"...Özüm də rayona gedərək, polis rəisi müavininə dedim ki, sizin bu adamlara gücünüz çatmayacaq. İndi tutduğunuz isə heç nədir, onun arxasında dayananlara gücünüz çatmayacaq. Burada prezidentin siyasi iradəsi lazımdır..."
Qəzetimizin qonağı olan tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli ölkədə cərəyan edən məmur özbaşınalıqları, korrupsiyanın baş alıb getməsi, nəqliyyat naziri Ziya Məmmədov tərəfindən başına gətirilən olaylar barədə məlumat verdi. Öncə o, son zamanlar başına gətirilən özbaşınalıqların nədən və haradan qaynaqlandığına aydınlıq gətirdi. - Bunların arxasında böyük siyasi oyunlar dayanır. O cümlədən, mənim hüquq müdafiəçisi olaraq faliyyətimlə bağlıdır. Siyasətə atılarkən məqsədim prezident olmaq deyil, sadəcə olaraq ölkəmizdə demokratiyanın qurulmasına kömək etməkdir. Amma siyasəti tam olaraq anladıqdan sonra başa düşdüm ki, hüquq müdafiəçisinin yeri daha çox hüquq müdafiəsi sahəsidir. "Demokratiyaya Kömək İctimai Birliyinin rəhbəri olaraq insan haqlarının qorunması ilə məşğuluq. AXCP lideri Əli Kərimli ilə münasibətim pozulandan sonra "Azadlıq" qəzetində çıxışlarıma veto quydu. Belə olanda başqa mətbuata çıxdım, əsasən də Facebook səhifəmi təzələdim. Bir faktı deyim, yanvar ayında "Azadlıq" qəzetində bir məqaləm çıxmışdı. Orada ölkənin baş prokurorunu da korrupsiyada ittiham etmişdim. Baş prokuror da fevralda keçmiş müavini Sərdar Əliyevi üstümə göndərərək, mənə, ailəmə hədə-qorxu gəldi. Görün, ölkənin baş prokuroru özü terror hədəsi edir. Burada da əsas hədəf Vidadi İsgəndərlinin korrupsiya haqqında çox danışmamasına nail olmaq idi. Bu kaseti ölkə prezidenti İlham Əliyevə göndərdim, amma təəssüf ki, heç bir tədbir görülmədi. Vergi, sosial müdafiə fondu orqanları rəhbərlərini üstümə göndərdilər. Göyçayda baş verən korrupsiya halları barədə Facebook səhifəsində yazılar yazmışdım. Göyçay rayon icra başçısı Ziya Məmmədovun xalası oğlu Mənsur Məmmədovdur. 7-8 ay bundan öncədən başlayaraq Facebook səhifəmə hədə dolu məqalələr gəldi ki, Ziya Məmmədov və Mənsur Məmmədov barədə məqalələr yazsan, sizin üçün çətin olacaq. Elektron poçtuma belə-belə terror hədələri gəlirdi. Əlimdəki sənədlər təkcə son 3 ayda saxta profillərlə elektron poçtuma gələn hədələrdir. Burada vətəndaşlar bu işdən əl çəkməsəm mənə fiziki cəhətdən məhvim, həbs olunacağımı, evimə qumbara qoyulacağı ilə bağlı hədə-qorxu gəlirlər. Keçən ilin 30 noyabrında məlumat gəldi ki, onlar məni həbs etmək istəyirlər. Bu da siyasi məqamlarla bağlı idi. Milli Şura yarananda Əli Kərimli mənim orada təmsil olunmağıma veto qoydu. Bunun bir səbəbi Rüstəm İbrahimbəyovun Rusiyada arxasında duran adamlarla bağlı idi, onlar istəmirdi ki, milli nöqteyi-nəzərdən çıxış edən bir insan burada təmsil olunmasın. Milli Şurada bəziləri bu qənaətdə idi ki, Rusiyanın əyaləti olsaq da, təki Azərbaycanda quruluş dəyişsin. Mən isə qəti şəkildə belə mövqeyin əleyhinə oldum. Sonradan mənə məlum oldu ki, burada yüksək dövlət vəzifəsində işləyən nazirlərin də marağı olub, hansıların ki, Rusiyada böyük biznesi var, bilavasitə Rusiya ilə bağlıdırlar. Məlumata görə, onlardan da biri Ziya Məmmədov idi. Seçki ərəfəsində onun Abbas Abbasovla görüşü olmuşdu. Bunu Facebook səhifəsində yazmamışdan əvvəl Mənsur Məmmədov adam göndərərək, görüşmək istədiyini bildirib. Onlar məndən bu informasiyanı yazmamağı xahiş etdilər. Bunun müqabilində mənə hər şey təklif etdilər, razı olmadım. Dedim ki, bu, dövlətçilik baxımından vətənə xəyanətdir və cəzasını tapmalıdır. Belə olanda Abbas Abbasovla Ziya Məmmədov və digər nazirlərin seçki ərəfəsi görüşdükləri barədə məlumatı Facebook səhifəmdə verdim. Ondan sonra mənə qarşı yeni-yeni, real hədələr gəlməyə başladı. Keçən ilin noyabrın 30-da Göyçayda, ciddi bir korrupsiya faktı ilə bağlı ictimaiyyətlə görüşüm vardı. Bu rayonda 10 ildir ki, içməli su yoxdur. Göyçayın icra başçısı və Ziya Məmmədov isə 2010-cu ildə içməli su sisteminin yaradılması ilə bağlı dövlət başçısını da dəvət edərək açılış etmişdilər. Bununla bağlı İctimai Televiziyadan prezidentə müraciət etmişdim ki, siz prezidentsiniz, sizi aldatmaq olmaz. Xalq görür ki, belə bir hadisə baş vermir, amma sizi açılış mərasiminə dəvət edirlər. O cümlədən, Göyçayda tikilən Heydər Əliyev muzeyinin tikintisi ilə bağlı olaraq da, Ziya Məmmədovla Mənsur Məmmədovun vətəndaşlardan pul yığmasını ictimailəşdirdim. Məmmədovlarla konfliktimiz o zamandan başlayıb. Göyçay Su İdarəsi 10 il su verməyə-verməyə guya əhalinin 237 min manat borc olması barədə çeklər yazıb. Bu isə korrupsiya faktı idi. Həmin hadisədən sonra, Facebook səhifəmi açanda gördüm kiçik yaşlı qızımın şəkli qoyulub və mənə ağır ittihamlarla söyüş söyərək, "kişisənsə, gəl Göyçaya". Facebook səhifəmdə məlumat verdim ki, tərbiyəsiz insanlar təhqiredici ifadələr işlədib və Göyçaya gedirəm. Yolda olarkən polis rəisinin müavini Əflatun Məmmədov zəng edərək, idarəyə dəvət etdi. Ziya Məmmədovun villaları, yol tikintisində 30 milyard dollar yeyintiləri barədə yazıramsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə məhkəməyə versin və mən də sübut edim ki, onlar milyardlarla vəsaiti talan edib. Onlar isə bildirdi ki, gücümüz çatmır, onların arxasında Ziya Məmmədov dayanır. Onlar böyük bir şaykadır. Dedim sizin gücünüz çatmır, mənim çatar. Onlar elə bildi ki, mən həmin adamların evinə gedəcəm, lakin mən belə səhvlərə yol vermərəm. İnsanlarla görüşə getdim və orada balamı təhqir edən şəxslərin birə yüz nisbətində cavabını verdim. Bu vaxt polislər yaxınlaşdı və idarəyə getdik. Burada gördüm ki, guya mənim dövləti, prezidenti təhqir etməyim və xalqı üsyana çağıraraq guya Göyçayda dövlət çevirilişinə cəhd etməklə bağlı raport yazıblar. Anladım ki, məni tələyə salıblar. Məlumatıma görə, sonradan məsələ prezident səviyyəsinə çıxıb və hamısının qurama olduğu məlum olub. Ölkə prezidentinin siyasi iradəsindən sonra onlar məni cinayət məsuliyyətinə cəlb edə bilmədi. Sadəcə 15 sutqalıq həbs verdilər. Dekabrın 20-də Moderator.az-da və Gündəm xəbər qəzetində artıq Azərbaycanda ola biləcək dövlət çevrilişi ilə bağlı rəsmi müsahibə verdim. Səhəri məni baş prokurorluğa dəvət edərək 6 saat ərzində dindirərək, bu məlumatın haradan daxil olduğunu soruşdular. Bildirdim ki, mənə məlumat daxil olub, onu yoxlamaq sizin işinizdir. Bu Zakir Qaralov tərəfindən bir jest idi ki, istəsək səni tutarıq. Yəqin ki, siyasi iradə olmadı, O zaman İlqar Məmmədov, Anar Məmmədov həbs edildiyindən mənim həbsim də sensasiya doğura bilərdi. Bundan sonra da elektron poçtuma yenə də söyüş və hədələr gəldi. Son üç ayda məmur övladları ilə bağlı kompromat davası getməyə başladı. Mən də hüquq müdafiəçisi olaraq hansı nazir haqqında material gedibsə, toplayıb ölkə başçısına göndərmişəm. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, kütləvi informasiya vasitələrində hər hansı bir cinayət barədə məlumat varsa, yoxlanılıb, qanuni tədbir görülməlidir. Fevralın 14-də "Gündəm xəbər" qəzetində "Ziya Məmmədov, korrupsiya kralı" adlı məqaləm çıxdı. Ayın 15-də isə bir çeçen və idmançı Bakı şəhərində evimin qarşısında üstümə çıxaraq bu işi qurtarmağımı tələb etdilər. Əks təqdirdə, evimə bomba qoyacaqları ilə hədələdilər. Həmin gündən bu günə qədər 33 dəfə Prezidentdən tutmuş Baş prokuror, Milli Təhlükəsizlik Nazirliyinə bu məlumatı göndərmişəm. Amma bu günə qədər heç bir nəticə yoxdur. Belədə qudurmuş cinayətkar dəstə başa düşdü ki, hökumət mənə yiyə durmur. Aprelin 6-8 arasında mənə gizli zənglər gəldi. Bu zənglərə cavab verən kimi, "evinizə bomba qoyulub, partladılacaq, çıx çölə çöldə səni gözləyirlər”. Hadisə var real olmur, yəni cinayət tərkibi yaratmır, hadisə var realdır. Zəng edib demək ki, terror edəcəm, bu cinayət tərkibidir. Bununla bağlı Mütəşəkkil Cinayətkar İdarə, Daxili İşlər Nazirliyindən məlumat gəldi ki, Göyçayda Emil Məmmədov adlı şəxs tutulub. Özüm də rayona gedərək, polis rəisi müavininə dedim ki, sizin bu adamlara gücünüz çatmayacaq. İndi tutduğunuz isə heç nədir, onun arxasında dayananlara gücünüz çatmayacaq. Burada prezidentin siyasi iradəsi lazımdır. Ona görə də ərizə yazdım ki, bu vətəndaş barədəki material Bakıya göndərilsin və burada Milli Təhlükəsizlik Nazirliyi, yoxsa Daxili İşlər Nazirliyinin istintaqı aparmalı olduğu müəyyən edilsin. Onlar isə dedilər ki, Emil Məmmədovu buraxa bilmərik. Bu adam həbs oluna-oluna mənim Facebook səhifəmi açar, səhəri görürəm facebook səhifəm yenə də dağılıb. Sonradan məlum oldu ki, Emil Məmmədovu orada cəmi iki saat saxlayıblar. Ziya Məmmədov, Elton Məmmədov və digərləri onlara zəng edərək, Emil Məmmədovu iki dəqiqəyə buraxmağı tələb ediblər. O adam da çıxıb şəhərdə deyib ki, Vidadi İsgəndərliyə başa sala bilmədim ki, bizə heç nə edə bilməyəcək. Çoxları sual verir ki, niyə məhz Ziya Məmmədov? 1997-ci ildən bu günə qədər elə bir gün olmayıb ki, onların korrupsiya faktları barədə müsahibə verməyim, yazı yazmayım. Sadəcə olaraq, Ziya Məmmədov ona görə obyektimə düşüb ki, onun bacısı oğlu Göyçayın icra başçısı olaraq, rayonu xaraba günə qoyub. Artıq ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirlikləri ilə danışmışam. Səfirliklərlə görüş keçirəcəyəm. Həmçinin, ölkə prezidentinə müraciət edəcəyəm. Daxili İşlər Nazirliyi və prezidentdən ailəmin qorunmasını, cangüdən tələb edəcəyəm. Ölkə prezidentinə yazdığım məktubda qeyd etmişəm ki, ya bu cinayət işi açılmalı, ya da bu o demək olacaq ki, Azərbaycanda korrupsiyaya qurşanmış mütəşəkkil cinayətkar dəstə artıq dövlət başçısının özünə qarşı təhlükəyə çevrilib. Heç kimə sirr deyil ki, bu gün məmurların çoxu mütəşəkkil silahlı insanlar saxlayır. Bu isə dövlətçiliyə, qanuna ziddir. O deməkdir ki, baş prokuror, Daxili İşlər Nazirliyi də heç bir tədbir görə bilmir. Ziya Məmmədovun qardaşı Milli Məclisin deputatı, xalası oğlu Göyçayın, dayısı oğlu Zərdabın, bibisi oğlu Mingəçevirin icra başçısı, qardaşı oğlu baş prokurorun baş köməkçisi vəzifəsində, qudası oğlu isə Milli Təhlükəsizlik Nazirliyində işləyir. Qəzet vasitəsilə ölkə prezidentinə müraciət edirəm. Cinayət var, cəza yoxdursa və cinayət yoxdu, cəza varsa hadisəsi əvvəl-axır ölkəni uçuruma aparır. Hər hansi bir ölkədə sosial ədələtsizlik nəticəsində inqilablar baş verir. Ölkə prezidenti bu kimi mütəşəkkil cinayətkar dəstənin qarşısını almasa, bu Azərbayan dövlətçiliyi üçün ağır nəticələr verə bilər. Tutduğu vəzifəsindən asılı olmayaraq, siyasi iradə göstərsələr, bir hüquqşünas olaraq söz verirəm ki, 6 ay müddətinə, vəzifə istəmirəm, mənə müstəsna səlahiyyət verilsin, bu müddət ərzində korrupsiyanın kökünü kəsərəm. "Yeni Müsavat" qəzetinin əməkdaşı döyülür. Amma təsəvvür edin ki, hansısa bir anormal uşaq hərəkət edir, bu boyda hökumətin isə ona gücü çatmır. Belə vəziyyət isə hökumətin gücsüzlüyünün işarəsidir. Hansı nazir olursa-olsun əsas vəzifəm korrupsiya ilə mübarizədir və bu mübarizəni davam etdirəcəyəm. Lakin mənə və ailəmə fiziki cəhətdən hər hansı bir real ziyan dəysə, Azərbaycan hökuməti, dövlət başçısını ittiham edəcəm. Nə qədər gec deyil bu şişmanların əlini yığışdırmaq lazımdır. Bilə-bilə yalan məlumat verməyə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. O günləri Ziya Məmmədovun 30-a yaxın villasının şəklini qoymuşdular. Təkcə Göyçayda onun 6 villası var. 3 gölü, 5 zavodu mövcuddur. Müstəqilliyimizi ona görə qurmuşuq ki, bu gün həmin harınlamışlar Azərbaycanda at oynatsın? Artıq Azərbaycanda elə bir vəziyyət yaranıb ki, irəli daha bir addım da yol yoxdur. Burada maraqlı bir paradoks var. O vaxtı mənə terror hədəsi gələndə 3 gün ailəmlə birgə Fransa səfirliyində qaldım. Sonra Fransalı səfir ölkə prezidenti ilə görüşdü. Burada prezident səfirə bildirib ki, Vidadi İsgəndərli fəaliyyətində müəyyən dönüşlər etsin, təhlükəsizliyini təmin edirik, onun Fransaya getməsinə heç bir lüzum yoxdur. Bu da dolayısı ilə o deməkdir ki, hakimiyyət orqanları mənim Azərbaycandan çıxmağıma ümumiyyətlə qoymurlar. Yəqin ki, bəlli məsələdir, xaricdə danışmağa daha çox imkanım olacaq, bunu da onlar istəmir. Qanunla dövlətlə vətəndaş arasında hər hansı bir məsələ tənzimlənməlidir. Amma qanun işləmirsə, deməli burada bir boşluq var. Real olaraq cinayət törədən şəxsləri Baş Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri həbs edə bilmirsə, dəhşət budur. Bu da ondan irəli gəlir ki, hər bir klanın bütün orqanlarda yerləşdirilmiş adamları var. Bu adam il boyu zəng edərək, məni hədələyib. Bu müddət ərzində məlumat vermişəm, niyə axtarmırdılar? Lakin iş açılmır. Emil Məmmədov güclü haker olduğundan bütün siyasi xadimlərin facebook səhifəsinə daxil olaraq orada nə baş verdiyi donosunu verir. Onun arxasında isə icra başçısı, Milli Məclis deputatı, baş prokurorun köməkçisi, nəqliyyat naziri, belə deyək, milyardları olan şəxs dayanıb. Emil Məmmədov polisə ilk ifadəsində sərxoş vəziyyətdə olarkən Vidadi İsgəndərli barədə sözügedən fikirləri səsləndirdiyini deyib. Məsələ ictimailəşdikdən sonra isə ifadəni tələm-tələsik dəyişdilər. Vidadi İsgəndərli fərdlə mübarizə aparmır. Sadəcə olaraq, onlar mənə qarşı düzgün tutmadıqları yolla mübarizə apardıqlarından prosesi daha da aqressivləşdirirlər. Emil Məmmədovun həbs edilməməsi onların marağındadır. Bu məsələdə məni ancaq Müsavat Partiyası və İsa Qəmbər müdafiə edib. Keçən ilin noyabrın 30-da tutulanda Azadlıq qəzeti APA-ya istinadən yazmışdı ki, Vidadi İsgəndərli sərxoş halda bağda gəzərkən həbs olunub. Əli Kərimlidən soruşuram, yanından bir kənar maşın keçə bilmir, həmin an səs-küy salırlar ki, ona qarşı terror həyata keçirmək istəyirlər. Mənə qarşı bu boyda hadisə baş verir. Amma "Azadlıq" qəzetində deyirlər ki, Vidadi İsgəndərli onların rəhbərini tənqid etdiyindən onunla bağlı yazını verə bilmərik. Onda obyektivlik hardadır. İctimai siyasi xadimə qarşı terror baş verir. Qəzetin əməkdaşı həmin hadisə baş verən anda Göyçayda olsa da, onu işıqlandırmır. Kiminsə Əli Kərimli ilə münasibəti yoxdursa, deməli "Azadlıq" qəzetinə çıxışı da yoxdur? Demokratiyadan danışan insanın özü buna əməl etmirsə, başqalarından bunu tələb etməyə nə haqqı var? Azərbaycanda qanunsuzluğa qarşı mübarizə iqtidarlı müxalifətli aparılmalıdır. Çünki, bu dövlət bizim dövlətdir. Bu gün mənim başıma gələn, sabah onların da başına gələ bilər. - Sizin bahalı avtomobilə sahib olduğunuzu da iddia edirlər? - Emil Məmmədov guya mənim "Prado" markalı maşınım olduğunu deyir. Hazırda müvəqqəti olaraq idarə etdiyim avtomobilin sənədləri əlimdədir. Bu avtomobil bacım oğlu Əhmədov Fuad Məhəmməd oğluna məxsusdur. Markası da "Şevrolet"dir. İnsanları ləkələyə bilməyəndə bu kimi yollara əl atmaqla ləkələməyə çalışırlar. Bunlar cılız, şantaj məsələsidir. Əsas məqsədim hökumətdə təmsil olunan qanuna uyğun fəaliyyət göstərməyən məmurlara, onların qanuna zidd əməllərinə qaşrı mübarizədir. Hüquq müdafiəçisi kimi, korrupsiya ilə məşğul olan bütün orqanlarla mübarizə aparıram. Aeroport rəisi İsmayıllıda 100 hektar ərazidə pələng saxlayır. Göyçayda Mənsur Məmmədov internat məktəbinin 2 hektar ərazisinin 1,5 hektarını satıb və indi orada villalar tikilib. 5 aydır bu barədə yeni təhsil nazirinə yazsam da, nəticə yoxdur. İcra hakimlərinin funksiyası ancaq torpaq alveri ilə məşğul olmaqdan ibarətdir? Onlar prezidentin yerlərdəki nümayəndələridir və onların etdiyi qanunsuzluqlar istər-istəməz prezidentin adına yazılır. Çünki, savadsız da başa düşür ki, onları ora prezident təyin edib. 7 ildir Mənsur Məmmədovun Göyçayda hər yeri satdığı barədə yazıram. Göyçayın yaşlı sakinləri də yazaraq, onları Ziya Məmmədovun işğalından azad etmələrini tələb edirlər. Niyə, 200 min insanı iki nəfərə qurban verirlər? Mənsur Məmmədovun icraçılıq qabiliyyəti yoxdur. O, Moskvada sadəcə olaraq, bazarda pomidor satan olub. Prezidentə müraciət edərək, xahiş edirəm ki, icra başçıları üçün də, onların idarəçilikdən xəbəri olub-olmadığı barədə komissiya yaradaraq attestasiya keçirsin. Azərbaycanda qanunsuzluğu, korrupsiya əməllərini əsasən icra başçıları törədir. Bu cəmiyyət bizə məxsusdur və biz də qurmalıyıq. Qanunun güclülüyü ancaq hüquqi dövlətdə olur və qanun qarşısında hər kəs real olaraq bərabər şəkildə cavab verməlidir. Bunlar isə ancaq qanuni seçki, qanuni münasibətlərdən keçir. Harınlamış məmurların balaları Şəhidlər Xiyabanının qarşısından keçərkən heç olmasa utansınlar. İnsanın Azərbaycanın 25 faiz torpağının işğal altında olduğunu başa düşməsi üçün onda qeyrət olmalıdır. Qarşıdan 28 may Respublika günü gəlir. Dövlət başçısına təklif edərdim ki, bu münasibətlə "Nida" Gənclər Təşkilatının həbsdə olan üzvlərini, Tofiq Yaqublunu, İlqar Məmmədovu və digər inanclı qardaşlarımızı amnistiya ilə azadlığa buraxsın. Haqsız yerə insanları tutmaqla problemi həll etmək olmur. Problemlər belə yolla həll olunmur. Bu metod avtoritar rejimlərə xas xüsusiyyətdir. Bu yaxınlarda bir hakimlə söhbətimdə qanuni qərar çıxarmasını xahiş etdim. O isə dedi ki, biz çoxdan allahsız olmuşuq. Dövlətini sevən hər kəs qanunu öz dövlətindən tələb etməlidir. Ancaq vətəndaşı olduğu dövlətin hökuməti qanunu müdafiə etmirsə, onda Vidadi İsgəndərli hüquqlarının müdafiəsi üçün dünya hüquq müdafiə təşkilatları, mətbuatı və dünya dövlətlərinə müraciət etməsindən inciklik yaranmasın. Çalışacağam prezident, DİN və MTN rəhbəri məni qəbul etsinlər. Məsələ ilə bağlı ölçü götürülməsə, cinayətkarlar cəzalandırılmasa, bütün dünyaya Azərbaycanda hakimiyyətdə olan müəyyən klanları terrorçulara dəstək verən məmurlar kimi təqdim verəcəyəm. Qanun hamı üçün eyni olmalıdır. Azərbaycanda qanunu, dövləti qoruyan hüquq-mühafizə orqanları bir uşağın əlində aciz qalıb. Nə var, nə var, onların arxasında kimlərsə dayanıb. Vidadi İsgəndərli sonda “Gündəm xəbər” qəzetinin redaksiyasından Göyçay rayon Polis İdarəsinin Faiq adlı rəis müavininə zəng etdi: "O bildirdi ki, Emil Məmmədov adlı şəxsi saxlamayıblar. Amma mayın 12-də Göyçay rayon Polis İdarəsinin rəisi İslam Hümmətov zəng edərək həmin şəxsin tutulduğunu bildirmişdi. Məni də ora dəvət etdi. Mayın 13-15 arasında Göyçayda oldum. Burada məni terrorla hədələyən şəxsin tapılması ilə bağlı ərizə də yazdırdılar. İstintaqçının dediyi sözə görə, saxlanılan Emil telefonunda kontur olmadığından, gecə saat 24.00-da dostunun telefonundan zəng edib və bilməyib ki, həmin zəng gizlinselldədir. Bu zənglə məndən avtomobili hardan aldığımı soruşub. Bu hal məntiqlə onu sübut edir ki, son zəngi edən Emil Məmmədov olmayıb. O şəxs mütəşəkkil cinayətkar dəstənin idmançı üzvü olub, özü də Bakı şəhərindən zəng edib. Hansı ki, bu da bilavasitə "Yeni Müsavat" qəzetinin döyülən əməkdaşı Fərahimə qarşı edilən cinayətin bir hissəsidir. Emil Məmmədovu isə oyuncaq olaraq ortaya atıblar. Ona görə də qalıblar iki məsələ arasında. Zəng edilən telefonun hansı nömrə olduğu barədə açıqlama versələr sözsüz məlum olacaq ki, bu nömrə həmin cinayətkar dəstənin idmançı üzvünə məxsusdur". Həsən İSLAMOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?