General 6 il həbsdə saxlanıldığını, ancaq heç vaxt fikirlərindən vaz keçməyəcəyini deyib
Ergenekon” adı ilə tanınan prosesdə 74 ay həbsdə qalandan sonra azad edilən Türkiyənin istefada olan jandarma generalı Vəli Küçükün APA-ya müsahibəsi.
- Sizi niyə tutmuşdular?
- Mənim həbs edilməyim türk ordusunu ələ keçirmək məqsədi daşıyırdı. 700 min nəfərlik türk ordusu partizan müharibəsi apara bilən bir ordudur. Orta Şərqdə 26 ölkənin sərhədlərinin dəyişməsinə dair qərar qəbul edilmişdi, onların içində Türkiyə də vardı. Türkiyənin sərhədlərinin dəyişdirilməsi üçün partizan müharibəsi apara bilən 700 min nəfərlik ordunun zəiflədilməsi lazımdır. Türk ordusuna girmək asan deyildi, ona görə də illərlə mənim üzərimdən orduya girməyə çalışdılar. Mən 74 ay həbsdə qaldım, o müddətdə apardıqları istintaqda mənim qabağıma heç bir suç qoya bilmədilər. Dəfələrlə dedim ki, nə günahım varsa, onu deyin, mən cəzasını çəkəcəyəm. Təbii ki, mən türk milliyyətçisiyəm, Atatürkün çizdiyi yoldan zərrə qədər uzaqlaşmaram, türk millətinin bütövlüyünü düşünürəm. Azərbaycanda ermənilər tərəfindən işğal edilən torpaqların niyə işğal edildiyini, Xocalıda millətimin niyə soyqırıma məruz qoyulduğunu demək mənim haqqım deyilmi? Bu işlərin üzərinə getdim, bərkdən danışdım, məni hədəfə aldılar. DAK-ın Kölndəki toplantısında məni başqan seçdilər, ondan sonra imperialist dövlətlər üzərimə daha qərarlı şəkildə gəldilər. Mən ABŞ-dakı Azərbaycan dərnəklərinin də toplantılarına gedirdim. İranı qarışdırmaq, oradakı Azərbaycan türklərinin ayrılaraq dövlət qurması üçün Qərb məndən dəstək istədi, ancaq mən buna qarşı çıxdım, çünki bunun nə zamanı, nə də sırası idi. Qərb bunu İrandakı Azərbaycan türklərinə yaxşılıq etmək üçün istəmirdi, ertəsi gün gəlib Orta Şərqi qarışdırmaq, imperialistlərin bu torpaqları tamamilə ələ keçirməsi üçün istəyirdi. Bunlara qarşı çıxdığıma görə məni hədəfə qoydular. Məhkəmədə dəfələrlə dedim: mən türk milliyyətçisiyəm, mənə birlik lazımdırsa, bunun adı Türk Birliyidir. 300 milyonluq Türk Dünyası bir araya gələ bilsə, dünyanın xəritəsi və mahiyyəti dəyişəcək. Bundan qorxduqlarına görə Orta Şərqi qarışdırmaq istəyirlər. Məni 6 il həbsdə saxladılar, ancaq heç vaxt fikirlərimdən vaz keçməyəcəyəm. Yenə də eyni fikirləri təkrarlayacağam. Əgər ermənilər Azərbaycanın 17 min kvadrat kilometr torpağını işğal edibsə və mən buna qarşı səsimi çıxara bilmirəmsə, onda niyə yaşayıram? 1 milyon insan öz torpaqlarında qaçqındır. Bunun niyə baş verdiyini demək mənim günahımdırmı? Mən Azərbaycanın və bütün Türk Dünyasının nəfəriyəm, yenə də danışacağam, yenə də torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışacağam, yenə də bildiklərimi deyəcəyəm. Həbsxanada dəfələrlə dedim ki, mən burada bayrağın və torpağın növbətçiliyini yapıram. 70 yaşım var, heç bir şeydən çəkinmirəm, gördüyüm heç bir işdən də peşman deyiləm. Mən jandarma generalıyam, jandarmanın kəşfiyyatını mən qurmuşam. Məhkəmədə dəfələrlə dedim ki, təşkilatımın da hansı günahı varsa, mənim qabağıma sənədlərlə qoyun, cəzasını mən çəkəcəyəm. Kəşfiyyatçı olmaq suçdurmu? Mənə bu vəzifəni dövlət verdi, mən də sevə-sevə vəzifəmi yerinə yetirdim. Demişdilər ki, Vəli Küçük 500 milyon dollar pul gətirib, Adananın Pozantı qəsəbəsində bankın anbarına qoyub. Qızım Zeynəb vəkilimdir, dedi ki, gedin axtarıb tapın. Ta Azərbaycana qədər gedib araşdırdılar ki, Vəli Küçük buralara gəlib nə yapıb? Heç bir şey çıxmadı. 1 maşınım, borcla aldığım 1 evim, bankda da 1896 TL pulum, ondan başqa heç bir şey çıxmadı. Mən hər şeyimi vətənim üçün xərcləmişəm, başqa heç bir sərvətim yoxdur. Dedilər ki, 3 yük maşını qızıl gətirib, Azərbaycanda çevriliş edəcəkmiş. Heç belə şey ola bilərmi? Məhkəmədə bunları çığırıb-bağıraraq dedim, qabağıma heç bir sübut qoya bilmədilər, ancaq 6 ilimi yedilər. DAK-ın İsveçdəki toplantısında çəkilmiş bir foto üçün dedilər ki, bu, Vəli Küçüklə Ankarada məhkəmə hakimini öldürən Alparslan Aslanın şəklidir. O isə Məmməd Əhmədov adlı bir azərbaycanlı gənc idi. Sırf o iddiaya görə mənə 2 dəfə ağırlaşdırılmış ömür boyu və 99 il həbs cəzası verdilər. Alparslan Aslan məni tanımır, mən onu tanımıram. Belə bir həngamənin içindən keçdik. Amma mən içəridə yatmağıma da məmnunam, çünki orada vətənimin keşiyini çəkdim. Qızım işini buraxıb mənə vəkillik etdi, həyat yoldaşım xəstəliyə düçar oldu, həyatım əməlli-başlı pozuldu. Amma nə edim, vətən üçün, torpaq üçün bu cəfaları çəkməyə dəyər. - Məhkəmədə hakimə demisiniz ki, məni azad etsəniz də, xaricə çıxmağımı qadağan edəcəksiniz, ancaq əmin olun ki, ilk gedəcəyim yer Qarabağdır... - Onu qəsdən dedim, heç bir cavab vermədilər. Xaricə çıxmağım qadağan edilib. Təbii ki, Azərbaycana gedib vətənimi, dostlarımı görmək istəyirəm. Yasaq ləğv edilən kimi gedəcəyim ilk yer Azərbaycandır. Mən də Azərbaycan mənşəliyəm, ancaq hər şeydən əvvəl türkəm. Şərqdə bizim kürd problemimiz yoxdur, daima bu barədə yüksək səslə danışdım, yazıb-pozdum. Mənim Şərqi Anadoludakı problemim kürd problemi deyil, erməni problemidir. Ermənistanı genişləndirib “Meqa Ermənistan” qurmağa çalışırlar, bunu gizlətmirlər. Mən bunlara qarşı çıxdığıma görə suçlu oluram. Burda kürd məsələmiz yoxdur, erməni problemimiz var. - Hrant Dinkin öldürülməsində də sizin əlinizin olduğunu iddia edirdilər... - Hrant Dink öldürüldü, o dəqiqə “Vəli Küçük” dedilər. Mən Hrant Dinki tanımırdım, onu heç vaxt görməmişdim. Amma mən Hrant Dinki sevmirəm, sevmək məcburiyyətindəyəmmi? Hrant Dink demişdi ki, “türkdən boşalacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan ermənilərin Ermənistanla quracağı əsalətli damarlarda mövcuddur. Yetər ki, bu mövcudiyyətin fərqində olaq”. Bu zehniyyətdə olan bir adamı mən sevməyə məcburammı? Sevmirəm. Onu belə mənə bağlamağa çalışdılar. Həbsxanada olarkən PKK terror təşkilatı harda terror aksiyası keçirdisə, dedilər ki, bunu da Vəli Küçük etdi. Nə qədər gizli şahid varsa, mənim üzümə durğuzdular. - Gizli şahid məsələsi nə idi? - Əvvəllər belə bir şey yox idi, ancaq məhkəməmiz başlamazdan 15 gün əvvəl Türkiyədə “Gizli şahid” qanunu qəbul edildi. Bir dünya cinayət etmiş, qadınları zorlamağa, qadın ticarəti ilə məşğul olmağa (bacısının qızını satarkən tutulub) görə ömür boyu həbs cəzası almış Osman Yıldırımdan mənə qarşı “gizli şahid” kimi istifadə etdilər, sonra onu həbsdən azad etdilər. Təsəvvür edin ki, bu cür adam məhkəmədə həm açıq, həm də gizli şahid idi. Hakim onun tamamilə yalan olan ifadəsini qəbul edib mənə ömür boyu həbs cəzası verdi. Bunu mənə başqası desə, qətiyyən inanmaram (səsini qaldırır). Türkiyəni parçalamaq yox, dağıtmaq istəyirlər. İmperialist dövlətlərin içimizdə yetişdirdiyi, onlara xidmət edən xainlər var. Bunun başqa mənası yoxdur: Türkiyəni dağıtmağa çalışırlar. Parçalanmanın əsas hədəfi Kürdüstanı yox, “Böyük Ermənistan”ı qurmaqdır. Sevr sazişində “Ermənistan” kimi göstərilən yeri indi “Kürdüstan” kimi göstərirlər, bunun xəritəsi NATO-nun qərargahında var. Artıq heç bir şey gizli deyil. Mən bunlara qarşı çıxmayımmı, heç nə deməyimmi? Ömrümü buna vermişəm, 70 yaşım var, bunları deməyim suç oldu və gizli şahidlərlə mənə o cəzaları verdilər. Məhkəməyə dəfələrlə dedim ki, bu mənasız ittihamlar qarşısında özümü müdafiə etmirəm və məhkəməni tanımıram. Gizli şahidlərlə bizi mühakimə edirdilər, bu necə işdir, bunlar haradan çıxdılar? 33 türk əsgərini şəhid etdirən Şəmdin Sakıkdan bizim əleyhimizə gizli şahid kimi istifadə etdilər. - Sizcə, Şəmdin Sakıkın gizli şahidliyinə türk ordusunun komandanlığı niyə ciddi reaksiya göstərmədi? - Vallah, qardaşım, mən nə deyim? Mənim başqa ordum yoxdur. Əgər bu işlərin qabağı Vəli Küçüklə alınacaqsa, mən özümü fəda etməyə həmişə hazıram. Yetər ki, mənim torpağım parçalanmasın, ordum dağıdılmasın. Həbs ediləndə dedim ki, mənə qarşı irəli sürülən ittihamların hər hansı biri sübuta yetirilərsə, rütbəmi alsınlar. Mən türk ordusunun generalıyam. Hədəf ordumuz idi, mən türk milliyyətçisi olduğuma görə hədəf seçildim. DAK-ın başqanı seçiləndən sonra tamamilə təqib altında qaldım. Türklərin hamısı mənim qardaşımdır. Mən bunları deməyəcəkdimmi? - Bölgənin gələcəyi ilə bağlı planlarda əsas yeri “Böyük Ermənistan” layihəsinin tutduğunu vurğulayırsınız. “Soyqırım” iddiası ilə əlaqədar 2015-ci ildə Türkiyəyə qarşı təzyiqlərin güclənməsi gözlənilir. Bununla bağlı nə demək istərdiniz? - Hal-hazırda mən DAK-ın başqanı deyiləm. 6 il həbsdə olduğuma görə DAK-dakı son vəziyyətdən xəbərim yoxdur. Erməni separatçılığının və terrorçuluğunun tarixinə baxanda görürük ki, 1856-cı ildən bəri müxtəlif adlar altında bu günə qədər öz fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. 1980-ci illərin əvvəlində ASALA deyəcəkdi ki, mən Şərqi Anadoluda erməni dövlətini elan edirəm, ancaq bunu deyə bilmədi, çünki bölgədəki türk və kürd vətəndaşlarımız Turan mənşəlidir. Ona görə də ASALA niyyətini həyata keçirə bilməyərək, bir gecədə öz vəzifəsini PKK-ya verdi. PKK kürd yox, erməni təşkilatıdır. Bunun gizli tərəfi yoxdur. Bunu Türk Dünyasına başa salmağımız lazımdır. Mənim vətənim parçalanır, hələ də danışmayacağammı? Şərqi Anadolu bölgəsində Türkiyə bayrağı qaldıra bilmirlər, mən hələ də danışmayacağammı? Belə şey olarmı? Təbii ki, mən Azərbaycandakı qardaşlarımın yanında olacağam. Mən Xocalıdakı soyqırımı lənətlədim, yenə lənətləyəcəyəm. Bu işləri yapınca suç olurmu? Belə bir şey ola bilməz. Türk Dünyasının bir nəfəri kimi gücüm çatan qədər mən bunları hayqıracağam, məni heç kim əngəlləyə bilməz.
Sorğu
Yeni dizaynımız necədir?