətxanasına rəhbərlik etməyə başlayıb.
90-cı illərin əvvəllərində isə Xmarin bizneslə məşğul olmağa başlayıb. İlk vaxtlar onun biznesdə işləri pis getməyib.
Nəhayət, Putin hakimiyyət pillələrində sürətlə yüksələndə və Rusiya prezidenti olanda onun digər tələbəlik yoldaşları kimi Xmarinin də Moskvaya yolu açılıb. 2001-ci ilin noyabrında o, İ.Rəhimovla birlikdə “Flora Moskva” bankının Müşahidə Şurasına üzv olub. Cəmi bir il sonra Xmarin bankdan gedib, bu müddət ərzində bankın göstəriciləri yaxşılaşmayıb, əksinə, pisləşib.
Bankın rəhbəri Mixail Otdelnov xatırlayır ki, Xmarini işə götürməyi ondan xahiş etmişdilər və onun banka heç bir xeyri dəymirdi. Xmarin isə deyir ki, o, bankda elə-belə otururdu, sadəcə ona ofisdən istifadə etməyə imkan verirdilər.
“Mənim ofisimə çoxsaylı adamlar gəlirdi” - deyə keçmiş vəkil xatırlayır.
Xmarinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Sergey Sokolov xatırlayır ki, Putinlə həm qohum, həm də dost olduğunu biləndə generallar, kosmonavtlar, deputatlar qalaq-qalaq müraciətlərlə onun yanına gəlir, bu müraciətləri Putinə çatdırmağı xahiş edirdilər.
Ancaq bu sənədlərin çoxu ünvana çatmırdı. 2000-ci illərin ortalarında öz problemlərini həll etmək və ya prezidentə xahişlərini çatdırmaq istəyənlər Xmarinin qapısı ağzında növbəyə dayanırdılar. 2009-cu ilə qədər onun işləri yağ kimi gedib.
* * *
Sonra Xmarin “Qazprom”u müxtəlif avadanlıqlarla təchiz edən firmalara nəzarət edib, onun firmaları dalbadal sifarişlər alıb. Bununla belə, Xmarin Putinin digər tələbəlik yoldaşlarından fərqli olaraq dövlət xidmətində başgicəlləndirici karyera qazanmayıb. Hazırda o qədər də çox titulu yoxdur, Seyşel adalarının Rusiyadakı fəxri konsuludur və Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidentidir (Zəruri qeyd: Azərbaycanın Rumıniyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov da bu fondun vitse-prezidentidir).
* * *
Bəs görəsən, Xmarin Putinin digər dostlarından fərqli olaraq niyə belə “kasıbdır”, milyarder deyil və onun adı “Forbes”in zənginlər siyahısında yer almır?
Jurnal araşdırıb ki, Xmarinin “Qazprom"la biznesi 2009-cu ildə müəmmalı səbəbdən dayanıb. Bunun müxtəlif səbəbləri göstərilir. Lakin deyilənə görə, əsl səbəb Xmarinlə Putinin arasının dəyməsidir.
Xmarinin yaxın ətrafındakı şəxslərdən bir neçəsi təsdiq edir ki, 2000-ci illərin ortalarından başlayaraq “şef”in Putinlə münasibətləri soyuyub.
“Xmarin söhbətlərində çox açıq idi və onun danışdıqlarını bir neçə dəfə yazıb yuxarılara çatdırmışdılar. Hətta bir dəfə onun maşınını prezident iqamətgahının həyətinə buraxmadılar. Xmarin gətirdiyi sənədləri darvazının qarşısına boşaldıb getdi” - deyə biznesmenin tanışlarından biri bildirir.
2010-cu ildə Xmarin Dağıstanda sement zavodunu 11 milyon dollara alsa da tezliklə işləməyə imkan olmadığını görüb zavodu 1,5 milyon dollara satıb. Yəni dəfələrlə ziyana düşüb.
Xmarin deyir ki, onun hələ də prezidentlə əla münasibətləri var. Bu yay o, prezidentlə dörd dəfə görüşüb.
“Bizim danışmağa mövzumuz var. Mən heç vaxt ondan özüm üçün nəsə xahiş etməmişəm. Bizdə milçək ayrıdır, pivə ayrı” - Xmarin bildirir.
* * *
Viktor Xmarinin biznesdə işləri düz gətirməsə də onun dostunun - İlham Rəhimovun işləri pis getmir. Rəhimovun partnyorları Qod Nisanov və Zarah İliyevin 6 milyard dollar sərvəti var, onlar üçlükdə Moskvada 1 milyon kvadratmetrdən çox daşınmaz əmlaka sahibdirlər.
2012-ci ilə olan məlumata görə, Rəhimovun kapitalı 500 milyon dollardan çox qiymətləndirilir.
Bəs Xmarin?
“Rəhimov mənim universitet yoldaşımdır. Nisanov onun tərəfdaşıdır. Onların öz daşınmaz əmlak biznesləri var. Biz birgə layihələr həyata keçirmirik. Rəhimovla dost kimi ünsiyyətimiz var, ancaq birgə biznesimiz yoxdur. Bəlkə də belə yaxşıdır” - Xmarin bildirir.
Lakin deyəsən, məsələ heç də belə deyil. 2004-cü ildə Moskvaətrafı vilayətin hakimiyyəti “Aran Holding”ə Şeremetyevo aeroportunun yaxınlığında 49 illiyə torpaq icarəyə verib. 17 hektarlıq ərazidə 1 milyon kvadratmetrə yaxın sahəsi olan anbarlar, ofislər və topdansatış mağazaları tikmək planlaşdırılır. Ticarət meydançalarını Türkiyədən olan istehsalçılar icarəyə götürəcəklər. Mal almağa isə bütün Rusiya ərazisindən gələcəklər.
“Aran Holding”in prezidenti Əli Nağı Aranlı V.Xmarinlə hələ 2004-cü ildə tanış olduğunu deyir.
“Mən Xmarinə bu ideyanı danışdım. O isə layihəni əvvəl də, indi də dəstəkləir, lobbiçiliyini edir” - deyə Aranlı bildirir.
Xmarin bu layihədə təkcə ideoloji yox, həm də maliyyə dəstəkçisi kimi iştirak edir. İlk mərhələdə o, layihəyə 600 milyon rubl yatırıb.
Lakin hökumət aeroportun üçüncü uçuş-enmə zolağını tikməyi qərara alanda layihəyə daha 400 milyon rubl yatırmaq lazım gəlib. Türkiyə şirkəti və Xmarin xərclərdə ortaqdır. Xmarin isə deyir ki, o, həmin layihəyə cəmi 6 milyon dollar yatırıb.
Ümumiyyətlə, Xmarin gəlirləri və pullarının sayı haqda suallara cavab verməyə həvəsli deyil.
“Bax, nə vaxt görəndə ki pulla dolu axırıncı kisəm qalıb, onda da sayacam” - deyə Xmarin nə vaxtsa İlham Rəhimovun atasından eşitdiyini təkrarlayır.
Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidentliyinə də onu İlham Rəhimov dartıb aparıb (Zəruri qeyd: bu fond Azərbaycan və Rumıniya prezidentlərinin təşəbbüsü ilə təsis olunub).
Fondun iclaslarının birində Xmarin “Şeremetyevo” layihəsini təqdim edib və vəd edib ki, 1 milyon kvadratmetrlik ticarət sahəsi üçün 1 milyard dollar investisiya yatırılacaq. Həmin iclasda fondun fəxri üzvü Qod Nisanovun nümayəndəsi bildirib ki, yəhudi biznesmen də bu layihədə iştirak edəcək. İndi o, şərh verməkdən imtina edir.
“Mənə məlum deyil ki, İlham Rəhimov və ya Qod Nisanov bu layihədə iştirak edirmi. Rusiya tərəfdən investisiyaların koordinasiyası ilə Xmarin məşğuldur” - deyə Aranlı bildirir.
Layihənin perspektivləri aydın deyil. Moskva vilayətinin hökuməti 2009-cu ildən “Aran Holding”lə icarə haqqını vermədiyi üçün məhkəmə çəkişməsindədir və şirkətin müflis elan edilməsini istəyir. Lakin Aranlı deyir ki, hazırda bütün pullar ödənilib. Moskva vilayəti hökumətində isə məsələni şərh etmirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?