Elman Türkoğlu: “Biz istəmirik ki, bu gün birlik yaransın, sabah isə dağılsın”
Suallara Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə cavab verib.
- Yusif bəy, AMİP-də vəziyyət necədir, hansı yeniliklər var?
- Martın əvvəllərində İrlandiyanın paytaxtı Dublinə səfərimiz olacaq. Qeyd edim ki, Dublində Avropa Xalq Fraksiyasının toplantısı keçiriləcək. Burada əsasən Avropa sağ mərkəzçi partiyalar təmsil olunur. Biz bu təşkilatda müşahidəçi statusuna yaxın bir statusda iştirak edirik. Dublində keçiriləcək konfransda Avropa Birliyinə daxil olan dövlətlərin dövlət və hökumət başçıları iştirak edəcək. Onu da deyim ki, Avropa Xalq Fraksiyasının qurucusu və sədri cənab Martines vəfat edib. Dublin konfransında bu qurumun yeni sədri seçiləcək, eləcə də Avropa Xalq Partiyasının Avropa Birliyinin prezidentliyinə irəli sürəcəyi namizədi müəyyənləşəcək. AMİP rəhbərliyi bu toplantıda iştirak edəcək.
- Belə beynəlxalq tədbirlər zamanı ermənilərlə kontaktda olursunuzmu?
- Əfsuslar olsun ki, ermənilərlə təmasımız olmur. Ötən il Avropa İttifaqının və AMİP-in təklifi əsasında İstanbulda “Regional təhlükəsizlik” mövzusunda böyük tədbir keçirildi. Biz bu tədbiri hər il keçiririk. İstanbul tədbirinin əsas təşkilatçısı AMİP, İsveçin Moderat Partiyası və AB-yi idi. Tədbirdə Gürcüstanın hakim partiyasının nümayəndələri, Avopa İttifaqının hazırda fəaliyyətdə olan səfirləri, habelə əvəllər Cənubi Qafqaz ölkələrində işləmiş səfirləri ekspert qismində iştirak edirdilər. Bundan savayı, vaxtı ilə ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi olmuş Qoran Lenmarken də iclasa moderatorluq edirdi. Bu tədbirdə Ermənistan nümayəndə heyəti iştirak etmirdi. Amma bizimlə Gürcüstandan gələn nümayəndə heyətinin mövqeləri üst-üstə düşdü. Biz orada da qeyd etdik ki, Ermənistanla əməkdaşlığımız davam edə bilər. Bir şərtlə ki, erməni tərəfi Dağlıq Qarabağ ətrafı işğal etdiyi əraziləri boşaltsın. Çünki Dağlıq Qarabağ beynəlxalq hüququn subyektidirsə, Qarabağ ətrafı torpaqlar Azərbaycanın daxili işidir və biz bu ərazilərimizi terrorçulardan təmizləyə bilərik. Buna Azərbaycanın haqqı var.
- AMİP-in qurultayı gözlənilirmi?
- Biz qurultayda seçkilərə getməklə bağlı qərar verməliyik. Əlbəttə ki, qurultayda təşkilati məsələlər də müzakirə olunacaq, sturuktur dəyişiklikləri haqda qərarlar ola bilər. Amma əsas odur ki, qurultayda partiya seçkilərə getməklə bağlı qərarını verməlidir. Biz qərar verməzdən öncə müəyyən etməliyik ki, seçkilərə AMİP olaraq tək gedirik, yoxsa blok şəklində gedirik. Bu məsələ isə müzakirə edilməlidir. Biz hazırda təmsil olunduğumuz Demokratik Qüvvələr Birliyinin seçkilərlə bağlı qəti mövqeyini gözləyirik. Çünki burada təmsil olunan bir çox partiyalar bələdiyyə və parlament seçkilərinə birgə getməyi, qurumu seçki blokuna çevirməyi təklif edirlər. Biz AMİP olaraq buna etiraz etmirik. Amma KXCP, BAP və Azad Demokratlar Partiyası həm Milli Şurada, həm də Demokratik Qüvvələr Birliyində təmsil olunur. Biz son iclasda da bu məsələni qaldırdıq. Bu partiyalar isə bildirdilər ki, yaxın bir-iki ayda öz mövqelərini açıqlayacaqlar. Mən belə anlayıram ki, onlar əsasən Milli Şurada gedən prosesləri izləyəcək, daha sonra öz partiyaları daxilində bu məsələləri müzakirə edəcəklər. Mən də onlara izah etdim ki, AMİP böyük təşkilatdır, qurultayının keçirilməsi üçün Təşkilat Komitəsi yaranır, rayon təşkilatlarında konfranslar keçirilir qurultay nümayəndələri müəyyən edilir. Biz xahiş etdik ki, bu partiyalar mövqelərini mümkün qədər tez açıqlasınlar. Ümid edirəm ki, onlar tez bir zamanda bu haqda qərarlarını verəcəklər. AMİP-in qurultayının gününün təyin edilməsi isə Mərkəzi və Siyasi Şuranın qərarı əsasında olmalıdır. Yəqin ki, yaxın günlərdə biz Mərkəzi Şuranın toplantısını çağırıb bu istiqamətdə müzakirələr aparacağıq. İndi bizim üçün daha vacibi müttəfiqlərimizin mövqeyidir. Əlbəttə, bizim arzumuz və istəyimiz odur ki, seçkilərə birlikdə gedək. Biz istəmirik ki, bu gün birlik yaransın, sabah isə dağılsın. Bütün hallarda AMİP qurultayını da keçirəcək, seçkilərə də gedəcək.
- Yusif bəy, yəqin ki, dost ölkə olan Ukraynada gedən prosesləri müşahidə edirsiniz. Bu ölkədə nələr baş verir və hansı səbəblərdən baş verir?
- Əslində xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Ukraynada dövlət Gömrük İttifaqı və Avrasiya Birliyinə daxil olmaq haqda qərar verib. Ancaq ukraynalılar isə Avropaya yaxınlaşmaq istəyir. Səbəbləri burada axtarmaq lazımdır. İkincisi, Ukraynanın ciddi iqtisadi problemləri mövcuddur. Bu problemlərin həlli yollarını dövlət bir, xalq isə başqa cür görür. Dövlət hesab edir ki, Gömrük İttifaqına üzv olmaqla, Rusiyanın maliyyə yardımını əldə etməklə bunu həll edə bilər. Xalqın təşkilatlanan hissəsi olan müxalifət isə hesab edir ki, Avropa Birliyinin üzvü olsalar daha çox inkişaf edə, böyük yardımlar ala və modern bir dövlət ola bilərlər. Bu səbəbdən də, müxalifət və xalq Avropa İttifaqı ilə assiosativ sazişin imzalanmasını vacib sayır. Üçüncü tərəfi isə burada siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi məsələsidir. Müxalifətdə olan qüvvələr hakimiyyətə gəlmək istəyirlər. Fikrimcə, bu faktorları birlikdə götürmək lazımdır. Hadisələrin belə inkişafı ukraynada etnik qarşıdurmaya, dövlətin parçalanmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Ukraynada rus və tararların sayı az deyil. Odur ki, Ukraynada hökumət və müxalifət bir araya gəlməsə, bu daha böyük faciələrin yaşanmasına səbəb ola bilər. Təəssüflə deyim ki, artıq müxalifətlə hakimiyyətin bir araya gəlməsi ehtimalları getdikcə azalır. Çünki fevralın 18-dən bu yana baş verən hadisələr zamanı 28 nəfər öldürülüb. Biz bilməliyik ki, Ukrayna 1905, 1918-1920-ci illərdə və 1988-ci ildən bu yana hər zaman bizimlə birlikdə olub. Ukrayna xalqı ilə bizim tarixi dostluq münsibətlərimiz olub, daima bir-birimizə yardım etmişik. Bu ölkə ilə maraqlarımız da daim üst-üstə düşüb. Odur ki, Ukraynada baş verənlər bu ölkənin daxili işi olsa da, xalqın seçiminə hörmətlə yanaşılmalıdır.
- Ukrayna Rusiyaya tərəf getməlidir, yoxsa Avropa Birliyinə?
- Bu onların öz seçimidir. Əlbəttə, Ukraynanın Avropaya yaxınlaşması Rusiyanın imperiya ideyasına böyük zərbə olacaq. Əslində prezident Yuşenkonun vaxtında Avropa böyük səhvə yol verərək bu ölkənin NATO-ya qəbulu prosesini uzatdı. Fransa və Almaniya hökuməti Ukraynanın Avropa Birliyinə və NATO-ya daxil olması məsələsində tərəddüd etdilər. İndi Avropa Birliyi 10 il əvvəl buraxdığı səhvini düzəltmək istəyir. Fikrimcə, Ukraynanın Avropaya yaxınlaşması daha məqbuldur. Nə qədər ki, Rusiyanın imperiya niyyətləri varsa, ətrafda olan dövlətlərə problem və təhlükə yaradacaq. Əslində çoxları deyir ki, Gömrük İttifaqı SSRİ-nin bərpası deməkdir. Mən isə hesab edirəm ki, bu ideyanı Kreml ortaya atmaqla MDB ölkələrinin Avropa Birliyinə yaxınlaşmasının qarşısını almaq istəyir. Mən hesab edirəm ki, Ukrayna Avropanın bir hissəsi olsa daha yaxşı olar. Əslində bu proses bizdə də getməlidir.
- Sizcə, Ukraynada başlayan bu qarşıdurma, insan tələfatı ilə nəticələnən hərəkatın sonu nə ilə bitəcək?
- Hesab edirəm ki, sonunda Ukrayna Avropa Birliyi istiqamətinə irəliləyəcək. Onu da qeyd edim ki, Yanukoviç hökuməti azərbaycanpərəst hökumətdir, ölkəmizlə gözəl münasibətləri var. Amma mənim proqnozum odur və proseslərdə göstərir ki, Ukrayna Avropaya doğru yön alacaq. Rusiya artıq çökməkdədir, federasiya subyektləri geriyə gedir. Neftdən və qazdan asılı bir ölkədir. Rusiyanı yaxşı gələcək gözləmir. Ancaq bizim Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olmalıdır. Əvvəla, Rusiya bizimlə sərhəddi olan ən böyük dövlətdir. İkincisi, bu ölkədə iki milyona yaxın azərbaycanlı var. Rusiyanın Azərbaycana təsir eləmək imkanı genişdir. Dağlıq Qarabağ probleminin açarının əsas hissəsi Rusiyadadır. Elə torpaqlarımızın işğal edilməsinin səbəbkarı da Rusiyadır. Elə Azərbaycanın iki yerə bölünməsinin səbəbkarı da Rusiyadır.
- Ukraynanın Avropanın bir hissəsi olması, Rusiyadan tam olaraq ayrılması bizə hansı üstünlüklər verə bilər?
- Əgər bu baş versə, Rusiyanın başı öz daxilinə qarışacaq. Fikrimcə, bu halda federativ dövlətlərdə proseslər başlanacaq. Əgər Ukrayna Avropanın bir hissəsi olacaqsa, bu zaman Avropanın sərhədləri Rusiyaya dirənəcək. Bu həm də sadə rusların Avropaya meyl etməsi demək olacaq.
- Azərbaycan Gömrük İttifaqı ilə bağlı qəti mövqeyini ifadə etməyib. Sizcə, biz bu quruma daxil olmalıyıqmı?
- Mənim fikrimcə, qəti şəkildə Gömrük İttifaqına və ya Avrasiya Birliyinə daxil olmamalıyıq. Həm də Gömrük İttifaqına daxil olandan sonra bütün maliyyə əməliyyatları Rusiyanın mərkəzi bankı tərəfindən idarə olunacaq. Bizim orada nə işimiz var? Azərbaycan müstəqil şəkildə davam etməli və Avropaya inteqrasiya olunmalıdır. Əlbəttə, biz Avropadan ancaq yaxşı və müsbət məqamları götürməliyik.
- Son zamanlar müxalifət düşərgəsində casus qalmaqalı müzakirə obyektinə çevrilib. Siz bu istiqamətdə gedən müzakirələri necə qiymətləndirirsiniz?
- Baxın, Azərbaycan televiziyalarında məişət problemləri ilə bağlı xoş olmayan verilişlərin sayı günü-gündən artır. Mən deyə bilmərəm ki, bu kimin sifarişidir. Çünki informasiyam yoxdur. Amma biabırçı, xalqın nüfuzunu aşağı salan verilişlərdir. Bunun əvəzinə nisbətən intellektual verilişlər hazırlamaq olar. Ancaq hansı kanalı açırsan, məişət problemləri müzakirə edilir, insanlar bir-birinin üstünə gəlir və s. Hesab edirəm ki, bu casus məsələsi də əsas diqqəti ictimai fikirdən yayındırmaqdır. Mən bu məsələlərə neqativ yanaşıram.
- Siz hüquqşünassınız. Müxalifətdə kimlərinsə casus şəbəkəsinə cəlb olunması kimi əməliyyatlar ola bilərmi?
- Bu nağıldır. Bu ictimai fikrin əsas məsələlərdən yayındırılmasına istiqamətlənib. Amma bu haqda daha dəqiqini müvafiq orqanlar deyə bilər. Mən bunları nağıl hesab edirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?