Nurəddin Məmmədli: “Təşkilatlanma işində əsas açar rolunu sosial şəbəkələr oynayır”
Suallara AXCP sədrinin müavini Nurəddin Məmmədli cavab verib. AXCP funksioneri partiyadaşı Kəmalə Bənəniyarlının həbsi və polisdə işgəncəyə məruz qalması, siyasi durum, Ukraynada baş verən proseslərin Azərbaycana təsiri, AXCP üzvünün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etməsi və digər mövzulardan danışıb. - Nurəddin bəy, AXCP üzvü Kəmalə Bənəniyarlının polis idarəsində işgəncəyə məruz qalması haqda xəbərlər yayılıb. Bununla bağlı partiyada dəqiq informasiya varmı? - Bu işgəncələrdən sonra vəkil Əsabali Mustafayev Kəmalə xanımla görüşüb və ona verilən işgəncələr də açıq görünür. Eyni zamanda Kəmalə xanım deyib ki, ciddi işgəncələrə məruz qalıb. Belə ki, onu döyüblər və təhqir ediblər. Əsas məqsədləri isə Əli Kərimliyə qarşı ifadə almaq olub. - Söhbət hansı ifadədən gedir? - Onlar çalışıblar ki, Kəmalə xanımdan AXCP sədrinə qarşı ifadə alsınlar. Guya Kəmalə Bənəniyarlı çıxışlarını təxribat məqsədilə edir və bunun üçün hər ay AXCP sədrindən küllü miqdarda pul alır. Yəni ondan belə bir ifadə almağa cəhd ediblər. Əslində bu ümumi halqanın bir tərkib hissəsidir. Səhv etmirəmsə bir müddət əvvəl dünya çempionu olan bir şəxsi də həbs etmişdilər. Həmin idmançı etiraf etmişdi ki, Əli Kərimlini öldürmək üçün sifariş verilib, ancaq o, bundan imtina etdiyi üçün həbs edilib. Eyni zamanda ortada jurnalist həmkarınız Pərviz Həşimli nümunəsi var. Onun özü də bu haqda danışıb. Məsələn, ona Əli Kərimlinin əleyhinə ifadə verəcəyi təqdirdə bir milyon manat pul verməyə hazır olduqlarını deyiblər. Yəni bütün bunlar bir şəbəkənin AXCP və onun sədrinə qarşı hazırladığı ümumi prosesin tərkib hissəsidir. Bənəniyarlı məsələsində də qaranlıq bir şey qalmayıb, əksinə, hər şey ortadadır, vəkil bu haqda kifayət qədər məlumat verib. Hətta DİN sonradan işgəncə verilməsini dansa da, iki məqamı xüsusilə qeyd etmək lazımdır. Birincisi, ilk anda həkimlər Kəmalə xanımın xəsarətini fiksiya ediblər və bu barədə sənədlər tərtib ediblər. Eyni zamanda bir neçə dəfə təcili tibbi yardım dəvət ediblər, həkimlər gəlib ona yardım edib. Bunu da Kəmalə xanım bildirib. Amma DİN bütün bunları təkzib edib. Əslində isə burada mənim dediklərim və ya Kəmalə Bənəniyarlı ilə məsələyə əsla şübhə yeri qalmayıb. - AXCP və Əli Kərimli ətrafında aparılan bu prosesin mahiyyəti və məqsədi nədir? - Bu hamıya aydındır. Bunlar Ukraynada yaranan vəziyyətdən bəhrələnərək Azərbaycanda demokratik adaları tam məhv etmək iddiasındadırlar. Bu gün AXCP-nin ölkənin təşkilatlandırmaq baxımdan, həm funksionallıq, həm də sıralarının genişliyi baxımından həlledici güc ola biləcəyinə şübhə eləmirlər. Həm də AXCP-nin iştirakı ilə formalaşdırılan Milli Şura xalqın etimadına malikdir. Ona görə də, bütün vasitələrlə AXCP-ni sıradan çıxarmaqla ölkədə azadlıq istəklərinə söykənən qüvvələri birdəfəlik məhv eləmək istəyirlər. Təsəvvür edin ki, AXCP-nin qərargahında iki gəncin olmasına baxmayaraq qərargahın zirzəmisini partlatdılar. Daha sonra binanı yerlə yeksan etdilər, qərargahın sahibinə indiyə qədər kompensasiya vermirlər. Həm də göstərirlər ki, bu partiyaya qərargah üçün yer verənləri məhv edəcəklər. Bununla da, həm də ölkəmizdə azadlıq uğrunda mübarizə aparanları məhv etmək, ölkəmizdə Şimali Koreya modelini reallaşdırmaq istəyirlər. Biz isə AXCP olaraq bu təzyiqlərə rəğmən mübarizəmizi davam etdiririk. Bu səbəbdən də, hakimiyyət getdikcə daha ifrat və eybəcər, hüquqa zidd vasitələrlə üzərimizə gəlir. Bilirsinizmi, burada önəmli cəhət odur ki, bunlar nələr etdiklərinin fərqindədirlər. Bunlar Azərbaycan xalqından nə qədər pul oğurladıqlarını bilirlər, eyni zamanda dünyada gedən proseslər epizodik olaraq bunların xeyrinə işləsə də, bütövlükdə bu proseslərin diktatura rejimlərinin məhv ediləcəyi əlamətlərini görürlər. Odur ki, mümkün qədər öz hakimiyyətlərini uzatmaq və məsuliyyətdən qaçmaq üçün ən ifrat və yaramaz vasitələrdən bəhrələnməyə çalışırlar. - Siz Ukrayna proseslərindən danışdınız. İndi Ukrayna prosesləri hansısa formada Azərbaycana təsir edirmi? - Hesab edirəm ki, ciddi şəkildə təsir edir. Bu bir tərəfdən hakimiyyətdə çaşqınlıq yaradır. Təsəvvür edin ki, hakimiyyət BMT-də Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi, ortaya iradə qoydu. Az sonra Avropa Şurasında bu mövqeyin əleyhinə getdi. Çünki Rusiyadan kifayət qədər qorxur, ehtiyat edirlər. Odur ki, dedikləri balans siyasəti yolu ilə gedirlər. Digər tərəfdən, Ukrayna hadisələrindən həm də bəhrələnirlər. Yəni Rusiyanın enerji resursları üzərindən Avropaya etdiyi basqılar ABŞ və qərbi alternativ enerji imkanlarından istifadə etməyə sövq edir. Bu alternativ variantlar şəbəkəsində Azərbaycanda həm enerji ixrac edən dövlət, həm də Orta Asiyanın enerji resurslarının Avropaya çatdırılması baxımından tranzit ölkə kimi əhəmiyyətlidir. Ona görə də, hakimiyyət hesab edir ki, indiki dönəmdə Avropa ölkələrinin Azərbaycandan asılılığı bunları hər cür məsuliyyətdən azad edir. Ona görə də, NİDA-çılara qarşı sərt addımlar atırlar, QHT-lərə hücum edirlər, demokratik düşüncəli insanlara qarşı kompaniyanı ən eybəcər fazaya keçirirlər. Sizcə, dünyanın hansı ölkəsində yaltaqlığa yox deyək aksiyasına görə vətəndaşı həbs etmək olar? Əgər vətəndaş yaltaqlığa yox deyirsə və sən də onu həbs edirsənsə, demək istəyirsən ki, yaltaqlıq dövlət siyasətinə çevrilib? Burada məntiq və ağıl öz gücünü itirir, sterik vəziyyətin yarandığı ortaya gəlir. Odur ki, Ukrayna hadisələri bizim hakimiyyətin davranışında mühüm rol oynayan faktordur. - QHT-lərə hücumlar var, qeyri-rəsmi xəbərlərə görə, bəzi ictimai qurumlarla bağlı araşdırmalar aparılır və s. Siz bu prosesin sonunu necə görürsünüz, müstəqil ictimai və siyasi təşkilatları tam olaraq sıradan çıxarmaq mümkün olacaqmı? - Fikrimcə, bu prosesə bir qədər fərqli aspekdən yanaşmaq lazımdır. Əlbəttə, hakimiyyət bu repressiyalarla müvəqqəti uğur qazana bilər. Amma bütövlükdə dünyanın demokratikləşdirmə prosesindən Azərbaycanı kənarda saxlamaq nonsensdir. Bu mümkün olmayan reallıqdır. Ən azından Azərbaycan Avropanın bir hissəsidir. Avropanın sərhədlərinin müəyyən olunması məsələsi on illərlə müzakirə edilirdi və iki il əvvəl öz həllini tapdı. Avropa elan etdi ki, Xəzərin sahillərinə qədər ərazi Avropadır. Bu o deməkdir ki, Azərbaycanın demokratikləşməsi zaman məsələsidir və burada mütləq demokratik cəmiyyət qurulacaq. Hakimiyyətin çabaları isə əlacsızlıqdan qaynaqlanır. Çünki bunlar ya etiraf etməlidirlər ki, Azərbaycan xalqından yüz milyardlarla pul oğurlayıblar, səhv ediblər və özlərinin bağışlanmasını istəməlidirlər. Ya da, indiki kimi repressiyalar vasitəsilə müvəqqəti olsa da, hakimiyyəti saxlamalıdırlar. Ancaq qlobal mənada bu prosesin hakimiyyətin məğlubiyyəti ilə nəticələnəcəyinə heç bir şübhə yoxdur. - Sizə elə gəlmirmi ki, uğur üçün insan öz taleyindən əlavə vətəninin, dövlətinin, xalqının taleyi haqda da düşünməlidir, bizdə isə insanların çoxu heç öz taleyi haqda düşünmür, biganə bir münasibət var... - Təxminən 3-4 il əvvəl bu sual daha əsaslı görünürdü. Çünki doğurdan da həmin dövrdə müxalifət partiyaları, eləcə də cəmiyyət dərin bir böhran içində idi. Siyasi partiyalar da faktiki olaraq öz brendini saxlamaq uğrunda mübarizə aparırdı. Söhbət AXCP-dən gedirsə, 2003-cü ildən sonra “mən cəbhəçiyəm” demək böyük qəhrəmanlıq tələb edirdi. Amma bu gün artıq bu prosesdə irəliləyiş və keyfiyyət dəyişikliyini görməmək mümkün deyil. Ələlxüsus, gənclik bu rejimlə barışmır. AXCP-yə qarşı amansız davranışlar həm də onun nəticəsidir ki, yüksək təhsil görən tələbələr, məzunlar artıq siyasət ətrafında təmərküzləşirlər. Bu məsələdə də, açar rolunu oynayan mühüm cəhət internet şəbəkəsidir. Çünki bu şəbəkədə təşkilatlanma sürətlə gedir. Demək olar ki, hər ay AXCP Gənclər Komitəsi gördüyü işlər və təşkilatlanma haqqında məlumatlar verir. Bu da kifayət qədər ümidvericidir. Bu gün yüzlərlə gənc gəlib AXCP sədri ilə görüşürlər. Ancaq siz təsəvvür edin ki, biz hansı vəziyyətdə işləyirik. Gözləmədiyimiz halda ən günahsız insanlar həbs edilir. Bir fəal 5 min manata yaxın cərimə ödəyir. Artıq 400-500 manatlıq cərimə bizim üçün adiləşib. Qərargahımız yoxdur, çayxanaya toplaşmağa imkan vermirlər. Lakin buna baxmayaraq partiya təşkilatlanır, insanlar AXCP-yə rəğbət bəsləyir. Hər gün onlarla insan şəxsən mənə müraciətlər edir, vəziyyət haqda suallar edir, ondan çıxış yolları haqda fikirlərini ifadə edirlər. Bu insanların xeyli hissəsi internet şəbəkəsində AXCP-nin tərəfdarına çevrilir. Hakimiyyəti qıcıqlandıran məqamlardan biri də budur. Artıq cəmiyyət əvvəlki qayda da idarə olunmaq istəyindən fərqli mövqe ortaya qoyur. Odur ki, hakimiyyət bundan ciddi narahatdır və bizə qarşı təzyiqlərin kökündə də əslində bu məqam durur. - Ötən həftənin sonunda həbsdə olan AXCP üzvü Daşqın Məlikovu Fəxri Xiyabana aparıblar. Buna münasibətiniz necədir? - Daşqın asma xəsitəsidir, hər an nəfəsi kəsilə bilər. Xüsusilə, həbsxanada olan rütubət, havasızlıq şəraiti nəzərə alınsa o istədiyi zaman ölə bilər. Şəxsən mən bir AXCP funksioneri olaraq fədakar cəbhəçinin sındırılmağının problem olmadığını iddia etmirəm. Bu problem var və mən heç bir cəbhəçini bu formada olmasını görmək istəməzdim. İnsan həyatı, insanın mövcudluğu bizim üçün siyasətdən və məqsədlərdən yüksəkdə duran əlamətdir. Biz heç zaman Daşqın bəyə deməmişik ki, sən bizim ideyalarımızı həyatından üstün tutmalısan. Şəxsən mən onu indiki vəziyyətində atdığı bu addıma görə, qınamıram. Amma hakimiyyət yenə də öz cılızlığını ortaya qoyur. Təsəvvür edin ki, hakimiyyət internet şəbəkələrində fəallıq etdiyinə görə, xəstə bir insanı həbs edir, sonra onu məzar üzərinə aparıb başını əydirərək bundan zövq alır. Bu əslində gücsüzlüyün təzahürüdür. Bu göstərir ki, hakimiyyət çılğın həddə yaxınlaşır. Bununla cəmiyyətə özlərinə sərf edən mesaj verə bilməzlər. Çünki bu ikrah hissi doğurur və insanların hakimiyyətdən narazılığını bir qədər də artırır. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?