Bu gün Milli Şura ideyasının müəllifi, məşhur kinorejissor Rüstəm İbrahimbəyovun 75 illik yubileyidir.......
Bu gün məşhur kinorejissor, ahıl yaşında siyasətə atılsa da kinoda qazandığı uğurları təkrar edə bilməyən Rüstəm İbrahimbəyovun 75 yaşı tamam olur.
Cəmi bir neçə ay əvvələ qədər Azərbaycan müxalifətinin ulduzuna çevrilən kinorejissoru deyəsən, bu yubileyində öz vətənində yada salan azdır. Ən azından ötən ilin yayında onu prezidentliyə namizəd göstərən müxalifət liderləri deyəsən, İbrahimbəyovu heç təbrik də etməyə tələsmirlər.
Onun qurduğu Milli Şura dağılıb gedir, İbrahimbəyovun özü də bir neçə aylıq siyasətçi missiyasının ona başağrısından başqa heç nə gətirmədiyini başa düşüb və öz işi, yəni kino ilə məşğul olmaqdadır.
Lakin Azərbaycandan fərqli olaraq Rusiyada İbrahimbəyovu ad günündə yada salırlar.
Virtualaz.org saytı xəbər verir ki, fevralın 4-də Rusiya nəşri “Novaya qazeta” ona geniş məqalə həsr edib. “Moskovskiy komsomolets” qəzeti isə kinorejissordan geniş müsahibə götürüb. Rüstəm İbrahimbəyov bu müsahibədə əsasən yaradıcılıqdan, kinodan danışır, ancaq uğursuz siyasi karyerasına da toxunur. Deyir ki, onun Azərbaycanda ötənilki prezident seçkilərindəki mübarizəsi Don Kixotun yel dəyirmanları ilə mübarizəsindən başqa bir şey deyildi...
Virtualaz.org saytı R.İbrahimbəyovun müsahibəsindən seçmələri təqdim edir. Onunla söhbəti Svetlana Xoxryakova aparıb.
...Fevralın 5-də yazıçı, dramaturq, rejissor və prodüser, “Səhranın bəyaz günəşi”, “Məni qoru, mənim talismanım”, “Şərq-Qərb”, “Urqa. Məhəbbət məkanı”, “Günəşdən yoğrulmuşlar” kimi filmlərin ssenari müəllifi Rüstəm İbrahimbəyovun 75 yaşı tamam olur. O, öz yubileyini Los-Ancelesdə qeyd edəcək.
- Çoxları üçün siz hər şeydən əvvəl Vladimir Motılın “Səhranın bəyaz günəşi” filminin ssenari müəllifisiniz. Yəqin ki, filmin həmmüəllifi olan Valentin Yejovla ağlınıza da gəlməzdi ki, bu cür ölməz əsər meydana gələcək. Bu fenomeni necə izah edərdiniz?
- Mürəkkəb çəkilişlərdən və çoxsaylı düzəlişlərdən sonra filmə ən aşağı keyfiyyət kateqoriyası verəndə adamın başına ancaq bir fikir gəlir: necə nail olaq ki, bu film tamaşaçıya çatsın? Bizi yüksək inqilab ideyalarına yüngül yanaşmada ittiham edirdilər və mən yaxşı xatırlayıram ki, Valentin Yejov redaktor müzakirələrində bu frazanı necə tez-tez təkrar edirdi: “Xahiş edirik nəzərə alsınlar ki, hərəm heç də “bardak” deyil, tam əksinədir”.
Filmin uzunömürlülüyünün əsas amillərindən biri onun bədii keyfiyyətlərindən əlavə ideoloji baxımdan neytrallığında idi. Filmdə inqilabi hadisələr ancaq şəraitdir və bu şəraitdə qəhrəman özünü təmiz adam kimi apararaq vicdanı qarşısında baş əyir. Bununla bərabər, o xeyirxahdır, yumor hissi ilə zəngindir, bu keyfiyyətləri ona atəş açmaq bacarığından daha çox kömək edir. Belə xarakterlər tamaşaçının qəlbini fəth edir.
- “Səhranın bəyaz günəşi” çoxseriyalı bədii televiziya filmi üzərində iş gedirmi? Bu ideya kimin ağlına gəlib və siz buna necə yanaşırsınız?
-İllər əvvəl biz Yejovla filmin qəhrəmanları barədə kiçik roman yazdıq. Romanda onların Orta Asiyada bir araya gəlməzdən əvvəlki həyatından bəhs edilir. Bizə elə gəldi ki, filmdəki hadisələrdən əvvəl baş verənlər tamaşaçılara maraqlı ola bilər. Ümidlərimiz doğruldu, nəticədə Motıl və Yejovda romanın ekranlaşdırılması ideyası meydana çıxdı.
Lakin çoxseriyalı bədii televiziya filminin ssenarisini biz Motılın iştirakı olmadan yazdıq və bu da onun xətrinə dəydi. Biz istəyirdik ki, teleserialı Yusup Razıkov çəksin, lakin müxtəlif səbəblərdən bu baş tutmadı. Teleserialdakı əhvalatlar “Səhranın bəyaz günəşi” filminin əhvalatları başladığı yerdə bitir. Mənə elə gəlir ki, bu, teleserialın tamaşaçıların sevdiyi kinoversiya ilə müqayisəsindən yaranacaq məyusluq riskini azaldır.
-Siz Bakıda doğulmuzunuz, Moskvada və Los-Angelesdə yaşayırsınız. Bir dəfə mənə demişdiniz ki, həftənin üç günü özünüzü asiyalı, üç günü avropalı hiss edirsiniz, bazar günləri isə o haqda fikirləşirsiniz ki, bunun hansı daha yaxşıdır. Bəs hansı nəticəyə gəldiniz?
-Həyatımın yarıdan çoxunu Moskvada yaşamışam. Onu çox sevirəm, ancaq Bakısız da keçinə bilmərəm. Mən yaşadıqlarım barədə xatirələrə çox bağlı adamam. Los-Angelesdə adətən ildə iki ay oluram, qış vaxtı: Amerika kinoakademiyasının növbəti “Oskar” mükafatı müsabiqəsi ilə bağlı göndərdiyi filmlərə baxıram, həkimlərdə planlı müayinədə oluram, dostlarla ünsiyyət qururam, belələri Amerikada az deyil. Və, məmuniyyətlə geri qayıdıram. Bakı-Moskva-Los-Angeles üçbucağında bu hərəkət artıq 20 ildir davam edir.
Əminəm ki, “avrasiyalılar” Avropanın və Asiyanın qovuşduğu kifayət qədər geniş ərazidə yaşayan adamlardır. Onların təmiz “asiyalılardan” və “avropalılardan2 əhəmiyyətli üstünlükləri var. Avropalılar və asiyalılar üçün bir-birlərini anlamaq çətindir, ancaq biz öz etnoqrafik vəziyyətimizlə bağlı hətta ən həssas səviyyədə bu və ya digərlərinin davranışlarının motivasiyasını hiss edə bilirik. Bu, mənə özümü həm Qərbdə, həm Şərqdə rahat hiss etməyə imkan verir. Dünyanın iki böyük hissəsinin Rusiya ərazisində birləşməsi ona nəhəng imkanlar verir və bu imkanlardan heç də həmişə düzgün istifadə edilmir.
- Yel dəyirmanları ilə mübarizə aparmaq, qüvvəni boş yerə sərf etmək sizdə tez-tezmi baş verir? Nəyinsə barəsində təəsüfləndiyiniz olurmu?
- Mən kifayət qədər erkən başa düşmüşəm ki, həyatda ən başlıcası xarici təsirlərdən azad olmaq və ancaq özünün nəyin yaxşı, nəyin pis olduğu barədə təsəvvürlərinlə yaşamaqdır. Yel dəyirmanları ilə mübarizə insanın həyatının mütləq hissəsidir, vaxt keçdikdə özünə hörməti itirməmək üçün mən münaqişələrə girirəm. Hətta bilərəkdən ki, məğlubiyyətə düçar olacağam.
Bu, gözəl sözlər deyil, mən özüm barədə öz mövqeyimlə hesablaşıram və ona görə də heç də həmişə rasional davranmamaq qabiliyyətini də qoruyuram. Mən Marçello Mastroyanninin ölümqabağı sözlərini tez-tez xatırlayam: “Elə istəyirəm ki, ölməyim; həyat mənə çox şey verdi...Lakin mən də həyata az şey vermədim”. Böyük italiyalı onu nəzərdə tuturdu ki, özünü həyatla bərabər aparıb və ona qarşılıqlı maraq doğuran istiqamətlərdə irəliləməkdə kömək edib.
- Bəs ötən il namizədliyiniz Azərbaycan prezidentliyinə irəli sürüləndə seçkiqabağı mübarizədə iştirakınız sizə nə öyrətdi? Siz orada persona non-qrata oldunuzmu?
- Mənim üçün Azərbaycandakı prezident seçkilərində iştirak-yel dəyirmanları ilə mübarizələrdən biridir. Hansı ki, bu mübarizədən yayına bilməzdim. Mən gözəl başa düşürdüm ki, Azərbaycanda hakimiyyət maliyyə baxımından nə dərəcədə müdafiə olunur və nə dərəcədə təşkilatlanıb. Başa düşürdüm ki, hətta seçkilərdə səslərin əksəriyyətini toplasan da bu hakimiyyətin getməsinə nail olmaq qeyri-mümkündür. Lakin Azərbaycanda vəziyyət indi elədir ki, özünə hörmət edən adam özünü təhqir olunmuş hesab edir.
Mən siaysətlə məşğul olmaq istəmirdim. Həyatımın qalan illərini sərf etməli olduğum daha vacib işlər var. Lakin yel dəyirmanları hər kəsin yolunun üstünə çıxır, onun arzusundan asılı olmayaraq.
Mən ölkədəki sistemli korrupsiya, təhsilin problemləri, millətlərarası münasibətlər və doğma Bakımda demoqrafik situasiya barədə nə qədər məqalə yazdım. Məni düşmən elan etdilər və özümü “dəyirmanla” mübarizə aparanların ön cərgəsində gördüm. Seçki kampaniyasından “texniki səbəblərə” görə-Rusiya pasportu məsələsinə görə çıxdım. Lakin buna təəsüflənmirəm ki, Mastroyanninin reseptinə uyğun olaraq öz həyatımda hələ də davam edən nəticələrə səbəb olan dönüş edə bildim.
- Sizdən yaxın vaxtlarda nə gözləyək? Nəylə təəcübləndirə bilərsiniz?
-Mənim “İbrus” teatrımın on illiyi ilə bağlı kitab çıxacaq. Onu mən və aktyorlarım səbrsizliklə gözləyirik. Pyeslər, ssenarilər yazmaqda davam edirəm, “Modern” teatrında yeni tamaşa səhnəyə qoymağa hazırlaşıram. Azərbaycanın demokratik qüvvələrinin Milli Şurasının fəxri sədri kimi qalıram. Hansı ki, təkcə mənim üçün yox, yaxınlarım üçün də bir sıra gözlənilməzliklə zəngin oldu. Onlar üçün narahatlıq keçirirəm, mənim kimi kifayət qədər uzun ömür yaşayan biri kimi həyat vərdişə çevrilib. Ona görə də yeknəsəqlikdən qaçmaq lazımdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?