Günahkar Səfa Mirzəyev və Dövlət Sosial Müdafiə Fondudur
İstiqlalçı Deputatlar Məclisinin (İDM) mətbuat xidməti sabiq deputatların pensiya hüququnun pozulmasına dair şikayətə Apellyasiya Məhkəməsində baxılmasının gedişi barəsində məlumat yaymışdır. Həmin məlumatda bildirilir ki, 1991-1995-ci illərdə fəaliyət göstərən Milli Məclisin üzvləri olmuş şəxslərin, o cümlədən istiqlalçı deputatlar Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənovanın sabiq deputatlar üçün müəyyən olunmuş pensiya hüquqları heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən pozulmuşdur və bu antikonstitusion akt şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirən və cinayət məsuliyyəti yaradan əməl (hərəkət və ya hərəkətsizlik) olduğuna görə kütləvi informasiya vasitələrinin və ictimaiyyətin diqqət mərkəzində saxlanılmaqdadır. Xatırladılır ki, hələ 1991-ci il martın 7-də Ali Sovetdə 350 nəfər deputatdan cəmi 43 nəfəri cəsarət və milli qeyrət göstərib SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermişdir. Bu istiqlalçı deputatlar sırasında olmuş Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova həm də cəmi 51 nəfərdən ibarət ilk Milli Məclisin üzvləri seçilmiş və 1991-1995-ci illərdə orada qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərmişlər. Buna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılır. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının bu yaxınlarda keçirilmiş iclasında H.Əzimovun apellyasiya şikayətinə məhkəmə baxışı zamanı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun və üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş S.Mirzəyevin günahı tam aydınlığı ilə üzə çıxmışdır. Cavabdeh DSMF-in və onun Nəsimi rayon şöbəsinin nümayəndələri tərəflərin çəkişmə prosesində çox aciz duruma düşmüşlər. Belə ki, iddiaçı prof. H.Əzimovun pensiya hüququnun pozulmasının sübutu olaraq istinad etdiyi hüquq normalarına və təqdim etdiyi digər dəlillərinə qarşı cavabdeh tərəf heç bir əks-arqument və əsas göstərə bilməmişdir. H.Əzimov mövcud qanunvericiliyin norma və prinsiplərini əsas tutaraq istiqlalçı deputatların pensiya hüquqlarının kobudcasına pozulmasının tamamilə qanunsuz və antikonstitusion akt olduğunu bildirmişdir. O, məhkəmənin diqqətinə çatdırmışdır ki, dünyanın bütün sivil ölkələrində, hətta postsovet respublikalarında dövlət müstəqilliyinin əldə edilməsində xidmətləri olan deputatlar iftixarla «siqnatorlar» adlandırılaraq ən yüksək dövlət təltiflərinə və sosial imtiyazlara layiq görülüblər. Lakin, Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ilk Avropa tipli parlamentin - Milli Məclisin üzvü seçilərək müstəqil dövlətimizin atributlarının, qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətlər göstərmiş sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıldıqlarına, yalnız pensiya ümidinə qaldıqlarına, lakin halal deputat pensiyalarını almaqdan belə məhrum edildiklərinə görə ağır maddi-mənəvi sıxıntılar, əsəb sarsıntıları, ciddi səhhət pozuntuları içərisində çətin həyat yaşamaga məhkum edilmişlər. İlk Milli Məclisin deputatlarından bir qismi uzun illər ərzində həm işsiz saxlanıldıqlarına,həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək agır maddi-mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər. Sonra H.Əzimov məhkəmə prosesinin aşkarlıq prinsipi əsasında aparılması məqsədilə cavabdeh tərəflə çəkişmənin və verdiyi sualların audio yazılışına icazə verilməsini kollegiya üzvlərindən xahiş etmişdir. Kollegiya sədri hakim N.Mustafayev isə heç bir əsas olmadan və hər hansı səbəb göstərmədən onun bu xahişini rədd etmiş və beləliklə də İnzibati Prosessual Məcəlləsinin 17.2. maddəsini pozmuşdur. Bu hal həm də Prezident İ.Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamına daban-dabana zidd olmuşdur. Belə ki, dövlət başçısının həmin sərəncamında birmənalı olaraq “ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi”, “məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması” nəzərdə tutulmuşdur. İddiaçı H.Əzimov kollegiya sədrinin audio yazılışa razılıq vermədiyini nəzərə alaraq pensiya ilə bağlı qanunvericiliyin tətbiq edilməsinə dair cavabdehlərə verdiyi çoxsaylı suallarını yazılı şəkildə təqdim etmişdir. Cavabdehlərin nümayəndələri H.Əzimovun 30- a yaxın sualından heç birinə hüquq normaları əsasında dürüst cavab verə bilməmişlər. Məsələn, iddiaçının aşağıdakı suallarına: 1) DSMF və ya onun Nəsimi rayon Şöbəsi “Əmək pensiyaları haqqında” qanuna və digər qanunvericilik aktlarına təfsir (şərh) verə bilərmi; 2) Milli Məclis nə vaxtdan fəaliyyətə başlayıb?; 3) Milli Məclisin Aparatının rəhbərinin qanunlara rəsmi təfsir vermək səlahiyyəti varmı? Əgər yoxdursa, onda nədən DSMF hələ də onun 2000-ci ilin dekabr ayında Əmək nazirliyinə göndərdiyi məktubu əsas götürərək və onun məzmununu cavab məktublarına köçürərək ilk Milli Məclisin deputatlarına pensiya verməkdən imtina edir; 4) DSMF-nin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktublarından açıq şəkildə görünür ki, o, bu məsələdə 2000-ci ildə Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevin Əmək Nazirliyinə göndərdiyi məktuba istinad edir və onun məktubunun üzünü olduğu kimi köçürüb iddiaçı deputatlara cavab verir. Siz də bunu etiraf edirsinizmi? Niyə DSMF ölkə qanunvericiliyinə deyil, S.Mirzəyevin qanuna verdiyi antikonstitusion şərhə istinad edir; 5) S.Mirzəyevin bəhs olunan məktubunda, DSMF-in Nəsimi rayon Şöbəsinin cavabında göstərilir ki, deputat pensiyası Konstitusiya qüvvəyə mindikdən sonra və Konstitusiyaya əsasən seçilmiş deputatlara şamil oluna bilər. Bu fikrinizdə qalırsınızmı? Əgər qalırsınızsa, onda nə üçün Konstitusiyanın qüvvəyə minməsindən əvvəl, 1995-ci il noyabrın 12-də seçilmiş deputatlara güzəştli deputat pensiyası verilir? – kimi suallara cavabdeh Dövlət Sosial Müdafiə Fondunun və onun Nəsimi rayon Şöbəsinin nümayəndələri ya qeyri-müəyyən, qeyri-dəqiq cavablar vermiş, ya da “bilmirəm”- demişlər. Daha sonra iddiaçı H.Əzimov cavabdehlərə yazılı şəkildə aşağıdakı sualları vermişdir: 1) Sovet dövrü ilə müstəqillik dövründə hakimlərin seçilmə qaydasında müxtəliflik olduğunu bilirsinizmi? Müvafiq qanunlarda “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” ifadələrinin işlədilmədiyini bilirsinizmi? Əgər bunları bilirsinizsə, onda DSMF hansı əsasla müxtəlif quruluşlu dövlətlərdə, müxtəlif qaydalarda seçilən və ya təyin olunan, eləcə də həm Sovet dövründə, həm də müstəqillik illərində “xalq hakimi”, “Ali Məhkəmənin üzvü” adlandırılan şəxslərə qanunvericilikdə “hakim” adlanan şəxslər üçün nəzərdə tutulan imtiyazlı pensiya verir, ancaq “Milli Məclisin üzvü” ifadəsi ilə “Milli Məclisin deputatı” məfhumu arasında hüquqi norma fərqi qoyaraq vaxtilə “Milli Məclisin üzvü” adlandırılmış şəxslərə sabiq deputatlar üçün nəzərdə tutulmuş pensiya verməkdən imtina edir? 2) Azərbaycan SSR ilə Azərbaycan Respublikası arasında dövlət quruluşu baxımından müxtəliflik olduğunu qəbul edirsinizmi? Azərbaycan Respublikasının özünü SSRİ-nin və ya Azərbaycan SSR-in deyil, Xalq Cumhuriyyətinin varisi elan etdiyini bilirsizmi? Əgər qəbul edirsiniz və bilirsinizsə, onda nədən DSMF bu müxtəlifliyi nəzərə almadan və Azərbaycan Respublikasının dövlət quruluşunun təməl prinsiplərinə zidd olaraq, xüsusilə müvafiq qanunlarda nəzərdətutulmadığına baxmayaraq, vaxtilə “Sovetlər İttifaqı” deyilən imperialist dövlətə xidmət etmiş, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çıxmış, istiqlalçı deputatları, milli dəyər daşıyıcıları olan görkəmli ziyalıları təqib və repressiyalara məruz qoymuş, qanlı “20 yanvar” qətliamında əli olmuş Kommunist Partiyası və Sovet dövlət orqanlarının keçmiş funksionerlərinə, Sovet prokurorluq, milis, “KQB” (DTK) işçilərinə, sovet hərbiçilərinə və s. yüksək və güzəştli pensiya verir, lakin Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində görkəmli xidmətləri olan ilk Milli Məclisin üzvlərinə - bizə qarşı ayrı-seçkilik qoyaraq deputat pensiyası verməkdən imtina edir? 3) Siz hazırkı Milli Məclis deputatlarının böyük bir qrupunun hələ 2007-ci ildə cənab İ.Əliyevəməktubundakı “ bərabərlik hüququ hələ də ilk Milli Məclisin deputatlarına şamil edilməyib. Bunun üçün sadəcə DSMF öz vəzifə borcuna müvafiq olaraq mövcud “Əmək pensiyaları haqqında” qanuna əməl etməlidir” – fikri ilə razılaşırsınızmı? 4) Siz DSMF-in aidiyyəti üzrə məmurlarının ilk Milli Məclisin deputatlarının Konstitusiyada və beynəlxalq sənədlərdə əks olunmuş bərabərlik hüququnu pozaraq onlara maddi və mənəvi zərər vurmaqla cinayət əməllərinə yol verdiklərinin fərqindəsinizmi? Cavabdehlər göstərilən bu və şikayətin araşdırılması və işin hallarına dürüst hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən digər sullara cavab verə bilməmişlər. Məhkəmə mühakiməsi zamanı iddiaçı H.Əzimov üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş S.Mirzəyevin məhkəməyə çağırılaraq izahat verməsi haqqında vəsatətinin indiyədək təmin edilmədiyini hakimlərin diqqətinə çatdırıb və bunu məhkəmə kollegiyasından bir daha tələb edib. Kollegiyanın sədri N.Mustafayev isə bildirib ki, S.Mirzəyev məhkəməyə gəlməkdən imtina edir və onun polislə gətirilməsi də qeyri-mümkündür. Bundan sonra iclas başa çatıb və kollegiyanın növbəti iclası 11 mart,saat 16:00 tarixinətəyin edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?