Vurğun Əyyub: “Hakimiyyət gənclərdən qorxduğu üçün, həm də onları qorxudur”
Suallara Müsavat Partiyasının Məclis və Divan üzvü, ziyalı Vurğun Əyyub cavab verib. Hər zaman obyektiv və ədalətli mövqeyi ilə seçilən müsahibimiz bu dəfə ölkəni narahat edən məsələlərdən, xüsusilə gənclərin həbsi, jurnalist Rauf Mirqədirovun vətənə xəyanətdə ittiham olunması, hökumətin apardığı siyasət, əhalinin durumu və baş verənlərə qarşı müqavimət hissi, Rusiyameylli qüvvələrin fəallaşması və təhlükəli olma dərəcəsi, real müxalifətin vəziyyəti və digər məsələlər haqda danışıb. - Vurğun bəy, ölkədəki durumu, həbsləri, hakimiyyətin fəaliyyətini necə qiymətləndirirsiniz? - Azərbaycanda indiki vəziyyəti durğunluq kimi qiymətləndirirəm. Həm də hesab edirəm ki, bu aldadıcı bir durğunluqdur. Zahirən hər şey qaydasındadır, hər kəs işinə gedib-gəlir, işi olmayanlar baş verənləri seyr etməklə məşğuldur, televiziyalar hər gün Azərbaycanın çiçəklənməsi haqda cəmiyyətə nağıllar danışır. Əslində isə dəhşətli vəziyyət hökm sürür, insanlar şərlənərək həbsə atılır, istintaq və məhkəmə adı altında aylarla süründürülür, siyasi fəalların nədə ittiham olunması haqda ortaya konkret sübut qoyulmur. Xüsusilə, gənclərə qarşı hakimiyyət amansız mövqe sərgiləyir, jurnalistlər həbs edilir və döyülür, hakimiyyətə qarşı səsini ucaldan insanlar müxtəlif bəhanələrlə susdurulur. Ölkənin təhlükəsizlik baxımı sarıdan da vəziyyət ürəkaçan deyil. Tovuzun Əlibəyli kəndi az qala hər gün erməni atəşinə məruz qalır. İqtisadi baxımdan ölkə neft və qazdan küllü miqdarda vəsait əldə edir, amma vətəndaşların iqtisadi durumu o qədər də ürək açan deyil. İnsanlar səhər evdən çıxıb qazanc məqsədilə işə gedəndə onların simalarına diqqət etsəniz görərsiniz ki, hər birinin sifətindən qayğılar, problemlər, fikirlər yağır, birinin üzünü gülümsəyən görmürsən. Əslində bu haqda daha geniş danışmaq olar. İlk baxışdan sakit və durğun görünən situasiyanın qəfildən püskürməsi də ola bilər. Bu cür püskürmələr təbii ki, ölkəyə yaxşı bir şeylər vəd eləmir. Sözsüz ki, birinci növbədə hakimiyyətə sərf etmir. İqtidar guya bunların qarşısını almaq istəyir, hansısa kosmetik addımlar ataraq əhalinin qəzəbini sakitləşdirməyə çalışır. Amma idareətmə sistemi elə qurulub ki, bu kimi addımlar effekt vermir. Çox sadə bir misal göstərim: ölkə başçısı guya məmur övladlarının harın balalarına qarşı çıxış edir, buna etirazını ifadə edir. Əvəzində belə faktlar azalmaq əvəzinə çoxalır. Hər gün sosial şəbəkələrdə və mətbuatda hansısa məmurun, eləcə də deputat övladının bahalı avtomobillərdə etdiyi hərəkətlər üzə çıxır. Bunun əvəzində bir-iki nəfər cəza alır. Ancaq bu bütövlükdə ölkəni idarə edən məmurlara və imkanlı insanlara sirayət edən haldır. Qeyd edim ki, ağacların kəsilməsindən danışılır. Dövlət başçısı deyir ki, guya gecələr kimlərsə gəlib ağacları kəsir, yaşıllığı məhv edirlər. Beləcə qəzəbini ifadə edir. Bütün bunları cəmiyyət sakitləşdirə bilməz. Çünki cəmiyyətdə hamı bilir ki, ölkədə polisin, vəzifəli şəxslərin və qurumların xəbəri olmadan bir daşı yerindən tərpətmək mümkün deyil. Dərhal adamın başının üstünü polis ala bilər. Bəs necə ola bilər ki, belə qurumların xəbəri olmadan kimlərsə gecə gəlib ağac kəssin? Bəyəm dövlət başçısı bilmirmi ki, bütün bunların başında şəxsən özünün təyin etdiyi icra hakimiyyəti başçıları dayanır. Mən Xətai rayonu ərazisində yaşayıram. On il bundan əvvəl yolların kənarında olan ağacların hamısı məhv edilib və bu ağacların yerində müxtəlif obyektlər inşa edilib. Təbii ki, icra başçısına yuxarıdan icazə verilməsə, onun özü belə bu cür cinayətlərə əl ata bilməz. Məncə, tribundan belə hallara qarşı qəzəb bildirməklə, eləcə də kosmetik əməliyyatlarla ölkədə vəziyyəti normal bir hala salmaq mümkün deyil. - Tanınmış jurnalist Rauf Mirqədirovun həbsinə münasibətiniz necədir? - Mən təbii ki, məsələnin detallarını bilmirəm. Amma mən Rauf Mirqədirovu 1986-cı ildən tanıyıram. Mirqədirov kifayət qədər savadlı, özünəməxsus yazı üslubu və təhlil qabiliyyəti olan istedadlı jurnalistdir. Ola bilsin ki, xarakter baxımından bir qədər də emossionaldır. Mən onu hər zaman öz ölkəsinə, Azərbaycanın dövlət müstəqilliyinə bağlı bir insan kimi tanımışam. Güman etmirəm ki, ona qarşı irəli sürülən ittihamların ciddi əsası olsun. Mən buna əsla inanmıram. Azərbaycan məhkəmələrindən də heç bir ədalət gözləmirəm. Hakimiyyətin yuxarı eşalonunda olanlar cəmiyyətə təlqin etmək istəyir ki, narahat olmayın, məhkəmə prosesi var və hər şey aydınlaşacaq. Ola bilsin bəziləri belə illuziyalara səmimi şəkildə inanır. Ancaq iş ondadır ki, Azərbaycanda məhkəmə, ədalətli çəkişmə deyilən bir şey yoxdur. İnsanların hüquq baxımdan heç bir müdafiəsi yoxdur. Biz bunu İlqar Məmmədovun, Tofiq Yaqublunun məhkəmə prosesində gördük. Eləcə də hazırda NİDA Gənclər Hərəkatının məhkəməsi gedir və mətbuatdan bunu izləyirik. Amma obyektivlik görə bilmirik. Biz indiyə qədər yüzlərlə belə məhkəmə proseslərini görmüşük. Ortada ciddi fakt, sübut, əsas və şahid ifadəsi olmadan hakimlər onlara edilən sifarişə uyğun olaraq hökmlər çıxarırlar. Ona görə də, bu barədə Azərbaycan cəmiyyəti özünü aldatmalıdır ki, guya məhkəmə prosesi zamanı hansısa həqiqətlər ortaya çıxacaq. Hakimiyyət Rauf Mirqədirovu cəzalandırmaq, həbsə göndərmək niyyətindədirsə, bunu qanuni və ya qanunsuz şəkildə olsa da, həyata keçirəcək. - Mirqədirovun həbsində məqsəd nədir? - Mən hakimiyyətin məqsədi haqda yalnız mülahizə söyləyə bilərəm. Çünki bunların nə etmək istədiyi, guya nədən qorunmaq haqda düşüncələri cəmiyyətə bəlli deyil. Mənim subyektiv düşüncəmə görə, Mirqədirovu hakimiyyət əleyhinə olan hansısa fəaliyyətinə görə cəzalandırırlar. - Bu Mirqədirovun son zamanlar Rusiyaya qarşı yazdığı təhlillərlə bağlı ola bilərmi? - Bu da mümkün variantlardan biridir ki, jurnalist yazılarında hakimiyyətin maraqlarına zidd olan fikirlər işlədib və ya yazılarının hansındasa bunların cəmiyyətdən gizlətdiyi faktın üzərinə gedib. Bu mənada belə fikir də müzakirə oluna və bu fikir arxasınca hansısa axtarışlar aparıla bilər. - NİDA Gənclər Hərəkatının həbs olunan üzvlərinə belə sərt cəzaların verilməsi nə ilə bağlı ola bilər? - Mənim fikrimcə, Azərbaycan gəncliyindən ara-sıra eşidilən gileylər doğru deyil. Son 3-4 ildə, xüsusilə, mən Qarsda işlədiyim müddətdə kənardan baxıb müşahidə etdiyimə görə, gəncliyin bir hissəində böyük aktivlik müşahidə olunmaqda idi. Həm də, bu fəallıq intellektual əsası olan bir fəallıq idi. Cəmiyyət üçün maraqlı olan ideyalar, formalar tapılmışdı, gənclik hakimiyyətə qarşı etirazlarını daha sivil və ardıcıl şəkildə həyata keçirirdi. Bu da cəmiyyətdə maraq doğururdu. Məncə, bu hakimiyyəti qorxutdu. Haimiyyətin özü də, qorxduğu səbəbdən gəncliyi qorxutmaq istəyir. Fikir verirsinizsə, gəncləri iki ittiham əsasında həbs edirlər: guya zorakı vasitələrə əl ataraq molotov kokteili hazırlamaq və narkotika istifadəçisi kimi həbs edirlər. Sonra da cəmiyyətə və beynəlxalq aləmə utanmadan deyirlər ki, bizdə siyasi xarakterli məhkəmələr yoxdur, siyasi məhbus yoxdur. Çünki siyasi fəaliyyətlə məşğul olan adamları ağlasığmaz məsələlərdə ittiham edirlər. NİDA-çı gənclərə qarşı belə amansız münasibət sərgiləmək yalnız gəncliyi qorxutmaq məqsədi güdür. - Bəs bu cür tədbirlər effekt verirmi? - Bilirsinizmi, mən belə tədbir və repressiyaların effekt verdiyini və ya vermədiyini deyə bilərəm. Amma bunun nə dərəcə effekt verib-vermədiyi araşdırılmalı məsələdir. Gərək bunun üçün sorğular keçirilə, gəncliyin əhval-ruhiyyəsi öyrənilə. Bundan sonra qəti söz demək mümkündür. Amma mənim müşahidələrimə görə, bu həbslər hakimiyyətin gözlədiyi effekti vermir, əksinə, bu yolda olan gəncliyi daha da qəzəbləndirərək inadkar edir. - Azərbaycan iqtidarı indi özünün ən güclü və möhtəşəm dövrünü yaşadığı səbəbdən ona qarşı çıxanları əzir, həbs edir, repressiyalara məruz qoyur? - İlk baxışdan belə görünə bilər. Amma bunun dəqiq qiymətini vermək üçün bir qədər tarixə baxmaq, anoloji vəziyyətdə olan hakimiyyətlərin taleyini görmək lazımdır. Bütün avtoritar və totolitar hakimiyyətlərin başında duran insanlara elə gəlir ki, onları heç bir təhlükə gözləmir, əllərində istədikləri qədər maliyyə, zor aparatı, silahlı dəstələri var və s. Onların ətrafında elə psixoloji mühit yaranır ki, onlar əslində reallığı görmək imkanında olmurlar. Çox qəfil və bəzən də mənasız görünən hadisə bir təkana çevrilə bilir və onlar birdən ayılıb görürlər ki, hər şey məhv olub. Mən çox uzağa getmirəm və indi hakimiyyətdə olanların kommunist babalarından bir misal demək istəyirəm: Rumuniyanın başçısı Çauşevski həbs edilməzdən 1 gün əvvəl qurultay keçirdi. Hər yeri də “Xalq-Çauşevski, Çauşevski-Xalq” şüarları ilə bəzədilmişdi. Qurultayda onu ayağa qalxaraq dəstəkləyirdilər. Cəmi bir gün sonra balaca şəhərdə keşişlə bağlı olan narazılıq alovlanaraq ölkəni bürüdü, üsyana çevrildi. Və sonda da Çauşevski və həyat yoldaşı əsgərlər üçün istifadə edilən ayaqyolunun divarlarına söykənilərək güllələnməsi ilə başa çatdı. Təbii ki, Çauşevski və ətrafında olan yüksək vəzifə tutan şəxslər ağıllarına gətirmirdilər ki, başlarına belə fəlakət gələ bilər. Mən Azərbaycan iqtidarının başında duran insanlara bir qədər tarixi oxumaq və baxmağı və həm də onlardan nəticə çıxarmağı tövsiyyə edərdim. - Azərbaycan cəmiyyətinin və insanın müqavimət hissini necə dəyərləndirirsiniz? - Təbii ki, cəmiyyətin müqavimət gücü və iradəsi əslində yox kimi görünür. Ayrı-ayrı qruplar hansısa məsələlərlə bağlı etirazlarını bildirirlər. Və çalışırlar ki, bu fəaliyyətləri hakimiyyətin başında oturan şəxslərə yönəltməsinlər, etirazlarına siyasi rəng verilməsin. Mənə elə gəlir ki, bu etiraz edən qrupların ən böyük səhvi bundadır. Cəmiyyət təşkil oluna bilmir. Cəmiyyətin təşkil olunması müxtəlif siyasi, ictimai qurumlarda fəaliyyət göstərməsindən asılıdır. Əks təqdirdə cəmiyyət öz-özünə təşkil oluna bilmir. Amma hakimiyyətin ona müxalif olan siyasi qüvvələrə, onun istədiyini deməyən ictimai təşkilatlara münasibəti o qədər sərt və amansızdır ki, cəmiyyət bu cür təşkilatnmadan qorxur. Baxmayaraq ki, insanların daxilində etiraz və narazılıq potensialı toplanıb, amma bu etirazın realizə olunaraq ortaya çıxması üçün cəmiyyət vasitələrdən mərhum edilib. Bir sözlə. cəmiyyət polis rejimi nəticəsində qorxudulub. Və düşünür ki, hər hansı bir etiraz hərəkatı onun həbsə atılması, ailəsinin başsız qalması və müxtəlif problemlərlə üzləşməsinə səbəb olacaq. Ona görə də, içindəki etiraz, nifrət və kinlə gəzib dolanır. Bilirsiniz ki, içəriyə yığılan nifrət və kin nə zamansa püskürüb ortaya çıxır. Bu püskürmə təşkilatlanma olmayanda daha təhlükəli olur. Ona görə də, tarix boyu ağıllı adamlar cəmiyyətin içərisinə yığılan narazılıq və nifrət hissindən hər zaman çəkinib. Məncə, Azərbaycan cəmiyyətinin indi sakit görünən halı heç kəsi aldatmamalıdır. İllər boyu, ələlxüsus son 20 ildə Azərbaycan cəmiyyətinin itirdikləri, hakimiyyətin ona qarşı amansız davranışı yeni bir narazılıq hisslərini, etiraz duyğusunun formalaşmasına gətirib çıxarıb. Mən inanmıram ki, hakimiyyət idarəetməni belə sərtliklə davam etdirsə, bu etirazın qarşısını ala biləcək. Bu etiraz günün birində çox fəlakətli şəkildə ortaya çıxacaq. - Metroda, ictimai nəqliyyatda müşahidə aparanda insanların üzü gülmür, əksinə, hamı qaş-qabaqlı olur, bəzən vətəndaş haqlı olsa da, məmurun yüksək tonla danışması qarşılığında sakit durur. Bu nəyin təzahürüdür, nədən insanlarımız getdicə beləcə mütiləşir? - Bu suala daha çox psixoloqlar, sosialoqlar, cəmiyyətşünaslar cavab axtarmalıdır. Siz və mən sadəcə olaraq müşahidələrimizi deyirik. Mənim fikrimcə, mütilik ilk baxışdan görünür. Bəli, siz tamamilə doğru müşahidə aparmısınız. Tutaq ki, ünvansız bir naziri tənqid etməkdən qorxmurlar, amma sahə müvəkkilindən qorxurlar. Bir polis serjantı üzərinə gələndə vətəndaş özünü təhlükədə hiss edir. Bu qorxudulan, malik olduğu dəyərlərdən üz çevirən bir cəmiyyətin işarələridir. Amma yenə də tarixə müraciət etmək lazım gəlir. Tarix boyu bir çox cəmiyyətlər belə müti görünüb. Amma axı mütilərin də birdən üsyana qalxması olur və bu da böyük fəlakətlər gətirir. Azərbaycan hakimiyyəti deyəsən bu məsuliyyəti hiss etmir. Hiss etmir ki, bu cəmiyyəti dediyim həddə gətirib çıxarmaq olmaz. Çünki bu ölkəmizə böyük zərər olar. Azadlıq və demokratiyanın olmadığı bir cəmiyyətin vətəndaşları sizin də müşahidə etdiyiniz bu halları yaşayır. Mən Qarsda işlədiyim dövrdə universitetimizin kollektivi iki günlük Bakıya gəzməyə gəlmişdi. Geri qayıdan zaman onlardan Bakı haqqında təəssüratlarını soruşdum. Ağız dolusu danışdılar, dedilər moderin binalar, körpülər var. Sonra onlardan biri qeyd etdi ki, bu qədər gözəl görünən şəhərdə bir insan görmədik ki, üzündə sevinc hissi olsun. Əksinə, insanların simasında qəm-kədər var, gözlərində qəribə nifrət oxunur. Məndən bunun səbəbini soruşdular. Mən, onlara bu haqda ətraflı cavab verdim. Demək istəyirəm ki, sizin müşahidə etdiyinizi kənardan bura qonaq gələnlər belə müşahidə edir. Necə ola bilər ki, guya xalq üçün çalışdığını iddia edən məmurlar, siyasi rəhbərlik bunu görməsin. Bunu görməmək üçün gərək daşqəlbli olasan və xalq haqqında heç bir düşüncən olmasın. - Azərbaycan müxalifət düşərgəsindəki vəziyyəti, münasibətləri necə şərh edirsiniz? - Mənə elə gəlir ki, bu müxalifət dediyiniz qüvvə xeyli dərəcədə fərqli qüvvələrdir. Biz onların hamısını bir ad altında birləşdirmək istəyirik. Birləşdirəndə də ortaya xeyli problemlər çıxır. Azərbaycan müxalifəti də cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə səmimi mübarizə aparan, bu mübarizənin arxasında gizli təmənnaları olmayan, cəsarətli, vətəndaş mövqeyində duran kəsim olduğu kimi müxalifətin daxilində də belələri var. Müxalifətin hansısa hissəsi hakimiyyət tərəfindən satın alınıb, hansısa hissəsi tamam başqa maraqlara xidmət edir. Mətbuatın müxalifət adı altında təqdim etdiyi qüvvələrin bir qismi açıq-aydın şəkildə Azərbaycanın müstəqilliyini qəbul etmir. Hələ də SSRİ həsrəti ilə yaşayırlar. Son zamanlar Rusiyanın Ukraynaya qarşı sərgilədiyi mövqedən sonra fəallaşıblar və həyasızlaşıblar. Ona görə də, müxalifət haqqında danışanda müəyyən bölgülər aparılmalıdır. Hesab edirəm ki, Azərbaycan müxalifətində hakimiyyətin qanunsuz, qeyri demokratik hərəkatının qarşısında bir hövsələsizlik müşahidə olunur. Azərbaycanda prezident seçkiləri keçirildi, Milli Şura yarandı və bu qurum üzərinə düşən vəzifələri icra etməyə təşəbbüs göstərdi, ən az imkanlar çərçivəsində bacardığını ortaya qoydu. Amma bizdə belə təsəvvür var ki, əgər bir birlik yaranıbsa, bu əbədi olmalıdır. Mən siyasi qüvvələr arasında münasibətlərin yenidən təhlilinə qayıtmaq niyyətində deyiləm. Bu münasibətlər obyektiv və qeyri obyektiv şəkildə kifayət qədər təhlil edilib. Mən hesab edirəm ki, Azərbaycanda demokratik cəmiyyət görmək arzusunda olan səmimi qüvvələrin arasında nə qədər fikir ayrılıqları olsa da, son anda bir yerdə olmağı bacaracaqlar. Hərdən mənə də deyirlər ki, siz müxalifətdaxili müzakirələrə çox qarışmırsınız. Doğrusu, mənim bu məsələlər barədə öz fikir və baxışlarım var. Amma mən bu qüvvələr arasında hansısa narazılıqları bir qədər də alovlandıraraq konfliktə çevirmək niyyətindən uzağam. Ona görə də, bəzi hallarda müxalifətdaxili məsələlərdə sərt mövqe sərgiləmirəm. Sadəcə olaraq bu qüvvələrin gələcəkdə əməkdaşlıq edə bilməsi imkanlarının qorunub saxlanmasının tərəfdarıyam. - Siz hesab edirsiniz ki, bir-biri xəyanətdə və satqınlıqda ittiham edən köhnə müttəfiq partiyalar yenə də əməkdaşlıq edəcəklər? - Əməkdaşlıq bu və ya digər şəkildə davam edir. Ola bilsin ki, istənilən səviyyədə deyil, cəmiyyətin bir arada görmək istədiyi qüvvələr arasında deyil və ya əməkdaşlığın çərçivəsi bir qədər dardır. Siyasətdə səmimi mövqe və ölkənin taleyinə yönələcək fikirlər, fəaliyyətlər varsa, “heç vaxt ola bilməz” prinsipi hakim mövqedə dura bilməz. - Müxalifətin, xüsusilə Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakını nə dərəcədə məqbul hesab edirsiniz? - Mən Müsavatın Divan və Məclis üzvüyəm. Bu məsələ Məclisdə geniş müzakirə edilib və mən bələdiyyə seçkilərinə qatılmağın tərəfində olmuşam. Qeyd edim ki, seçkidə iştirakın əleyhinə olaraq kifayət qədər ciddi və əsaslı görünən arqumentlər də səsləndirilib. Seçkidə iştirakın əleyhinə olan adamlar havadan danışmırlar. Amma bir şeyi unutmayaq ki, ölkənin taleyini düşünən, demokratiya istəyən siyasi qüvvələrin yolu seçkidən keçir. Bəli, seçkilər indiyə qədər gözümüzün qarşısında olub və heç bir seçkidə də demokratik şərtlərə əməl edilməyib. Eləcədə bələdiyyələrin real statusu yoxdur, onlar icra orqanlarından asılı duruma salınıb və s. Amma hər şey seçkidən keçir. Siyasi qüvvələr nə qədər narazı olsa, seçkilərin qeyri demokratik keçirildiyindən şikayətlənsə də, cəmiyyətin və ölkənin dəyişməsinin yolu seçkilərdən keçir. Biz seçkilərə qoşulmaqla seçki mühitinin demokratikləşməsi istiqamətində mübarizə aparmalı oluruq. - Vəfa Quluzadə, Sülhəddin Əkbər və başqa məlumatlı xadimlər Azərbaycanda Rusiyanın “beşinci kalonu” haqda həyacan təbili çalır. Rusiyanın Ukraynada aktivləşməsi fonunda bu şəxslər bəyan edirlər ki, Azərbaycanda Kremlin siyasətini dəstəkləyən siyasi qüvvələr, agentura şəbəkəsi var və aktiv fəaliyyətdədir. Sizcə, bu reallıqdırmı və ölkəmiz üçün təhlükəlidirmi? - Əslində belə insanları iki yerə bölmək lazım gəlir. Birncisi, Rusiya dövlətinin agentura şəbəkəsi varsa, bu haqda məlumatlar cəmiyyətdə deyil, hakimiyyətin əlindədir. Hakimiyyət də bunlara nəzarət eləməlidir. İkincisi, Rusiya kəşfiyyat orqanlarının agentura şəbəkəsinə daxil olmayan, sadəcə olaraq Azərbaycan hakimiyyətinin sərgilədiyi ədalətsiz mövqelərin nəticəsində SSRİ-nin həsrətini çəkənlər mövcuddur. Bunlarla bağlı ciddi təbliğat işi aparılmalı, onlara əsl həqiqətlər bir daha xatırladılmalıdır. Əslində deyim ki, bu qüvvələr narahatçılıq doğurur. Ancaq mən indiki halda onların çox böyük təhlükə olduğunu düşünmürəm. Təbii ki, narahatçılıq yaradırlar. Əgər sabah Rusiya Azərbaycana qarşı açıq əks mövqe sərgiləsə, bu qruplar təhlükəli qüvvəyə çevrilə bilərlər. İndiki halda onlar yalnız narahatçılıq doğuran qüvvələrdir. Mən hesab edirəm ki, mətbuat, ziyalılar və siyasətçilər bu narahatlığı aradan qaldıracaq addımlar atmalıdır. Məsələn, mən özüm haqda danışa bilərəm. Özüm sosial şəbəkələrdə bir çox məsələlərlə bağlı mübahisələrə girişmirəm. Amma iki məsələ barəsində sosial şəbəkələrdə sözümü gizlətmirəm. Birincisi, kommunist ideologiyasına xidmət edənlə, SSRİ-nin xiffətini çəkənlərlə bağlı. İkincisi, ölkə daxilində etnik separatçılıq mövqeyini sərgiləyən insanlar. Mən bu mövzuda hər zaman arqument və etirazlarımı bildirərəm. Narahatlıq doğuran mövqellərə qarşı əlimizi yelləyib keçməklə onlar aradan qalxmaz. Onlara qarşı təbliğatı işi gücləndirmək lazımdır və narahatlıq doğuran məsələlərin təhlükəyə çevrilməsinə imkan vermək olmaz. Hüseyn ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?