Fuad Qəhrəmanlı: “Biz vahid mövqe, platforma və alternativ komanda müəyyənləşdirə bilərik”
Müxalifət daxilində vəziyyət, birləşmə meylləri, vahid namizəd və vahid komanda ilə seçkilərdə iştirak məsələsi, siyasi fəallığın artması və bu prosesdə real müxalifət partiyalarının görünməməsi, habelə hakimiyyətin son günlər həyata keçirdiyi repressiyalar mövzusunda suallara AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavab verib.
- Fuad bəy, son günlər hakimiyyət ciddi repressiv tədbirlər həyata keçirir. Buna misal olaraq üç gəncin həbsini, habelə onlarla şəxsin qeyri qanuni saxlanmasını göstərmək olar. Bu məsələlərə sizin münasibətiniz necədir? - Baş verənlər indiyə qədər həyata keçirilən siyasi repressiyaların davamıdır. Xüsusilə, seçkilər yaxınlaşdıqca Azərbaycan cəmiyyətində siyasi fəallığın artması, istər regionlarda lokal, istərsə də, paytaxtda etiraz aksiyalarının keçirilməsi hakimiyyəti ciddi narahat edir. Ona görə də, vətəndaşlarda xof və qorxu yaratmaqla bu prosesin qarşısını almaq istəyirlər. Qeyd edim ki, son dövrlər gənclərin xüsusi fəallığı hiss edilir. Artıq gənclər bir qüvvə olaraq siyasi proseslərin subyektinə çevrilir. Bu baxımdan gənclərin hədəf alınması, həbsi və repressiyalara məruz qoyulması məhz bu prosesin qarşısını almağa hesablanıb. Hakimiyyət gəncləri kütləvi şəkildə qorxutmaq istəyir. Ancaq bunun effekt və ya nəticə verəcəyini düşünmürəm. Çünki bu siyasi repressiyalar bizim üçün yeni hal deyil. Bu günə qədər rejim davamlı olaraq siyasi repressiyalardan və həbslərdən istifadə edir. Onu da bilirsiniz ki, son zamanlar hakimiyyət siyasi fəallara qarşı həm də yüksək məbləğli cərimə sanksiyaları tətbiq edir. Ancaq bu tədbirlər insanların siyasi fəaliyyətini, öz etirazlarının qarşısını ala bilibmi? Əlbəttə ala bilmir və bu tədbirlər bir effekt vermir. Əgər bu yolla cəmiyyət və ya siyasi fəallar üzərində inzibati nəzarət etmək mümkün deyilsə, bu o deməkdir ki, hakimiyyət dəyişən reallıqlara adekvat reaksiya verə bilmədiyini göstərir. Bütün avtoritar rejimlərin də, çöküşü məhz onların dəyişən reallıqlara adekvat münasibət verə bilməməsi ilə başlanır. Başqa cür desək forma və məzmun arasında qarşıdurma yaranır. Bu gün Azərbaycanda eyni proseslər getməkdədir. Bu baxımdan NİDA təşkilatının üzvlərinin həbs edilməsi həmdə onun etirafıdır ki, ölkədə siyasi fəallıq artır, gənclər dəyişiklik istəyir. Siyasi fəallıq və dəyişiklik tələbi artdıqca hakimiyyət öz mahiyyətini daha çox büruzə verəcək. Yəni xof yaratmaq üçün belə addımlar atmağa çalışacaq. Amma bir müddətdən sonra vəziyyət o həddə çatacaq ki, hakimiyyət ona təhlükənin haradan gələcəyini bilməyəcək. Çünki siyasi fəalların sayının artması faktiki olaraq onların yüksək məbləğdə cərimə etmək, inzibati qayda da həbsi və ya şərlə tutulması halları belə yetərsiz olacaq. - Belə iddialar var ki, siyasi fəalların sayı az olduğu üçün hakimiyyət belə repressiv tədbirlər vasitəsilə istəyinə nail olur. Başqa sözlə desək hakimiyyətlə mübarizə aparan təşkilatların potensialı zəifdir. İqtidarın həbs etdiyi yüzlərlə insanı başqa bir yüzlər əvəz etmir... - Hər şey müqayisədə ortaya çıxır. Üç il əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edək. Üç il əvvəl bu gün ənənəvi müxalifət adlandırdığımız aparıcı siyasi partiyalardan savayı kimlərsə etiraz aksiyaları təşkil edirdilərmi? Əlbəttə xeyr. Siyasi partiya funksionerlərindən kənarda hökuməti tənqid edən, onu ifşa edən başqa siyasi fəallar var idimi? Mən deyirəm ki, yox idi.Əlbəttə biz jurnalistləri hesaba almırıq. Çünki cəsur jurnalistlər ənənəvi olaraq hakimiyyəti ifşa edirlər. Amma biz 3-4 il əvvəl ilə müqayisədə indi görürük ki, siyasi fəalların sayı daha çoxdur. Hətta internet vasitəsilə Azərbaycan cəmiyyəti yeni gənc simalarla tanış olur, yeni şəxslər ortaya çıxır. Bu bir dinamikanı ifadə edir. Biz təbii ki, hansısa maksimal göstərici ilə deyil, cəmiyyətimizdə baş verən 3 il əvvəlki vəziyyətlə indiki durumu müqayisə edib görürük ki, bu dinamika artan xətt üzrə inkişaf edir. Hakimiyyət də, buna adekvat olaraq həbslər həyata keçirir. Amma bu proses obyektiv prosesdir. Bu sadəcə müxalifətçilik məsələsi deyil. Əksinə, mən deyərdim ki, bu insanların həyat tərzi, hakimiyyətin apardığı siyasətlə bağlı problemdir. Rejimin apardığı siyasətdə korrupsiyası, məmur özbaşınalığı, hüquqi nihilizm qaldıqca, bu artıq hakimiyyətə qarşı etirazı körükləyir. Həm də artıq informasiya məkanı da hakimiyyətin nəzarətindən çıxır. Əvvəlki dövrlə müqayisədə sosial şəbəkələr azad informasiyanı təmin edir, hakimiyyəti ifşa edən informasiyalar obyektiv şəkildə insanlara çatdırılır. Eləcədə “Azərbaycan saatı” müəyyən mənada müstəqil televiziya boşluğunun yerini doldurur. Bütün bunlar ona gətirir ki, rejimə qarşı daha çox insan etirazını bildirir, daha çox insan siyasi proseslərlə maraqlanır və həmdə onların içindən liderlər yetişir. Bu baxımdan qeyd etdiyimiz obyektiv proseslər öz yeni simalarını üzə çıxaracaq. Bunun da, qarşısını beş və ya on nəfəri həbs etməklə almaq mümkün deyil. Bütün avtoritar rejimlərdə bu cür həbslər həyata keçirilir. Rejimlər çöküşə yaxın daha da aqressivləşirlər. Ancaq bu artan siyasi fəallığın və dinamikanın qarşısını almağa yetmir. - Üç gəncin həbsi ümumilikdə gənclərdə ümidsizlik yaradacaqmı? - Bu mümkün deyil. Çünki Azərbaycanda hər kəs bu hakimiyyətin necə istintaq apardığını, məhkəmələrin necə fəaliyyət göstərdiyini, hüquq mühafizə orqanlarının hansı prinsiplərlə işlədiyini gözəl bilir. Eyni zamanda Azərbaycan televiziyalarının hansı məqsədi yerinə yetirdiyini hər kəs bilir. Bu kanallara etimad yoxdur. Bu gəncləri efirə çıxarıb danışdırırlarsa, əgər onlardan kiminsə əleyhinə ifadələr almağa çalışırlarsa bunun özü həmin gənclərə təzyiqin göstəricisidir. Reallıq budur ki, rejimin dəyişməsini istəyən, ölkədə islahatların olmasını istəyən insanlar kiməsə görə, bu proseslərə qoşulmayıb. Tutaq ki, hansısa fəal gənc sındırılarsa və ya televiziyada məcburən dindirilərsə buna görə, digər gənclərin pessimizmə qapılması mümkün deyil. Çünki insanlar kiməsə görə, bu prosesə qoşulmayıblar. Artıq bu ölkədə müxalifətçilik sosial təlabata çevrilib. Təsəvvür edin ki, bir tərəfdən gənclər ailə həyatı qura bilmirlər, mənzil problemlərini həll edə bilmirlər. Amma digər tərəfdən, bir stadionun tikintisi zamanı 550 milyon manat mənimsənilir. Bu istər-istəməz gəncə psixoloji təsir göstərir. Gənc anlayır ki, onun həyatını dəyişə biləcək imkanlar bir qrup korrupsioner tərəfindən mənimsənilir. Məhz həmin gənc görür ki, onun həyatı bir qrup korrupsionerin rüşvətinin qurbanı olub. Bu zaman həmin gənc özündən asılı olmadan təbii olaraq rejimin dəyişməsini, özünə yeni həyat şərtlərinin yaradılmasını istəyir. O baxımdan NİDA-nın üzvlərinin efirdə bu cür danışdırılması hakimiyyətə nifrəti bir qədər də artırır. Çünki gənclər görür ki, məhz bu üç gənc dəyişikliyin tərəfdarı olduğu üçün bu günə qoyulur, onlardan özünün iradəsi olmadan hansısa ifadələr alırlar. Belə zorakı üsullar cəmiyyətlə hakimiyyət arasında uçurumu dərinləşdirir. - Sizə elə gəlmirmi ki, hakimiyyət siyasi gündəmi dəyişmək istəyir, artıq Gülər Əhməova unudulur, Elşad Abdullayevin yaydığı ifşaedici videolar yaddan çıxarılır... - Mən belə düşünmürəm. Burada gündəm dəyişməkdən söhbət gedə bilməz. Əgər hakimiyyət gündəmi dəyişmək istəyirsə, təbii ki, özünün xeyrinə uyğun addımlar atmalıdır ki, pozitiv mövqe qazandırsın. Ancaq bu halda hakimiyyət özünə qarşı olan sərt ictimai rəyi bir qədər də sərtləşdirir. Gülər Əhmədova məsələsi gündəmdədir. Eləcədə Elşad Abdullayevin videoları davam edir. Həmdə gənclərin problem ortadadır. Bütün bunlar bir-birini nə inkar edir, nə də maneə olur. Əksinə, bu da vətəndaşlar üçün növbəti mesajdır ki, rejim ölkədə dəyişiklik istəyən insanlara qarşı növbəti dəfə zor işlədir və onları susdurmaq istəyir. Bu isə ictimai rəyi hakimiyyətin əleyhinə daha da körükləyir. Bu baxımdan hakimiyyət repressiyanı aparmağa yeganə çıxış yolu kimi baxır. Hesab edirlər ki, artıq onların yaratdığı sistem elə bir canavara çevrilib ki, hər gün yeni problemlər yaradır və özləri də günün birində qurbana çevrilə bilər.Bu sistemi dəyişmək, problemi həll etmək üçün korrupsiyanın qarşısını kəsmək, kadr islahatları aparmaq, seçki ilə bağlı müsbət addımlar atmaq və digər islahatlara getmək vacibdir. Bu addımların atılması isə rejimi çkdürə bilər. Odur ki, məhz bu faktorları həll edə bilmədikləri üçün yeganə çıxış yolu ənənəvi üsulun davam etdirilməsində, yəni cəmiyyətdə xof yaradılmasında qalır. Bu gün reallıq odur ki, hakimiyyətdə əsgər ölümlərinin olmasını istəmir. Çünki ilk növbədə ictimai qəzəbin hədəfinə hakimiyyət çevrilir. Ancaq iqtidar bunun qarşısını ala bilmir və əsgər ölümləri davam edir. Bu həmdə onu göstərir ki, rejim öz əleyhinə olan addımların qarşısını idarəetmədə ala bilmir. Məhz buna görə də, yeganə vasitə olaraq xof gündəmə gəlir. - Bəs real müxalifət hansı işlərlə məşğuldur? - Müxalifətin fəaliyyəti göz önündədir. Biz davamlı şəkildə ölkədə narazılıq yaradan problemləri gündəmə gətirir və ona münasibəti ifadə edirik.Ölkədə baş verənlər öz-özlüyündə baş vermir. Bu müxalifətin fəaliyyəti, bu rejimi ifşa edən informasiyaların cəmiyyətə təqdim olunması nəticəsində meydana çıxır. Bu baxımdan müxalifətlə xalqı bir-birindən ayırmağı doğru hesab etmirəm.Sadəcə olaraq müxalifət təşkilatlanmış formada narazı və dəyişiklik etmək istəyən böyük bir kəsimi təmsil edir. Və bir çox aksiyaları müxalifət keçirir. Dünən keçirilən aksiyada müxalifət ciddi fəallıq edir, yerlərdə təşkilatlanma işi həyata keçirilir və qarşıdan gələn dövrdə də aksiyalar təşkil olunacaq. Cəmiyyətin səfərbər olunması istiqamətində, bu rejimin ifşası istiqamətində müxalifət təşkilatlanmış formada fəaliyyət həyata keçirir. - Kütləvi aksiyalar haqqında hansı planlarınız var? - Aksiyalarla bağlı razılıq əldə edilib ki, belə tədbirlər İctimai Palatanın rəhbərliyi altında təyin edilsin və partiyalarda bu prosesdə iştirak etsinlər. Aksiya təyin etməklə bağlı qərar vermək İctimai Palatanın Koordinasiya Şurasına həvalə edilib. Əslində mitinq təşəbbüsünün haradan gəldiyi önəmli deyil. Önəmlisi bu aksiyanın xalqın maraqlarına uyğun omasıdır.Biz belə aksiyalarda iştirak etməyə daima hazır olmuşuq. Yəqin ki, yaz aylarında İctimai Palata tərəfindən aksiyalar təyin olunacaq. Bizim fikrimiz belədir ki, aksiyalar ölkədə ictimai-siyasi proseslərin dinamikasına ciddi təsir göstərməlidir. Əgər bu təsiri göstərməsə aksiyalar əhəmiyyətini aşağı sala bilər. Odur ki, aksiyalara ciddi hazırlaşmaq lazımdır. - Narazı elektorat vahid komanda, vahid platforma və vahid namizəd gözləntisindədir. Bununla bağlı yenilik varmı, yoxsa seçkilərə az qalmış insanlarda ümidləri öldürəcəksiniz? - AXCP ilk gündən daha geniş tərkibli birliyin yaradılmasının tərəfdarı olub və bu gündə müxtəlif şəxslər tərəfindən gündəmə gətirilən birlik təşəbbüslərini dəstəkləmişik. Biz birlik məsələsini əsas priorotetlər sırasına daxil etmişik. Fikrimcə, bu siyasətin nəticəsidir ki, ayrı-ayrı şəxslər birliklə bağlı təşəbbüslər irəli sürürlər. Rüstəm İbrahimbəyovun Milli Şura ideyası var. Müxtəlif variantlar düşünülür. İndi qüvvələr arasında məsləhətləşmlər gedir. Ümid edirəm ki, uyğun bir format müəyyən olunacaq. Bu format həmdə seçki koalisiyasına çevrilə bilər. Yəni bu yolla biz vahid mövqe, alternativ komanda müəyyənləşdirə bilərik. Hazırda bu istiqamətdə ciddi müzakirələr gedir və biz ümid edirik ki, bu müzakirələrin nəticəsi olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?