Son zamanlar Suriyaya gedən və həlak olan azərbaycanlıların sayı artır. Bu yaxınlarda Qazılar Şurasının iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına tənqidi fikirlər söyləndi və eləcə də bəzi məscidlərdə gənclərin Suriyaya döyüşə yollanması üçün təbliğat aparılmasından danışıldı. Bununla bağlı “Axar.az”ın əməkdaşı İçəri şəhərdə “Ləzgilər” məscidinin axundu Ramin Həmzəyevdən müsahibə alıb.
Vicdansız adamlar
- Belə bir söz gəzir ki, sizin məsciddə gedən təbliğat nəticəsində gənclər Suriyaya döyüşə yollanır...
- İçəri şəhərdəki məscid tarixi abidədir, özü də şəhərin tam göbəyində yerləşir. Məscidə gedib-gələnlər çoxdur. Azərbaycan kimi bir dövlətdə necə ola bilər ki, məscidlərdə belə təbliğat getsin? Mən eşidirəm bu böhtanları, bunu üstümüzə atanlar vicdansız adamlardır.
- Deyilənə görə, xəvaricilər Azərbaycanı kafir torpaqları adlandırdığı üçün Qarabağa yox, Suriyaya yollanır. Bu iddia düzdürmü?
- Dində vətənə sevgi üstün yerlərdən birini tutur. Vətənin müdafiəsi barədə hədislər var. Əgər məscidə gələnlərin hamısını bir-bir yoxlasaq, görərik ki, onların çoxu Qarabağ uğrunda vuruşmuş əsgərlərdir. Dini icmanın sədri Faiq Mustafa Qarabağ əlilidir. İndi isə gənclərin axını başlayıb məscidlərə.
Bir dənə saqqalsız adam tapmaq olmazdı
- Gənclərin axınının səbəbi nədir?
- Sizin nə demək istədiyinizi başa düşürəm. Guya dinə gələnləri maliyyələşdiririk. Gəlin, bir şeyə aydınlıq gətirək. Sosial rifahın çox aşağı olduğu Azərbaycanda saqqal saxlamağa, namaz qılmağa maliyyə ayrılsaydı, onda ölkədə bir dənə də saqqalsız adam tapmaq olmazdı. Hətta məmurlardan bir neçəsi də belə iddialar səsləndirdi. Amma çox gülüncdür bu.
Heç Milli Məclisdə o qədər danışmırlar
- Niyə Suriya məsələsində məhz sizin və bir neçə məscidin adı çəkilir?
- Bu iddiadır. Bizim məsciddə Qarabağ haqqında, vətənpərvərlik haqqında o qədər danışılır ki, heç Milli Məclisdə o qədər danışmırlar.
Xəvaricilər hər kəsi kafir hesab edir
- Bu yaxınlarda Qamət Süleymanov bir fikir səsləndirmişdi ki, insanları Suriyaya göndərən qurumlar haqqında bir söz deyə bilmərəm, onlar məni kafir adlandırırlar. Bu məsələ haqda nə deyə bilərsiz?
- “Ləzgi məscidi”ni xəvarici yuvası adlandıranlar Allah qarşısında heç bir cavab verə bilməyəcək. O ki qaldı onu kafir adlandıranlara, özü cavab versin bu iddialara. Xəvaricilər özlərindən başqa hər kəsi kafir hesab edir. Onlar məlum Sumqayıt hadisələrini törətdilər, dövlət onlara qarşı tədbir gördü. Suriyada da iştirak ediblər.
Yutub günahkardır...
- Suriyaya gedənlər arasında hansı kəsim daha çoxdur?
- Suriyaya hər iki tərəfdən müsəlmanlar gedir. Şiələr Bəşər Əsəd hakimiyyətinə kömək üçün ordadırlar. Əhli-sünnə müxalifət tərəfdən vuruşur. Suriyadakı müharibə beynəlxalq qanun çərçivəsində getmir. Bu, şiələrlə əhli-sünnələrin müharibəsidir. Məsələn, cənazələrin Azərbaycana gəlməsi də iki kəsim arasında gərginlik yarada bilər. Bütün tərəflər fikirləşir ki, mənim oğlumu kim öldürdü? Bir tərəf “sünnilər” deyə fikirləşir, bir tərəf şiələr. İnternetdə Bəşər əsgərlərinin uşaqları yandırmaq, insanları diri-diri basdırmaq videoları var. Bu videolara baxan və beyniqanlı gənclər durub gedir döyüşə. Biri baxır Yutuba, görür ki, qadınları zorlayırlar. İnsanları yandırırlar, heç kəs bu haqsızlığa dözə bilməz. Bu dəqiqə gənclərə ən böyük stimul verən Yutubdakı videolardır. Suriyaya gedənlər haqqında dövlətlər nə tədbir görəcək, bunu biz bilmirik, amma gedib vuruşur, bunu çəkib Yutubda yerləşdirmək lazım deyil.
- Sizcə, gənclərin canını götürüb müharibəyə getməsinə səbəb ancaq Yutub videolarıdır?
- Vallah, siz bu fikri irəli sürursuz, elə təəssürat yaranır ki, mən hansısa təşkilat tanıyıram. Şəxsən mənim tanıdığım adamlar vardı, dünyalarını dəyişəndən sonra bilmişəm ki, onlar Suriyada olub. Heç kim Suriyaya gedəndə heç kimə məsləhət etmir. Bəşər Əsəd əsgərlərinin uşaqların üstünə benzin töküb yandırmasına baxan adamlar bu səhnələri görəndən sonra qala bilmir.
Ermənilərə şəhidlik statusu verilir
- Deyirsiz ki, şiələr Bəşər Əsəd tərəfdarıdır, belə çıxır ki, sizin dediyiniz o vəhşət dolu səhnələr şiələrə başqa cür təsir edir. Məgər Əsədi qorumağa gedənlər onun vəhşiliklərinin tərəfdarıdır?
- Bizim üstümüzə şər atıb, “gəncləri Suriyaya göndərirlər” deyən kimlərdir? Siğə əhli. Bəşər Əsəd kimdir? Bu, hamıya aydındır. Əgər imkanınız varsa, gedin Suriyaya, araşdırma edin. Orda onun tərəfdarları İrandan, Ermənistandan, İraqdan gələnlərdir, bir də hizbullahçılar. Açıq-aydın ermənilərə şəhidlik statusu verilir, bəs bu, səbəb deyilmi ora getmək üçün?
Ən güclü elm sahibləri sələfilərdir
- Bəşər Əsədi dini təriqətə ayırmayıb, onunla birbaşa mübarizə aparmaq olmaz?
- Bir dənə sünni göstərə bilməzsiniz ki, o, Əsəd tərəfdarı olsun. Uşaqları diri-diri basdırıb, “Əsəd mənim ilahımdır” dedizdirən adamı müdafiə edə bilmərik. Baxın, İran mollalarına nə qədər çağırışlar edirlər, bunlar iki təriqət arasında müharibə başladıblar. Azərbaycanda yüksək elmli dini mütəxəssis yoxdur. Ən güclü elm sahibləri sələfilərdir. Mədinə tələbələrdir. Deməyim bu ki, dini olduğu kimi təqdim edən də Mədinə tələbələridir. Şiənin də, hənəfinin də dini səviyyəsini bilirik.
Keçib üçüncü ölkədən gedəcəklər
- Suriyaya gedənlərin qarşısını almaq üçün nə təklif edirsiz?
- Bu xəmir çox su aparacaq. Dövlət bacardığı qədər qadağa qoyacaq, amma keçib üçüncü ölkədən gedəcəklər. Azərbaycanda dinin düzgün təbliğatına zəmin yaradılmalıdır. İnsanlar ağı-qaradan seçməyi bilməlidir. Maariflənmə olandan sonra onlar özləri biləcək nəyin pis, yaxud yaxşı olmasını.
- Ləzgi məscidi Dini İcmasının sədri Faiq Mustafa da məsələyə aydınlıq gətirib.
- Bura “voenkomat” deyil. Biz heç kimi, heç yerə göndərmirik. Müsəlmanlara xidmət edirik. İnsanlar bura ibadət etmək üçün gəlir, burdan çıxandan sonra kimin hara getməsinə özləri qərar verir, biz yox.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?