Hacıbaba Əzimov: “Ədalət Rəhimli kimi böyük alim, istiqlalçı deputat müalicəsinə pulu olmadığından vəfat etdi”
Suallarımıza Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov cavab verib. Məlumat üçün deyək ki, istiqlalının 20 yaşını çoxdan başa vuran Azərbaycan dövləti hələ də bu istiqlalı ona qazandıran istiqlalçı deputatların statusunu tanımır, onlara adicə deputat təqaüdü verməkdən imtina edir. Uzun illər bunun mübarizəsini aparan, statuslarının bərpa olunmasına çalışan sabiq deputatlar işin ictimai tərəfini apardıqdan sonra artıq yerli məhkəmələrə müraciət ediblər. İstiqlalçı deputatlardan sabiq təhsil naziri Firdun Cəlilov, eləcə də Məryam Həsənova və professor Hacıbaba Əzimov statuslarını bərpa etmək məqsədilə məhkəmələrdə iddia qaldırıb. Hacıbaba Əzimov da əsasən bu mövzuda suallarımıza cavab verib, real vəziyyəti oxucularımıza çatdırıb. - Hacıbaba müəllim, son zamanlar istiqlalçı deputatlar məhkəməyə müraciət edərək deputat təqaüdlərinin verilməsinə dair iddia qaldırıb. Bu proseslərə sizin rəhbərlik etdiyiniz deyilir. Məhkəmə prosesi haqda məlumat verə bilərsinizmi? - Öncə deyim ki, bu sadəcə təqaüd məsələsi deyil. Problemə bu koteksdən yanaşmaq əlbəttə ki, böyük səhv olardı. Bu Azərbaycan dövlətinin onun müstəqilliyinə səs verən, Milli Məclisin ilk yaradıcısı olan insanlara ayrıseçkilik qoyması, eləcə də həm onları uzun illər işsiz qoyması, həm də adi halal deputat pensiyasının verilməsinə maneçilik törətməsi məsələsidir. Bu beynəlxalq səviyyədə hüquqa zidd davranışdır. Əlbəttə, buna cəmiyyətimiz bir o qədər də diqqət yetirmir. Bunun özü də cəmiyyətin biganəliyinin nəticəsidir. Baxın, ABŞ Dövlət Departamentinin 2013-cü il üçün hesabatı açıqlandı. Hesabatın Azərbaycan hissəsində bir sıra hüquq pozuntuları haqda danışıldı. Amma elə adamların adı çəkilir ki, onlara qarşı hansı hüquq pozuntusunun olduğu cəmiyyətimizə məlum deyil. Bizim hüquq müdafiəçiləri belə məsələləri yazıb göndərirlər. ABŞ-da isə bunu hesabata daxil edirlər. Çünki bu hüquq müdafiəçiləri ilə uzun illər əməkdaşlıq etdiklərindən düşünürlər ki, göndərilən informasiyalar həqiqətdir. Amma bu hüquq müdafiəçiləri Azərbaycanın müstəqilliyinə nail olan, onun reallaşmasında xidməti olan insanların hüquqlarının pozulmasına tam biganəlik göstərirlər. Bax buna görə də, Azərbaycanda xalqımıza, müstəqilliyimizə və dövlətimizə düşmən mövqedə olan, xarici kəşfiyyatla əlbir olan vəzifə tutan adamlar bu vəziyyətdən istifadə edirlər. Beləcə istiqlalçı deputatlara qarşı məxməri terror həyata keçirirlər. Bu yüz faiz belədir və dediklərim də əsla yalan yoxdur. Hamının tanıdığı Ədalət Rəhimli kimi böyük alim, istiqlalçı deputata nə təqaüd, nə də iş verdilər. O, xəstələndi, müalicəsinə pulu olmadı və həyatdan vaxtsız getdi. Mürşüd Məmmədli kimi istiqlalımız uğrunda fədakarlıq göstərən, Milli Məclisdə fəal iş aparan şəxsə nə pensiyasını verdilər, nə də iş verdilər. Mürşüd müəllim xəstələndi, cərrahiyə əməliyatına ehtiyacı yarandı. Amma pul və imkan olmadığından həyatdan vaxtsız getdi. Mən bunu təsadüfən demirəm. Məryam Həsənova Milli Məclisin yeganə xanım deputatı olub, Azərbaycanın istiqlala qovuşması üçün nələr etməyib? Hətta Siyəzən rayonunun yaranması onun təşəbbüsü əsasında baş tutub. Məhz onun təklifi nəticəsində Dəvəçi rayonu bölündü və yeni inzibati rayon yaradıldı. Amma indi Siyəzən rayonunda yaşayan Məryam xanım deputat təqaüdü ala bilmir. Sual olur, nəyə görə? Məryam xanım təkdir, dərman almağa imkanı yoxdur, xəstədir. Beləcə yaşayır. Bir il əvvəl deputat pensiyası ala bilmədiyindən məhkəməyə müraciət edib. Məhkəmə də, işi bir il yubatdıqdan sonra iddiasını təmin etməyib. Hazırda Məryam xanım apellyasiya şikayəti edib. Təsəvvür edin ki, Firdun Cəlilov baş nazirin müavini, təhsil naziri vəzifəsini tutub. Eyni zamanda istiqlalçı deputat, Milli Məclisin yaradıcılarından olub. Ancaq onu da işsiz qoyublar, bizim kimi deputat təqaüdü ala bilmir. Firdun müəllim ağır xəstədir və bir neçə dəfə ürəyindən əməliyyat olunub. Real vəziyyət bundan ibarətdir. - Hacıbaba müəllim, dedikləriniz bir ölkə üçün heç də şərəf gətirəcək məsələ deyil. Bəs həyatını təhlükəyə qoyaraq ölkənin müstəqilliyinə səs verən bu insanlara hansı səbəbdən deputat təqaüdü verilmir? - Mən bu haqda prezidentə müraciət etmişəm. Bunun hamısını edən Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevdir. Mən də, bu haqsızlıq və qeyri qanunu addımla bağlı məhkəmədə iddia qaldırmışam, hazırda apellyasiya instansiyası bu işə baxır. Mənim cavabdeh tərəfə verdiyim sualların birinə də cavab verməyiblər. Yeri gəlmişkən, qeyd edim ki, cavabdeh tərəflərdən biri də Səfa Mirzəyevdir. Amma Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin nümayəndəsi bizim suallarımıza cavab verə bilmir. Suallarımı yazılı verirəm və üstəlik məhkəmə katibinə də təqdim etmişəm ki, protokola salsın. Amma mənim suallarıma cavab verə bilmirlər. Deməli Səfa Mirzəyev 2001-ci il dekabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə məktub yazıb ki, guya biz Milli Məclisin deputatı deyil, üzvü adlandırılmışıq. Bu səbəbdən də, deputat təqaüdü bizə şamil edilə bilməz. İndi onun yazdığı bu məktuba istinad edən Sosial Müdafiə Fondunun əməkdaşları bizə bu səbəbdən deputat təqaüdü ala bilməyəcəyimizi deyirlər. Elə məhkəmədə də, onlar bu məktuba istinad edərək bizə “cavab” verirlər. Bu isə analoqu olmayan biabırçılıqdır. Əvvəla, Səfa Mirzəyevin vəzifəsi dəftərxana müdiridir. Bizim vaxtımızda bu Milli Məclisin katibliyi adlanırdı. Türkiyədə və bir sıra ölkələrdə bu dəftərxana adlandırılır. Sonradan Səfa Mirzəyev bunun adını dəyişərək Milli Məclisin Aparatı qoyub. Amma bu qurum xidmətedici qurumdur. Başqa sözlə, deputatlara xidmət edirlər. Ancaq Səfa Mirzəyev səlahiyyətini aşaraq bir növ Konstitusiya Məhkəməsinin səlahiyyətinə uyğun şəkildə qanuna təvsir verib. Qanuna təvsir isə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələdir. Başqa heç kəs bunu edə bilməz. Yalnız Milli Məclis istədiyi zaman qanuna təvsir verə bilər. Səfa Mirzəyev isə bizimlə bağlı qanuna təvsir verib. Bu qanundan kənar addımdır. Sosial Müdafiə Fondu isə Səfa Mirzəyevin bu müraciətini qanunlardan və ölkə konstitusiyasından üstün tutaraq istiqlalçı deputatlara cavab yazır, onlara deputat təqaüdünün düşmədiyini bildirirlər. - Sizin hüquq müstəvisində mübarizəniz hansı mərhələdədir? - Bu haqda sizə məlumat verəcəyəm. Ancaq istərdim ki, yuxarıda qeyd etdiyim məsələləri bir qədər də inkişaf etdirim. Çünki indi ortaya yeni nüans çıxıb. Sən demə Səfa Mirzəyev ancaq bizim haqqımızda yazmayıbmış. O, sonralar da dövlət qulluqçuları ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna belə məktublar yazıb. İndi mənim əlimə onun belə məktubları keçib. Deməli 2005-ci ildə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Səfa Mirzəyevə müraciət edib. Əslində Səlim Müslümov qanunla Konstitusiya Məhkəməsinə müraciət etməlidir, çünki dediyim kimi qanuna təvsir verən orqan bu məhkəmə instansiyasıdır. Ancaq fondun direktoru Səfa Mirzəyevə məktub yazıb ki, sən filan məsələyə şərh ver. Səfa Mirzəyev də buna cavab olaraq yazıb ki, vəfat edən dövlət qulluqçularının ailəsinə təqaüd düşmür. Əslində qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluqçusu vəfat edəndə onun xanımı və övladları əmək haqqının hansısa faizi qədər pensiya almalıdır. Səfa Mirzəyev isə bu qanuna izah verərək bildirib ki, əgər dövlət qulluqçusu vəfat edibsə, onun ailə üzvlərinə pensiya vermək olmaz. Buna görə də, çoxlu sayda dövlət qulluqçularının ailələri əziyyətlər çəkiblər. Amma dövlət qulluqçularının varisləri məhkəməyə üz tutublar və onların iddiası təmin edilib. Çünki, Səfa Mirzəyev qanuna zidd şərh yazıb, üstəlik onun qanuna təvsir vermək səlahiyyəti də yoxdur. Burada söhbət həm də səlahiyyətləri aşmaqdan gedir. Biz bu xəbəri təzə eşitmişik. Deməli Səfa Mirzəyev təkcə bizə qarşı deyil, başqalarına da düşmənçiliyini edir. Çünki, bu adamın harada imkanı olursa Azərbaycan xalqına pislik edir. Faciə budur ki, belə adam vəzifədə oturaraq əlindən gələn pisliyi edir. Bu biabırçılıqdır. İndi nurçuların üzərinə düşüblər. Mən bildiyim qədər nurçular Azərbaycan dövlətinə və xalqına bu qədər ziyan verməyib. Amma bu isə imkanı olan yerdə “məxməri” terror edir. - Hüquq müstəvisində başlatdığınız prosesin nəticəsi necədir, Avropa Məhkəməsinə qədər gedəcəksinizmi? - Mən hesab edirəm ki, Avropa Məhkəməsinə qədər getməyə ehtiyac olmayacaq. Çünki, mənimlə bağlı cəmi dörd dəfə məhkəmə prosesi keçirilib. Hər bir prosesdə də, cavabdeh tərəfi ifşa etmişəm. Üstəlik qeyd etdiyim kimi, Səfa Mirzəyev də burada cavabdeh tərəflərdən biridir. Ancaq məhkəmə onu prosesə gətirə bilmir. Nə onun özü, nə də nümayəndəsi məhkəməyə gəlmir. Kollegiyanın sədri də məhkəmə iclasında dedi ki, cavabdeh tərəflərdən biri olan S.Mirzəyev və ya nümayəndəsi məhkəməyə gəlmir. Mən də dedim ki, onda polis vasitəsilə iştirakını təmin edin. Ancaq mənə cavabda deyildi ki, bunu edə bilmirlər. Əslində mən tələb edirəm ki, Səfa Mirzəyev məhkəməyə gəlsin və bu məktubu nə səbəbdən yazdığını açıqlasın. Onun buna səlahiyyəti çatmır. Mənim ona başqa suallarım da var. Məsələ bu yerdədir. İndi mən onun digər məktublarını da tapmışam və bu tam ifşadır. Mən hesab edirəm ki, Apellyasiya məhkəməsinin bizim hüququmuzu müdafiə etməmək imkanı yoxdur. Bizim iddiamız mütləq təmin olunmalıdır. Başqa yol yoxdur. Qatıq ağdırsa, ona qara necə deyə bilərlər? Biz hər şeyin hüquq əsasında həllini istəyirik. Biz qanundankənar nələrinsə edilməsinə qarşıyıq. Mən bir daha qeyd edim ki, burada söhbət bizim təqaüd almağımızdan getmir. Bu tarixi ədalətsizliyin bərpa olunması məsələsidir. Bildiyim qədər Firdun Cəlilovla Məryam Həsənovanın da iddiaları Apellyasiya məhkəməsinə daxil olub və onlarla bağlı da proseslər olacaq. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?