Rasim Ağayev: “Kommunist Partiyasının ən sarsaq adamları belə yığışıb Boris Pasterankın əsərinə görə, mitinq keçirmədi”
Bu dəfə ki, müsahibimiz sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevdir. Uzun illər yüksək rəhbər postlar tutan Rasim Ağayev xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” adlı romanının cəmiyyətimizdə yaratdığı rezoansdan, Rusiyanın Azərbaycana münasibətində atdığı addımlardan, YAP-ın tənqidçi yaradıcı şəxslərlə bağlı apardığı siyasətdən danışıb. - Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibətiniz necədir, bu əsərlə tanışsınızmı? - Bilirsinizmi, mən hələ bu əsəri oxuyub bitirməmişəm. Mən, Əkrəm müəllimlə bu əsər haqda danışmışdım. Müxtəlif insanlar bu əsərlə bağlı münasibətini ifadə edə bilər. Ola bilsin ki, bu gün sözügedən əsər geniş kütlə tərəfindən qəbul edilməyəcək. Ümumiyyətlə bu əsər yeganə bədii romandır ki, azərbaycan-erməni münasibətinə ideoloji deyil, insani münasibətdən yanaşılıb. Bu əsərin güclü tərəfi də, zəif tərəfi də bundadır. Hər halda bu əsər indi ki, iki ideologiyadan azaddır. Yəni əsər müharibə tələbi və münaqişənin dondurulması prinsipindən kənarda yazılıb. - Sizcə, nədən bu əsərə münasibət birmənalı deyil? - Əsərə müxtəlif münasibət ola bilər. Bu normal haldır. Hətta kəskin etirazar da ola bilər. Amma mən bir şeyi demək istəyirəm. İndi millət hələ savaş, müharibə və konflikt psixologiyasından azad deyil. Ona görə də, nə deyilməsindən asılı olmayaraq kütlə konflikin bir tərəfi mövqeyindən çıxış edəcək. Ona görə də, mənə elə gəlir ki, bu əsərə biz 30-40 il uzaq məsafədən baxmalıyıq. Ya da ki, əsərə əsəblərimiz sakit olduğu dövrdə, ermənilərlə sülh şəraitində yaşadığımız illərdə olduğu zaman prizmasından yanaşmalıyıq. Onda bu əsər indikindən fərqli təsir bağışlaya bilər. Mənə elə gəlir ki, indi bu əsərə ermənilərin və ya azərbaycanlıların deyil, türklərin, avropalıların və ya rusların münasibəti maraqlı olardı. Yəni onların bu əsəri necə qəbul etmələri çox əhəmiyyətlidir. Belə də, aydın məsələdir ki, ermənilər və azərbaycanlılar konfliktin tərəfidir və əsərə münasibət birmənalı ola bilməz. Onu da söyləyim ki, əsər nə qədər bədii olsa da, təbii ki, XX əsri əhatə edir və burada müəyyən dərəcədə reallıqda var. Ona görə də bu bizim sağalmayan yaralarımıza toxunur, amma istərdim ki, əsərə bir qədər uzaqdan və daha geniş şəkildə baxaq. Bu olduqca vacibdir. - Xalq yazıçısının evinin qarşısında YAP-ın Gənclər Təşkilatı aksiya keçirdi və ondan Azərbaycanı tərk etməyi tələb etdi. Bu halı siz necə qiymətləndirirsiniz? - Yeni Azərbaycan Partiyasının nümayəndələri gedib aksiyalarını əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun evinin önündə keçirsinlər. Hətta istəsələr nazirliyin də qarşısında keçirib səs-küy salsınlar və desinlər ki, cənab nazir sənin oğlun gedib İsmayıllıda xalqın ata-anasını təhqir edib və ya xuliqanlıq edərək insanları ayağa qaldırıb, narazılıq yaradıb. Nəticədə də ölkə dəyib bir-birinə. Onlar gedib bunu etsinlər. Və ya gedib aksiyalarını savadsız , gərəksiz və lazımsız mətbuat orqanlarının qarşısında keçirsinlər. Çünki bu mediaya nə baxan var, nə də oxuyan. Əkrəm Əylisli isə yazıçıdır və siyasi öhdəliklərdən azaddır. Əgər onun romanı xoşunuza gəlmirsə, məqalə yaz və bunun pis bir əsər olduğunu arqumentlərlə sübuta yetirin. Daha aksiya nədir? Yazıçının evi qarşısında aksiya keçirib onu aşağılamaq eyibdir və bu anda siyasətin quyruğu görünür. - Məsələnin siyasi tərəfi varmı? - Əlbəttə var. Siyasi tərəf odur ki, Əkrəm Əylislinin yaradıcılığını bəyənmək də, bəyənməmək də olar. Bu hər kəsin haqqıdır. Eləcədə yazıçının siyasi davranışları ilə razılaşmaq və ya razılaşmamaq olar. Amma hamıya bəllidir ki, Əkrəm Əylisli Ziyalılar Forumunun üzvüdür və ölkədəki problemlərə özünəməxsus şəkildə münasibət bildirir. Unutmaq olmaz ki, xalq yazıçısı Azərbaycanda aparılan siyasətin əsas tənqidçilərindən biridir. İndi Yeni Azərbayan Partiyasını idarə edən ideoloqlar görürlər ki, yaxşı məqam yaranıb. Və bu məqamdan istifadə edərək kütlənin milli heysiyyatını qıcıqlandırıb onu yazıçıya qarşı qoymağa başlayırlar. Bundan başqa bir şey yoxdur. Siz təsəvvür edirsinizmi, Mirzə Ələkbər Sabir yazanda ki, harda müsəlman görürəm qorxuram. Bu zaman müsavatçılar toplaşıb onu pisləyərdilər ki, sənin nə haqqın var belə yazmağa? Bu gülməli olardı. Mən xatırlayıram, bir vaxtlar Boris Pasteranakın “Doktor Jivaqo”əsərini yuxarılar bəyənməməşdi. O zaman bu əsər qəbul edilmirdi. Nəticədə yazıçını ciddi şəkildə tənqid etdilər. Hətta ona təzyiqlər etdilər ki, Nobel mükafatı almaq iddiasından imtina etsin. Ancaq yazıçının evinin qarşısında heç Kommunist Partiyasının ən sarsaq üzvləri belə yığışıb aksiya keçirmədi. “Doktor Jivaqo”əsəri İtaliyada və Fransada çap edilmişdi. Bu 1950-ci illər idi və məndə I kursda oxuyurdum. Əsəri satqınlıq adlandırırdılar. Hətta SSRİ Yazıçılar Birliyində və SSRİ Kommunist Partiyasında bu məsələlər müzakirə edildi. Lakin buna rəğmən Moskvanın mərkəzində yaşayan Pasteranakın evinə hücum çəkmədilər və demədilər ki, ölkəni tərk edin. - Əkrəm Əylisli ilə bağlı aparılan siyasət nə dərəcədə effektiv olacaq? - Əkrəm Əylisli tanınmış ziyalı, müasir yazıçıdır. Təbii ki, Yazıçılar İttifaqında da onu sevməyənlər var. Çünki Əkrəm müəllim iti dili və özünün xüsusi dəsti-xətti var. İti dilli qələm sahibləri isə çox adamın xoşuna gəlmir. Açığı, mən özümə münasibətdə də belə halları hiss etmişəm. Əkrəm Əylisli hazırcavabdır, iti adamdır və daima tənqidi çıxışlar edir. Bəziləri indi başlarını qaldırıb tənqidi mövqedən çıxış edirlər, amma Əkrəm müəllim elə SSRİ dönəmindən belə xarakterə sahib olub. Onun əsərləri daima maraqla qarşılanıb, yaxşı yazıçı kimi qəbul edilib. Belə yazıçı çox nadir hallarda yetişir. Mənə elə gəlir ki, aksiyanı təşkil edənlər, onunla bağlı kampaniya aparanlar gözlədikləri effekti ala bilməyəcəklər. Belə hallarda kütlənin deyil, cəmiyyətin hazırlığına və bütövlüyünə qiymət verilir. Əkrəm Əylislinin romanı xoşunuza gəlmirsə, aksiya niyə keçirirsiniz. YAP-ın tərkibində bir yığın ziyalı, yazıçı, jurnalist, tənqidçilər, şair və yazıçılar var. Buyurub mətbuatda sivil formada çıxış etsinlər və fikirlərini bildirsinlər.Və ya ictimai müzakirələr təşkil etsinlər, üzə çıxarsınlar ki, romanın müəllifi nə demək istəyir, harada səfv edib. Bu daha normal yanaşma olar. Ancaq bu məsələni siyasiləşdirmək lazım deyil. - Əgər bu siyasətdirsə Ziyalılar Formu xalq yazıçısını dəstəkləyəcəkmi? - Mən Ziyalılar Forumuna yaxın şəxslərdən biriyəm, onun tədbirlərində yaxından iştirak edirəm. Söhbət ondan gedir ki, mənim peşəcə ədəbiyyatçıyam. Filologiya üzrə təhsil almışam. Təbii ki, özüm də cızma-qara edirəm. İatəyirəm ki, bu əsərlə bağlı öz fikrimi yazılı şəkildə ifadə edim. Qeyd edim ki, hazırda mən əsəri oxuyuram və onun məzmunu haqqında ümumi məlumatım var. Bu kitaba tarixi əsər kimi baxmaq lazım deyil. Əsərə bu konteksdən yanaşaraq yazıçını ittiham etmək doğru olmazdı. - Sizin bu əsər haqqında təsəvvürləriniz var. Necə düşünürsünüz, bu əsərdən ermənilər Azərbaycana qarşı istifadə edə bilərmi? - Bu tamamilə yanlış fikirdir. Belə iddia irəli sürənlər nə erməni ictimai-siyasi həyatına bələddir, nə kitabdan anlayışı var, nə də Əkirəm Əylisli yaradıcılığında başı çıxır. Ermənilər bu vaxta qədər olmayan şeydən məharətlə istifadə ediblər. Ermənilər bizə qarşı informasiya müharibəsi aparanda indi özünü cıran şəxslər fil qulağında yatmışdılar. Nəzərə alın ki, ilk olaraq ermənilə bizi informasiya müharibəsində udub. Sonra isə ideoloji və siyasi müharibəni uddular. Ən sonda isə müharibədə bizə üstün gəldilər. Ola bilsin ki, kimsə mənim dediklərimi bəyənməsin və başlasın ki, Rasim Ağayev filan sözləri deyib. Axı həqiqət bundan ibarətdir. Söhbət ondan gedir ki, ermənilər həmdə ona görə bizə üstün gəldilər k, onların tarixçiləri, yazıçıları, publisistləri, jurnalistləri bizdən üstün oldular və bunun nəticəsində də müharibəni uddular. Guya Əkrəm Əylisli bunu yazmasaydı nə olacaqdı? Bu günə qədər Qarabağdan o qədər kitab yazıblar. Heç bu kitabların Azərbaycana xeyri olubmu? Bizim ideoloqlar indiyə qədər anlamırlar ki, burada Qarabağ haqqında çoxlu kitab yazmaqla bir şey etmək olmaz. Yəni özün yazıb özün oxumaq iş deyil. İnformasiya müharibəsinin müxtəlif səviyyələri var. Azərbaycanlılara ermənilərin işğalçı, terrorçu və millətçi olduğunu sübut etmək lazım deyil. Bunu dünya ictimaiyyətinə sübut etmək, informasiya müharibəsini orada aparmaq lazımdır. Siz bundan danışın. İndi deyəcəklər ki, Əkrəm yazdığı əsər ermənilərə xeyr elədi. Axı bu nə xeyr edə bilər ki? Mən hesab edirəm ki, bütün bunlar əsassız yanaşmadır. - Rasim müəllim, bizdə maraqlı fikirlər irəli sürülür. Söhbət Rusiyadan və prezident Putinin Azərbaycanla bağlı atdığı addımlardan gedir. Məsələn, Azərbaycanan tələb edilir ki, Avrasiya İttifaqına daxil olsun. Buna rədd cavab verildikdə Moskva başqa üsullara əl atır. Gah sərhəddə problem yaradır, gah sərhəddə ordu cəmləşdirir, gah “Milyarderlər ittifaqını” ortaya atır, gah Dağıstana yeni prezident təyin edir. Hətta Əkrəm Əylislinin Moskvada dərc etdirdiyi bu əsəri və Rüstəm İbrahimbəyovun davranışlarını da bura aid edənlər var. Doğurdanmı bütün bunlar bir mərkəzdən idarə edilir? - Yox. Əzizim, gəlin real danışaq. Azərbaycan jurnalistikasında müxtəlif hadisələri, problemləri götürüb bir-birinə bağlayıb zəncir yaratmaq kimi davranışları var. Bunu hansısa ideoloji məsələnin doğru olduğunu sübuta yetirmək məqsədilə edirlər. Birincisi, Ramazan Əbdülətipovu Dağıstana prezident təyin etmək Putinin borcu idi. Putin Rusiya prezidentidir və öz adamlarını da vəzifəyə gətirir. Bəyəm Azərbaycanda müxalifətdə olan şəxsi icra başçısı qoyurlar? Siyasi tələblər var. Hakimiyyətə keçən şəxs öz komandasını da vəzifəyə gətirir. Dağıstanın əvvəlki prezidentini də Putin təyin etmişdi. Amma indi Dağıstan idarəolunmaz regiona çevrilib. Yeni prezident müdirik və ağıllı adamdır. Bu təyinatın Əkrəm Əylislinin əsərinə nə aidiyyəti var? Mən elə son bir ildə Əkrəm müəllimdən eşidirəm ki, əsər üzərində işləyir. “Milyarderlər ittifaq” məsələsinə gəldikdə deyim ki, nə İsgəndər Xəlilov, nə Rüstəm İbrahimbəyov nə də Söyün Sadıqov milyarder deyil. O ayrı məsələdir ki, Azərbaycan-Rusiya münasibəti soyuq etaba keçib. Artıq bu münasibətlər dostluqdan çıxıb. Azərbaycan 90-cı illərdə anti Kremli siyasəti apardı, prezident Elçibəyin dövründə münasibətlər düşmən həddə qədər gəldi. Heydər Əliyevdə 1997-ci ilə qədər Moskva ilə ziddiyyətdə oldu. Əliyev istəyirdi ki, Moskvanın nəzarəti altından çıxsın. Çünki Türkiyə məsələsi var idi, qərblə neft müqaviləsi bağlanırdı. İndi isə yeni mərhələdir. Rusiya yeni siyasi kurs həyata keçirir. Artıq Volqaqradın adını dəyişib Stalinqrad qoyurlar. Putin öz millətini və Rusiyanın maraqlarını kənara qoyub Azərbaycanın xətrinə nəsə etməyəcək ki. Siyasi məsələlərin Əkrəm müəllimin əsərinə aidiyyəti yoxdur. İndi burada xof yaratmaq və ya hansısa siyasi don geyindirmək məqsədilə bu məsələləri bir-birinə bağlamaq olar. Amma biz bu yolla həqiqətə çata bilmərik. Kimsə Rusiyanın xeyrinə bir söz deyən kimi damğa vururlar ki, filankəs ruspərəstdir. Əzizim məsələ belə deyil. Ermənilərin Rusiyada ciddi lobbiçiliyi var. Bəs sizin də lobbiniz olsun da, sizdə bunu yaradın. Biz Rusiyanı pisləmək və özümüzə düşmən seçməklə heç nə qazanmayacağıq. Xatırlayıram, bu yaxınlarda hökumətyönlü media Almaniyanı söyməyə başladı, uydurmalar yazdılar. Nəticədə nə qazandıq? Bu boş şeylərdir və dürüst siyasət deyil. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?