Mobil operatorlar saxta reklamla müştəriləri aldadır
gundemxeber.az Redaksiyamıza daxil olan oxucu şikayətlərindən sonra Azercell ve Bakcell şirkətlərinin internet tarifləri ilə bağlı araşdırmalar apardıq. Həqiqətən də məlum oldu ki, adıçəkilən şirkətlər internet fırıldağı ilə məşğuldur. Belə ki, hər iki şirkət təqdim etdiyi datakart vasitələrində istifadəçiləri aldadırlar. İlk öncə Azercell-in təqdim etdiyi 3G interneti haqqında araşdırmamızı sizlərə təqdim edək. Azercell şirkəti satış nöqtələrində pulsuz 3G datakartları paylayır. Belə ki, telefon dükanlarındakı satıcılar müştərilərə əlavə məlumat vermədən bu datakartları onlara bağışlayır. Misal olaraq Neftçilər metrosunun həndəvərindəki satış nöqtələrini qeyd edə bilərik. Bu telefon mağazalarının işçiləri sanki meyvə-tərəvəz satanlar kimi datakartları mağazanın qarşısına, insanların gediş-gəliş yoluna düzürlər. Daha sonra “pulsuz datakartdan az qaldı” deyə hayqırırlar. Sadə vətəndaş isə PULSUZ sözünü eşidib datakartı almağa məcbur olur. Halbuki bu datakart pulsuz verilsə də bunun maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Bu zaman istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Daha sonra istifadəçi datakartı işlədib-işlətməyəcəyi təqdirdə şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə bir datakart istifadəçiyə 95 AZN (manat) məbləğə başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır. Necə deyərlər bu da “ucuz ətin şorbası”… Keçək Bakcell şirkətinin təqdim etdiyi sür@ datakartına. Bu şirkət isə istifadəçilərə borc yazmır. Amma datakartı ilk ayın ödənişi ilə 15 manata satır. Satıcılar deyir ki, 6 manat datakartın dəyəridir, yerdə qalan 9 manat isə ilk ayın internet paketi üçün ödənilən puldur. İlk ayın ödənişini də satıcılar həyata keçirir. Buna görə də limitsiz və bir aylıq ödəniş cəmi 10 gün çəkir. Bundan sonra datakartdan istifadə imkanları tükənir. İstifadəçi isə məcbur olub yenidən balansını artırmalıdır. Ancaq Azercell şirkətindən fərqli olaraq Bakcell-in təqdim etdiyi bu datakartlar ikinci aydan sürətli internet tarifləri verir. Bu datakartlarda isə müəyyən saatlarda internetə girişdə problemlər yaranır. Şirkətin əməkdaşları deyir ki, bu problem axşam saatlarında istifadəçilərin eyni zamanda internetə qoşulması ilə bağlıdır. Nar Mobile – Azerfon şirkətinin təklif etdiyi internet paketlərinin də çoxsaylı problemləri var. Ümumiyyətlə bu şirkətin təqdim etdiyi paketlərin keyfiyyəti Azercell və Bakcell şirkətlərinin təqdim etdiyi internetin keyfiyyətindən olduqca aşağıdır. Qiymətlər ucuz olsa da keyfiyyət heç kəsi qane etmir. Qeyd edək ki, biz bu yazını oxucuların çoxsaylı xahişlərindən sonra yazmaq və araşdırma aparmaq qərarına gəldik. Araşdırma zamanı hər iki şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayıb mövzu ilə bağlı suallarımızı onlara ünvanlamışıq. Ancaq nəticə etibarı ilə hər iki şirkətin təqdim etdiyi internetdə problemlər üzə çıxıb və biz araşdırmamızı olduğu kimi təqdim etmişik. Lakin adıçəkilən şirkətlərin araşdırma ilə bağlı əlavə mövqeləri olarsa biz onu da dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?