“İmkanı olmayan vətəndaşlar ayda 50-100 manat arasında vəsait ödəməklə ev sahibi olacaq. Kim istəsə hissə-hissə ödəyərək, imkanı olmayanlar isə ayda kiçik məbləğ ödəməklə 25-30 ildən sonra yaşadıqları evlərin rəsmi sahibi olacaqlar. Bunun üçün isə xalq evlərinin yaradılmasına ehtiyac var”. Bu təkliflə millət vəkili Əli Məsimli çıxış edib. Bu təklif maaşı orta aylıq əmək haqqı və ondan daha az olan əhali üçün xeyli maraqlı görünür. Ölkədə 2 milyona yaxın insan mənzil problemindən əziyyət çəkir. Problemi həll etmək üçün təkcə ipoteka vermək yox, həm də xüsusi xalq evləri tikilməsinə ehtiyac var. Bəs kimlər bu imkandan yararlana biləcək? Xalq evlərinin üstünlüyü nə olacaq? Daha ətraflı məsələni gündəmə gətirən millət vəkili Əli Məsimlidən öyrəndik. -Nə deməkdir xalq evi? Bu üsulun effekti necə olacaq? -Xalq evləri bir sıra ölkələrdə tətbiq olunan üsuldur. Öz gəlirləri hesabına mənzil almaq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulub. İkinci dünya müharibəsi zamanı Almaniya darmadağın olmuşdu, bu ölkənin dünyanın bir nömrəli dövlətinə çevrilməsində bu xalq evlərinin də böyük rolu olub. Bu üsulla Almaniyada evsiz insanları evlə təmin edirdilər. Çünki insanların evi olmayanda onun fayadalı iş əmsalı da aşağı olur. Başqa ölkələrdə isə ya dövlət birbaşa ayrı - ayrı şirkətlərə sifarişlər verir, evlər tikilir və daha ucuz qiymətə vətəndaşlara satılır və ya vətəndaş mənzildə yerləşdikdən sonra hər ay minimum məbləğdə həmin ailə pul ödəyir və həmin məbləğin ödənilməsi bitəndən sonra ev o ailəyə qalır. Hər iki modeldən istifadə etmək olar. İmkanı olanlar birbaşa mənzilin pulunu ödəyə, olmayanlar da uzunmüddətə aylıq olaraq 50, 60 və ya 100 manat verə bilər. Bu üsulu Azərbaycanda uğurla həyata keçirmək mümkündür. Bu həm də tikinti istehsalı sənayesinin sürətlə inkişafına da təsir edəcək. Çünki ölkədə bir zamanlar müşahidə edilən tikinti bumu sönməyə başlayıb, bunu yenidən canlandırmaq mümkündür. -Hansı kateqoriyalı insanlara şamil edilə bilər? Azərbaycanda orta aylıq əmək haqqı 430 manatdır. Bu məbləği minimum təlabatla müqayisə etdikdə, bunu ödəmək imkanı olanlar var. Lakin büdcə sturukturlarında çalışanların maaşı 200-250 manat civarındadır. Demək, bu insanlar ömür boyu ev ala bilməyəcək. Ona görə də, büdcə strukturunda çalışan müəllim, elm adamlarına, incəsənət işçilərinə bu imkan yaradıla bilər. Onlar ayda 100 manat ödəməklə ev sahibi ola bilərlər. -Bu evlərin harada tikilməsi məqsədəuyğun hesab edilə bilər? -Hesab edirəm ki, bunun üçün xüsusi yerlər ayırılmalıdır, şəhərciklər də salına bilər. Ərazi seçimi elə olmalıdır ki, həmin şəxslərin iş yerlərinə yaxın olsun. Bəzi ölkələrdə bu şəhərciklər paytaxtda salınıb, lakin istənilən effekti verməyib, bunun yanlış olduğunu anlayıblar. Ona görə də, bu təcrübələri əsas götürərək, bu evlərin tikintisinə bölgələrdən başlamağı daha münasib hesab edirəm. Amma bununla yanaşı tikinti işləri paytaxtda da eyni vaxtda aparıla bilər. -Bu cür evlərin tikilməsi, tikinti sektoru ilə məşğul olan sahibkarların marağına uyğun gəlmir. Çünki bu alıcı kütləsinin azalması deməkdir. Bəs bu evlərin tikilməsi dövlət, yaxud özəl şirkətlər tərəfindən həyata keçiriləcək? -Bu məsələdə dövlət sifarişçi funksiyasını yerinə yetirir. Tender elan edir, müsabiqədə qalib gələn şirkətlər də bu işi həyata keçirəcək. Çünki dövlətin belə böyük tikinti işi ilə məşğul olmaq imkanı yoxdur. Bu baxımdan tikinti şirkətləri özləri də bu məsələdə maraqlı olacaq. Bu da tikinti sahəsində yeni bum, bazarda isə canlanma yaradacaq. Şirkət əməyinin hesabına qazanc götürəcək. Dövlət vəsait ayıracaq, özəl şirkətlər həmin evləri tikib çəkdiyi xərci götürəcək. Vətəndaşların ödədiyi vəsait isə dövlət büdcəsinə daxil olacaq. Kamal
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?