Vidadi Mirkamal: “Əsas vəzifə Milli Şurada qalan və bu quruma gəlmək istəyən qüvvələrin monolitliyini qorumaqdır”
Suallara Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal cavab verib. Müsahibimiz əsasən müxalifətin durumu, atılmalı olan addımlardan danışıb, eləcə də, ölkədə mülkiyyət hüququnun pozulması haqqında fikirlərini açıqlayıb.
- Vidadi bəy, Azərbaycan müxalifətinin hazırkı durumunu necə qiymətləndirmək olar? - Siz özünüz də, məndən yaxşı bilirsiniz ki, Azərbaycan müxalifəti rəngarəngdir. Odur ki, bu suala konkret cavab vermək mümkün deyil. Konkret cavab üçün sizin hansı müxalifət düşərgəsini nəzərdə tutduğunuzu müəyyən etmək vacibdir. - Əlbəttə, söhbət real müxalifət düşərgəsindən gedir... - İndiki Azərbaycanda böyük mənada müxalifətin hazırkı vəziyyətinin durğunluq içində olduğunu deyə bilərik. Bəli, durğunluq bir vəziyyət hökm sürür. Hesab edirəm ki, durğunluğun yaranmasında iki əsas səbəb var. Birincisi, hər bir normal cəmiyyətdə seçkidə uduzan və ya uduzdurulan siyasi düşərgə seçkidən sonra böhran həddinə düşür. Bu durğunluq indi Azərbaycan müxalifətini bürüyüb. Hazırda bu proses davam edir. İkincisi, zaman-zaman iqtidar müxalifət üzərinə gəlir, onun əlində olan maddi-maliyyə və digər imkanlara zərbələr endirir, hər vəclə çalışır ki, müxalifəti zəiflətsin. Bu mənada seçkilərdən sonra iqtidar əlində olan bütün resurslardan istifadə edərək müxalifətin üzərinə gəlir. Bunu konkret faktlarla da demək olar. Müxalifətin öz daxilində işsizlik, maliyyəsizlik, bir-birinin əleyhinə çıxışlar da var. Həm də iqtidar faktiki olaraq müxalifətin fəaliyyətini məhdudlaşdırır. Siz də gördünüz ki, AXCP-nin qərargahı həm də Milli Şuranın qərargahı idi. Burada bizim iclaslarımız, sessiyalarımız və tədbirlərimiz keçirilirdi. Təsəvvür edin ki, bu qərargahı AXCP və Milli Şuranın əlindən almaq üçün partlayış belə törədildi. Bu kimi hallar şübhəsiz ki, həm AXCP-nin, həm də Milli Şuranın fəaliyyətinə mənfi təsir göstərir. Hələ ki, müxalifətdə toparlanma prosesi, axtarışlar gedir. Hesab edirəm ki, bu proses tezliklə başa çatmalıdır. Çünki müxalifət düşərgəsi bu formada fəaliyyət göstərsə indiki əhval-ruhiyyə insanlara təsir göstərə və bu ümumilikdə müxalifətin mövqeyinin zəifləməsinə səbəb ola bilər. - Vidadi bəy, real müxalifətin bu mərhələ üçün əsas fəaliyyət istiqaməti nədən ibarət olmalıdır? - Mən ancaq Milli Şura haqqında danışa bilərəm. Çünki digər müxalifətin hansı işlə məşğul olmasına dair mən bir söz deyə bilmərəm. Çünki mən həm onların içərisində deyiləm, həm də onların fəaliyyəti görsənmir. Milli Şuraya gəldikdə deyim ki, məncə, əsas istiqamətlərdən biri konsalidasiyanın qorunub saxlanılması olmalıdır. Yəni bu dəqiqə Azərbaycan müxalifət düşərgəsində ən real və ən böyük toparlanan qurum Milli Şuradır. Lakin son seçkilərdən sonra Milli Şuranın zəiflədilməsi istiqamətində xeyli işlər aparıldı. Bu iş həm hakimiyyət, həm də müxalifətin özü tərəfində edildi. Odur ki, indi əsas vəzifə Milli Şurada qalan və bu quruma gəlmək istəyən qüvvələrin monolitliyini qorumaq olmalıdır. Bu əsas vəzifədir. İkinci mühüm vəzifə əsas fəaliyyət istiqamətlərinin müəyyən olunmasıdır. İndidən sonra Milli Şura real müxalifət qüvvələrini başına toplayaraq hansı addımlar atmalıdır və iqtidarla bağlı, eləcə də beynəlxalq qurumlarla əlaqədar siyasətdə müəyyən olunmalıdır. Siz də bilirsiniz ki, qarşıdan bələdiyyə və Milli Məclis seçkiləri gəlir. Bu seçkilərə münasibətdə Milli Şura taktika və strategiyasını müəyyən etməlidir. Həm də möhkəmlənmək istiqamətində ciddi addımlar olmalıdır. Hesab edirəm ki, xalqın içinə getmək, birbaşa təmaslaq qurmaq lazımdır. Məncə, qarşıda görülməli olan xeyli işlər var. - Real müxalifət ancaq Milli Şurada təmsil olunan qüvvələrdən ibarət deyil. Bəs Milli Şurada təmsil olunmayan qüvvələrlə əlaqələr necə qurulmalıdır? - Həqiqi müxalifət qüvvələri bir yerdə olmağa məhkumdur. Yəni müvəqqəti ayrılmalar və ya tərəddütlərin hamısı ola bilsin ki, birliyin yaranmasına təsirini göstərir. Lakin hər bir halda bu qüvvələr bir qurum altında birləşməsələr də, hakimiyyətə münasibətdə öz fəaliyyətlərini koordinasiya etməlidirlər. Yox əgər bu qüvvələr ayrı-ayrılıqda fəaliyyət göstərməyə çalışacaqsa, bunun heç bir əhəmiyyəti və effekti olmayacaq. Gerçəkilk ondan ibarətdir ki, bu gün Azərbaycanda təkbaşına hakimiyyətlə vuruşan və ya mübarizə aparmağa qadir olan qüvvə yoxdur. Bu qüvvələr yalnız birləşəndə nəsə alına bilər. İqtidarın Azərbaycan müxalifətinə vurduğu ən böyük zərbələrdən biri də Milli Şuranın yaranmasından indiyə qədər olan tərəddütlərdir. Xalqımızda belə bir fikir formalaşmışdı ki, iki halda müxalifət hakimiyyətə qalib gələcək. Bunlardan biri real müxalifət təşkilatlarının bir arada olmasıdır. Milli Şuranın həm daxildə olan bəziləri, həm də hakimiyyət bu təsəvvürü alt-üst etdilər. Əslində müxalifətin bir yerdə olması hələ onların qələbə çalması demək deyil. İkincsi, belə düşüncə var idi ki, müxalifətdə olan qüvvələr artıq köhnəliblər, odur ki, ölkədə prezidentliyə namizəd mütləq ziyalı olmalıdır ki, xalq onu müdafiə etsin. Bu təsəvvür möhkəm idi. Amma Milli Şuranı həm daxildən, həm də xaricdən zəiflətməklə hakimiyyət bu təsəvvürləri alt-üst etdi. Əksinə, iqtidar belə təəssürat yaratdı ki, müxalifət bir yerdə olsa və layiqli ziyalı namizəd irəli sürsə də, hakimiyyətin qarşısında duruş gətirə bilməz. Başqa sözlə, xalqın gözündə hakimiyyətlə mübarizənin bütün üsulları iqtidar və hakimiyyətyönlülər alt-üst edib. Həm də ideoloji aspektdə müxalifət ciddi iş aparmalı, bu saxta təsəvvürlərin yanlış olduğunu xalqa inandırmalıdır. - Avropa Komissiyasının Azərbaycanla bağlı hesabatını necə qiymətləndirirsiniz, sizcə hesab Azərbaycandakı ictimai-siyasi vəziyyətə adekvatdırmı? - Azərbaycanla bağlı hesabatda müsbət məqamlar çoxdur. Belə götürəndə Avropa İttifaqı Azərbaycanın demokratik dövlət olmasında, Avropaya inteqrasiya etməsində, Avropa dəyərlərini öz fəaliyyətində əsas götürməsində maraqlıdır. Bu istiqamətlər üzrə Avropa İttifaqı öz iradlarını Azərbaycana bildirib. Lakin iş ondadır ki, bizim hakimiyyət o qədər özünə inanıb ki, Avropanın və dünyanın nüfuzlu təşkilatlarının iradlarını düşməncəsinə qəbul edir. Bu iradları aradan qaldırmaq əvəzinə bu beynəlxalq təşkilatların üzərinə gedir. Bu da heç yaxşı əlamət deyil və Azərbaycana baş ucalığı gətirmir. Bunun əvəzində daha yaxşı olardı ki, iqtidar Avropaya inteqrasiya yolunda islahatlar aparsın və ölkə əhalisinin vəziyyətini düzəltsin. Azərbaycanın gəlirləri və büdcəsi ilə insanların yaşayış səviyyəsi tərs mütənasibdir. Beynəlxalq təşkilatların üzərinə getməkdənsə, bu məsələləri aradan qaldırmaq lazımdır. - Azərbaycan müxalifəti bələdiyyə seçkilərində iştirak etməlidirmi? - Mən hesab edirəm ki, hər bir seçki siyasi qüvvələrin gücünü müəyyən edir. Bu saat Türkiyədə bələdiyyə seçkiləri ilə əlaqədar ciddi aktivlik və deyərdim ki, bir fəallıq bumu müşahidə olunur. Deyərdim ki, indi Türkiyədə keçirilən bələdiyyə seçkiləri hətta parlament seçkilərindən də aktiv şəraitdə keçirilir. Müxalif qüvvələr hesab edirlər ki, bələdiyyələr vasitəsi ilə yerlərdə hakimiyyətə ələ ala bilsələr növbəti prezident və ya parlament seçkilərində qələbə çala bilərlər. Əlbəttə, Türkiyə ilə Azərbaycanı müqayisə etmək də doğru olmazdı. Çünki Türkiyədə xeyli demokratik institutlar fəaliyyət göstərir. Baxmayaraq ki, son dövrlər bu ölkədə də neqativ tendensiyalar açıq hiss edilir. Azərbaycan isə tamam fərqli bir ölkədir. Müxalifət düşərgəsində bələdiyyə seçkilərinə xüsusi maraq yoxdur. Bunun da müəyyən səbəbləri var. Çünki Azərbaycan idarəçilik sistemində bələdiyyə institutlarının yeri yoxdur. Bələdiyyələr icra hakimiyyətindən asılı orqana salınıb. İkincisi, siyasi partiyaların bələdiyyə seçkilərinə münasibəti də yaxşı deyil. O mənadakı siyasi partiyalar öz qüvvə və enerjilərini bu seçkilərə sərf etmək istəmirlər. Bu mənada hesab edirəm ki, müxalifət partiyaları bələdiyyə seçkilərinə tam hazır deyil. Bu münasibət dəyişməlidir, əgər dəyişməsə həmin seçkilərlə bağlı heç nə əldə olunmayacaq. - Azərbaycan hökumətinin fəaliyyətini necə qiymətləndirmək olar, son yaddaqalan hadisə “Sovetski”dən insanların zorla köçürülməsi prosesi oldu... - Bu hakimiyyətin daxilində olan məmur-quldurlar az müddətdə qeyri qanuni yollarla varlana bilirlər. Mən onlara oliqarx deməzdim. İndi baş verənlərə Bakının yenidən bölüşdürülməsi kimi baxıram. Ancaq bu hadisələr niyə baş verir, nədən insanları “könüllü” sürətdə şəhərin mərkəzindən çıxarırlar, bu hadisə nəyə görə Tiflisdə, Ankarada ola bilməz, amma Bakıda ola bilər? Məncə, bunun iki tərəfi var. Birincisi, bu hakimiyyət xalqdan qorxmur. Əgər xalq birləşərək hakimiyyətə təpki göstərsəydi başqa mənzərə yaranardı. Əgər vaxtında Qış Parkı tikilən ərazidə sakinlər birlik nümayiş etdirib ortaya müqavimət qoya bilsəydilər, yəqin ki, hakimiyyət Sovetskidə bunu təkrar etməzdi. Azərbaycanda zaman-zaman vətəndaş cəmiyyətinin ələ alınması, zəiflədilməsi və özününküləşdirilməsi prosesi gedir. Əslinə qalanda mülkiyyət hüquqlarının qorunması məsələsində dövlət orqanları tam fəaliyyət göstərə bilmirlərsə, bu halda vətəndaş cəmiyyəti ortaya çıxır, problemi qabardır, ictimailəşdirir. Və beləcə vətəndaş cəmiyyəti xalqı səfərbər edə bilir. Ancaq indi müxalifət necədirsə, vətəndaş cəmiyyəti də onun günündədir. Bu saat vətəndaş cəmiyyəti sektorunda çox az miqdarda müstəqil təşkilatlar qalıb. Bu sektorda çoxluğa hakimiyyət nəzarət edir. Odur ki, mülkiyyət məsələsində və digər problemlərdə insanların üz tutub gedəcəyi bir ünvan yoxdur. İnsanlar ayrı-ayrı yerlərdə fərdi şəkildə müqavimət göstərməyə çalışırlar ki, hakimiyyət onların tələbatlarını ödəsin. Çünki “Sovetski”də əgər 20 kvadratmetrlik mənzilə 30 min manat verilirsə, həmin şəxs necə mənzil ala bilər? Bu mənada hakimiyyət xalqdan və vətəndaş cəmiyyətindən qorxmur. Odur ki, insanların hüquqlarını pozmaqda davam edirlər. Üstəlik də, deyirlər ki, biz insanların evini zorla “almırıq”. Hansı ki, evini satmayan şəxsin dörd bir yanını alırlar, ərazidə ciddi tikinti işlərinə başlayır, su, qaz xətti kəsilir, satılmayan mənzil toz-dumanın və texnikanın əhatəsində qalır. Hələ lazım gələndə evini satmaqdan imtina edən vətəndaşın evinin bir hissəsi də uçurdulur. Hazırda vətəndaşlarımızın mülkiyyət hüququ ciddi və kütləvi sürətdə tapdanır. Bu da, Avropaya inteqrasiya etmək istəyən, Avropanın tərkib hissəsi olmaqda maraqlı olan bir ölkədə yolverilməz haldır və deyərdim ki, cinayətdir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?