gundemxeber.az Çoxları düşünürdü ki, Nizaməddin Rzayevin gedişindən sonra «Azərsu» Səhmdar Cəmiyyətində (SC) hər şey qaydasına düşəcək. İllərdir yığılıb qalmış və həllini gözləyən problemlər həllini tapacaq. Qorxmaz Hüseynov SC-yə rəhbər təyin olunanda ona inam böyük idi. İlk çıxışlarındaca müxtəlif vədlər verərək camaatı arxayın salmışdı. Amma zaman göstərdi ki, Hüseynov heç də Rzayevdən geri qalmır. Onun gəlişindən sonra paytaxtın içməli su ilə təminatı daha da pisləşib. Bakının mərkəzi rayonlarında hər həftə içməli suyun verilməsində fasilələr yaranır. Qurumdan bunun səbəbini aparılan təmir-tikinti işləri ilə əlaqələndirirlər. Maraqlıdır ki, «Azərsu» tərəfindən həyata keçirilən təmir işləri lazımi qaydada və yarımçıq aparıldığı üçün vətəndaşlar su təminatına görə əziyyət çəkirlər. Bəzi ətraf qəsəbələrə aylarla su verilmir. Buna misal olaraq Suraxanı rayon, Zığ qəsəbəsini göstərmək olar. Qəsəbə sakinləri suyu maşınla alırlar. Onlar ay ərzində ən azı üç dəfə su maşınlarına müraciət edirlər ki, buna görə də 100 manat xərcləri çıxır. Məsələ ilə bağlı «Azərsu»ya dəfələrlə müraciət olunsa da, zığlıların su problemi həll olunmayıb. Qəsəbədə yaşayanlar isə bildirirlər ki, qış fəslində su maşınları da gec-gec tapılır: «Bizim tələbimiz odur ki, qəsəbəyə içməli su verilsin. Soyuq havalarda su maşınları da gəlmir. Qəsəbə icra nümayəndəsi sakinlərə yaxın durmur. Bir rəsmi şəxs tapmırıq ki, dərdimizi ona deyək». Bu şəraitin davam etməsi artıq qəsəbədə içməli su üsyanının yaranmasını şərtləndirir. Zığ kimi, Bakının mərkəzi rayonu olan Səbayelin Bayıl qəsəbəsinin sakinləri də içməli su problemi ilə üz-üzə qalıblar. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, havalar soyuyandan Bayıl ərazisində içməli su problemə çevrilib: «Görmüşük ki, hava soyuyanda təbii qazın verilməsində, elektrik enerjisində problem yaranar. Amma bizdə tərsinədir. İçməli su əməlli-başlı problemə çevrilib». Gündüz saatlarında olduqca zəif təzyiqlə suyun verilməsindən şikayətlənən sakinlər bildirdilər ki, soyuq havada bütün işlərini soyuq su ilə görmək zorunda qalırlar ki, bu da onların sağlıq durumuna təhlükədir: «Dəfələrlə müvafiq dövlət qurumlarına, «Azərsu»nun qaynar xəttinə müraciət etsək də, bizə düz-əməlli cavab verən yoxdur». Sakinlər bildirir ki, əsas problem Xanlar, Aqil Quliyev, Useynov küçələrindədir: «Azərsu» rəhbərliyinə vaxt veririk. Əgər suyun verilməsindəki problemi aradan qaldırmasalar, biz də «Azərsu»nun qarşısında etiraz aksiyası keçirəcək və qurumun rəhbərinin istefasını tələb edəcəyik. Əgər bu adam işləyə bilmirsə, fəaliyyəti yarıtmazdırsa, o zaman istefa versin, işini bacaran birisi gəlsin». Sözügedən ünvanda yaranan su problemi ilə bağlı «Azərsu» ilə əlaqə saxladıq. Lakin SC-nin 431 47 67 nömrəli telefonu gün ərzində məşğul göstərdiyindən suallarımıza cavab tapa bilmədik. İdarənin 955 nömrəli qaynar xətti ilə də əlaqə yaratdıq. Ordan isə bildirdilər ki, mətbuatla bağlı olan suallara «Azərsu»nun mətbuat xidməti cavab verir. Beləcə, SC-dən şikayətlə bağlı açıqlama almaq mümkün olmadı. Buna baxmayaraq, qarşı tərəf yazı ilə bağlı münasibət bildirmək istəsə, onlara bu haqqı tanıyacağıq. Heyran Həmidova
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?