Məhkəmə biznesmeni öldürən şəxsin cəzasını azaltmadı
Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun kasasiya şikayətinə baxılıb. Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb.
Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətlərinin təmin edilməməsi barədə qərar elan edilib. Qərardan narazı qalan Baş Prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Protestə baxan hakimlər işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər və cinayət işinin materialları yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Rasim Məmmədov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədi ilə adam öldürmə), 29,186.2.1, 29,186.2.2-ci (zərərçəkmiş şəxsə külli miqlarda ziyan vurmaqla, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinib və qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluq yenə də kasasiya protesti verərək Rasim Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Ali Məhkəmədə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protestinin təmin edilməməsi barədə qərar elan edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?