Şirkət rəhbərliyi pulunu aldığı vətəndaşları evsiz qoyub
gundemxeber.az Qəzetimizin ötən sayında “Xudafərin” MMC-də baş verən biabırçı olaylardan bəhs etmişdik. Vurğulamışdıq ki, vətəndaşlarla müqavilə imzalayaraq paytaxt sakinlərindən aldığı külli miqdarda vəsait qarşılığında onları mənzillə təmin etməyi öhdəsinə götürən şirkət, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bu azmış kimi vətəndaşlardan aldığı pulları geri qaytarmaqdan imtina edən “Xudafərin”MMC bununla xeyli sayda vətəndaşı çətin vəziyyətdə qoyub. Məşhur iş adamı, xalq arasında “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevin rəhbərlik etdiyi şirkətdə baş verən proseslər bununla bitmir. Dünən özəl mənbədən redaksiyamıza daxil olan məlumatda “Xudafərin” MMC-də baş verən digər proseslərlə bağlı maraqlı məlumatlar yer alıb.
Şirkət 200 manatın ümidinə qalıb?
Mənbənin məlumatına görə, milyonlarla pul mənimsəyən şirkət rəhbərliyi hazırda ciddi maliyyə sıxıntısı çəkdiyindən düşdüyü vəziyyətdən çıxmaq üçün qeyri-adi vasitələrə əl atır. Son günlər ciddi aktuallıq əldə edən məlum vasitələrdən biri də illər uzunudur ki, mənzil gözləntisində olan vətəndaşlardan 200 manat məbləğində vəsaitin toplanması ilə bağlıdır: “A.Abdullayev və onun şəriklərinin maddi durumunun aşağı səviyyədə olduğu adıçəkilən iş adamlarının yaxın çevrəsinə də bəlli olduğu üçün biznes dünyasının tanınmış simaları şirkət rəhbərlərinə maddi baxımdan hansısa yardım göstərmək niyyətində deyillər. Onlar hesab edirlər ki, yalnız “Xudafərin”MMC deyil, A.Abdullayevin rəhbərlik etdiyi digər şirkətlər də yaxın günlərdə iflas edəcək. Bu şirkətlərin illər uzunudur ki, malik olduqları büdcəni düzgün idarə etməməsi, məlum şirkətlərin adına yazılan milyonlarla borc və s. onların iflasını mütləq edir. Məhz bu səbəbdən də öz çevrəsindən lazımi dəstək ala bilməyən A.Abdullayev yenidən sadə vətəndaşlara üz tutub. Belə ki, “Xudafərin” MMC şirkətinin yetkililəri illər uzunudur ki, mənzil həsrəti ilə yaşayan vətəndaşlara bildirib ki, “hazır olan” mənzillərə sahiblənmək üçün 200 manat məbləğində əlavə vəsait verilməlidir. Şirkət yetkililəri sadə vətəndaşları inandırmağa çalışıb ki, bu pul sözügedən mənzillərin sənədləşdirilməsinin başa çatdırılması üçün zəruridir. Təbii ki, şirkət yetkililərinin bu tələbi sadə vətəndaşlar tərəfindən ciddi qəbul edilməyib. Paytaxt sakinləri hesab edir ki, bu, xalq arasında nüfuzunu itirən və insanları illər uzunudur ki, aldadan şirkətin növbəti fırıldağından başqa bir şey deyil”.
Azər Borçalı kimdir?
Mənbənin məlumatına görə, vətəndaşların halal puluna qənim kəsilən A.Abdullayevin bir neçə şəriki var ki, onların arasında şirkət rəhbərinə məxsusi yaxınlığı ilə tanınan Azər adlı iş adamı xüsusilə populyardır: “A.Abdullayevin əsas şəriklərindən biri Azər adlı iş adamı hesab edilir. Gürcüstan əsilli olan və bu səbəbdən də ictimaiyyət arasında Azər Borçalı kimi tanınan iş adamı vətəndaşlara mənzil satışında xüsusi aktivlik göstərən şəxs hesab edilir. Bir çox vətəndaşa mənzillərin birbaşa A.Borçalının əli ilə satıldığı da paytaxt sakinlərinin əsas iddiaları sırasındadır. Bundan başqa, uzun müddətdir ki, A.Abdullayevin himayəsinə sılğınaraq onun kölgəsi altında fəaliyyət göstərən A.Borçalının Bakıdakı şəxsi biznesi hesabına Gürcüstanda da öz biznesini formalaşdırdığı güman olunur. Hesab edilir ki, əslində A.Borçalının son dövrlər ciddi-cəhdlə Gürcüstandakı biznesinin qayğısına qalması heç də təsadüf deyil. Çox güman ki, A.Abdullayevin Azərbaycandakı biznesinin birmənalı surətdə iflasa uğrayacağı A.Borçalıya bəlli olduğundan, Gürcüstan əsilli iş adamı bundan sonrakı fəaliyyətini adıçəkilən ölkədə davam etdirmək niyyətindədir. Bu gün xeyli sayda vətəndaşın verdiyi pulları geri almaq üçün A.Borçalını günün günorta vaxtında əldə çıraqla axtardığı bir zamanda Gürcüstana köç etmək, iş adamının özü üçün də məqsədə uyğundur”.
2013 - “Xudafərin” MMC üçün sonuncu yeni il
Qarşıdan gələn 2013-cü ilin “Xudafərin” MMC üçün son yeni olacağını söyləyən mənbə, növbəti ilin ilk ayından etibarən vətəndaşların öz pullarını geri qaytarmaq üçün aktiv fəaliyyətə keçəcəyini vurğuladı: “Bu günə qədər mənzil təminatlarının reallaşacağına inanan və ya verdiyi pulu geri alacağına ümid edən insanlar bununla bağlı nə KİV-ə, nə də əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmir, problemlərinin qarşılıqlı anlayış şəraitində həll ediləcəyinə ümid edirdi. Lakin vətəndaşların gözləntilərinin özünü doğrultmaması, əksinə, sözügedən şirkətin vətəndaşlardan maddi baxımdan müəyyən gözləntilərlə çıxış etməsi problemin həllinə olan bütün ümidlərin üstündən xətt çəkdi. Bu baxımdan, yeni ilin ilk günlərindən etibarən “Xudafərin”MMC-nin vətəndaşların şikayəti sayəsində xeyli dərəcədə populyarlıq qazanacağı şübhəsizdir. Artıq indidən əminliklə ehtimal etmək olar ki, 2013-cü il ciddi maddi sıxıntı içərisində olan, vətəndaşlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən “Xudafərin”MMC şirkətinin sonuncu yeni ili olacaq və sözügedən şirkət fəaliyyətinə xitam verəcəkdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?