Natiq Miri: “Onun söylədikləri ”zır dəli"nin dedikləri ilə heç bir əlaqəsi olmayan siyasi ittihamlardır"; “İnsanovu guya psixi vəziyyətinin pozulması bəhanəsi ilə təcrid etmək mümkün olmayacaq” Son günlər sabiq səhiyyə nazirin Əli İnsanovun psixi durumunun pozulması haqda məlumatlar dövriyyəyə buraxılıb. Bəzi iddialara və Əli İnsanovun dəstəkçilərinin fikirlərinə görə, bu cür xəbərlərin yayılması sabiq naziri neytrallaşdırmaq istəyindən irəli gəlir. Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri Əli İnsanova qarşı bu üsulun tətbiq oluna biləcəyini şərh edərkən “Yeni Müsavat”a deyib ki, Azərbaycanda təəccüb olunası hadisə qalmayıb:
- Ölkə insanı heç bir hadisəyə təəccüb etmir. Əli İnsanov missiyasından, şəxsiyyətindən asılı olmayaraq Azərbaycan dövləti üçün heç bir təhlükə törədəcək fərd deyil. Onun şüşə qəfəsə salınıb səsinin kəsilməsi doğru addım deyildi. Bu günə kimi onun psixi durumunun pozulması haqda konkret həkim rəyi də yoxdur. Bu məsələnin hüquqi baxımdan əsaslandırılması da mümkünsüzdür. Yalnız qondarma yolla bunu edə bilərlər. Bunu da etsələr Azərbaycan məhkəməsinə və hüquq sisteminə şərəf gətirməyəcəklər. Digər tərəfdən də, artıq Avropa Məhkəməsini belə addımlarla aldatmaq mümkün deyil. Əli İnsanovun qanunsuz məhkum edilməsi, işinə Azərbaycan məhkəmələrində baxılan zamanı elementar hüquqlarının pozulması faktı AİHM tərəfindən tanınıb. İndi onun azad edilərək işinə yenidən baxılması haqda qərara riayət edilməlidir. İnsanovun həbsdə saxlanılaraq Bakı Apelyasiya Məhkəməsində üzərində orta əsrlərə xas proses keçirilməsi ağlasığmazdır. Belə bir şəraitdə Əli İnsanovun guya ki, psixi vəziyyətinin pozulması bəhanəsi ilə təcrid etmək mümkün olmayacaq. Tamamilə mümkündür ki, bu yöndə hər ehtimala görə hazırlıqlar gedir. Amma belə bir hal baş verərsə, bunun Azərbaycan hakimiyyəti üçün həm hüquqi, həm də Avropa Məhkəməsi yönündə çox ciddi problemlər yaradacağı indidən bəllidir. Onu da nəzərə almaq lazımdır ki, bu gün də qərbi azərbaycanlıların əksəri üçün Əli İnsanov ciddi bir fiqurdur. Böyük əksəriyyət onu ağsaqqal sayır. Belə bir hadisənin baş verməsi qərbi azərbaycanlılara yönəlik heç də yaxşı hadisə olmayacaq və bu elektoratı çox ciddi sarsıda və hakimiyyətə qarşı qəzəbini artıra bilər. Hesab edirəm ki, belə məlumatları dövriyyəyə buraxmaqla Əli İnsanovu susmağa məcbur etmək istəyirlər. Onu dəlixana ilə təhdid edirlər; həm də ictimai rəydə bundan belə söyləyəcəklərinin təsirini azaltmaq niyyəti güdürlər. Lakin bundan da dərininə hakimiyyətin gedəcəyinə inanmıram.
-Sizcə, Əli İnsanov hazırkı durumdan necə xilas ola bilər? Hansı addımlar atıla bilər ki, mövcud situasiya dəyişsin?
- Bunun çox bəsit bir yolu var. Azərbaycanın həkim-psixiatrları ilə yanaşı Əli İnsanovun yaxınlarının inandığı və xaricdə yaşayan həkim-psixiatrlar dəvət etməklə bu məsələni çözmək olar. Belə bir komissiyanın verdiyi rəy legitim olacaq. Həmin rəyi nəinki Azərbaycan, həm də Avropa Məhkəməsinə təqdim etmək olar.
- Sizcə, sabiq naziri hansı xəstəxanaya yerləşdirə bilərlər?
- Təbii ki, psixika pozulmasının müxtəlif formaları var. Yəni belə xəstələrdə psixiki pozğunluğun aşağı və ya yuxarı həddi var. Bu halda onu Penitensiar Xidmətin hospital-xəstəxanalarından birinin nevroloji şöbəsinə də yerləşdirə bilərlər. Vacib deyil ki, sabiq naziri Maştağadakı xəstəxanaya aparsınlar. Sonradan adam haqda “dediklərinin fərqində deyil” diaqnozu verə bilərlər. Əli İnsanovun şəxsiyyəti Maştağa Ruhi-Əsəb Xəstəxanasına yerləşdiriləcək səviyyədə deyil. Hamı onun nə danışdığının fərqində olduğunu fikirlərindən özü üçün aydın edə bilir.
- Bir daha dəqiqləşdirək: Əli İnsanovun məhkəmədə söylədiyi fikirlər psixikası pozulmuş şəxsin söylədiyi fikirlərə bənzəyirmi, sizcə?
- Mənə elə gəlir ki, bu məsələ daha çox siyasidir. Birmənalı olaraq siyasi olduğu üçün də hakimiyyətdə qıcıq yaradıb. Bilirsiniz ki, İnsanovun çıxışlarında hədəf bilavasitə siyasi hakimiyyətdir. Əli İnsanov da bu hakimiyyətin bətnindən çıxmış şəxsiyyətdir. Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularındandır, illərlə bu partiyanın əsas sütunlarından olmaqla yanaşı, mərhum Heydər Əliyevin ən sevdiyi kadrlardan biridir. Vaxtilə mərhum prezidentə yardım etmiş, qulluğunda dayanmış şəxsdir. Yəni bu məsələni sırf siyasi olaraq qəbul etmək lazımdır. Burada psixikası pozulmuş şəxsin danışdığı boş-boş sözlər yoxdur. Ortada konkret hədəf və ona yönəlik ittihamlar var. Və bu ittihamları təkcə psixikası pozulmuş şəxs etmir ki. Əksər tənqidçi qəzetlərin səhifələrində, müstəqil politoloqların və ekspertlərin, siyasi partiya başqanlarının nitqlərində də həmin ittihamlar yer alır. Ona görə də məhkəmədə səsləndirilən bəyanatları da siyasi olaraq qəbul etmək lazımdır. Yoxsa bunu hansısa insanın psixoloji vəziyyətinin pozulması kimi təqdim etmək lazım deyil. Yəni dilə gətirilən ittihamlarda konkret hədəf var və bunlar hansısa “zır dəli”nin deyə biləcəkləri ilə heç bir əlaqəsi olmayan ittihamlardır. Psixikası yerində olmayan insan belə təhlillərlə, ittihamlarla çıxış edə bilməz. Deməli ,bu insan dediklərinin məsuliyyətini anlayaraq danışır, dilə gətirir. Lakin onun dediklərində həqiqət payının nə qədər olmasına Azərbaycan cəmiyyəti qiymət verə bilər.
- Əli İnsanov həbsdə olduğu illər ərzində hakimiyyətdəkilər haqda ardıcıl olaraq kəskin ittihamlar söyləyib. Onun digərlərindən fərqli olaraq, illərlə susmaması hakimiyyətdə olanlarda şəxsi barəsində belə bir fikir yarada bilərmi?
- 92-ci illərin üzü bəri Azərbaycan müxalifəti Əli İnsanovdan qat-qat artıq ittihamlar irəli sürür. Xüsusilə 2013-cü ildəki prezident seçkilərində bütün Azərbaycan cəmiyyətinin gözləri qarşısında hörmətli professorumuz Cəmil Həsənli çox ciddi ittihamlarla çıxış etdi. Yəni Əli İnsanovun söylədiyi ittihamlar hər gün Azərbaycanın tənqidçi mətbuatında var. Burada təhlükəli məqam bu hadisənin president yaratmasındadır. Gələcəkdə belə üsullardan haqqını tələb edənlərə, həqiqəti söyləyənlərə, hakimiyyətdəkiləri tənqid edənlərə qarşı istifadə edə bilərlər.
- Sadə dillə desək Azərbaycanda həqiqəti söyləyənlərin dəli elan olanması presidentinin əsası qoyula bilər?
- Əgər təsdiq olunsa ki, həqiqətən də bunun arxasında siyasi hakimiyyət dayanıb və dövriyyəyə buraxılan məlumatlar həkim rəyi formasını alsa, təbii ki, bunun başqa adı olmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?