Sabiq Baş nazir Pənah Hüseyn ictimai müzakirəyə səbəb olan təklif irəli sürüb. O, Rusiyanın son dövrlər atdığı addımları əsas gətirərək deyib ki, Azərbaycan müxalifətinin vəziyyəti ciddi təhlil eləməsinə ehtiyac yaranıb. Pənah bəy hesab edir ki, Ümummilli Müqavimət Hərəkatının yaranmasına ehtiyac var və Azərbaycan müxalifətinin də bu məsələdə çox ciddi potensialı mövcuddur. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə şimaldan Azərbaycana ciddi təhlükənin gəlmədiyini desə də, Ümummilli Hərəkatın yaranması ilə bağlı təklifi müsbət qiymələndirir: - Azərbaycan üçün Rusiya təhlükəsi sadəcə olaraq, Putinin siyasəti, Jirinovskinin açıqlamaları ilə görsənə bilər. Bir narahatlıq var, amma bu, təhlükə səviyyəsində deyil. Hesab edirəm ki, ümummilli birliyin olması təkcə Rusiyada baş verənlər və onun Azərbaycana münasibəti ilə deyil, hər zaman olmalıdır. Bu da Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsinə böyük şərait yaradar. Mən, Pənah bəyin çıxışı ilə tanış olmasam da, hesab edirəm ki, bu, heç vaxt aktuallığını itirməyən məsələdir. - Məsələ ondadır ki, artıq Qarabağın da Rusiyaya birləşdirilməsi təklifi gündəmə gəlib. Sizcə, bu, təhlükədən xəbər vermirmi? - Azərbaycan Rusiya ilə məsələsini bütün hallarda Əbülfəz Elçibəyin rəhbərliyi ilə onun hakimiyyəti hesabına həll edib. O zaman opponentlik edənlər, ən azından, yanıldıqlarını bu gün etiraf eləməlidirlər. Düzdür, qiyam oldu, Elçibəy hakimiyyəti devrildi, amma Rusiyanın ayağı Azərbaycandan birdəfəlik kəsildi. Bu gün Rusiyanın Azərbaycanda hərəkət etmək imkanı yoxdur, ola da bilməz. Ola bilsin ki, kimsə “bəlkə də qaytardılar”, - fikri ilə yaşayır, kiminsə Rusiyaya bağlılığı, kiminsə qan qohumluğu var, bunları təbii qəbul eləmək lazımdır. Amma Qarabağ məsələsi ciddi məsələdir. Bu münaqişə Rusiyanın əli ilə yaranıb. İndi münaqişənin belə bir müstəviyə keçməsinə ruslar razılıq verməzlər. Yəni, Qarabağın Rusiyaya birləşdirilməsi, referendumun keçirilməsi və bu kimi məsələlərin gerçəkləşməsi Rusiyanın hər şeyi boynuna alması demək olardı. Onda gərək desin ki, 366-cı dviziya ilə Xocalı soyqırımını mən törətmişəm, Sərkisyanı, Köçəryanı mən təlimatlandırmışam, arxalarında mən durmuşam. Onda da Putin, onun administrasiyası və Rusiya üçün təhlükə yaranır, Azərbaycan üçün yox. - Necə düşünürsünüz, bütün bu təhdidlərə qarşı Azərbaycan müxalifəti, cəmiyyəti hansı formada birləşməlidir? -Bu gün gündəm budur deyə, indi müqavimət hərəkatından, milli birlikdən danışılır, təkliflər verilir. Əslində isə bu məsələ hər zaman aktual olub. İndi dostlarımız təkliflə çıxış edirlərsə, bunu da normal qəbul eləmək lazımdır. Burda kim bir arada ola biləcəksə, hamısı bu çətir altına yığışacaq. Məncə, burada iqtidar-müxalifət söhbəti də olmamalıdır. Çünki vətən, dövlət maraqları ortadadır. - Mirmahmud bəy, bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Seçkiyə çox vaxt qalmasa da, müxalif düşərgədə hələ də passivlik hökm sürür. Bələdiyyələr əhəmiyyətsizdir deyə mübarizə aparılmır, yoxsa başqa səbəblər var? - Əslində dünyanın ən yaxşı şeyləri Azərbaycanda əhəmiyyətsizləşdirilib. Görürsünüz ki, qonşu Türkiyədə bələdiyyə seçkilərinin önəmi necədir. Hətta parlament, prezident seçkilərinin də taleyi bələdiyyə seçkilərində həll olunur. Bütün dünyada belədir. Azərbaycanda isə bilərəkdən seçkini əhəmiyyətsizləşdirmə siyasəti aparılır. Böyük şəhərlərin - Bakının, Gəncənin, Sumqayıtın bələdiyyələri olsa, yaxşı olardı və artıq icra strukturlarına ehtiyac qalmazdı. Amma bu gün iqtidar bələdiyyələri icra hakimiyyətlərinin əlavəsinə, torpaq alqı-satqısının rəsmiləşdirilməsinə xidmət edən bir quruma çevirib. Xalq bu bələdiyyələrdən yararlana bilmir, amma hakimiyyət onlardan istifadə edir. - Bəs, KXCP bələdiyyə seçkilərində hansı formada iştirak edəcək? Fəaliyyətinizi Milli Şura ilə koordinasiya edəcəksiniz, yoxsa... - KXCP martın 1-də Ali Məclisinin sessiyasında bələdiyyə seçkilərində iştirak etmək haqqında qərar verib. Milli Şurada isə bu istiqamətdə müzakirələr hələ aparılmayıb. Amma son sessiyada çıxış edənlərin əksəriyyəti bələdiyyə seçkilərində iştirakın önəmini xüsusi vurğuladılar. Ona görə də hesab edirik ki, bizim bununla bağlı qərarımız düzgündür. Yəqin ki, Milli Şura da bu seçkidə bu və ya digər formada iştirak edəcək. Düşünürük ki, Milli Şura, yaxud quruma daxil olan partiyalar seçkidə iştirak etsələr, cəmiyyətdə böyük canlanma yaranar. - Sizcə, Milli Şuranın seçkiyə vahid komanda kimi getməsi vacibdir? - Bu, artıq məsələnin texniki tərəfidir. Yəqin ki, o istiqamətdə məsələlər müzakirə olunacaq və müvafiq qərarlar veriləcək. Hətta bu olmasa belə, problem yaranmayacaq. Konkret olaraq, KXCP seçkilərdə iştirakın tərəfdarıdır, inşallah, iştirak edəcəyik. Artıq bununla bağlı müşavirələrə başlamışıq. Ötən həftə Şirvan bölgəsi üzrə müşavirəmiz olub, lazımi tapşırıqlar verilib. - Son vaxtlar Milli Şuranın fəaliyyətində passivlik müşahidə olunur. Təbii ki, bunda həm prezident seçkilərinin bitməsinin, həm də Müsavatın uzaqlaşmasının rolu ola bilər. Bu barədə nə deyə bilərsiniz? - Milli Şuranın nə üçün yarandığını hamı bilir. Milli Şuranın bir silahı var idi, o da kütləvi aksiyalar və seçki debatları idi. Artıq o mərhələ bitdi. Hətta hamı bir yerdə qalsa, Müsavat getməsəydi də, Milli Şura yenə zəif görünəcəkdi. Amma əslində, məsələ belə deyil. Məsələ ondadır ki, Milli Şuranın silahı əlindən alınıb. O zaman tribuna var idi, kütləvi aksiyalar, filan olurdu, indi isə bunlar yoxdur. Düşünürəm ki, növbəti mərhələdə - bələdiyyə seçkilərində yeni bir tribuna yaranacaq. Onda görəcəksiniz ki, sən demə, o təhlillər, qiymətləndirmələr, Milli Şuranın sıradan çıxması ilə bağlı iddialar doğru deyilmiş. - Bəlkə zəif görünən Milli Şuranı buraxmaq daha məqsədəuyğun olardı? Seçkilərdəki uğursuzluq, birliyi təşkil edən əsas partiyaların uzaqlaşması Milli Şuranın fəaliyyətinə xitam verilməsi üçün əsas deyilmi? - Biz o məsələləri müzakirə edib, partiya olaraq mövqeyimizi bildirdik. İstefalardan öncə də, sonra da, hətta seçki ərəfəsində də bu barədə nə lazımdırsa, dedik. Son ayrılmalardan sonra müzakirələr gedəndə KXCP-də Milli Şurada iştirakın əleyhinə olanlar indiki məqamda ordan getməməyin tərəfdarı kimi çıxış elədilər. İndi də mövqeyimiz odur ki, hələlik hardansa çıxmaq lazım deyil. Zaman olub ki, siz dediyinizdən də sərt mövqe sərgiləmişik. Amma indi qərarımız bəllidir və ona uğyun addımlarımızı atırıq. - AXCP-nin bəzi funksionerləri son günlər Milli Şuranın etimadı doğrultmadığını bildirirlər. - Əvvəl belə açıqlama verərdilər. Axı, deyəsən, indi belə demirlər. - Dünən AXCP sədrinin müavini Razu Nurullayev belə bir fikir səsləndirib. - Vallah, belə bir fikirlə tanış deyiləm. Amma hesab edirəm ki, ötən mərhələdə sizin dedikləriniz doğrudan da olub. Biz o fikrin tərəfdarıyıq ki, bir təşkilatı yaradanda onu hansı əhval-ruhiyyə ilə təsis edirdilərsə, fəaliyyətinə xitam verəndə də o cür eləmək lazımdır. Daha bir-birinə umuküsü ilə, dava-dalaşla, düşmən münasibəti ilə deyil, normal qaydada ayrılmaq lazımdır. Normal nöqtə qoymadıqda İctimai Palatanın taleyi kimi olacaq. Hamı bilirdi ki, belə bir şey yaranıb, hamı ora getmək istəyirdi, kimlərinsə getməsi qarşıdurmalara səbəb olurdu, amma bu qurum nə vaxt, kim tərəfindən buraxıldı, bundan heç kimin xəbəri olmadı. - Belə çıxır ki, Milli Şuranın sonu İctimai Palatanın taleyi kimi müəmmalı olmayacaq? - İnanıram ki, Milli Şurada təmsil olunan insanlar cəsarət tapıb məsələyə xitam vermək istəsələr, bunu normal edəcəklər və münasibətlərə xələl gəlməyəcək. Əslində, burda böyük bir şey yoxdur, sadəcə olaraq, siyasi mədəniyyət, hətta elementar mədəniyyət qaydalarına riayət etmək lazımdır. - Mirmahmud bəy, hazırda gündəmdə olmasa da, 2015-ci il parlament seçkiləri barədə gözləntilərinizi öyrənmək istərdik. Sizcə, Milli Şuranı parlament seçkilərinə kimi qoruyub saxlamaq mümkün olacaq? - Məncə, 2015-ci ildə seçkiyə birgə getmək üçün hətta "Milli Şuranı buraxmaq lazımdır", - deyənlər belə "Növbəti ildə bir arada olmaq lazımdır", - söyləyəcəklər. Əgər Milli Şuradakı insanlar parlament seçkilərində vahid komanda kimi iştirakın labüd olduğunu qəbul eləsələr, o zaman hazırki birliyi qoruyub saxlamaq mümkün olacaq. Bunun üçün əməkdaşlıq, məsləhətləşmə, yaxud hər hansı bir forma tapılmalıdır. Hələlik bu format müəyyənləşməyib, amma seçki ərəfəsində bununla bağlı ortaq məxrəc tapılacaq. Ya da heç bir ortaqlıq olmamalı, hər bir təşkilat öz namizədi ilə seçkidə iştirak etməlidir. R. Seyidov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?