Firudin Cəlilov: “Məsələ uzana və böyük müharibəyə də gətirib çıxara bilər”
Suallara sabiq təhsil naziri, professor, istiqlalçı deputat Firudin Cəlilov cavab verir. - Firudin bəy, son zamanlar şimal təhlükəsi haqda yerli mətbuat tez-tez informasiya verir. Sizcə, Azərbaycan üçün Rusiya təhlükəsi nə dərəcədə realdır və qorxuludur? - Bilirsinizmi, ağıllı insan odur ki, keçmişdən dərs götürsün. Çox təəssüflər olsun ki, biz unutqan bir xalqıq. Yaxın keçmişimizi belə unudur və xatırlamırıq. Bu gün Ukraynada baş verən proseslər 25 il əvvəl eynən Azərbaycanda baş verib. Başqa sözlə, Krım məsələsi də eynən Dağlıq Qarbağ kimi öncədən hazırlanmışdı və məsələ yetişəndə Krımı Ukraynanın əlindən aldılar. Eyni ssenari ilə Dağlıq Qarabağı bizim əlimizdən aldılar. İndi Krımı işğal ediblər, Şərqi Ukraynada aranı qatırlar. Bu bir növ Dağlıq Qarabağı aldıqdan sonra ətrafda yerləşən yeddi rayonun işğalı prosesinə bənzəyir. Bununla paralel ola bilsin ki, bu tərəflərə də göz dikib həmlə eləsinlər. Əslində bunun işartıları da var. Nəzərə alın ki, rus ayısına etibar yoxdur. Müəyyən bölgələrdə iş aparır, beşinci kalon orda-burda işini görür. Bu təhlükəni görmək lazımdır. Mən arzu edirəm ki, belə bir təhlükə olmasın. Amma görməzdən gəlməyin özü də dövlətçiliyimizə böyük ziyandır. Ona görə fərqi yoxdur, istər iqtidar olsun, istərsə də müxalifət. Bu dövlət müstəqilliyimizə təhdid məsələsidir. Yüz illərlə əsarətdə yaşayan 50 milyonluq xalqın 8-9 milyonu müstəqil bir dövlət qurub. Biz bu dövləti yaşatmalı və bu kimi məsələlərdə həssas olmalıyıq. Real durumu budur. - Rusiya təhlükəsiz Azərbaycanda özünü konkret nədə büruzə verir? - Mən sizi anlayıram, çünki dəqiqliyə getmək istəyirsiniz. Amma nəzərə alın ki, elə şeylər var ki, onu mətbuata çıxarmaq doğru olmaz. Elə məsələlər var ki, onu müəyyən səlahiyyətli insanlar toplaşaraq təhlil etməlidir. Bəzən elə şeylər olur ki, onu mətbuata çıxaranda xeyrindən çox ziyanı olur. Bu zaman panika olar və ya ondan spekuliyasiya edərlər. Yəni hər şeyi tam çılpaqlığı ilə açıq demək də olmaz. - Bu gün ən dəbdə olan məsələlərdən biri də beşinci kalon ifadəsidir. Necə düşünürsünüz, Rusiyanın Azərbaycanda beşinci kalonu varmı? - MDB ölkələri içərisində beşinci kalon ən çox Azərbaycandadır. 20 yanvar qırğınını görən bir xalqın içərisində əgər Rusiya sevdalıları varsa, demək bu dəhşətli mənzərədir. Dağlıq Qarabağ məsələsinə gələk. Dağlıq Qarabağı bəyəm erməni silahlıları Azərbaycandan qopardı? Əlbəttə, yox. Qarabağı Azərbaycandan ruslar alıb ermənilərə verdilər. Üstəlik yeddi rayonun əhalisini də deportasiya ediblər. Ermənistan deyilən xarabadan Azərbaycan türklərinin deportasiyası, qovulması faktı var. Bunu görməzdən gələn insanlar varsa, deməli bu çox dəhşətli bir faktdır. Bundan başqa, nostalji məsələsi var. Müxalifətin də, iqtidarın da, məmur təbəqəsinin də, adi kasıb əhalinin daxilində də sovet nostalgiyası yaranıb. İnsanlar düşünürlər ki, o zaman qanun-qayda var idi, on yerə şikayət edəndə azı beş idarə şikayəti cavablandırırdı. Sosial problemlərin olduğu bəllidir. Beşinci kalonda bu ovqat üzərindən insanlarımıza təsir edə bilər. Həm də, hər şeydən istifadə olunur. Tarixi təcrübə göstərir ki, bu kimi situasiyalar zamanı milli məsələdən sui-istifadəyə çalışılır, azsaylı xalqların problemləri qabardılır, hakimiyyətdən narazı olanlar üzərindən iş aparılır. Niyə uzağa gedirsiniz? Ukraynanın bu gününə baxmaq və onu təhlil etmək lazımdır. Yəni Qarabağ ssenarisi ilə Krım məsələsi eyni mərkəzdən hazırlanaraq eyni qüvvələr tərəfindən icra olundusa, kim qarant dura bilər ki, sabah proses bu tərəflərə keçməyəcək. Odur ki, hazır olmaq lazımdır. Mən şəxsən məmur təbəqəsindən narazıyam. Amma bu mənə haqq vermir ki, 200 ildə qazandığımız müstəqil dövləti itirməliyik. Ona görə bu məqamda dövlət, xalq, hakimiyyət və müxalifət bir yumruq halında olmalıdır. Elə əsas iş də bu istiqamətdə getməlidir. - Siyasi partiyalar arasında rusmeyllilər varmı? - Mən müxalifətin içində deyiləm və bu səbəbdən də konkret bir söz deyə bilmərəm. Amma bildiyim qədər Azərbaycanda sol partiyalar, ələlxüsus kommunist partiyası fəaliyyət göstərir. Əslində isə əgər Azərbaycanda Kommunist Partiyası varsa və fəaliyyət göstərirsə, demək bu hər şey deməkdir. Yadınıza salın, bir zamanlar Azadlıq meydanında bu partiyanın üzvlük vəsiqələrini yandırır və deyirdilər ki, vəsiqə yananda qoxusu da pisdir, adamın başını ağrıdır. Əgər bu gün həmin partiyanı bərpa edən qüvvələr varsa, bu ciddi faktdır. - Mehriban Vəzir deyir ki, Azərbaycanda ictimai rəyi və şüuru dövlət müstəqilliyinin əleyhinədir... - Bu mən yuxarıda qeyd etdiyim məsələlərlə bağlıdır. Sosial problemlərdən, məmur özbaşınalığından və digər səbəblərdən qaynaqlanır. Mən də hesab edirəm ki, belə bir ovqat formalaşır. Həm də deyim ki, bu çox təhlükəlidir və dövlətçiliyimizə ziyandır. Bunun qarşısını almaq lazımdır və vacibdir. Təlim-tərbiyyəni uşaq bağçasından başlamaq lazımdır. Vətən, millət, bayraq sevgisi məktəbə qədərki tərbiyə müəssisələrindən və məktəbdən başlamalıdır. Eləcə də kanallarda ciddi iş aparılmalıdır. Amma indi hansı kanalı açırsansa şou proqramlar gedir, manıslar ortada at oynadır. Neçə illərdir ki, bu təbliğat gedir. Bu təbliğatın da nəticəsi belə olmalı idi. İnsanlarda nə millət, nə dövlət, nə vətən sevgisi qalıb. Bütün bunları aradan çıxaranda manqutlar yetişir. - Firudin bəy, Bakıda 1 may zəhmətkeşlər günü qeyd edilib. Sizcə, bunun solçuluğa və kommunizmə bir aidiyyəti varmı? - Bir mayın ruslara aidiyyəti yodur. Bu sadəcə olaraq zəhmətkeşlərin günüdür və dünyanın bir çox ölkələrində qeyd olunur. Amma bu bayramın Rusiya ilə heç bir bağlılığı yoxdur. - Ancaq bir mayı qeyd edənlər sizin də nazir olduğunuz AXC hakimiyyətini ciddi tənqid ediblər. Deyiblər ki, məhz sizin hakimiyyət bir may bayramını bilərəkdən və qərəzli formada təqvimdən silib... - Əslində sizə deyim ki, bir çox ölkələr bu bayramı təqvimdən çıxarıb. Türkiyədə də bu bayramı dövlət qeyd etmir. Amma bir çox ölkələrdə də bayramı qeyd edirlər, bu tarixə loyal yanaşırlar. Amma bunun Rusiyaya və bizim müzakirə etdiyimiz məsələlərə aidiyyəti yoxdur. - Bəs 9 May Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilməlidirmi? - Mən hesab edirəm ki, qeyd olunmamalıdır. - Hansı səbəblərdən? - Əvvəla, bu bizim müharibə olmayıb. Burada söhbət Rusiya-Almaniya arasında hegomonluq uğrunda başlanan müharibədən gedir. Bu müharibədə milyonlarla insan qırıldı. Çox təəssüflər olsun ki, bizi də bu müharibədə iştiraka sövq etdilər. Bizim xalqımız içində elə bir ailə yoxdur ki, bu müharibədə şəhid verməsin. Bizə aid olmayan bir müharibədə iştirak etmişiksə, onun qələbəsini qeyd etməyin heç bir mənası yoxdur. - Bu müharibədə 700 min Azərbaycan türkü şəhid olub... - Məndə əslində bunu qeyd edirəm. Bizim camaatı bizə aidiyyəti olmayan müharibəyə aparıb qırıblar. Və bunun da ağrısını indiyə qədər bir çox ailələr canından çıxara bilməyib. - Ukrayna hadisələrini necə proqnozlaşdırırsınız? - Fikrimcə, Şərqi Ukraynada vəziyyət getdikcə gərginləşəcək. Bu proses uzanacaq. Çünki bu hadisə birdən-birə başlamayıb. Yanukoviç hakimiyyətə gətirilən günlərdən bu işlər gedirdi. Ordu dağıdılır, ölkə boşaldılırdı. Ona görə də, bu birdən-birə dayanmayacaq. Əksinə, məsələ uzanacaq və hətta böyük bir müharibəyə də gətirib çıxara bilər. - Rusiyanın marağı və məqsədi nədir? - Qarbaçov hakimiyyətə gələndən sonra islahatlara gedərək sovet hakimiyyətini saxlamağa çalışdı. Amma edə bilmədi. Çünki iqtisadiyyat çökmüşdü, tarixin gedişatı başqa mərhələyə daxil olmuşdu, imperiya dağılmağa doğru hərəkətdə idi. Bunun qarşısını almaq üçün Alma-Atada, Tiflisdə, Bakıda və Vilnusda qırğınlar törətdilər. Məqsəd isə imperiyanı qoruyub saxlamaq idi. İndi Rusiya təxminən buna oxşar duruma düşüb. Rusiyanın daxili, eləcə də iqtisadi problemləri var. Həmçinin mənəvi və demoqrafik problemlər mövcuddur. Daxili partlayışı kənara çıxarmaq məqsədilə belə ssenarilər oynanılır və həm də yeni ərazilər əldə olunur. - SSRİ-yə oxşar bir formasiyanın bərpa olunması nə dərəcədə realdır? - Məncə, bu ciddi söhbət deyil. Düzdür, indi Avrasiya İttifaqı, Gömrük Birliyi kimi ideyalar səsəndirilir və bunu qurmağa çalışırlar. Amma bu baş tutan bir məsələ deyil. - Putin SSRİ məkanında tam nüfuz və nəzarət istəyirmi? - Əlbəttə istəyir. Çünki içəridən çürümə başlayıb. Bu çürümənin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Bu mənada təbii ki, siz deyən istəklər var. Amma bu reallaşacaq məsələ deyil. -Krımoğlunun Krıma buraxılmamasını necə şərh edirsiniz? - Mustafa Cəmiloğlu Krım tatar xalqının ən sevimli övladlarından biridir, milli adamdır, liderdir. İllərlə tatar iddiası üzərində həbsxanalarda yatıb, mübarizə aparıb, əqidəsindən dönməyib. Təbii ki, Mustafa Cəmiloğlunu Krıma buraxmayacaqlar. Çünki onun özü və sözü bir orduya bərabərdir. Mustafa bəy dövlət başçıları ilə görüşüb müzakirə apara, fikrini deyə bilir. Yəni Mustafa bəy sıradan bir adam deyil və SSRİ həbsxanalarında vaxtını bada verməyən şəxsiyyətdir. Təbii çalışacaqlar ki, onu izoliyasiya edib Krıma buraxmasınlar. Bunlar gözləniləsi hadisələrdir. Amma iş ondadır ki, Krım məsələsində Ukrayna dövləti böyük səhv etdi. Vaxtı ilə biz Qarabağda demoqrafiya məsələsində səhv etdiyimiz kimi, ukraynalılar da bunu təkrar etdi. Kiyev hökumətləri tatarların Krıma qayıtmasına müəyyən hədd qoydu, maneçilik törətdi. İndi də Ukrayna dizinə döyür, çünki görürlər ki, Krımda dövlətçiliyi istəyən, Ukraynanın bütövlüyünə çalışanlar elə tatarlardı. Amma onların səhvi ucbatından da tatarların sayı azdır. Çünki vaxtında Ukrayna hökumətləri burunlarından o tərəfi görməyiblər. İndi də anoloji səhvi Gürcüstan edir. Belə ki, Cavaxetiya bölgəsinə Axsıka türklərini buraxmırlar. Amma sabah ermənilər Cavaxetiyanı Ermənistana birləşdirmək istəyəndə gürcülər dizlərinə döyəcəklər, deyəcəklər ki, vaxtında Axsıka türklərini vətənlərinə buraxardıq. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?