İstiqlalçı Deputatlar Məclisi Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənovanın Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya hüququnun pozulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ilk Avropa tipli parlamentin - Milli Məclisin üzvü seçilərək müstəqil dövlətimizin atributlarının, qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətlər göstərmiş sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıldıqlarına, yalnız pensiya ümidinə qaldıqlarına, lakin halal deputat pensiyalarını almaqdan belə məhrum edildiklərinə görə agır maddi-mənəvi sıxıntılar, əsəb sarsıntıları, ciddi səhhət pozuntuları içərisində çətin həyat yaşamaga məhkum edilmişlər. Son dərəcə acınacaqlıdır ki, ilk Milli Məclisin deputatlarından hazırda 20 nəfəri pensiya yaşına çatmışdır ki, onlardan da 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək agır maddi-mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər”.
Bəyanatda xatırladılır ki, hələ 1991-ci il martın 7-də Ali Sovetdə 350 nəfər deputatdan cəmi 43 nəfəri cəsarət və milli qeyrət göstərib SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs verib: “Bu istiqlalçı deputatlar sırasında olmuş Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova həm də cəmi 51 nəfərdən ibarət ilk Milli Məclisin üzvləri seçilmiş və 1991-1995-ci illərdə orada qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərmişlər. Buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılır. Növbəti məhkəmə baxışı fevralın 25-də saat 16-da Bakı Apelyasiya Məhkəməsinin binasında keçiriləcəkdir. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim ediləcəkdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?