Sülhəddin Əkbər: “Bu Azərbaycanın izlədiyi səhv strategiyanın yaratdığı acı nəticədir”
Azad Demokratlar Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə müsahibənin ikinci hissəsini təqdim edirik.
(Əvvəli dünənki tarixdə)
- Gürcüstan demokratiya əldə etmək və Avropanın bir parçası olmaq naminə Abxaziya və Cənubi Osetiyanı qurban verdi. Ukrayna Krımı, Moldova isə Dnestryanı bölgəni qurban verməklə demokratiya üçün çabalar göstərir. Azərbaycan isə Dağlıq Qarabağı versə də, bunun nə demokratiyaya, nə də Avropaya inteqrasiyaya aidiyyəti olmamış kimi görünür. Səbəb nədir? - Müşahidəniz doğrudur. Hesab edirəm ki, bu Azərbaycanın yanlış strategiya izləməsinin nəticəsidir. Məhz qeyd etdiyiniz hər üç ölkə sözdə və əməldə Avropaya inteqrasiya olmaq üçün iş apardığı səbəbindən ərazilərinin bir hissəsini itirsələr də, bu reallığı dünya birliyi qəbul edir və həmin əraziləri bir qurum kimi tanımır. Həm də, bu üç ölkənin ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Üstəlik bu ölkələrin ərazilərinin bir hissəsini itirməsi müvəqqəti xarakter daşıyır. Əvvəl-axır Moldovanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyü təmin ediləcək. ABŞ, NATO və Avropa Birliyi də buna güclü dəstək verəcək. Azərbaycan isə Avropa Birliyinə və NATO-ya üzvülük xəttini seçmədiyinə görə, həm ərazisinin bir hissəsini, həm də bu ölkələrin dəstəyini itirib. Diqqət etsəniz görərsiniz ki, qeyd etdiyiniz münaqişlərə münasibət tamamilə fərqlidir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə isə tam ayrı mövqe sərgilənir. Dnestryanı ərazi Moldovanın, Krıma Ukraynanın, Abxaziya və Cənubi Osetiyaya isə Gürcüstanın tərkib hissəsi kimi baxılır. Amma Dağlıq Qarabağa Ermənistanla Azərbaycan arasında olan mübahisəli ərazi kimi yanaşılır. Bu da Azərbaycan hakimiyyətinin “balans” siyasətinin, bloklara qoşulmamaq kimi yanlış strategiyasının nəticəsidir. Yəni bir tərəfdən Azərbaycan 2007-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında bəyan etdiyi Avrionteqrasiya strategiyasından əməldə imtina etdi, digər tərəfdən bloklara qoşulmayan ölkələr siyahısına qoşuldu. Həm də bu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına heç bir töhvə vermədi. Başqa sözlə, Azərbaycan həm ərazisini itirib, həm də beynəlxalq dəstəyini. Bu Azərbaycanın izlədiyi strategiyanın səhvi və bunun yaratdığı acı nəticədir. - Bu geopolitik qarşıdurma sizcə, Ukraynadan sonra hansı regiona transfer olacaq? - Birincisi deyim ki, qlobal geosiyasi və geostrateji qarşıdurmalar uzunmüddətli olur. Bu uzunmüddətli olsa da, Amerika və Avropanın sonda qalib gələcəyini düşünürəm. Çünki, Rusiyanın resursları qeyd etdiyim mərkəzlərin resursları ilə müqayisə olunmazdır. Hesab edirəm ki, bu amil mütləq nəzərə alınmalıdır. İkincisi, bu qarşıdurmanın coğrafiyasına gəldikdə deyim ki, hazırda geopolitik cəbhə xətti GUAM-dan keçir. Buna geniş mənada baxsaq bu ərazilər Baltik, Qara dəniz və Xəzər xəttidir. Siyasi çərçivədə isə GUAM xəttidir. Başqa sözlə, Azərbaycanda bu geopolitik qarşıdurmada cəbhə xəttində yerləşən ölkələrdən biridir. Ona görə də, əsas proses GUAM ölkələrində və Şərqi Avropada gedəcək. Burada əsasən Baltikyanı ölkələr, İsveç, Polşa, Rumuniya və GUAM ölkələri əsas geopolitik hədəflərdir. - Ukraynada baş verən hadisələr hansı ssenarilər üzrə inkişaf edə bilər? - Mən bəzi məsələlərə toxundum və əslində proqnozlar da bu məsələlərdən bilavasitə asılıdır. Bir daha qeyd edim ki, birincisi, geopolitk və geosiyasi qarşıdurmalar uzunmüddətli olur və burada resursları böyük olan ölkələr qrupu qalib gəlir. Bir tərəfdə ABŞ və Avropa Birliyi durur, digər tərəfdə isə Rusiya Federasiyası. Gördüyünüz kimi, hazırda Rusiyanın izoliyasiyası getdikcə güclənəcək və sərtləşəcək. Maliyyə sanksiyaları tətbiq edildikdə isə Rusiyanın iqtisadi və hərbi baxımdan zəifləməsi baş verəcək. Bu baxımdan Amerika və NATO çalışacaq ki, böhranın sərhədləri genişlənsin, Rusiya tərəfindən idarə olunan böhran artıq Moskvanın nəzarətindən çıxaraq Amerika və NATO-nun nəzarətinə keçsin. Odur ki, mən getdikcə proseslərin Rusiyanın nəzarətindən çıxaraq ABŞ və Avropanın nəzarətinə keçəcəyini düşünürəm. Eləcə də proseslərin genişlənəcəyi, böhranın dərinləşəcəyi proqnozlaşdırılır. Təbii ki, böhran böyüdükcə cəbhə xətti boyunca yayılacaq. Yəni Estoniyadan tutmuş Azərbaycana qədər böyük bir məkana yayılacaq. Bu böyük qarşıdurma dünyanın konflikt və böhran olan ocaqlarında özünü büruzə verəcək. Əslində mən hesab edirəm ki, Azərbaycan bu böhranın genişlənməsinə və onun mümkün təsirlərinə hazır olmalıdır. - Niyə qərbin Rusiyaya qarşı ciddi deyil, yumşaq sanksiyalarını müşahidə edirik? - Bilirsinizmi, mənim bu haqda fərqli yanaşmam var. Mənim müşahidələrim deməyə əsas verir ki, bu bilərəkdən edilir. Sanki Amerika və Avropada bəzi dairələr Rusiyanın Ukrayna böhranına daha dərin və daha geniş cəlb olunmasını təşviq edirlər. ABŞ, Avropa Birliyi və NATO-da hərbi qarşıdurmanın olmayacağı haqda verilən bəyanatlar, hərbi hərəkətlərin müzakirə olunmayacağını təkrar-təkrar xatırlatmaları mənim bu istiqamətdə şübhələrimi daha da artırır. - Hesab edirsiniz ki, Qərb Rusiyanı daha çox ərazi tutması üçün şirnikləşdirir? - Sanki hərbi baxımdan Rusiyanın cəzasız qalacağı Kremlin diqqətinə təkrar-təkrar çatdırılır. Bununla da Rusiyanın daha geniş hərbi müdaxiləyə cəlb olunması təşviq edilir. Mən bunu müşahidələrimə əsasən qeyd edirəm. - Sizcə, nədən bu proseslərin intensiv getdiyi bir mərhələdə GUAM bir təşkilat olaraq aktivləşmir? - Təbii ki, GUAM-ın elə bir potensialı yoxdur. İndi proseslərdə əsas aparıcı ölkə Amerikadır. Hətta Avropa Birliyi də arxa planda qalır. Ola bilsin ki, ön cəbhədə, xüsusilə siyasi-diplomatik cəbhədə Avropa Birliyi ön planda olsun. Çünki, konfliktin səbəbi Ukraynanın məhz Avropa Birliyi ilə yaxınlaşmasıdır. Həm də burada coğrafi baxımdan yaxınlıq məsələsi də rol oynayır. Amma strateji baxımdan ön planda Amerika və NATO-nun olacağını düşünürəm. Bir sözlə, prosesdə siyasi-diplomatik baxımdan Avropa Birliyi, strateji-hərbi baxımdan isə Amerika və NATO öndə olacaq. - Bütün bu proseslərin fonunda Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz, hazırda bu münasibətlər hansı səviyyədədir, doğurdanmı Kreml üzünü Cənubi Qafqaza çevirəndə hədəf kimi Azərbaycanı seçəcək? - Təbii ki, Ukrayna böhranı dərinləşdikcə və silahlı münaqişəyə keçdikcə Rusiya bütün cəbhə ölkələrinə - ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan ölkələrdən, sonra MDB və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrə, Şərqi Avropa ölkələrindən və GUAM-a daxil olan 4 dövlətdən birmənalı mövqe tələb edəcək. Təbii ki, Azərbaycan da GUAM-a daxildir. Bu baxımdan birinci mərhələdə Rusiya Azərbaycandan bu münaqişəyə dair mövqe tələb edəcək. Hansı ki, Azərbaycan bu mövqeyini ilkin mərhələdə tərəddütlü olsa da, bildirib və BMT Baş Assambleyasında beynəlxalq birliklər eyni mövqedən çıxış edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Amma sonradan Bakı Rusiyanın təzyiqlərindən ehtiyat edərək Avropa Şurası Parlament Assambleyasının toplantısında neytral mövqedə qaldı. Sanki Azərbaycan prinsipial məsələlərdə, xüsusilə ABŞ və NATO-nun açıq mövqe istədiyi məsələlərdə Qərbin yanında yer alır. O zaman ki, prinsipial əhəmiyyət daşımayan və həm də Rusiyanın münasibətini yumşaltmaq lazım olursa, məsələlərə neytral mövqedən yanaşacaq, ola bilsin ki, gələcəkdə hətta gizli olsa da Rusiyameylli mövqe tutacaq. İstənilən halda Azərbaycan Rusiya ilə çox ehtiyatlı davranacaq. Fikrimcə, bu da bir yerə qədər davam edəcək və Rusiyanın Azərbaycana təzyiqlərini yumşaltmaq üçün kömək edəcək. Ancaq mən hesab edirəm ki, belə bir mərhələ yaranacaqsa, o zaman Azərbaycanla Türkiyənin birgə hərəkət etməsi olduqca vacibdir. Bunun səbəbini də yuxarı da qeyd etdim. İndi Rusiya ilə münasibətlərdə Türkiyə müvəqqəti olsa da, imtiyazlı mövqeyə sahibdir. İndiki halda ola bilsin ki, Rusiya Azərbaycanı öz tərəfinə çəkmək məqsədilə Türkiyə ilə birlikdə ilk baxışdan Azərbaycana Dağlıq Qarabağla bağlı cəlbedici təkliflər təqdim etsin. Azərbaycan bu təklifləri çox diqqətlə, uzaq gedən nəticələri diqqətə almaqla öyrənməli və tələsik addımlar atmamalıdır. - Sizin partiyanın təsis qurultayı nə zaman keçiriləcək? - Bildiyiniz kimi Azad Demokratlar Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və indiyə qədər bir sıra işlər həyata keçirib. Partiyanın nizamnaməsi, proqram sənədləri, ideoloji yönü demək olar ki, işlənib hazırlanıb. Bu əlbəttə ki, qurultaya təqdim ediləcək. Əgər qurultay nümayəndələri bu sənədləri qəbul edəcəksə, o zaman bu haqda daha ətraflı və detallı danışmaq imkanı da yaranacaq. Hazırda qurultayın keçirilməsi məqsədilə hazırlıq işləri aparılır. Eyni zamanda, dövlət qeydiyyatına alınmaq üçün lazım olan sənədlər hazırlanır. Qanunvericiliyə uyğun olaraq üzvlərimizdən imzalar toplanır. Qurultayın keçirilməsi ilə bağlı hazırlıq işlərimiz mayda tamamlanacaq. Hesab edirəm ki, mayın sonu və ya aprelin birinci yarısında qurultayı keçirə biləcəyik. Planlaşdırmışıq ki, qurultay nümayəndələrimizin sayı 250 nəfərdən çox olmasın. Bu həm də qurultayımızın keçirilməsinə hər hansı mane yaradılmaması məqsədilə edilir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?